Azərbaycan.-2017.-31 may.-115.-S.1,6.

 

İslam və idman həmrəyliyinin böyük Azərbaycan zəfəri

 

Mübariz Qurbanlı,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

XIX əsrin sonu, XX əsrin əvvəllərində və müstəqilliyimizin bərpasının ilk illərində Qərb dünyasının yalnız neft səltənəti, neft ixracatçısı olaraq baxdığı Azərbaycan bu gün təkcə Qərbə deyil, həm də dünyanın bir çox ölkəsinə özünün nümunəvi dövlət-din münasibətləri modelini, tolerantlıq və multikulturalizm kimi ali dəyərlərini təqdim edən ölkəyə çevrilmişdir.

Mürəkkəb coğrafi məkanda yerləşməsinə və regionda siyasi, dini-milli münasibətlər baxımından həssas məqamların olmasına baxmayaraq, ölkəmizdə bütün dini və milli toplumlara tarixən tolerant münasibət bəslənilmişdir. Ayrı-ayrı dövrlərdə zərdüştilik, yəhudilik, xristianlıq, İslam və digər dini inanclar Azərbaycan ərazisində yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmişlər.

Niyə məhz Azərbaycan?

Respublikamızda ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında xalqımıza xas olan humanizm və çoxmillətlilik dəyərlərinin müstəsna rolu var. Heç şübhəsiz, xalqımızın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri və bütövlükdə xarakteri ilə birbaşa bağlı olan bu məsələdə qazanılan müasir dövrün uğurlarının təməlində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasəti durur. Hazırda mütərəqqi dünyanın demokratik dəyərlərdən biri kimi qəbul etdiyi, ancaq bir çox ölkələrin reallaşdırmaqda çətinliklər yaşadığı, hətta bəzilərinin bacarmadığı milli-dini tolerantlıq məhz dövlət başçısının uzaqgörən siyasəti sayəsində Azərbaycan cəmiyyəti üçün, bir növ, həyat tərzinə, gündəlik normaya çevrilmişdir.

Prezident İlham Əliyevin 2016-cı ili Multikulturalizm ili, onun məntiqi davamı kimi bu ili İslam həmrəyliyi ili elan etməsi də bütün dünyaya həmrəy olmaq, dinlər və məzhəblər arasında dialoq qurmaq çağırışıdır. Buna nail olmağın ən doğru yolu isə ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş Azərbaycanın dövlət-din münasibətləri modelinin digər dövlətlər tərəfindən öyrənilməsi və tədqiq olunmasıdır ki, artıq əksər ölkələrin rəsmiləri, araşdırmaçı alimləri, bu sahə üzrə mütəxəssisləri bunu açıq şəkildə etiraf edirlər. Böyük peşəkarlıq və dəqiqliklə hazırlanan bu model sayəsində Azərbaycanda milli-mənəvi dəyərlərə qayıdışın əsası qoyulmuşdur, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilir, ölkədə etiqad, inanc azadlığı tam təmin edilir.

Gənc olmasına, müstəqilliyinin bərpasının ilk illərində işğala məruz qalmasına, daxili siyasi çəkişmələr yaşamasına baxmayaraq, ölkəmiz geridə qalan qısa müddət ərzində böyük uğurlar qazanmış və əldə edilən nailiyyətlər göz önündədir. Ulu öndər Heydər Əliyevin xalqın israrlı təkidi ilə siyasi hakimiyyətə qayıdışından sonra büsbütün yenilənən Azərbaycan bu gün Cənubi Qafqazın lider dövlətinə çevrilməklə yanaşı, müsəlman ölkələri arasında aparıcı, sülhpərvər, barışdırıcı rola malikdir. Son illər ölkəmizdə təşkil olunan konfranslar, toplantılar, forumlar və müxtəlif səpkili idman yarışlarına diqqət etsək görərik ki, respublikamız, sözün əsl mənasında, beyin mərkəzinə, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Bu baxımdan IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçılıq hüququnun Azərbaycana verilməsi barədə İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasının 2013-cü il 24 iyul tarixli qərarı nəinki təəccüblə qarşılanmadı, əksinə, bu qərar ölkəmizə növbəti dəfə yüksək etimadın göstəricisi kimi qiymətləndirildi. Ortada niyə məhz Azərbaycan sualı da dolaşa bilərdi, ancaq ona görə Azərbaycan ki... cavabı o qədər çoxşaxəlidir ki, onun qarşısında hər hansı sual məntiqsiz görünər.

