Azərbaycan.-2017.-11 iyun.-125.-S.1,3.

 

Azərbaycan İslam həmrəyliyinə böyük töhfələr verir

 

Hadi Rəcəbli,

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, professor

Azərbaycanın çoxəsrlik tarixi müsəlman Şərqində gedən bütün proseslərlə sıx bağlı olmuşdur. Odur ki, Azərbaycanın müsəlman Şərqinə, eləcə də İslam ölkələrinin respublikamıza olan marağı və diqqəti təbiidir. Sovet hakimiyyəti illərində bu əlaqələr qırılsa da, dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın ortaq mənəvi dəyərləri bölüşdüyü müsəlman Şərqi ilə siyasi, iqtisadi və mədəni münasibətləri formalaşıb. Avropaya inteqrasiya ilə yanaşı, Şərq istiqamətinin də Azərbaycanın xarici siyasət kursunun prioritetlərindən biri olması məhz bu səbəbdən irəli gəlir.

İslam dünyasının ayrılmaz tərkib hissəsi

Bu gün Azərbaycan əhalisi əsasən müsəlmanlardan ibarətdir. Ölkəmizdə hər kəsin azad etiqad etməsi, dini ritualları maneəsiz həyata keçirməsi Konstitusiya normasıdır. Ölkədə məscidin olmadığı bir kənd belə yoxdur. Onların hamısı dövlətin hesabına ya tikilib, yaxud da bərpa-təmir olunub. Son 25 il ərzində çox istiqamətlər üzrə nümunələr, örnəklər yaradan ölkəmizdə İslamın cəmiyyət və dövlət həyatına effektiv təsirlərini təmin edən, İslamı zərərli və dağıdıcı təsirlərdən qoruyan mükəmməl Azərbaycan modeli formalaşıb. Bu model ölkədə məscidlərin sayını 17-dən 2000-ə qədər yüksəltməklə yanaşı, onları cəhalət yuvasına çevrilməkdən qoruyur. Bu sahədə ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin xüsusi diqqət ayırdığı məsələlər - dini maarifçilik və ruhani zümrənin məzhəblərarası ünsiyyətə, əməkdaşlığa sövq edilməsi Azərbaycanda dinin saflığına və cəmiyyətin tərəqqisinə xidmət etməsinə yol açıb.

Prezident İlham Əliyev dəfələrlə ailəsi ilə birlikdə İslamın müqəddəs məbədi olan Kəbə evinə ümrə ziyarəti edib, həmçinin tək Qafqazın deyil, ümumiyyətlə, Şərqin ən müasir, geniş, zövqlü ibadətgahları sırasında olan məscidlərinin ölkəmizdə tikilməsinin səbəbkarı olub. Ən əsası, İlham Əliyev də, siyasi sələfi Heydər Əliyev kimi, Prezident səlahiyyətlərinin icrasına başlayarkən Qurani-Kərimə and içir və dini tədbirlərdə mütəmadi iştirak edir. Azərbaycanda ruhanilərin səsi dövlət tərəfindən eşidilir, fikirləri nəzərə alınır, onlara hər cür dəstək göstərilir, fəaliyyətləri səmərəli tənzimlənir.

Bu mənada Azərbaycan hər bir müsəlman dövləti ilə ortaq mənəvi dəyərləri bölüşür. Məhz bu mənəvi ortaqlıqdan irəli gələrək Azərbaycanın müsəlman dünyası ilə qarşılıqlı faydalı əməkdaşlıq, ikitərəfli siyasi, iqtisadi mədəni münasibətlər yaratmağa müvəffəq olması reallıqdır.

Bu, İslam ölkələri arasında da əməkdaşlığın genişlənməsinə təsirsiz ötüşməmişdir. Ən əsası, Azərbaycanın müsəlman dünyasına yönəlik xarici siyasətinin uğurlu nəticəsi olaraq bu gün İslam aləmində və beynəlxalq münasibətlər sistemində öz çəkisi olan dövlətlər nəinki ölkəmizin haqlı mövqeyini dəstəkləyir, habelə işğal olunmuş Azərbaycan torpaqları azad edilməyincə Ermənistanla hər hansı münasibət qurmurlar. Bu ölkələr işğalçı Ermənistanla diplomatik əlaqələr yaratmaqdan qəti şəkildə imtina ediblər.

