Xalq qəzeti.-2017.-3 iyun.-118.-S.7.

 

162 medal Milli Olimpiya Komitəsinin yubileyinə ən layiqli töhfə!

 

Oqtay Bayramov

 

Bakıda böyük müvəffəqiyyətlə başa çatıb, istər əla təşkilatçılıq və Azərbaycan idmanının tarixi nailiyyətləri ilə əlamətdar olan, istərsə də ölkəmizin Olimpiya idealları və prinsiplərinə sədaqətinin daha bir nümayişinə çevrilən IV İslam Həmrəyliyi Oyunları respublikamızda idmanın inkişafına göstərilən daimi dövlət qayğısının növbəti parlaq təzahürünə çevrildi. Xüsusilə fərəhlidir ki, İslamiadada qazanılmış 162 medal 75 qızıl, 50 gümüş və 37 bürünc mükafat ölkəmizin Olimpiya Hərəkatında ikiqat yubileylər ilinə təsadüf etmişdir. Əlamətdar hadisələrə bundan yaxşı töhfə ola bilməz!

 

İdman dünyasına unudulmaz anlar yaşatmış İslamiada startlarının böyük uğurları təkcə müsəlman aləmində deyil, planetin hər yerində geniş əks-səda doğurmuşdur. Bakı turnirlərinin medalları uğrunda mübarizə aparmış 54 ölkənin 3000-dən çox atleti, onların məşqçiləri, təmsil etdikləri dövlətlərin nümayəndə heyətlərinin digər üzvləri ilə yanaşı, beynəlxalq idman dairələrinin bir çox nüfuzlu siması müsəlman ölkələrinin ən mötəbər idman, həmrəylik və dostluq bayramına çevrilən Bakı sammiti barədə bu günlər qüdrətli Azərbaycan dövlətinə minnətdarlıq hissi ilə söhbət açırlar.

İslamiada sınaqları bir daha sübut etdi ki, Azərbaycan idmanda da güclü dövlətdir, onun çox səmimi və mübariz komandası vardır. Bu komandanın bütün üzvləri idmançılar, məşqçilər, mütəxəssislər, rəhbər heyət vahid və çox möhkəm bir kollektiv şəklində fəaliyyət göstərir.

Məhz bu işə böyük sevgi və məhəbbət, üstəgəl, idmançılarımızın əsl vətənpərvərlik hissləri və qarşıya qoyulmuş məqsəd uğrunda mübarizədə fədakarlığı sayəsində millimiz zirvəyə ucaldı, Azərbaycanın onsuz da yüksək olan beynəlxalq nüfuzu daha da artdı. Bu yarışlarda qeydə alınmış nəticələr dövlətimizin və idmanımızın nəyə qadir olduğunu, onun sıralarında neçə-neçə məşhur çempionların yetişdiyini bir daha əyani surətdə təsdiqlədi. Bütün bunlar Olimpiya Hərəkatının ən yüksək səviyyədə inkişaf etdiyi ölkə üçün qanunauyğun nəticədir.

Əgər IV İslamiadada Azərbaycan idmançılarının uğurlarını ətraflı təhlil etməli olsaq, görərik ki, təmsilçilərimiz dünyanın ən böyük yarışları Yay Olimpiya Oyunları proqramına daxil olan, demək olar, bütün növlərdə güləş, boks, cüdo, taekvando, ilk dəfə Tokio2020-də Olimpiya növü olacaq karatedə, gimnastika, voleybol, həndbol, basketbol, futbolda və bəzi başqa növlərdə qələbə və medalları ilə diqqət mərkəzində olmuşlar. Azərbaycanın İslamiadada nə az, nə də çox 75 dəfə fəxri kürsünün zirvəsinə yüksələn, böyük qələbələri şərəfinə hər gün dəfələrlə əzəmətli dövlət himnimiz səsləndirilən qızıl övladları Olimpiya oyunlarından Vətənimizə gətirilmiş medalların sahiblərinin layiqli davamçılarıdır.

Ölkəmizdə İslam Həmrəyliyi ilində IV İslam Həmrəyliyi Oyunlarının yarış meydanlarından götürülmüş bol məhsul Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 25-ci və dövlətimizin başçısı cənab İlham Əliyevin respublikamızda Olimpiya Hərəkatına rəhbərliyinin iyulun 31-də tamam olacaq 20-ci ilində Olimpiya sərvətləri xəzinəmizə əlavə edilən əvəzolunmaz töhfədir.

