Respublika.-2017.-31 may.-115.-S.12.

 

Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk dünyəvi, demokratik və hüquqi dövlət idi

 

Emin Sərdarov,

Azərbaycan Respublikası Dövlət Arxivinin direktoru

 

Azərbaycan xalqı dünya tarixində azadlığı uğrunda mücadilə edən, suveren dövlət quran, bununla da özünü yaşadan, dövlətini quran, qədim dövlətçilik ənənəsinə malik şərəfli səhifəyə malikdir. XIX əsrin əvvəllərində dövlət müstəqilliyini itirən xalqımız XX əsrdə iki dəfə dövlət müstəqilliyini bərqərar etməyə nail olmuşdur. Bu faktın özü Azərbaycan xalqının mübarizliyinin və azadlıq mücahidi olduğunun danılmaz dəlilidir. 1918-ci ilin 28 mayında dünya dövlətləri sırasında öz imzasını yazmış Azərbaycan Xalq Cümhuriyyəti nəinki xalqımızın, Şərqin, həm də dünya tarixində bir çox mühüm islahatlara nail olmuşdur.

Keçmiş SSRİ tərəfindən qaranlıq səhifələr taleyi yaşamış tariximizin qan yaddaşını özümüzə və beynəlxalq aləmə aşkarladıqca sələflərimizin nə qədər böyük mütərəqqi, insanpərvər həm də müasir dillə desək innovativ inkişafa baş vurduqlarının şahidi oluruq. Cəmi 23 il ömrü olmuş AXC o zaman son dərəcə mütərəqqi dövlət quruluşu sayılan demokratik, hüquqi və dünyəvi sisteminə malik olmuşdur. Dünyanın böyük güclü siyasi-hərbi qüvvələrinin qütbləşdiyi və dünyanı bölmək uğrunda hərbi ANTANTA və ÜÇLƏR İTTİFAQI paktlarını yaradaraq cahan müharibəsinə başladıqları bir zamanda xalqımızın fədakar və vətənpərvər ziyalıları xalqımızı həm Rusiya istibdadından qurtarmaq və həm də yeni işğala məruz qalmamaq üçün son dərəcə riskli və təhlükəli şəraitdə AXC-ni qurmağa nail oldular. Tarixin qatları açıldıqca arxiv sənədləri işıq gördükcə bu dövləti quranların əzminə, polad kimi sınmazlığına, təfəkkürünə, Vətən sevgisinin gücünə, təfəkkürlərinin məşəl kimi ziyasının parlaqlığına, xalqımızın qan yaddaşının qüdrətinə heyran olursan və qəlbin qürur və fəxarət hissiylə dolur. Və dərk edirsən ki, nə üçün çar Rusiyası, sonra isə onun varisi Sovet İttifaqı Azərbaycan tarixinin bu şan və şərəfli səhifələrini qaranlıqda saxlamağa cəhd edir, ərazimizə köçürdükləri ermənilərin saxta tarixlərini isə hər vasitə ilə şişirdirdilər (Hörmətli oxucularımız, Azərbaycan tarixi orta məktəblərdə 7-8 ci siniflərdə keçildiyi halda, ermənilərin qondarma tarixi isə SSRİ tarixi ilə paralel surətdə eyni həcmdə 4-cü sinifdən başalayaraq son sinfə qədər keçilirdi). İndi arxiv öz sözünü dedikcə, yəni həqiqəti ortaya qoyduqca azadlıq mücadiləsinin ağırlığını, gərginliyini, bu fonda Vətən oğullarının dönməzliyini, fədakarlığını, əzmini, qətiyyətini, böyük iradəsini görürsən. Aşkar olunan arxiv materialları Azərbaycan Xalq Cümhuriyyəti tarixinin və bu dövləti quranların həyat və fəaliyyətini daha dərindən, operativ tədqiq edilməsinin son dərəcə əhəmiyyətli olduğunu meydana çıxarıb. Azərbaycan Prezidenti İlham Əliyev hazırkı dünyamızda gedən prosesləri dərinliyinə qədər bilən, baş verə biləcək təhlükələri önləmək üçün vaxtında tədbir görən müdrik siyasi xadimdir. Dövlət başçısının bu il may ayının 16-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında imzaladığı sərəncam bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Sənəddə deyilir: Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