 

Lazımi infrastruktur və peşəkar Təşkilat Komitəsi

İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq səviyyəli yarışlara evsahibliyi etmək üçün əsas şərtlərdən biri lazımi infrastruktura və bu nəhəng layihəni həyata keçirəcək peşəkar heyətə malik olmaqdır. Bu gün paytaxt Bakıda idmanın inkişafı məqsədilə yaradılmış komplekslər dünya standartlarına tam cavab verir. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət ayırması, ölkəmizin bütün rayon və şəhərlərində olimpiya idman komplekslərinin inşası Azərbaycanı idman ölkəsi kimi də dünyaya tanıtmış, paytaxtımız həm də beynəlxalq idman yarışları keçirilən məkana çevrilmişdir. Bakıda indiyədək idmanın güləş, boks, taekvondo, cüdo və s. növləri üzrə beynəlxalq yarışlar keçirilmişdir və Azərbaycan təşkilatçılıq baxımından xeyli təcrübə toplamış ölkə kimi qəbul edilir.

Bu mənada 2015-ci ildə Bakıda təşkil olunmuş I Avropa Oyunlarını xüsusi qeyd etmək yerinə düşər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi bu irimiqyaslı tədbirə hazırlıq işlərini cəmi iki il yarım müddətdə başa çatdırmaqla heyrətamiz işə imza ataraq ölkəmizin bu məsuliyyətli işin öhdəsindən layiqincə gəldiyini bir daha sübut etdi. On yeddi gün davam edən Bakı-2015in yüksək səviyyədə təşkil olunmasının beynəlxalq ekspertlər, müxtəlif ölkələrin Olimpiya komitələrinin rəhbər şəxsləri, yarışlara qatılan idmançıların özləri və bu beynəlxalq tədbiri işıqlandıran jurnalistlər tərəfindən təsdiq edilməsi dövlətimizin dünya miqyasındakı nüfuzunu birə-beş artırmaqla yanaşı, ona bu kimi layihələrin ən yaxşı icraçısı imicini qazandırdı.

İctimai-siyasi sabitlik

Xüsusi qeyd etmək lazımdır ki, beynəlxalq idman təşkilatları bu kimi yarışların təşkilatçılıq hüququ ilə bağlı qərar qəbul edərkən namizəd ölkədəki ictimai-siyasi, iqtisadi sabitliyi, insanların təhlükəsizliyinin təmin olunmasını, dövlətin həyata keçirdiyi siyasəti və həmin ölkədə xalqın hakimiyyətə münasibəti kimi həssas məqamları nəzərə alır.

Hər zaman dövlətimizin, xalqımızın maraqlarını öndə tutan Prezident İlham Əliyevin aşağıdakı sözləri ölkəmizin bu mənada ümumi mənzərəsinin ən gözəl təsviridir və əlavə şərh ehtiyacı yaratmır: Azərbaycanda ictimai-siyasi sabitlik qorunur, təmin edilir. Bunun başlıca səbəbi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını müdafiə edir. Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür. Gördüyümüz bütün işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət, xalqımız üçün daha da yaxşı şərait yaradaq ki, Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin. Ona görə Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunması təbii haldır. Bir daha demək istəyirəm ki, xalqımızın milli həmrəylik, vahid amal ətrafında birləşməsi, düşünülmüş siyasət, əldə edilmiş uğurlar bu reallığı təmin edir. Baxmayaraq ki, ətraf bölgələrdə və dünyanın bir çox ölkələrində vəziyyət gərginləşir, daxili çəkişmələr, qarşıdurmalar baş verir. Belə olan vəziyyətdə, əlbəttə ki, Azərbaycan nümunəsi dünya üçün də çox əhəmiyyətlidir və deyə bilərəm ki, bir çox yerlərdə Azərbaycan təcrübəsi öyrənilir.

Siyasi xarizma

 

Ölkə ərazisində dini sahədə də sabitliyin əldə olunması ilə yanaşı, ümumilikdə İslam dünyası ilə əlaqələrin möhkəmləndirilməsi, həmrəyliyin gücləndirilməsi istiqamətində işlərin sürətləndirilməsi xüsusi vurğulanmalı olan məqamlardandır. Hələ illər əvvəl ümummilli lider Heydər Əliyev Şərqlə Qərb arasında körpü rolunu oynayan ölkəmizin iki qitə arasında barışdırıcı missiyasının əhəmiyyətini vurğulayaraq deyirdi ki, Biz Avropa qitəsinə daxilik. Amma eyni zamanda Avropa ilə Asiya arasında biz öz ölkəmizdə, öz xalqımızın tarixində, milli mədəniyyətində, tarixi köklərində və mentalitetində Şərqlə Qərbin, Avropa ilə Asiyanın sintezini təşkil edirik. Ona görə də öz tarixi missiyamızı dərk edirik və bunu həyata keçirmək üçün indiyə qədər lazımi işlər görmüşük.