Burada yunan-Roma güləşi üzrə üçqat Olimpiya çempionu, Rusiya Dövlət Dumasının deputatı Aleksandr Karelinin Vestnik Kavkaza portalına söylədiyi və qəzetimizin ötən saylarından birində sizin də diqqətinizə çatdırdığımız müsahibədən bir məqama yenidən müraciət etmək istərdik: Hər şey ahəngdar şəkildə idi. Afərin, təşkilatçılar hər şeyi çox sivil şəkildə yerinə yetirmişdilər. Oyunların nəticələri də qanunauyğundur.

Düşünmək olar ki, neçə-neçə ölkənin əzəmətli idman saraylarında böyük qələbələr qazanmış dünya şöhrətli A. Karelin bu sözlərlə İslam Oyunları ilə maraqlanmış və yarışların gedişini izləmiş bütün insanların yekdil fikrini ifadə etmişdir. Azərbaycan idmanında Olimpiya prinsip və ideallarına sədaqət öz təsdiqini inamla, qibtəediləcək bir şəkildə tapmış və bu, başlıca meyar kimi idmanımıza daha böyük nailiyyətlər, daha gözəl gələcək vəd edir.

Ölkə idmanında, Olimpiya Hərəkatında əldə olunmuş nailiyyətlər, keçilmiş şərəfli yol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyi haqqında 2 mart 2017-ci il tarixli sərəncamda da öz əksini tapmışdır.

Sərəncamda Milli Olimpiya Komitəsinin 25 illiyinin ictimai həyatda əhəmiyyəti nəzərə alınaraq ölkədə Olimpiya Hərəkatının daha da genişləndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Milli Olimpiya Komitəsi ilə birlikdə MOK-un 25 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılmışdır.

Nə yaxşı ki, Azərbaycan idmanı tarixində bu hadisə böyük qələbələr ilinə təsadüf etmişdir. Ölkəmizin idman ictimaiyyəti əldə olunmuş nailiyyətlər və rekord göstəricilərlə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 25-ci, dövlətimizin və idmanımızın şəriksiz lideri İlham Əliyevin MOK-a rəhbərliyinin 20-ci ilinə öz layiqli töhfələrini verir.

Bakıda IV İslam Həmrəyliyi Oyunlarında qazanılmış rekord sayda medalı, xüsusən də ən yüksək əyarlı 75 mükafatı bir il əvvəl Azərbaycan idmançılarının uzaq Braziliyada, Rio-de-Janeyro Olimpiadasında qazandıqları böyük uğurun bir növ davamı hesab etmək olar. London2012-də XXX Yay Olimpiya Oyunlarında 10 medala sahib olan atletlərimiz Braziliyada XXXI Olimpiadada etiraf edək ki, çoxlarımızın gözləmədiyi halda həmin nailiyyəti ikiqat artırmış və Azərbaycanı bizim üçün rekord sayda 18 medalla sevindirmişdilər. Bunun necə böyük, tarixi bir nailiyyət olduğunu heç kimə izah etməyə ehtiyac yoxdur. Təkcə onu deyək ki, bütün qələbələrimizin təkanverici qüvvəsi, Olimpiya hərəkatımızı zəfərdən-zəfərə aparan Azərbaycan Milli Olimpiya Komitəsidir.  MOK-un və onun prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü və gərgin iş, təxirəsalınmaz tədbirlər, idmançılar üçün yaradılan ideal şərait öz gözəl bəhrəsini verməyə bilməz. Azərbaycan Olimpiya oyunlarında, Paralimpiadalarda, Yeniyetmələrin Olimpiya Oyunlarında və Avropa Olimpiya festivallarında, dünya və Avropa çempionatlarında uğurları ilə idman aləminin rəğbətini qazanır.

Hələ Bakı2015 birinci Avropa Oyunlarına hazırlıq prosesində görkəmli idman mütəxəssisləri, ayrı-ayrı beynəlxalq idman federasiyalarının nümayəndələri Bakının qitə idmançılarının ali bayramına qəlbləri riqqətə gətirən mükəmməl hazırlığını, bütün Azərbaycan vətəndaşlarının bu bayramla yaşadıqlarını söyləyirdilər. Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr
Jukov isə bir qədər də uzağa gedərək, Azərbaycanda Avropa Oyunlarına hazırlığı ümummilli layihə adlandırıb, onun mükəmməl şəkildə həyata keçirildiyini, ölkəmizin bu şərəfli işə vahid bir komanda kimi öz payını verdiyini söyləmişdi. İslam Həmrəyliyi Oyunları da istisna olmadı.