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq son bir neçə ildə Azərbaycanın müsəlman dünyası ilə əlaqələri daha da möhkəmlənmiş, münasibətlərin dinamikası yeni mərhələyə qədəm qoymuşdur. Əsas diqqəti cəlb edən məqam Şərq dövlətləri ilə əlaqələrinin coğrafiyasının genişlənməsidir. Əvvəllər münasibətlərimiz, mövcud olmayan ölkələrlə əlaqələr qurulmuş, bəzi dövlətlərlə münasibətlər daha da dərinləşdirilmişdir. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin təkcə bu ilin əvvəlindən Səudiyyə Ərəbistanı, Qətər, İran kimi ölkələrə səfərləri və digər bir neçə müsəlman ölkəsinin rəhbərlərinin ölkəmizə gəlişi təsdiq edir.

İslam həmrəyliyinin ideya mərkəzi

İslam dünyası narahat günlərini yaşamaqdadır. Son illər bir sıra müsəlman dövlətlərində qarşıdurmalar güclənib, Qərb ölkələrində islamofobiya meyilləri artıb. Hazırda islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik. İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməliyik. Belə vəziyyətdə İslam dövlətlərinin həmrəylik nümayiş etdirməsi olduqca vacibdir. Bu mənada Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda İslam həmrəyliyi ili elan etməsi ölkəmizin müsəlman aləminin birliyi üçün nümayiş etdirdiyi mühüm siyasi iradənin göstəricisidir.

Prezident İlham Əliyev 2017-ci ili İslam həmrəyliyi ili elan etməklə həm də müxtəlif xalqların, o cümlədən müsəlmanların müharibələrdən əzildiyi, fəlakətlərə düçar edildiyi indiki dövrdə dünyaya mesaj verdi. Bütün dünyaya göstərildi ki, müsəlman həmrəyliyi Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Beləliklə, qlobal miqyasda sülhə və əməkdaşlığa, sivilizasiyalararası dialoqa böyük töhfə verən Azərbaycan bu sahədə yeni fəaliyyət mərhələsinə qədəm qoyur: respublikamız İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilir. Təbii ki, ölkəmiz qarşısına qoyduğu məqsədləri bu illə yekunlaşdırmayacaq və növbəti dövrdə də bu xətt davam etdiriləcək. Bu gün Azərbaycanın gücü, nüfuzu və imkanları, o cümlədən mövcud potensialı və beynəlxalq ictimaiyyətin ölkəmizə etimadı İslam həmrəyliyinə nail olunması kimi mühüm missiyanı üzərinə götürməyə imkan verir. Əminik ki, ölkəmiz bu missiyanı da layiqincə həyata keçirəcək, görüləcək işlər İslam dünyasının həmrəyliyinə böyük töhfələr verəcək.

Prezident İlham Əliyev bu barədə deyib: Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verir. Bu il Azərbaycanda İslam həmrəyliyi ili elan edilmişdir. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər.

Hazırda Azərbaycanda İslam həmrəyliyi ili ilə bağlı müəyyən tədbirlər keçirilir. Xüsusi qeyd etməliyik ki, ölkəmizin bu sahədə təşəbbüsləri bütün İslam aləmi tərəfindən dəstəklənir. Bu isə onu göstərir ki, Azərbaycan İslam həmrəyliyinin ideya mərkəzinə çevrilir.

Beləliklə, Azərbaycanın İslam dünyasına yönəlik siyasəti aydındır. Müsəlman ölkələri arasında birliyin gücləndirilməsini, əməkdaşlığın dərinləşdirilməsini özündə ehtiva edən bu siyasət dövlətimizin hər bir müsəlman ölkəsinə olan münasibətində özünü göstərir. Çünki Azərbaycanın çoxəsrlik tarixi, ictimai fikri, mədəniyyəti Yaxın və Orta Şərq ölkələrində, o cümlədən müsəlman dünyasında gedən proseslərlə sıx bağlı olub. Bu gün demokratik dünyaya inteqrasiya etmiş Azərbaycan yeni sistemə məhz tarixən formalaşmış bu cür mənəvi dəyərlərlə daxil olub.

