Xalq qəzeti.-2017.-1 iyun.-¹116.-S.7.

 

İslam Həmrəyliyi Oyunlarının Azərbaycan nümunəsi

 

Nailə Məmmədova, 
“Azerbaijan Realities”

 

Coğrafi baxımdan Qərblə Şərq arasında yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu məkandır. Ölkəmiz uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. İslam dininin yayılmasında , müsəlman intibahının bərqərar olmasında azərbaycanlıların da özünəməxsus rolu olmuş və İslam mədəniyyətinin formalaşmasında böyük nailiyyətlər qazanmışlar. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin təkamülünə zəmin yaratmışdır.

Azərbaycan  o azsaylı dövlətlərdəndir ki, həm Avropa təşkilatlarının, həm də islami strukturların üzvüdür. Respublikamız İslam Əməkdaşlıq Təşkilatının, İSESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.Təsadüfi deyildir ki, Bakı 2009-cu ildə “İslam mədəniyyətinin paytaxtı” elan olunmuşdur. 2009-cu ilin oktyabr ayında  isə Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunmasına dair qərar qəbul edilmişdir. 2016-cı il “Multikulturalizm ili”nin məntiqi davamı kimi 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması da, əslində, bütün dünyaya yönələn bir çağırışdır. Həmrəy, tolerant, sabit bir dünya çağırışıdır! Bu qərar Azərbaycanın İslam dünyasını narahat edən bütün problemlərin həllində əməkdaşlığa, İslam həmrəyliyinə can atmasının bariz sübutudur. Azərbaycan, həmçinin bununla bütün dünyaya İslam ölkələrinin həmrəyliyi, inkişafı ilə bağlı nümunə təqdim edir.

12-22 may tarixlərində baş tutan IV İslam Həmrəyliyi Oyunları isə ölkəmizin bu həmrəylin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaratdı. İslam Həmrəyliyi Oyunları birlik, qardaşlıq və dostluq oyunları oldu. Bu yarışlar sülhün, əmin-amanlığın, həmrəyliyin möhkəmlənməsi üçün dünyaya bir çağırış idi. Yarışın əsas şüarı da “Gücümüz həmrəylikdədir” seçilmişdir. İnanırıq ki, bu il çərçivəsində reallaşan İslam Həmrəyliyi Oyunlarının müsəlman ölkələrinin birliyinə böyük təsiri olacaq.

İdman tarixən xalqımızın milli-mənəvi dəyərlərindən birinə çevrilmişdir. İstər SSRİ tərkibində, istərsə də müstəqillik dövründə idmançılarımızın uğurlu çıxışları Azərbaycan idmanını dünyaya tanıtmışdır. Xüsusilə müstəqilliyimizi bərpa etdikdən sonra idman milli ruhla yoğrularaq, daha da perspektivli olmuşdur.  Bu gün Azərbaycanda çox yüksək səviyyədə yaradılmış idman infrastrukturu mövcuddur. İdman sürətlə inkişaf edir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı yüksələn xətlə gedir. Dünya çempionatlarında, Olimpiya Oyunlarında, Avropa çempionatlarında bayrağımız dalğalanır. İldən-ilə idmançılarımızın uğurları, medalların sayı artır. Bu da bilavasitə ölkəmizin idman şöhrətinin artmasına səbəb olur.

 Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2012-ci il ölkəmizdə “İdman ili” elan olunmuşdur.  2015-ci ildə Avropa qitəsində ilk dəfə baş tutan Avropa Oyunlarında idmançılarımız 56 medal qazanmaqla komanda hesabında ikinci yerə çıxmışdılar. 2016-cı il il Yay Olimpiya Oyunlarında isə Azərbaycan Olimpiya oyunlarında iştirakı tarixində ilkə imza ataraq medallarının sayını 18-ə çatdıra bilmişdir. Medalların sayına görə Azərbaycan dünyada 14-cü, Avropa ölkələri arasında 7-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdə qərarlaşdı. Bütün bunlar IV İslam Həmrəyliyi oyunlarında əldə etdiyimiz qələbənin heç də təsadüfi olmadığını, möhkəm zəminə arxalandığını sübut edir.

Qeyd edək ki, 2014-cü il 24 iyul tarixində  İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında Azərbaycan 2017-ci ildə IV İslam Oyunlarına ev sahibliyi etmək hüququ qazanıb. IV İslam Həmrəyliyi Oyunlarının uğurunu təmin edən əsas amil son illər Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirilməsində qazandığı zəngin təcrübədir. Belə ki, ölkəmiz 17 yaşadək futbolçular arasında Avropa çempionatı, 42-ci Ümumdünya Şahmat Olimpiadası, bədii gimnastika üzrə Dünya Kuboku, ilk Avropa Oyunları, “Formula–1” kimi mötəbər yarışlara uğurla ev sahibliyi edərək, özünü dünyada idman ölkəsi olaraq tanıda bilib. Bütün bunlar Azərbaycanın böyük miqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını, həmçinin beynəlxalq etimadı artırır.

