Ekspress.-2017.-31 may.-¹ 95.-S.10.

 

Cümhuriyyət və hüquqi dövlət quruculuğu

 

Murad Məmmədli

 

Bir neçə gün əvvəl Azərbaycan Cümhuriyyətinin qurulmasının 99-cü ildönümünü qeyd etdik. Bir ildən sonra isə istiqlaliyyətimizin 100 ili tamam olacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 16-da imzaladığı sərəncama əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. Sərəncama əsasən, Nazirlər Kabineti Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirəcək. Eyni zamanda, Milli Məclisə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilib.

Azərbaycan Xalq Cümhuriyyəti və onun Parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Rusiyada baş vermiş 1917-ci il fevral inqilabından sonra Zaqafqaziyda Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssisələr Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar.

Zaqafqaziya Seymində və hökumətində fəaliyyət göstərən hər üç millətin nümayəndələrindən hər biri öz millətinin mənafeni ümumzaqafqaz mənafeyindən üstün tuturdu. Ümumi bir platforma yox idi. Bir sözlə, yenidən parçalanma məsələsi labüd idi. Nəhayət, 1918-ci il mayın 25-də Zaqafqaziiya Seyminin son iclası keçirilir. Gürcüstan Zaqafqaziiya Seymindən çıxaraq mayın 26-da öz istiqlaliyyətini elan edir.

Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndələri Tiflisdə toplanır və Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər.

M. Ə. Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir.

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədirliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir.

1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçür.

Bu zaman Gəncədə real hakimiyyət Türkiyənin Qafqaz ordusu baş komandanı Nuru paşanın əlində idi. Azərbaycan Milli Şurası və hökumətinin həyata keçirməyə çalışdıqları tədbirlərin “həddindən artıq demokratik istiqamətindən” narazı qalan bəzi qüvvələrin təsiri ilə Nuru paşa Azərbaycan Milli Şurası və hökumətini şübhə ilə qarşılayır. Uzun danışıqlardan sonra qarşılıqlı güzəştlər əsasında razılıq əldə olunur. Təklif olunur ki, Milli Şura buraxılsın və bütün hakimiyyət yeni yaradılacaq hökumətə həvalə olunsun. Bu məsələlərin müzakirə olunması üçün 1918-ci il iyunun 17-də M. Ə. Rəsulzadənin sədirliyi ilə Milli Şuranın növbəti (yeddinci) iclası keçirilir.

Həmin iclasda Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin F. X. Xoyskinin sədrlik etdiyi Azərbaycan müvəqqəti hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul edildi. İclasda çıxış edən F. X. Xoyski bildirir ki onun yaratdığı yeni hökumətin başlıca vəzifəsi Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə olacaqdır.

Paralel olaraq Azərbaycan hökuməti Gəncədə dövlət aparatının təşkili işini də davam etdirir. Azərbaycan dili dövlət dili elan olunur. Ən mühüm tədbirlərdən biri də 15 iyul 1918-ci ildə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqındakı qərarıdı. Ümumiyyətlə, paytaxt Bakıya köçürülənə qədər Azərbaycan hökuməti Gəncədə ölkənin ayrı-ayrı sahələrində bir sıra mühüm tədbirlər həyata keçirmişdi. Azərbaycan hökumətinin ən böyük vəzifələrindən biri Bakı şəhərini 1918-ci il iyulun axırlarında süqut etmiş Bakı kommunasından sonra şəhəri ələ keçirmiş eser-menşevik və daşnak nümayəndələrindən ibarət “Sentrokaspi diktaturası”ndan təmizləmək idi.

Qızğın döyüşlər nəticəsində 1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam ordusu tərəfindən azad olunur. Sentyabrın 17-də F. X. Xoyski hökuməti Gəncədən Bakıya köçür. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olunur. 1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da öz işini yenidən bərpa edir. Bu iclasda F. X. Xoyskinin müraciəti ilə Milli Şura Müəssisələr Məclisini çağırmaq üçün görülməli olan işləri öz öhdəsinə götürür. Noyabrın 19-da Milli Şuranın M. Ə. Rəsulzadənin sədrliyi ilə keçən iclasında qeyd olunurdu ki, Azərbaycan Milli Şurası Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməlidir.

Beləliklə, hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 nümayəndə olmaqla Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır. Bu məslə ilə bağlı Milli Şuranın qəbul etdiyi qanunda göstərilirdi ki, azlıqda qalan millətlərin bütün nümayəndələri olacaq. Müsəlmanlardan isə 44 Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün yeni Parlamentə üzv daxil olurlar. Qalan 36 nəfər isə əlavə şəxslər cəlb olunur. Qanunda Azərbaycanın ayrı-ayrı şəhər və qəzaları üzrə əlavə göndəriləcək nümayəndələrin sayı da müəyyən edilmişdir.

Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından, onun sədri, M. Ə. Rəsulzadənin imzası ilə 1918-ci il noyabr ayının 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” Müraciətnaməsi dərc edilir.