Beləliklə, tarixi proseslərdən məlum olduğu kimi, AXC I Dünya müharibəsinin sonlarında öz müstəqilliyini elan edə bilmişdir. Bu zaman dünya nizamı yenidən qurulur, siyasi təfəkkürlü liderləri olan xalq güclü siyasi iradə nümayiş etdirərək öz dövlətlərini qura bilirdilər. Bu elə bir dövr idi ki, dünyanın böyük dövlətlərinin maraqları fonunda öz xalqının varlığını qorumaq, yaşatmaq üçün dövlət kimi siyasi qurum yaratmaq geniş dünya görüşünə, əzmkarlığa və fədakarlığa malik olmaq lazım idi. Əgər nəzərə alsaq ki, Azərbaycan xalqı çar Rusiyası tərəfindən ayrı-seçkiliyə məruz qoyulmuş, idarəetmədən, dövlətin mühüm strukturlarından təcrid edilmişdi, o zaman Azərbaycan Xalq Cümhuriyyəti kimi öz dövrünün ən demokratik, hüquqi, dünyəvi dövlətini qurmağın nə qədər böyük qəhrəmanlıq və xalqına tarixi xidmət oluduğunu dərk edərik.

Dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında imzaladığı sərəncam bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Sənəddə bu gün son dərəcə mühüm, həyati əhəmiyyət kəsb edən milli-dini dözümlülüyü, müasir dillə desək multikulturalizm dəyərlərini rəsmən reallaşdırdığı barədə deyilir: Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

1917-ci ilin fevral burjua inqilabından sonra Cənubi Qafqazda siyasi vəziyyət gərginləşdi. Bu regiondakı xalqlar özlərinin gələcək talelərini həll etməli idilər. Yeni dünya düzəni fonunda müstəqilliklərini elan etməli, ya da digər dövlətlərin tərkibinə daxil olmalı idilər, bu daxilolma isə yenə də parçalanma ilə baş verəcəkdi. Beləliklə, 23 fevral 1918-ci ildə Tiflisdə Cənubi Qafqazın qanunvericilik orqanı kimi, Zaqafqaziya seymi fəaliyyətə başlayır. Azərbaycanın fraksiyasına 44 deputat daxil olur. Rəhbər M.Ə.Rəsulzadə idi. 1918-ci il aprelin 22-də Zaqafqaziya Federativ Respublikası elan olunur. ZFR tərkibinə Azərbaycandan 5 nümayəndə daxil idi. Bölgədə millətlərarası iddialar səngimir, xüsusən ermənilərin həm Azərbaycana, həm də Gürcüstana torpaq iddiası var idi. Özü də bu iddia ermənilərin törətdiyi qanlı etnik təmizləmə ilə müşayiət olunurdu. Beləliklə, bu qurumlar səmərə vermir, mövcud ziddiyyətləri aradan qaldırmır. 26 may 1918-ci il tarixdə Gürcüstan onun tərkibindən çıxır. Zaqafqaziya seyminin buraxıldığı elan olunur. Təcili addımlar tələb olunur və mayın 27-də Azərbaycan fraksiyası fövqəladə iclas keçirərək Milli Şura yaradır. MŞ mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan olunması barədə qərar qəbul edərək hazırladığı İstiqlal bəyannaməsini dünya düzəninə baş vurmuş və digər böyük dövlətlərə göndərir. Bununla da, Azərbaycan Cümhuriyyəti dünya birliyində fəaliyyətə başlayır. Bu zaman Bakıda hakimiyyət Sovet Rusiyasına bağlı bolşevik-daşnakların əlində idi. Proletar inqilabının banisi Lenin Bakını nəyin bahasına olursa-olsun əldə saxlamağa çalışırdı və Bakı Sovetinin rəhbəri erməni Stepan Şaumyana da bu barədə xüsusi tapşırıq vermişdi. Bakı kommunasının Gəncə üzərinə yürüşü dəf olunur və nəhayət, Türkiyə ilə bağlanan müqavilə əsasında Türkiyənin Qafqaz İslam Ordusu ölkəmizin köməyinə gəlir. Sentyabrın 15-də Bakı azad edilir və dövlət idarəçiliyi paytaxt seçilən Bakıda cəmləşir. Dövlət quruculuğu sahəsində ilk ciddi addımlarını atan Azərbaycan Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərə bildi. Tarixi faktlara görə onun fəaliyyəti dövrünü 3 mərhələyə bölmək olar: təşəkkülü və hökumətin ilk tədbirləri dövrü (VI-XII.1918); dövlət quruculuğunun inkişafı və dövlətin möhkəmlənməsi dövrü (XII.1918-XII.1919); Azərbaycan Xalq Cümhuriyyətinin daxili siyasi ziddiyyətlərinin artması nəticəsində zəifləməsi və süqutu dövrü (XII.1919-IV.1920).