Bu gün isə fəxrlə deyə bilərik ki, ulu öndərin bütün fikir və ideyaları kimi, bu düşüncələrini də zamanın tələbinə uyğun şəkildə, ustalıqla davam etdirən Prezident İlham Əliyev müasir İslam dünyasının ən nüfuzlu dövlət xadimlərindəndir. 2012-2013-cü illərdə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilərkən müsəlman ölkələrinin birmənalı şəkildə bizə dəstək vermələri, müstəsna hallarda ali qonaqlar üçün açılan Kəbə evinin qapılarının 2015-ci ildə ümrə ziyarəti zamanı dövlət başçımız və ailə üzvləri üçün açılması Prezident İlham Əliyevin şəxsiyyətinə, onun İslam dünyasının inkişafı istiqamətindəki misilsiz fəaliyyətinə verilən dəyərin ifadəsi idi. Bunlardan başqa, ölkə rəhbərinin bu il mayın 21-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Birlikdə güclüyük devizi altında keçirilmiş, işgüzar, mədəni və siyasi əlaqələrin daha da gücləndirilməsinə xidmət edən, qlobal təhlükəsizliyin, sabitliyin təmin olunması, zorakılıq, terrorizm və ekstremizm ilə mübarizə, bu sahədə mövcud əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələrin aparıldığı Ərəb-İslam-Amerika Sammitinə dəvət edilməsi dövlətimizin və onun başçımızın İslam dünyasında sahib olduğu nüfuzun göstəricisi idi. Digər tərəfdən isə bu sammit sözügedən mövzularda problemlərin çözüm yollarını illərdir öz təcrübəsindən çıxış edərək bütün dünya ilə paylaşan ölkəmizin ortaya qoyduğu modelin yeni platformada təqdimatı baxımından əlamətdar oldu.

IV İslam Həmrəyliyi Oyunları nə qazandırdı?

Beləliklə, ilk dəfə Şərq ilə Qərbin qovşağında yerləşən bir ölkədə - Azərbaycanda təşkil olunan və 10 gün davam edən IV İslam Həmrəyliyi Oyunları artıq başa çatmışdır. Bəs bu yarış ölkəmizə və bütövlükdə İslam dünyasına maddi-mənəvi baxımdan nə qazandırdı?

Sırf idman mübarizəsi prizmasından baxsaq, bu yarış Azərbaycan üçün olduqca uğurlu keçdi. İdmançılarımız bu Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci olmaqla böyük tarixi qələbəyə imza atdılar. Bakıya 50-dən çox ölkənin idmançılarının təşrif buyurduğunu nəzərə alsaq, bu nailiyyətin miqyasının hüdudları aydınlaşar.

Digər tərəfdən, xüsusi qeyd etmək lazımdır ki, Qərbin böyük hissəsini ağuşuna almış islamafobiya, dini-milli ayrı-seçkilik, Yaxın və Orta Şərqi bürüyən məzhəb davaları fonunda IV İslam Həmrəyliyi Oyunlarına yalnız idman tədbiri kimi yanaşmaq doğru olmaz. Və dövlət başçımız hələ ötən il - Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu tədbirin mahiyyətini zərgər dəqiqliyi ilə ifadə etmişdi: Bu, təkcə idman tədbiri deyil... Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq... İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar.

Cənab Prezidentin hər hansı əlavə şərh ehtiyacı yaratmayan bu fikri özünü tamamilə doğrultdu və 10 gün ərzində paytaxtımıza təşrif buyuran iştirakçılar əsl birliyin, qonaqpərvərliyin, xeyirxahlığın şahidi oldular. Keçirilən yarışlarda minlərlə idmançı təkcə yüksək nəticələr və medallar uğrunda rəqabət aparmadı, həm də ölkəmizlə, Azərbaycan cəmiyyəti ilə yaxından tanış oldu, bir-biri ilə yaxın ünsiyyət qurdu. Şübhəsiz, vətənlərinə qayıtdıqdan sonra onlar Azərbaycan həqiqətlərini həmyerlilərinə çatdıracaq, ölkəmizi daim böyük minnətdarlıq hissi ilə xatırlayacaqlar. Rəsmi Bakı IV İslam Həmrəyliyi Oyunları vasitəsilə həm də məzhəb və dini-ideoloji baxışları fərqli olan, bu fərqlər ucbatından hətta bir-birindən üz çevirən, bir-birinə düşmən kəsilən ölkələri, həmin ölkələrin vətəndaşlarını bir çətir altında Bakıda topladı və bütün müxtəliflikləri bir kənara ataraq İslam dünyasının ümumi maraqları naminə birlikdə hərəkət etməkdən başqa yolun olmadığını növbəti dəfə göstərdi.

