Palitra.-2017.-27 may.-¹ 94.-S.7.

 

Müstəqil Azərbaycan Respublikası AXC-nin siyasi və mənəvi varisidir

 

N. Ə. Əhmədova,

ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri, dosent

 

“Yoxdur millətimin imzası bu imzalar içində” – görkəmli şair Məhəmməd Hadi 100 il bundan qabaq faciələrə, işğallara, soyqırımlara məruz qalan millətinin qara gününə baxaraq ürək ağrısı ilə yazmışdır. O, istiqlal ideyasını tərənnüm edərək bir tərəfdən dünya millətlərini göz önünə gətirmiş, digər tərəfdən isə gələcəkdə millətinin imzasının bu imzalar arasında olacağına ümid edib. Çox şükürlər olsun ki, 1918-ci il 28 mayda Tiflisdə Milli Şuranın 26 nəfərinin iştirakı ilə 24 səslə Azərbaycan dövlətçiliyi dünyada Xalq Cümhuriyyəti formasında elan olundu, 2 nəfər bitərəf qalmışdı (S. M. Qəniyev və C. Axundov).

XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəlişin yekunu Azərbaycan Xalq Cümhuriyyətinin yaranması oldu. XIX əsrin I yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü dəyişikliklər teatrın, məktəbin, mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. A. A. Bakıxanov və M. F. Axundovla başlayan yeni tarixi mərhələdə C. Məmmədquluzadə, M. Ə. Sabir, Ə. Hüseynzadə və s. görkəmli şəxsiyyətlər davam etdirərək milli təfəkkürün inkişafına təsir göstərdilər.

Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil respublika elan edilməsi qərara alındı və 6 bənddən ibarət İstiqlal Bəyannaməsi (Əqdnamə) qəbul edildi. Bəyannamədə deyilirdi:

1. Azərbaycan tam hüquqlu müstəqil dövlətdir. Cənubi Qafqazın cənub və şərq hissələrindən ibarətdir. Ali hakimiyyət Azərbaycan xalqına məxsusdur.

2. Azərbaycanda siyasi quruluş forması xalq Cümhuriyyətidir.

3. AXC beynəlxalq birliyin bütün üzvləri ilə xüsusən həmsərhəd xalqlar və dövlətlərlə qonşuluq əlaqələri yaradacaq.

4. AXC öz sərhədləri daxilində milliyətindən, dinindən, cinsindən, ictimai vəziyyətindən asılı olmayaraq bütün vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar verir.

5. AXC onun ərazisində yaşayan bütün xalqların sərbəst inkişafına şərait yaradacaq.

6. Məclisi – Müəssisan çağırılana qədər Azərbaycanda ali hakimiyyəti xalqın səsvermə yolu ilə seçdiyi Milli Şura və onun qarşısında cavabdeh olan Müvəqqəti hökümət sayılır.

AXC-nin yaradılması bütün türk – müsəlman dünyasında tarixi hadisə idi. AXC-nin yaranması ilə XIX əsrin əvvəllərində itirilmiş dövlətçilik ənənələri bərpa edildi. Elə həmin gün mayın 28-də Milli Şuranın tapşırığı əsasında F. Xoyskinin başçılığı ilə ilk Hökumət Kabineti təşkil edildi.

İstiqlaliyyət elan edildikdən sonra yaranmış dövlətin sərhədlərini müəyyən etmək lazım idi. Ən çətin vəziyyətə Ermənistan düşmüşdü. Ermənistan nümayəndələri Azərbaycan hökumətinə müraciət etmişdilər. Mayın 29-da Ermənistan Milli Şurası ilə danışıqlar barədə F. X. Xoyski məlumat verir. Dağlıq Qarabağa olan iddialarından imtina etmək şərti ilə İrəvan şəhəri onlara güzəşt edilə bilər. Milli Şura İrəvanın ermənilərə güzəşt edilməsi barədə öz razılığını bildirdi.

Gürcüstan ilə sərhəd məsələsi müzakirə edildi. Zaqatala dairəsi məsələsinin həlli əhalinin ixtiyarına verildi, məsələ Azərbaycanın xeyrinə həll olundu.

