Xalq qəzeti.-2017.-31 may.-115.-S.7.

 

Azərbaycan İslam həmrəyliyi tarixində yeni səhifə açdı

 

Bakı-2017 dövlətimizin sivilizasiyalararası dialoqda mövqeyini gücləndirəcək

 

Səbuhi Məmmədov

 

Beləliklə, daha bir möhtəşəm beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan İslam həmrəyliyi tarixində yeni səhifə açdı. 10 gün davam edən yarışlar əsl idman və həmrəylik bayramı kimi tarixə düşdü. Bakı Olimpiya Stadionunda keçirilən həm açılış, həm də bağlanış mərasimləri milyonlarla insana unudulmaz, sevinc dolu anlar yaşatdı və Azərbaycanın böyük potensialını bir daha nümayiş etdirdi.

 

Məşhur amerikalı sosioloq və politoloq Samuel Hantinqtonun 1996-cı ildə yayımladığı Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması əsərində sivilizasiyaların etnomədəni prinsiplər əsasında qarşıdurması konsepsiyasını irəli sürməsi elmi dairələrdə birmənalı qarşılanmamışdı. S.Hantinqton iddia etmişdi ki, bəşəriyyətin gələcəyi bir-birindən tarixi keçmişi, mədəni ənənələri, xüsusən də konfessional mənsubluğu ilə fərqlənən sivilizasiyaların toqquşmasından ibarət olacaqdır. Orta müddətli perspektivdə əsas mübarizənin Qərb və İslam və ya konfutsiançılıq sivilizasiyalarına mənsub olan ölkələr arasında gedəcəyini iddia edən amerikalı alim  iki müxtəlif sivilizasiya  arasında toqquşma ehtimalının daha yüksək olduğunu vurğulamışdı. 2001-ci il 11 sentyabr hadisəsi Samuel Hantinqtonun tezislərini yenidən gündəmə gətirdi və təəssüf ki, Qərbin siyasi dairələri yeni rəqib qismində İslam dünyasını nəzərdən keçirməyə başladılar.

Bu, bir həqiqətdir ki, hazırda İslam sivilizasiyası özünün çətin dövrünü yaşayır. Bunun da kifayət qədər obyektiv və subyektiv səbəbləri var. Xüsusilə də soyuq müharibənin bitməsindən sonra İraqda və Əfqanıstanda yaşanan hərbi-siyasi təlatümlər İslam dünyası barədə qaranlıq fikirlərin formalaşmasına və Şərq-Qərb dialoqunda daha çox gücün üstünlük qazanmasına səbəb oldu. 2010-cu ildə isə Yaxın Şərq və Şimal-Şərqi Afrika ölkələrində Ərəb baharının başlanması və bu siyasi təlatümlərin nəticələrinin dünyaya növbəti böyük mühacir və qaçqın dalğasının yaranması ilə yekunlaşması sivilizasiyaların toqquşması barədə mülahizələrin daha da güclənməsinə təkan verdi. Bu gün Qərb dünyası formalaşdırdığı mühacir dalğasının Avropanı ağuşuna almasını dəhşətlə seyr edir və bu böyük problemin həllinə istiqamətlənmiş siyasəti də hələlik nəticəsiz qalır. Lakin bunun əvəzində Köhnə dünyanı yeni evinə çevirməyə məcbur qalmış qeyri-xristian dünyasının insanları bu və digər ehkamların mühasirəsində gün keçirməyə məhkumdurlar.