  Bakı IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək, idmanımızda yeni bir tarixə imza atdı. On gün ərzində İslam dünyasının idman nəbzi Bakıda döyündü. Yarışlar əsl idman və həmrəylik bayramına çevrildi. İslamiadanı Azərbaycan üçün özəl edən digər amil atletlərimizin parlaq qələbəsi oldu. “Bakı-2017”-də iştirak edən ölkələr arasında Azərbaycan 75 qızıl medalla birinci oldu. İdman arenalarında Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağımız 162 dəfə qaldırıldı. Azərbaycan tarixi idman ənənələrinə, böyük idman potensialına sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. 10 gün ərzində xalqımız bir daha birlik, həmrəylik, vətənpərvərlik göstərdi, idmançılarımızla qələbə sevincini bölüşdü.  Prezident İlham Əliyevin 23 may tarixində IV İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə görüşü isə dövlətin hər zaman idmana xüsusi diqqət və qayğı ilə yanaşdığının bariz sübutudur. Bütün bu uğurların məntiqi nəticəsi Azərbaycanın bu gün dünyada idman dövləti kimi tanınmasına imkan yaradır.

“Baku 2017”-nin yüksək səviyyədə təşkil edilməsi məqsədilə Prezidentin sərəncamı ilə yaradılan Təşkilat Komitəsinin yorulmaz fəaliyyəti isə danılmazdır. Təşkilat Komitəsi Birinci vitse-prezident, xanım Mehriban Əliyevanın sədrliyi ilə  bu mühüm beynəlxalq idman tədbirinin yaddaqalan şəkildə keçirilməsi məqsədilə mühüm işlərə imza atdı. İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Oyunların təşkilini yüksək qiymətləndirərək, bu əlamətdar İslam Həmrəyliyi Oyunlarının Prezident İlham Əliyevin rəhbərliyi ilə, Birinci vitse-prezident və “Bakı-2017”-nin Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın və onun Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan heyətinin fəaliyyəti sayəsində mümkün olduğunu bildirdi. O, İslam Həmrəyliyi İdman Federasiyası adından Azərbaycan xalqına göstərdikləri fədakarlığa və çox böyük qonaqpərvərliyə görə təşəkkürünü bildirdi.

Oyunların keçirilməsində könüllülərin əməyi əvəzolunmazdır. IV İslam Həmrəyliyi Oyunlarının təşkilinə 8 mindən artıq könüllü cəlb olundu. Onlar milli mentalitemizə xas qonaqpərvərlik, səmimiyyət kimi ali keyfiyyətləri qonaqlara ötürə bildilər. Birinci vitse-prezident, “Bakı-2017” Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva da bağlanış mərasimindəki nitqində könüllülərin bu oyunların uğurlu keçirilməsindəki zəhmətini qeyd etmiş, onlara müraciətlə bildirmişdi:  “...Əgər atletlər “Bakı-2017”nin döyünən ürəyidirsə, siz bu Oyunların geniş qəlbi idiniz”.

25 illik müstəqillik tariximizə baxmayaraq nailiyyətlərimiz çoxillik tarixi olan əksər dövlətlərin nailiyyətlərindən daha çoxdur. Bu, Azərbaycanın öz gücünə əldə etdiyi, ağıl gücünə idarə etdiyi müstəqilliyinin bəhrəsidir.

IV İslam Həmrəyliyi Oyunlarında 54 müsəlman ölkəsindən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə gəlmişdir. İndiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmamışdı. İdmanın 21 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparmışdır. “Bakı-2017”-ni 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izləmişdir. Yarışlar 1000-dən çox media nümayəndəsi tərəfindən işıqlandırılmış, xarici KİV-də açılış və bağlanış mərasimləri, idman yarışları haqqında geniş məlumatlar əksini tapmışdır. Tədbir:

- Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə;

- ölkəmizin turizm potensialının nümayiş olunmasına;

- Azərbaycanın artan iqtisadi-siyasi inkişafının tanıdılmasına;

- milli-mənəvi dəyərlərimizin (qədim və zəngin mədəniyyətimizin, milli mətbəximizin, qonaqpərvərlik kimi özünəməxsus ali keyfiyyətlərimizin və s.)  İslam aləminə təqdim olunmasına;

- multikulturalizmin, tolerant mühitin hakim olduğu Azərbaycanın tanıdılmasına;

- Şərq və Qərbin beşiyi, sivilizasiyalararası dialoq məkanı olan respublikamızın obyektiv şəkildə qiymətləndirilməsinə ...  imkan verəcək.

İslam Həmrəyliyi Oyunları müstəqil Azərbaycanın istər idman, istərsə də siyasi -iqtisadi sahədə nail olduğu böyük uğurları nümayiş etdirdi. Həyata keçirilən məqsədyönlü fəaliyyət belə deməyə əsas verir ki, “Baku 2017” istər təşkilati, istər struktur, istərsə də regional baxımdan yaddaqalan oldu. Azərbaycan bu etimadı da doğrultdu.  Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan İslam Həmrəyliyi Oyunlarında da yeni standartlar tətbiq etdi. İslam Həmrəyliyi  Oyunlarının uğurlu təşkili belə nüfuzlu tədbirləri keçirməyə qadir olduğumuzu bir daha sübut etdi. Əminik ki, Azərbaycan  “Formula–1” Azərbaycan Qran-prisində, 2017-ci ildə qadınlar arasında Avropa voleybol çempionatında və 2020-ci ildə UEFA-nın Avropa çempionatının dörddəbir final oyunlarında və üç qrup qarşılaşmasında bütün dünyanı yenidən heyrətləndirəcək.