1918-ci ilin yayında Azərbaycanın beynəlxalq vəziyyəti olduqca mürəkkəb idi. Burada Böyük Britaniya, Almaniya və RSFSR kimi 3 böyük dövlətin siyasi və iqtisadi maraqları toqquşurdu. Onların hər biri Bakı neftinə yiyələnmək istəyir və bir – biri ilə rəqabət aparırdı. Davam edən I Dünya müharibəsi şəraitinda mübarizə obyektlərindən biri də Azərbaycan, o cümlədən onun ayrılmaz hissəsi olan neft Bakısı idi. Dünyanı yenidən bölüşdürmək istəyən böyük dövlətlər üçün Xəzər dənizində öz hökmranlığını bərqərar etmək cəhdləri səciyyəvi idi. Yaxın Şərqdə böyük hərbi qüvvəyə malik olan İngiltərə Bakını onun əlindən almağa və Almaniyanı Bakıya yaxın qoymamağa çalışırdı.

Azərbaycan hökumətinin ilk diplomatik addımlarından biri 1918-ci il iyunun 4-də Batumda “Osmanlı imperatorluğu höküməti ilə Azərbaycan Respublikası arasında dostluq” müqaviləsinin imzalanması idi. Milli Hökümət və Milli şura iyunun 16-da Tiflisdə Gəncəyə köçür. Milli Şuranın buraxılması, hakimiyyətin F.X.Xoyski kabinəsinə vermək haqqında qərar qəbul olunur. Azərbaycan Milli Şurası müvəqqəti olaraq öz işini dayandırdı və bütün səlahiyyətləri Müvəqqəti Hökumətə verdi.

İyunun 27-də Azərbaycan dili dövlət dili elan edildi. 1918-ci il sentyabrın 15-də Bakı Türkiyə və Xalq Cümhuriyyəti qoşunları tərəfindən azad edildi. Sentyabrın 17-dən AXC fəaliyyətinin Bakı dövrü başladı. AXC bütün Azərbaycan ərazisində bərqərar oldu. AXC parlament Respublikası idi. İlk parlament 1918-ci il dekabrın 7-də çağırılmışdı. Onun sədri Ə. M. Topçubaşov, müavini H. Ağayev seçilmişdi. 17 ay fəaliyyət göstərən Azərbaycan Parlamentinin 145 iclası olmuşdu. Parlamentdə ən böyük fraksiya M. Ə. Rəsulzadənin rəhbərlik etdiyi “Müsavat” fraksiyası olmuşdur. AXC-ni fəaliyyəti müddətində 5 dəfə hökumət kabinəsi təşkil edilmişdi.

1918-ci il iyunun 24-də üzərində aypara və 8 guşəli ulduz olan al bayraq barədə qərar qəbul edilmişdir. Noyabrın 9-da həmin bayraq üzərində aypara və 8 guşəli ulduz olan 3 rəngli bayraqla əvəz edilmişdi.

I Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu çox mürəkkəb daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan parlamenti öz fəaliyyətinin mühüm hissəsini ordu quruculuğu məsələlərinə yönəltmişdir. Yeni yaradılacaq ordunun əsasını Müsəlman korpusu təşkil edirdi. Ordu quruculuğuna rəhbərlik üçün ilk Hökumət kabinetinin tərkibində hərbi nazirlik də nəzərdə tutulmuş, Xosrov paşa Sultanov hərbi nazir təsdiq edilmişdir. Lakin bu kabinənin buraxılması ilə hərbi nazir vəzifəsi də ləğv edilmiş və Azərbaycanda ordu quruculuğu prosesinə rəhbərlik Hökümətin qərarı ilə Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya həvalə olunmuşdu. 1918—ci il dekabrın 26-da yaradılmış III hökümət kabinetində hərbi nazir vəzifəsini tutan S. Mehmandarovun rəhbərliyi altında Milli ordunun yaradılması sürətləndi.

Milli hökümət və Parlament elmin, təhsilin, xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. 1918-ci il 30 iyun qərarına əsasən Gəncədə Xalq Maarif Nazirliyinin dəftərxanası təşkil edildi. Nazirliyin ilk tədbirlərindən biri 1918-ci il 28 avqust sərəncamına görə məktəblərin milliləşdirilməsi oldu. 1918-ci il 28 avqust qərarına görə bütün məktəblərdə tədris Azərbaycan dilində keçirilməli idi. Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncədə, Şəkidə, Zaqatalada qısa müddətli pedaqoji kurslar təşkil edildi. Bundan başqa Nazirlik Qori Müəllimlər seminariyasının Azərbaycan şöbəsini müstəqil bir filial kimi Qazaxa köçürülməsi haqqında qərar qəbul etdi. Milli hökümət ali təhsilin təşkili və yüksək ixtisaslı kadrların hazırlanmasını ən əsas vəzifə hesab edirdi. Bakı Universitetinin, Konservatoriyanın, Pedaqoji İnstitutun açılması planlaşdırıldı. Siyasi şəraitin əlverişsizliyi və maliyyə çətinlikləri üzündən yalnız Bakı Universitetinin yaradılması üçün imkan əldə edildi. 1919-cu il noyabrın 15-də BDU-da ilk dərslər başladı.