Belə bir xoşagəlməz  geosiyasi mənzərə fonunda İslam sivilizasiyasının bəşəriyyətin inkişafında oynadığı mühüm rolu qabartmağa, İslam mədəniyyətinin ayırıcı yox, barışdırıcı və birləşdirici, fərqli mədəniyyətlərə əlavə gözəllik və məna verməyi bacaran dəyərlər sistemindən ibarət olduğunu bəyan etməyə zərurət yaradır. Təəssüflə etiraf etmək lazım gəlir ki, bu gün 1 milyarddan artıq insanın yaşadığı coğrafiyanı əhatə edən İslam dünyası dağınıq haldadır və İslama qarşı aparılan çirkli hücumlara layiqli cavab verilməsi üçün birliyə ehtiyacı var. Etnik mənşəyindən, məzhəb və təriqət fərqindən asılı olmayaraq, müsəlman ölkələri gələcəyə inamla addımlamaq üçün dünyaya xoş və güclü ismarıclar göndərməli və İslam dünyası barədə formalaşan qaranlıq orta əsrlərə xas düşüncənin əsassız olduğunu təsdiqləməyə can atmalıdır. Bunun üçün İslam dünyasında yer almış ölkə xalqlarının bir-birini yaxından tanıması və dialoq qurması vacibdir. Bakı 2017 məhz belə böyük dialoq platformasıdır və Azərbaycanın paytaxtında möhtəşəm Oyunların keçirilməsi və böyük sayda İslam ölkələrinin bir araya gəlməsi dünyaya göndərilən güclü ismarıcdır.

Təbii ki, İslam Həmrəyliyi Oyunlarının müsəlman ölkələri arasında əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacağı şübhə doğurmur. Mütəxəssislər və siyasətçilər bu Oyunların İslam ölkələri arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə öz töhfəsini verəcəyini düşünürlər. Siyasi və dini münaqişələrin alovlandığı bir dövrdə İslam həmrəyliyinə ehtiyacın olduğunu vurğulayan mütəxəssislər Bakıda keçirilən İslam Oyunlarının müsəlman aləminə, eləcə də bəşəriyyətə tolerantlıq və sevgi barədə ciddi mesajlar göndərdiyini qeyd edirlər. Xüsusilə qeyd etmək vacibdir ki, xalqlar və mədəniyyətlər arasında pozitiv və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasında maraqlı olan Azərbaycanın İslam Oyunlarının təşkilində nümayiş etdirdiyi yüksək bacarıq və potensial, İslam həmrəyliyinin güclənməsi prosesində yeni güclü cığırın açılmasına şərait yaratmaqla yanaşı, Qərblə Şərqin qovuşduğu məkanda müasir dünyanın bəşəri dəyərlərinə böyük qiymət verildiyini də nümayiş etdirdi. Azərbaycan möhtəşəm tədbir keçirməklə həm də dünyaya belə ismarıç göndərdi ki, İslam dünyasında nadir dünyəvi dövlət modeli kimi müsəlman ölkələri arasında həmrəyliyin yaradılması prosesində bayraqdardır və bu prosesin uğurla irəliləməsində səylərini əsirgəməyəcək.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İslam Oyunlarını həm də böyük siyasi, mədəni və ictimai tədbir kimi qiymətləndirərək bildirmişdi ki,  IV İslam Həmrəyliyi Oyunlarını keçirməsi Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası olduğunu vurğulayan ölkə başçısı əlavə etmişdi ki, Azərbaycan bu Oyunları keçirməklə bir daha gücünü, imkanlarını göstərəcək, dini dəyərlərə sadiqliyini nümayiş etdirəcək.

İslam aləmini birləşdirəcəyinə çalışdığını bildirən Prezident İlham Əliyev xüsusi olaraq nəzərə çatdırmışdı ki, bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar. Günün reallığı budur ki, Azərbaycan nüfuzundan və təcrübəsindən çıxış edərək, müsəlman ölkələri arasında da birləşdirici və barışdırıcı rol oynamağa can atır. Bu mənada Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında İslam Həmrəyliyi ili elan edilməsi haqqında sərəncamı və ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının İslam həmrəyliyinin güclənməsində özünəməxsus rol oynadığı artıq göz qabağındadır. Bundan başqa, Azərbaycana məxsus multikulturalizm dəyərlərinin və İslam həmrəyliyinin mərkəzi olduğumuzun bütün dünyaya göstərilməsi baxımından da İslam Oyunlarının böyük əhəmiyyəti var.