Prezident cənab İlham Əliyevin mayın 23-də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və ölkəmizin idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə bu məsələyə toxunması dövlətimizin bu yöndəki məqsədyönlü siyasətinin ifadəsi idi: Mən Oyunlar ərəfəsində demişdim, bizim əsas məqsədimiz ondan ibarətdir ki, müsəlman ölkələrini təmsil edən idmançılar, qonaqlar Bakıda bir yerdə olsunlar, bir-biri ilə tanış olsunlar, bir-birinin əlini sıxsınlar və dostluq, əməkdaşlıq güclənsin. Belə də oldu. Biz bunu yarışlarda gördük ki, bəzi hallarda siyasi cəhətdən bir-biri ilə o qədər də yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırlar... Bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi ixtilaflara, müharibələrə son qoyulsun. Müsəlman aləmi birlik nümayiş etdirməlidir. Ancaq bu təqdirdə xalqlarımız gələcəkdə rahat və firavan yaşaya bilərlər. Ona görə bizim apardığımız siyasət və bu Oyunlarda verdiyimiz töhfə əminəm ki, müsəlman aləminin birləşməsinə gətirib çıxaracaq.

Mötəbər tədbirlərə yüksək səviyyədə, nümunəvi şəkildə evsahibliyi etməsi ilə məşhur olan ölkəmiz Bakı-2017 ilə bu imicini növbəti dəfə möhkəmləndirdi. Və bunda Təşkilat Komitəsinin, ona rəhbərlik edən ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gərgin və fədakar əməyini xüsusi vurğulamaq lazımdır. Prezident cənab İlham Əliyevin də bildirdiyi kimi, IV İslam Həmrəyliyi Oyunlarında istər peşəkar təşkilatçılıq, istərsə də idmançılarımızın qazandıqları uğurlar onu göstərir ki, Azərbaycanda aparılan düşünülmüş siyasət, bütün sahələrdə, o cümlədən idman sahəsində öz bəhrəsini verməkdədir: Oyunların keçirilməsində Təşkilat Komitəsinin rolunu xüsusi qeyd etmək istəyirəm. Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görüb, bütün hazırlıq prosesi diqqət mərkəzində idi. Təşkilat Komitəsi ən xırda məsələyə qədər bütün lazımi tədbirləri görüb ki, həm idmançılar, həm də qonaqlar üçün yaxşı şərait yaradılsın. Ölkəmizə minlərlə xarici qonaq gəlmişdi. Mən Təşkilat Komitəsinin işini çox yüksək qiymətləndirirəm və bu, artıq təbii bir haldır. Çünki Mehribanın rəhbərliyi ilə üçüncü beynəlxalq mötəbər yarışma keçirilir - 2012-ci ildə Eurovision mahnı yarışması, 2015-ci ildə Avropa Oyunları, - o, birinci Oyunlar idi, Oyunların standartları yox idi və hazırlıq üçün bizim cəmi iki ilimiz var idi, - və bu dəfə İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçirilmişdir. Əlbəttə, bu, onu göstərir ki, Təşkilat Komitəsi öz vəzifə borcunu ləyaqətlə, şərəflə icra edib.

IV İslam Həmrəyliyi Oyunları həm də onunla əlamətdar oldu ki, bu 10 gün ərzində cəmiyyətimiz bir daha birlik, həmrəylik, vətənpərvərlik göstərdi, idmançılarımızın uğurlarını alqışladıq, qazandıqları uğurlarla fəxr etdik, bayrağımız yarışların keçirildiyi arenalarda qaldırılanda, dövlət himnimiz səslənəndə qürur duyduq. Dövlət başçımızın qeyd etdiyi kimi, bizim uğurlarımızın təməlində məhz Vətən sevgisi durur və idmançılarımızı da qələbələrə aparan əsas amil budur. Bu on gün ərzində biz bir daha gördük ki, xalqımız, cəmiyyətimiz birdir. Bizi birləşdirən isə əqidəmizdir, tariximizdir və gələcəyə baxışlarımızdır.

Azərbaycan IV İslam Həmrəyliyi Oyunları vasitəsilə bir daha mesaj verdi ki, öz ekstremist, radikal düşüncələrini yaymaq, şəxsi maraqlarını təmin etmək üçün İslam üzərindən oynanılan oyunların bu dinlə heç bir əlaqəsi yoxdur və ola da bilməz. Çünki İslam dini elm dinidir, mədəniyyət dinidir, sülh dinidir, barış və birgəyaşayış dinidir.

Bu Oyunlar həm də onu sübut etdi ki, Azərbaycan istənilən beynəlxalq tədbiri nəinki ən yüksək səviyyədə təşkil edə, hətta bu sahədə nümunəvi standartlar, digər ölkələr üçün əlçatmaz olan meyarlar da müəyyənləşdirə bilər. Bunun üçün onun həm potensialı, həm təcrübəsi, həm də siyasi iradəsi vardır!