Avropa Oyunları kimi, İslamiadanın da təşkilatçılıq baxımından böyük uğur qazanmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, milli Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın başçılıq etdiyi Oyunlara hazırlıq üzrə Təşkilat Komitəsi çox böyük zəhmət tələb edən işi bütün məsələləri nəzərə almaqla həyata keçirdi və hər şey, o cümlədən  adı dünyanın ən yaxşı stadionları sırasında çəkilən Bakı Olimpiya Stadionunda İslamiadanın təntənəli açılış və bağlanış mərasimləri parlaq bir bayrama çevrildi. İslamiadanın müvəffəqiyyəti həm də Təşkilat Komitəsinin uğuru idi. Təşkilatçılar yenə də Azərbaycan xalqı üçün böyük bir idman bayramı təşkil etməyə çalışmışdılar və məqsədlərinə nail oldular. İnsanlarımız bu bayramdan və həmvətənlərinin medallarından böyük zövq aldılar.

Bu məqamda İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassarın Bakı2017 İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimindəki nitqindən aşağıdakı fikri xatırlatmaq yerinə düşər: Bu əlamətdar İslam Həmrəyliyi Oyunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Bakı2017-nin Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın və onun Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan heyətinin fəaliyyəti sayəsində qonaqpərvər ev sahibinin səyləri ilə mümkün oldu.

Dördüncü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyası nümayəndələrinin İslamiada turnirlərində qazandıqları 20 medalidman gimnastikasında 12 və bədii gimnastikada 8 mükafat da federasiya kollektivinin böyük uğurudur.

Aprel ayında qələmə aldığımız qeydlərdən birində Bakıda IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda Olimpiya Hərəkatı yubileylərinə xüsusi bir məna verəcəyinə ümidimizi ifadə etmişdik. İndi deyə bilərik ki, düşüncələrimizdə yanılmamışdıq. Azərbaycan paytaxtında müsəlman ölkələri atletlərinin ali idman bayramı qəlblərdə dərin iz buraxmışdır. Ən başlıcası isə Azərbaycan 54 ölkə təmsilçilərini bir ailənin şən və mehriban övladları kimi öz əhatəsinə alıb dünyada sülhün möhkəmləndirilməsi, əmin-amanlığın təmin edilməsi işində birliyin və həmrəyliyin necə güclü bir vasitə olduğunu bütün dünyaya nümayiş etdirdi.

Bu ay Bakıda keçirləcək Formula1 Avropa Qran-Prisinin Azərbaycan mərhələsi də yubileylər ilində çox mühüm hadisə olacaq. Ötən il respublikamızın avtomobil yürüşü həvəskarları bizim yerlərdə ilk dəfə təşkil edilən bu yarış və onun iştirakçıları ilə tanışlıqdan məmnun qaldılar. Elə onda Azərbaycan Formula1 ailəsində özünə layiqli yer etdi. Azərbaycanın postsovet məkanında Rusiyadan sonra beynəlxalq idman dairələrində kralların yürüşü adlandırılan yarışın təşkilatçısı rolunda çıxış edən ikinci ölkə olması isə bu möhtəşəm idman hadisəsinə bizdə güclü maraq yaratdı.

Formula1 Avropa Qran-Prisinin Bakı mərhələsi Azərbaycan tarixində dünyanın ən yaxşı sürət ustalarının ilk yarışı olsa da, bütün beynəlxalq tədbirlər kimi bu startlar da paytaxtımızda böyük müvəffəqiyyət qazandı, başqa ölkələrdə keçirilmiş yürüşlərdən heç nədə geri qalmadı. İndi isə Bakı dünyada ən məşhur yarışlardan birinə növbəti hazırlıq aparır.

Azərbaycanda və onun gözəl paytaxtında ən müxtəlif sahələrə aid böyük beynəlxalq tədbirlər bir-birini əvəz etməkdə, ölkəmiz mükəmməl və möhtəşəm hazırlığı və təşkilatçılığı ilə dünyanı heyrətləndirməkdədir. Respublikamıza dünyanın hər yerindən insanlar gəlməkdə və xalqımızın gözəl ənənələri, qonaqpərvərliyi ilə tanış olmaqdadır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Bakı2017 İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Bakı Olimpiya Stadionunda İslamiadanın təntənəli bağlanış mərasimində dediyi kimi, biz dünyanı Bakıda salamlamaqda davam edəcəyik: bu yay Formula1 Azərbaycan Qran-Pri turniri, sentyabrda qadınlar arasında voleybol üzrə Avropa çempionatı keçirləcək və 2020-ci ildə burada, Bakı Olimpiya Stadionunda futbol üzrə Avropa çempionatının oyunları baş tutacaq.