Oyunların bağlanış mərasimində dünya Azərbaycanın yüksək potensialını bir daha müşahidə etdi. Qeyd etmək yerinə düşər ki, IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi direktor və icraçı prodüser Katrin Uqvunun rəhbərlik etdiyi dünya şöhrətli Betty Productions Ltd şirkəti, eləcə də beynəlxalq bədii, səhnə və texniki heyətlər tərəfindən hazırlanmışdı. Bağlanış mərasimində nümayiş etdirilən möhtəşəm şou yaradıcı heyətin yüksək peşəkarlığından xəbər verirdi. Xüsusilə də Qarabağ şikəstəsinin sədası altında səhnədə Günəşin qalxması və səhnə üzərində hərəkət etməsi stadionda xoş atmosferə əlavə çalar qatdı. Həqiqətən də, mötəbər tədbirin möhtəşəm tamaşasını izləmək insana böyük zövq verdi. Bundan başqa, bağlanış mərasimində Azərbaycanın zəngin irsi göz önündə canlandırılan küləklər şəhəri Bakıya xoş nəzər salındı. Səhnə elementlərinin İslam incəsənətinin bənzərsiz həndəsi naxışlarına və ənənəvi Azərbaycan xalçalarının bəzəklərinə əsaslanması mərasimə xüsusi məna və gözəllik qatdı. Səhnənin mərkəzində (mayın 12-də açılış mərasimində istifadə olunmuş) diametri 8 metr olan döymə üsulu ilə hazırlanmış və hamarlanmış böyük su sinisi və 25 metrlik həyat ağacı yerləşdirildi. Mərasimdə 10-dan çox Azərbaycan bəstəkarının klassik və müasir musiqi əsərləri səsləndirildi, 100-dən çox dünya şöhrətli musiqiçi, o cümlədən Kral Filarmonik Orkestri tərəfindən ifa olundu.

Bakı-2017 İslam Oyunlarının gedişi Təşkilat Komitəsi sədrinin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə ilin idman tədbirinə ən yüksək səviyyədə hazırlıq görüldüyünü bir daha təsdiqlədi. Yarışların keçirildiyi 16 idman arenasının 10 gün ərzində problemsiz fəaliyyət göstərməsi və idmançılara və tamaşaçılara yaradılan yüksək şərait belə deməyə əsas verir. Xarici qonaqlar da Oyunların yüksək səviyyədə keçdiyini bildirirlər. Belə ki, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Oyunların təşkilini yüksək qiymətləndirərək demişdir ki, Azərbaycan paytaxtında möhtəşəm idman və dostluq bayramı Prezident İlham Əliyevin rəhbərliyi ilə, Birinci vitse-prezident, Bakı-2017nin Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın və onun rəhbərliyi altında İslam Həmrəyliyi Oyunlarında çalışan heyətin fəaliyyəti sayəsində mümkün oldu. Əlbəttə ki, son illər Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirilməsində qazandığı zəngin təcrübə Oyunların yüksək səviyyədə keçirilməsini şərtləndirdi. Bağlanış mərasimində Azərbaycanın növbəti tarixi qələbəyə imza atdığını vurğulayan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Bakı-2017 Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva demişdir ki, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bütün İslam dünyasının Azərbaycana və Azərbaycan xalqına olan hörmət və dəstəyinin təzahürüdür. Azərbaycan idmançılarının nümayiş etdirdikləri fədakarlığın və ustalığın həmvətənlərimizi ilhamlandırmaqda davam etdiyini və gələcək nəslə ən parlaq nümunə kimi xidmət edəcəyini deyən Mehriban xanım Əliyeva bildirmişdir ki, son 10 gün ərzində Oyunlarda müşahidə olunan İslam aləminin həmrəyliyi növbəti böyük qələbə oldu.

IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın güclü idman ölkəsi olduğunu da təsdiqləyir. İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə keçirilən görüşdə Prezident İlham Əliyev idmançılarımızın nailiyyətlərini tarixi qələbə kimi qiymətləndirərək əlavə etmişdir ki, bu qələbə təsadüfi qələbə deyil. Çünki idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında artıq öz güclərini göstərmişlər və Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. Azərbaycan idmançılarının 2015-ci ildə Avropa Oyunlarında 56 medal qazandıqlarını və komanda hesabında ikinci yerə çıxdıqlarını xatırladan dövlət başçısı vurğulamışdır ki, ötən il Yay Olimpiya oyunlarında medalların sayı 18-ə çatmışdır. Bu, bizim Olimpiya Oyunlarında iştirakımızın tarixində ən böyük rəqəmdir və medalların sayına görə Azərbaycan 14-cü, Avropa ölkələri arasında 7-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdə idi, deyən Prezident İlham Əliyev əlavə etmişdir ki, İslam Həmrəyliyi Oyunlarında əldə olunmuş qələbənin çox möhkəm təməli var. Dövlət başçısının sözlərinə görə, bu, onu göstərir ki, Azərbaycan idmanı inkişaf edir, Azərbaycan dövləti inkişaf edir. Çünki ancaq inkişaf etmiş ölkələrdə idman həm dövlətə, həm xalqa böyük qələbə gətirir. Xatırladaq ki, Azərbaycan idmançıları İslamiadada 162 medal qazanmışlar. İdmançılarımızın aktivində 75 qızıl, 50 gümüş və 37 bürünc medal var. Bu nəticə ilə ölkəmiz medal əyarında birinci oldu.

Qeyd etmək yerinə düşər ki, Türkiyə medal sıralamasında ikinci yeri tutdu. Qardaş ölkənin idmançıları ümumilikdə 195 medal qazandılar. Medallar arasında 71-i qızıl, 67-si gümüş, 57-si isə bürüncdür. Əlbəttə, ölkəmizin medal sıralanmasında Türkiyə kimi böyük ölkə ilə baş-başa mübarizə aparması Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın idman sahəsinə göstərdikləri diqqət və qayğının nəticəsidir. Belə bir mötəbər yarışın ölkəmizdə keçirilməsinin Azərbaycanın dünyanın idman ictimaiyyətinə bir daha tanıdılmasında da böyük rol oynayacağı şübhəsizdir. Ən əsası, Azərbaycanın 10 gün davam edən yarışlarda İslam dünyasının toplaşdığı mərkəz kimi çıxış etməsi Şərq və Qərbin qovuşduğu regionda yerləşən ölkəmizin beynəlxalq ictimaiyyətə göndərəcəyi sülh mesajı oldu. Açılış mərasimində İslam dininin mütərəqqiliyinin göstərildiyini vurğulayan Prezident İlham Əliyev diqqətə çatdırmışdır ki, İslam dini elm dinidir, mədəniyyət dinidir, sülh dinidir, mərhəmət dinidir. Biz Azərbaycan xalqının istedadlı nümayəndələrini açılış mərasimində göstərdik, deyən dövlət başçısı əlavə etmişdir ki, Azərbaycanın zəngin, qədim tarixini, mədəniyyətini bütün İslam aləminə, bütün dünyaya nümayiş etdirdik.

Bundan başqa, sivilizasiyaların əsas mərkəzlərindən biri kimi tolerant və multikultural ənənələrə hər zaman sadiq olan Azərbaycanın möhtəşəm Oyunlar keçirməsi ölkəmizdə müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində yürüdülən ardıcıl siyasətin məntiqi davamıdır və bu siyasətin sivilizasiyalararası münasibətlərə öz töhfəsini verdiyi artıq günümüzün reallığıdır. Mehriban xanım Əliyeva çıxışında bildirmişdir ki, İslam Oyunları və bir çox digər mühüm beynəlxalq idman, humanitar və siyasi tədbirlər Bakının açıqlıq və tolerantlıq mərkəzi kimi nüfuzunu daha da möhkəmləndirdi: Paytaxtımız İslam idman ictimaiyyətini açıq qəlblə qəbul etdi və bu Oyunların uğurlu olması bütün Azərbaycanın fədakarlığına və qəhrəmanlığına işarədir.