1918-1920-ci illərdə AXC-nin xarici siyasətinin əsas məqsədi Azərbaycanın müstəqilliyinin gerçəkləşməsindən ibarət idi. Azərbaycan hökuməti Azərbaycanın müstəqilliyinin tanınması və qorunub saxlanmasında Qərb ölkələrinin himayəsini əldə etmək işinə birinci dərəcəli əhəmiyyət verirdi. Azərbaycan hökumətinin üzvü Ə.M.Topçubaşov İstanbul, Vyana, Berlinə, eləcə də Ermənistan və Gürcüstanın mərkəzlərinə səlahiyyətli səfir təyin edilmişdi. Verilən mandata görə Ə.M.Topçubaşov Azərbaycanın maraqları ilə bağlı geniş səlahiyyətlərə malik idi. O, İstanbulda ikən Ukrayna, İran, Rusiya, ABŞ, İtaliya, İsveç, Hollandiya, Ermənistanın rəsmi nümayəndələri ilə görüşmüş, fikir mübadiləsi etmiş və onlara memorandum təqdim etmişdi. Memorandumda Qafqazın coğrafiyası, onun çar dövründə inzibati bölgüsü, regionun demoqrafik vəziyyəti, Azərbaycan Respublikasında mövcud vəziyyət, aparılan quruculuq işləri, erməni probleminin mahiyyəti, mart soyqırımı, Qarabağ məsələsi barədə məlumat verilir, Azərbaycan Respublikasının müstəqil yaşamağa haqqı olduğu əsaslandırılırdı.

Osmanlı Türkiyəsi də Azərbaycanın müstəqilliyinin tanınması üçün əlindən gələni əsirgəməyəcəyini bildirmişdi. Lakin Mudros sazişindən sonra Osmanlı hökumətinin Azərbaycana köməyi minimuma enmişdi. Türkiyə müttəfiqlərindən asılı vəziyyətə düşmüşdü. Müttəfiqlər Osmanlının Azərbaycana diplomatik nümayəndə təyin etməsinə pantürkizm kimi baxmış, Osmanlı hökumətinə bunu qadağan etmişdi. 1918-ci ilin iyulunda Azərbaycanın İstanbuldakı nümayəndə heyəti buradakı İran konsulluğuna AXC-nin yaranması haqqında bəyannaməni təqdim etsə də, İran konsulu Azərbaycan adlı müstəqil dövləti tanımadığını bildirmişdi. İranın narahatçılığını aradan qaldırmaq üçün Azərbaycan hökuməti beynəlxalq sazişləri imzalayarkən Qafqaz Azərbaycanı məfhumunu xüsusi ilə vurğulayırdu. 1919-cu il sentyabr ayında İranın yeni xarici işlər naziri Firuz Mirzənin nümayəndə heyətinin başçısı sifəti ilə Avropaya gəlməsindən sonra İran heyətinin Azərbaycan istiqlalına münasibəti tam dəyişdi. Hətta hər iki dövlət arasında siyasi və iqtisadi ittifaqın yaradılmasını nəzərdə tutan sənəd də qəbul edildi.