Erməni təcavüzünün əsas hədəfində Azərbaycanın Zəngəzur, Qarabağ və Naxçıvan torpaqları idi. Quldur Andronikin dəstələri Ermənistan hökümətinin göstərişləri əsasında 1918-ci ilin yay – payız aylarında Naxçıvan və Qarabağ bölgələrində dinc əhaliyə qarşı soyqırım törətdilər. AXC höküməti Qarabağı erməni təcavüzündən qorumaq və burada qayda – qanun yaratmaq üçün 1919-cu ilin yanvarında Qarabağ general – qubernatorluğunu yaratdı və Xosrov paşa Sultanov general – qubernator təyin edildi.

1918-ci il 30 oktyabr Mudros sazişinə görə Osmanlı qoşunları Azərbaycanı o cümlədən Naxçıvanı tərk etməli oldu. Naxçıvan bölgəsini ermənilərdən qorumaq üçün 1918-ci ilin noyabrında Araz Türk Respublikası yaratdılar. AXC höküməti Naxçıvanda öz hakimiyyətini qəti bərqərar etmək üçün 1919-cu ilin fevralında Araz Türk Respublikasının yerində Naxçıvan general qubernatorluğunu yaratdı. Bəhram xan Naxçıvanski general – qubernator təyin edildi. 1920-ci ilin yanvarında Ermənistanın hərbi əməliyyatları yenidən gücləndi. Belə bir şəraitdə Azərbaycan höküməti erməni təcavüzünü dəf etmək üçün ciddi tədbirlər görmək məcburiyyətində qaldı. Azərbaycan diplomatları Parisdə toplanmış qalib dövlətlər tərəfindən tanınmaq və kömək əldə etmək üçün ağır mübarizə aparırdılar.

AXC höküməti 1919-cu il yanvarın 15-də işə başlayan Paris sülh konfransında iştirak etmək üçün Ə. Topçubaşovun başçılığı ilə nümayəndə heyəti göndərmişdi. Əsas məqsəd Paris sülh konfransının Ali Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin tanınmasından ibarət idi. Nümayəndə heyətinin ABŞ prezidenti V. Vilsona təqdim etdiyi 6 maddədən ibarət memorandumda Azərbaycanın müstəqilliyinin tanınması; ABŞ-la diplomatik münasibətlərin yaradılması və s. tələb olunurdu. İngiltərə, Fransa kimi ABŞ da “vahid və bölünməz Rusiya”nın saxlanması mövqeyindən çıxış etdiyindən prezident Vilson Azərbaycanın tanınması məsələsini hələlik açıq saxladı. Lakin, bolşevik təhlükəsinin güclənməsi nəticəsində Qafqazda yaranmış vəziyyət Antanta ölkələrini ciddi düşünməyə və əməli addımlar atmağa məcbur etdi. Buna görə də Avropanın bir sıra siyasətçiləri Azərbaycan və Gürcüstanın Sovet imperiyasına qarşı çıxmasını təmin etmək məqsədilə onların müdafiə qabiliyyəti gücləndirməyin zəruriliyi ideyasına tərəfdar çıxdılar. 1920-ci il yanvarın 10- da Böyük Britaniyanın təşəbbüsü ilə Paris Sülh Konfransı Ali Şurasının sessiyası çağırıldı. Yanvarın 11-də İngiltərənin xarici işlər naziri Lord Kerzonun təklifi ilə Paris Sülh Konfransı tərəfindən Azərbaycan və Gürcüstanın müstəqilliyi de – fakto tanındı.