Müsəlman ölkələr Bakıda bir araya gəldi

Müsəlman dünyası ölkəmizin uğurlarını, İslam aləminin intibahına verdiyi töhfələri görür və qiymətləndirir. Təsadüfi deyil ki, İslam Həmrəyliyi İdman Federasiyası IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə hələ 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında qərar qəbul etmişdi.

Bu il mayın 12-dən 22-dək keçirilən bu idman yarışında 50-dən artıq ölkənin 3 mindən çox atleti 21 idman növü üzrə mübarizə apardı. On gün ərzində bütün İslam dünyasının nəbzi Azərbaycanda döyündü. Bu Oyunların Azərbaycanda keçirilməsi ölkəmizin həyatında çox əlamətdar hadisə idi. Ən əsası, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim üçün böyük şərəfdir. Biz bunu İslam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahürü kimi qəbul edirik.

Uğurla başa çatan IV İslam Həmrəyliyi Oyunları İslam dünyasının birliyinə xidmət edən növbəti addım oldu. Azərbaycan bütün İslam dünyasını bir araya gətirdi. Oyunlar həm böyük idman bayramı oldu, həm də dostluğumuzu əks etdirdi. Bütün müsəlman ölkələri on gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx əlaqələr qurdular, bir-birinin əlini sıxdılar. Biz Bakıdan bütün dünyaya nümayiş etdirdik ki, İslam aləmi birdir və birliyimiz bizim gücümüzü artırır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi bu idman yarışının nümunəvi keçirilməsini təmin etdi. Eyni zamanda bu mötəbər idman tədbirinin Azərbaycanda təşkili ölkəmizin malik olduğu potensial imkanların növbəti nümayişi oldu. IV İslam Həmrəyliyi Oyunları bütün Azərbaycan, eləcə də İslam dünyası üçün mötəbər idman təntənəsi kimi tarixə düşdü.

İslam bankçılığına dünyada maraq artır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirməklə yanaşı, bütün dünyada İslam həmrəyliyinin gücləndirilməsi, beynəlxalq səviyyədə İslam dəyərlərinin müdafiəsi üçün fəal iş aparır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, ISESCO kimi aparıcı təşkilatların fəal üzvüdür, onların nüfuzunun yüksəldilməsinə, İslam mədəniyyətinin inkişaf etdirilməsinə və dünyada yayılması işinə öz dəyərli töhfələrini verir.

Azərbaycanın İslam dünyası ilə sıx əlaqələri İslam İnkişaf Bankı ilə münasibətlərimizdə də özünü göstərir. Bildiyimiz kimi, qlobal maliyyə sisteminin tərkibində İslam bankçılığı daha cox faizsiz maliyyə kimi xarakterizə olunmaqdadır. İİB-in adi kreditlərinin xüsusiyyəti onların faizsiz verilməsidir Hazırda İslam bankçılığı geniş coğrafi kontingenti əhatə edərək ABŞ-dan Çinədək dünyanın müxtəlif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində tətbiq edilir. Deyilənləri ümumiləşdirsək, İslam bankçılığının 50 ilə yaxın bir dövr keçərək formalaşmasını və model olaraq sürətlə inkişaf etməsini görə bilərik. Araşdırmalar göstərir ki, İslam qaydaları əsasında fəaliyyət göstərən maliyyə-kredit təşkilatlarına olan maraq sürətlə artır.

İİB-in fəaliyyətinin əsas istiqamətləri üzv dövlətlərin ərazilərində infrastruktur layihələrinin reallaşmasında fəal iştirak etməkdən, iqtisadi və sosial inkişaf məsələlərinin həllində onlara yardım göstərməkdən ibarətdir. Bundan başqa, iştirakçı dövlətlər arasında beynəlxalq ticarətin inkişafına kömək edir, sığorta fondları, habelə İKT üzvü olmayan ölkələrdəki müsəlman icmalarına maliyyə dəstəyi verən xüsusi fondlar yaradır. İİB-in kənd təsərrüfatı sektorunda maliyyələşdirdiyi layihələr kənd təsərrüfatının inkişafına, məhsulun və torpağın qorunmasına, heyvandarlığa və əkinçiliyə, suvarma işlərinə istiqamətlənib. Sənaye sektorundakı proqramlara sənaye menecmenti, istehsalın təkmilləşdirilməsi ilə bağlı əməliyyatlar, sənaye müəssisələrinin dəstəklənməsi və bərpası, fəaliyyət göstərməyən istehsal güclərindən istifadə edilməsi daxildir. İİB-in fəaliyyətində digər fərqli cəhət təkcə öz cari əməliyyatlarında İslam prinsiplərindən bəhrələnməsi deyil, həm də gerçəkləşdirilən layihələrin uzunmüddətli maliyyələşdirliməsində orta hesabla 15-25 illik müddətlərdən istifadə etməsidir.