Parlamentin açılışı 1918-ci il dekabrın 3-ə təyin olunsa da, lakin Bakıda fəaliyyət göstərən rus və erməni Milli Şuraları əleyhinə olduqları Azərbaycan Parlamentinin açılmasına hərtərəfli mane olmaq üçün bu ərəfədə Bakıya gəlmiş Müttəfiq qoşunlarının baş komandanı general Tomsondan istifadə etməyə çalışırdılar. General Tomsonla aparılan danışıqlarla əlaqədar olaraq və qəzalardan bütün deputatların Bakıya gələ bilməsini nəzərə alaraq Parlamentin ilk iclasının açılışı dekabrın 7-ə keçirilir.

1918-ci il dekabrın 7-i H. Z. Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş qız məktəbinin binasında müsəlman şərqində ilk parlamentin birinci iclasının açılışı oldu. Parlamenti açan Azərbaycan Milli Şurasının sədri M. Ə. Rəsulzadə böyük təbrik nitqi söyləyir.

Ə. Topçubaşov Parlamentin sədri, Həsənbəy Ağayev isə sədrin birinci müavini seçilirlər.

Parlamentin 3 nəfərdən ibarət katibliyi də seçilir, Mehdi bəy Hacıniski baş katib seçilir.

Sonra Azərbaycan Cümhuriyyəti müvəqqəti hökumətinin sədri F. X. Xoyski hökumətin fəaliyyəti haqqında hesabat verir və hökumətin istefasını qəbul etməyi Parlamentdən xahiş edir.

Parlament F. X. Xoyski hökumətinin istefasını qəbul edir və yeni hökumətin tərkibini formalaşdırmağı yenə də ona tapşırır. Dekabrın 26-da F. X. Xoyski hökumət proqramı və hökumətin tərkibi barədə Parlamentdə məruzə edir. Proqram bəyənilir, yeni tərkibdə hökumətin tərkibinə etimad göstərilir.

Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında  qurur. Artıq 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi.

Milli Məclisin saytında yer alan məqalədə göstərilir ki, bütün partiya fraksiya və qrupları öz fəaliyyət proqramları haqqında bəyanatlar verirlər. Bu bəyanatlarda ümumi bir məqsəd var idi - gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə dostluq əlaqələrini yaratmaq və  möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət qruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq.

Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətnin Parlamenti özünün həyatiliyi və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. O vaxt Azərbaycan Cümhuriyyəti müsəlman şərqində yeganə parlamentli respublika idi.

Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılıb ki, onlardan da 230-a yaxını təsdiq edilib. Parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi rolunu oynayan “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” ilə tənzimlənirdi.

Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi. Maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssisələr Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər: sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyaları idi.  Azərbaycan Xalq Cümhuriyyəti hüquqi dövlət yaratmaq üçün hakimiyyətin qanunvericilik, icraedicilik və məhkəmə orqanlarına bölünməsi prinsipini də nəzərdə tuturdu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin bütövlükdə fəaliyyəti daha çox ölkənin sosial-iqtisadi və maliyyə problemlərinin həllinə, ölkənin siyasi və ərazi toxunulmazlığını təmin etməyə, vətəndaşların hüquqlarını qorumaq, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirmək, Azərbaycan Cümhuriyyətinin dünya dövlətləri tərəfindən tanınması üçün şərait yaratmaq, onun xarici ölkələr, ilk növbədə isə yaxın qonşuları ilə, siyasi, iqtisadi və ticarət əlaqələrini yaratmağa yönəlmişdi. Eyni zamanda, bu dövr ərzində vətəndaşlıq haqqında, ümumi hərbi mükəlləfiyyət haqqında, mətbuat haqqında, Milli Bankın təsisi haqqında, Bakı dövlət Universitetinin yaradılması haqqında, gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi haqqında, məhkəmə qanunvericiliyi haqqında və s. Sənədlər də parlamentdə müzakirə edilərək, qəbul olunub.

Azərbaycan Parlamentinin və hökumətinin qarşısında duran ən mühüm vəzifələrdən biri də Azərbaycan istiqlaliyyətinin beynəlxalq aləmdə tanınması idi.

Xarici siyasətdə ilk addım olaraq Azərbaycan Respublikasının yaranması barədə dünya ölkələrinin xarici işlər nazirliklərinə məlumat verilməsi oldu. Lakin paytaxtın Gəncədə yerləşməsi və xarici dövlətlərdə nümayəndəliklər yaradılması ilə əlaqədar olan çətinliklər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı Osmanlı dövlətinə müraciət etməsinə səbəb oldu.

Cənubi Qafqaz hökuməti tərəfindən yaradılan Türkiyə ilə münasibətlərdə əhəmiyyət kəsb edən Batumi danışıqları artıq müstəqil respublikaların xarici siyasətində mühüm mərhələ oldu.

28 aprel işğalı Azərbaycanın müstəqil dövlət kimi irəliləməsində mane oldu. SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycan Respublikası bu gün Xalq Cümhuriyyətinin varisi kimi demokratik və hüquqi dövlət quruculuğunda inamla addımlamaqdadır.