1920-ci ilin əvvəllərində AXC-nin müstəqilliyi üçün şimal sərhədlərimizdə böyük təhlükə yarandı. Denikin qüvvələrini məğlubiyyətə uğradan Sovet Rusiyası Azərbaycan sərhədlərinə qoşun toplamağa başladı. 1920-ci ilin fevralında Moskvanın göstərişi ilə yaradılmış AK(b)P və Rusiya ölkəmizin daxilində dövlət çevrilişi hazırlamaq və həyata keçirmək üçün istifadə etməyə çalışırdı. 1920-ci ilin martında Qarabağda qiyamlar təşkil olundu. Ermənistanın ordusu Qazax və Naxçıvan bölgələrinə hərbi təcavüzə başladı. AXC-nin əsas hərbi hissələri Qazax və Qarabağa göndərildiyindən şimal sərhədlərimiz müdafiəsiz qalmışdı. Aprelin sonlarına qədər Azərbaycanın milli ordusu erməni daşnak qüvvələrini həmin bölgələrdə tamamilə darmadağıın etdi. Aprelin 26-da Ermənistan höküməti barışıq təklif etməyə məcbur oldu, lakin Azərbaycanın taleyi Sovet Rusiyası tərəfindən artıq həll olunmuşdu.

1920-ci il martın 30-da V Hökümət kabinetinin istefaya çıxması yeni Hökümət kabinetinin yaradılması, Parlament daxilində müxtəlif partiya və fraksiyalar arasında mübarizənin kəskinləşməsi və s. kimi amillər dövlətin Rusiyanın hərbi təcavüzündən qorunması üçün lazımi tədbirlərin görülməsini çətinləşdirdi.

Azərbaycan Parlamenti aprelin 27-də rus ordusunun təzyiqləri altında hakimiyyətin Azərbaycan Müsəlman Kommunistlərinə təhvil verilməsi haqqında qərar qəbul etdi. Bu qərardan bir neçə saat sonra XI Qırmızı Ordu Bakıya daxil olaraq şəhəri işğal etdi, AXC süquta uğradı, bolşeviklər hakimiyyəti ələ keçirdilər. Uğursuz sonluğa baxmayaraq AXC xalqımızın tarixində mühüm rol oynadı. Qısa müddətdə öz parlamenti, ordusu, höküməti və pul vahidi olan demokratik respublikaya çevrildi. Azərbaycan AXC-nin yaranması ilə XIX əsrin əvvəlində itirdiyi dövlətçiliyi bərpa etdi. Azərbaycan dövləti qərb ölkələri tərəfindən rəsmi tanınan ilk türk və müsəlman respublikası idi. 1991-ci il 18 oktyabrda müstəqilliyinin bərpasına nail olan Azərbaycan Respublikası AXC-nin siyasi və mənəvi varisidir.

16 may 2017-ci il tarixində prezident İlham Əliyev AXC-nin 100 illik yubileyi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: 2018-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – AXC-nin yaranmasının 100 illiyi tamam olur”.

1. AXC-nin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti AXC-nin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Milli Məclisinə AXC parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilsin.

Prezidentin müvafiq sərəncamı tariximizə olan diqqətin, qayğının göstəricisidir. AXC-nin 100 illiyi ilə bağlı tədbirlər dünya azərbaycanlılarını bir araya gətirəcək.

İndi deyə bilərik ki, var millətimin imzası imzalar içində. Bir neçə ildir ki, Azərbaycan avropanın dilində ağzındadır.Bu günlərdə Bakıda 2017-ci il İslam Həmrəyliyi oyunları başa çatdı. Bu oyunları həm dünya, həm islam aləmi üçün əhəmiyyəti çox böyükdür.

Azərbaycana gələn qonaqlar Azərbaycan reallıqlarını öz gözləri ilə görür, Azərbaycanı multikulturalizm mərkəzi, Bakını isə dünyanın ən gözəl şəhərlərindən biri olmasını, ölkəmiz haqqında uydurma informasiyaların məqsədyönlü xarakter daşıdığının şahidi olurlar.

XIX əsrin əvvəllərində itirilmiş dövlətçilik ənənəlri XX əsrin əvvəllərində bərpa olundu, AXC yarandı, 1920-ci il aprelin 28-də Azərbaycan SSR yarandı, 1991-ci il 18 oktyabrda isə Azərbaycanda Müstəqillik Aktı qəbul edildi. Arzu edək ki, 2018-ci il 28 may AXC-nin 100 illik yubileyini itirilmiş torpaqlarımızın geri qaytarılması ilə birgə qeyd edək.