Azərbaycan İslam maliyyələşməsinin hüquqi bazasını yaradır

Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsində faizsiz bank institutlarının vəsaitlərindən istifadə istiqamətində İslam İnkişaf Bankı ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın 1992-ci il tarixində bu quruma üzv olması qarşılıqlı əməkdaşlıq əlaqələrinin sürətləndirilməsinə təkan vermişdir.

Azərbaycan bu quruma üzv olduqdan sonra əlaqələrimiz durmadan inkişaf edib. Hazırda Azərbaycan İİB-də pay sahibi olmaqla onun işində yaxından iştirak edir. Xatırladım ki, hələ 1996-cı il sentyabrın 21-də İslam İnkişaf Bankının Beynəlxalq İnvestisiya Konfransı Bakıda keçirilmişdi. O zaman konfransda iştirak edən ulu öndər Heydər Əliyev İslam İnkişaf Bankının gələcək fəaliyyətinə uğurlar arzulamış və əmin olduğunu bildirmişdi ki, İslam İnkişaf Bankı ilə Azərbaycanın əlaqələri bundan sonra sürətlə inkişaf edəcək. Aradan ötən 21 il ərzində həyata keçirilən layihələr göstərir ki, İİB ilə Azərbaycanın əlaqələri həqiqətən inkişaf edib və bank ölkəmizdə bir sıra sahələrə əhəmiyyətli maliyyə ayırıb. Bütövlükdə İİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb. Kənd təsərrüfatı, enerji, nəqliyyat, sosial, su təchizatı və s. sahələri əhatə edən bu layihələrin 14-ü artıq başa çatıb, 4 layihənin icrası isə davam edir.

Azərbaycan hökuməti bizim ən etibarlı tərəfdaşlarımızdandır. Uzun illər birgə fəaliyyət və səmərəli əməkdaşlıq hər iki tərəf üçün gözəl nəticələr verib. Etiraf edək ki, İslam ölkələri üçün bu gün Azərbaycandan öyrəniləcək çox şey var. İslam İnkişaf Bankının vitse-prezidenti Sayed Ağanın bu ilin əvvəlində Azərbaycana səfəri zamanı dediyi bu sözlər tərəfimizdən böyük məmnunluqla qarşılanır. Bu səfər zamanı Azərbaycan və İİB arasında Azərbaycanda İslam maliyyələşdirilməsi üzrə hüquqi bazanın işlənib hazırlanmasına dair texniki dəstək haqqında qrant sazişi imzalanıb. Sənədə əsasən, Azərbaycanda bank sahəsində mövcud qanunvericiliyin təhlili, ölkəmizdə İslam bankçılığının tətbiqi imkanlarının araşdırılması və müvafiq təkliflərin hazırlanması nəzərdə tutulur.

Azərbaycanda bank sistemi müstəqillik dövründə uğurla inkişaf edib. Təbii ki, İslam bankçılığının da Azərbaycanda sürətlə inkişaf edən klassik bank sistemində reallaşdırılması və tez bir zamanda inkişaf etdirilməsi yalnız müsbət fayda verər. Təbii ki, bu sistemin Azərbaycanda inkişafına nail olmaq üçün geniş perspektivlər var. Həmin perspektivlər nəzərdən keçirilməli və araşdırılmalıdır. Həm də nəzərə almalıyıq ki, hazırda ölkəmizdə İslam bankçılığının müxtəlif alətləri və ilkin mexanizmləri bəzi banklarda mövcuddur. Bu isə İslam bankçılığını inkişaf etdirmək məqsədilə növbəti əsas addımların atılması baxımından müsbət hal kimi qəbul edilə bilər. Bu bankçılığı Azərbaycanda tətbiq etməklə xüsusilə vətəndaşların banklardan İslam qaydaları ilə vəsait əldə etmələrinə və İslam bankçılığı ənənələrinin təməlinin möhkəmlənməsinə şərait yaranar.