Azərbaycan hökuməti qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinin yaranmasına çalışır və mübahisəli məsələlərin danışıqlar yolu ilə həll edilməsi tərəfdarı kimi çıxış edirdi. Gürcüstandan fərqli olaraq Ermənistanla münasibətlər çox çətin qurulurdu. Normal qonşuluq münasibətlərinin yaranmasına ermənilərin torpaq əldə etmək hərisliyi, törətdikləri vəhşiliklər mane olurdu.

Birinci dünya müharibəsindən sonra qalib dövlətlər müharibədən sonrakı dünyanın vacib məsələlərini həll etmək üçün Parisdə sülh konfransının çağrılmasına qərar verdilər. Dekabrın 7-də Azərbaycan parlamentində Parisə getmək üçün seçilən nümayəndə heyəti 1919-cu il yanvarın 20-də İstanbula gəldi. Lakin burada Parisə yola düşmək üçün Fransa hökumətindən üç ay yarım icazə gözləməli oldu. Yalnız aprelin 22-ə ingilislərin köməyi ilə Parisə yola düşə bildilər və may ayında Parisə çatdılar.

Mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti V.Vilsonla görüşə bildi. Vilsondan Azərbaycanın istiqlaliyyətinin tanınması, Vilson prinsiplərinin Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər Liqasına qəbul olunması, ABŞ-la Azərbaycan arasında diplomatik və iqtisadi əlaqələrin bərqərar edilməsi xahiş edilirdi. Lakin prezident Vilson sülh konfransının dünyanın kiçik hissələrə parçalanmasının əleyhinə olduğunu bildirmiş və Azəpbaycan nümayəndələrinə konfederasiya ideyasını müdafiə etməyi məsləhət görmüşdü. Azərbaycan, Gürcüstan və Dağlılar respublikasının nümayəndə heyətləri konfransın rəhbərlərinə göndərdikləri bütün memorandumlarda Qafqazda konfederasiya ideyasına müsbət yanaşdıqlarını qeyd etmişdilər. Lakin ermənilər ərazi, sərhəd məsələsinə daha çox əhəmiyyət verir və konfederasiya ideyası əleyhinə təbliğat aparır, Qafqazdakı vəziyyət barədə Avropa və ABŞ ictimaiyyətində yanlış təsəvvür yaradırdılar. Azərbaycan və Gürcüstan nümayəndələrinin etirazına baxmayaraq ermənilər Türkiyənin 7 şərq vilayətini, keçmiş İrəvan quberniyası, Tiflis və Yelizavetpol quberniyalarının cənubunu və Qars torpaqlarını tələb edirdilər. Azərbaycan nümayəndə heyəti ermənilərin təbliğatına qarşı Avropa və Amerikanın özündə əks-təbliğat işini təşkil etməyə məcbur oldu. Azərbaycan nümayəndələri ingilis, fransız dillərində bir neçə kitabça hazırlayıb çap etdirmiş, Avropada və Amerikada yayılmasını təşkil etmişdilər. Bu kitabçalarda Azərbaycanın tarixi, əhalisinin antropologiyası və etnik tərkibi, təsərrüfatı, Azərbaycan Respublikasındakı vəziyyət, ermənilərin təcavüzkar hərəkətləri haqqında məlumatlar verilirdi. Azərbaycan nümayəndə heyətinin ən əhəmiyyətli təbliğat işlərindən biri Paris sülh konfransına Qafqaz Azərbaycanı sülh nümayəndəliyinin tələbləri adlı kitabın hazırlanması idi. Kitabda Azərbaycanın tarixi haqqında dəyərli məlumatlar verilirdi. Bu sənəd üç mühüm tələb ilə bitirdi: 1) Sülh konfransı Azərbaycanın müstəqilliyini tanısın. 2) Nümayəndə heyəti sülh konfransının işinə cəlb olunsun. 3) Azərbaycan Respublikası Millətlər Liqasının üzvlüyünə qəbul edilsin.

 

(davamı növbəti saylarımızda)