Azərbaycanla digər müsəlman ölkələri arasında iqtisadi əlaqələr son illər sürətlə inkişaf etməkdədir. Azərbaycan həm də iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə yatırılması baxımından əlverişli ölkədir. İslam ölkələrindən olan iş adamlarının da Azərbaycanda sərmayə yatırması üçün geniş imkanlar var. Digər tərəfdən, iqtisadi əlaqələrin inkişafının nəticəsidir ki, son illər ayrı-ayrı müsəlman ölkələrindən Azərbaycana gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb. Bir sözlə, Azərbaycan müsəlman dünyası üçün cəlbedici ölkəyə çevrilib. Buna görə İslam bankçılığı sisteminin Azərbaycanda tətbiqi həm qeyd olunan istiqamətlərin daha da inkişafı, həm də bütövlükdə müsəlman ölkələri arasında əlaqələrin gücləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

İslam maliyyəçiliyi təkcə faizsiz bank kreditlərinin verilməsi ilə bitmir. Bir sıra müsəlman ölkələrində yaradılan xeyriyyə təşkilatlarının fəaliyyəti də İslam maliyyələşməsinin başqa bir tərəfidir. Müharibədən əziyyət çəkən ölkə kimi Azərbaycan hələ ötən əsrin 90-cı illərinin əvvəllərindən bunun müsbət tərəflərini görüb. Bu illərdə Səudiyyə Ərəbistanının İslam Nicat Təşkilatı, Küveytin Beynəlxalq İslam Xeyriyyə Təşkilatı, İranın müxtəlif təşkilatları Ermənistanın hərbi təcavüzü nəticəsində doğma torpaqlarından məcburi köçkün düşən azərbaycanlı əhaliyə milyonlarla manat məbləğində yardım edib. Bu gün isə Azərbaycanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu müsəlman ölkələrində mühüm layihələr həyata keçirir. Əgər zərurət yaranırsa, Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan digər müsəlman ölkələrinə yardımlar göstərir.

Mayın sonlarında Türkiyədə İstanbulun Ümraniyə rayon bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən İslam Ölkələrinin Maliyyə Zirvəsi də islam bankçılığı və maliyyələşməsinə həsr olunmuşdu. Orada da qeyd olunduğu kimi, müsəlman aləminin dünyada yerinin və rolunun möhkəmləndirilməsi üçün İslam ölkələrinin ortaq maliyyə mərkəzinin təsis edilməsi zamanın tələbidir.

Çıxışçılar İslam Ölkələrinin Maliyyə Mərkəzinin yaradılması ideyasına fikir və düşüncələrini bildirdilər. Həmin tədbirdə Azərbaycanın bütün müsəlman ölkələri ilə iqtisadi əlaqələrin inkişafına önəm verdiyini diqqətə çatdıraraq ölkəmizdəki sağlam sərmayə mühiti, turizm sektorundakı yüksəliş, əlverişli biznes şəraiti və s. barədə ətraflı məlumat verdim. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və ISESCO kimi dünyada böyük çəkiyə malik qurumların üzvüdür. Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda İslam həmrəyliyi ili elan etməsi müsəlman ölkələri arasında əlaqələrin güclənməsi baxımından çox önəmlidir. Bundan başqa, uğurla başa çatan IV İslam Həmrəyliyi Oyunlarının böyük peşəkarlıqla təşkili və göstərilən yüksək qonaqpərvərlik, sözün əsl mənasında, müsəlman xalqlarını bir araya gətirdi. Bütün bu tədbirlərə önəm verən Azərbaycan İslam Ölkələrinin Maliyyə Mərkəzinin yaradılması ideyasını tam şəkildə dəstəkləyir. Çünki bu, iqtisadi tərəfdaşlıqla yanaşı, həm də İslam həmrəyliyinə xidmət edən mühüm amildir.