Xalq qəzeti.-2017.-26 yanvar.-17.-S.5.

 

Prezident Kitabxanasında Görkəmli dövlət və elm xadimi Əziz Əliyev
adlı elektron resurs təqdim olunub

 

Yanvarın 25-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illiyi münasibətilə hazırlanan elektron resursun təqdimat mərasimi keçirilib.

 

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Əziz Əliyev-120 sərgisi ilə tanış olublar.

Tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov Azərbaycanın dövlətçilik və elm tarixində özünəməxsus yeri olan Əziz Məmmədkərim oğlu Əliyevin həyat və fəaliyyətindən söz açıb. Bildirilib ki, uşaqlıq və gənclik illəri məşəqqətli olan, erməni vandalizminin və təcavüzünün ağrı-acılarını öz taleyində yaşayan Əziz Əliyev sonrakı illərdə parlaq zəkası və qabiliyyəti ilə işlədiyi sahələrdə böyük nüfuz qazanıb, tapşırılan bütün işlərin öhdəsindən bacarıqla gələrək tez bir zamanda dövlət orqanlarında yüksək vəzifələrə layiq görülüb. İxtisasca həkim olan Əziz Əliyev, eyni zamanda, tibb elminə və səhiyyə sahəsinə də sanballı töhfələr verib. Harada işləməsindən, hansı sahəyə rəhbərlik etməsindən asılı olmayaraq Əziz Əliyev öz ölkəsinə, xalqına və sənətinə sədaqət nümunəsi göstərib.

M.Əhmədov qeyd edib ki, Prezident Kitabxanasında Azərbaycanın ictimai-siyasi və dövlətçilik tarixində xüsusi yeri olan şəxsiyyətlərin həyat və fəaliyyətlərinə aid materiallar toplanılır, sistemləşdirilir və oxucuların istifadəsinə verilir. Kitabxananın Odlar yurdu Azərbaycan elektron nəşrinin Görkəmli azərbaycanlılar bölməsində 200-dən artıq şəxsiyyət haqqında zəruri informasiya yerləşdirilib. Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, Mehriban xanım Əliyevanın həyat və fəaliyyətlərini işıqlandıran xüsusi elektron resurslar hazırlanıb. Görkəmli dövlət, ictimai və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən müxtəlif tədbirlər həyata keçirilir. Bu gün təqdim edilən Görkəmli dövlət və elm xadimi Əziz Əliyev (1897-1962) elektron resursu Əziz Əliyevin həyat və fəaliyyətini, onun zəngin irsini öyrənənlərə Prezident Kitabxanasının töhfəsidir.

Elektron resursun strukturu haqqında məlumat verən kitabxananın direktoru bildirilib ki, resursda materiallar doqquz bölmədə qruplaşdırılıb. Azərbaycan və rus dillərində hazırlanan elektron nəşrin Bioqrafiya bölməsində Əziz Əliyev və onun ailə üzvləri barəsində qısa məlumat verilib. Xronologiya adlanan bölmədə isə ilk dəfə Əziz Əliyevin həm dövlət xadimi, həm də bir alim kimi istər Azərbaycanda, istərsə də Dağıstandakı həyat və fəaliyyətinin mühüm məqamları geniş işıqlandırılıb. Bu bölmədə, həmçinin Əziz Əliyevin dövlət səviyyəsində keçirilən yubiley tədbirləri haqqında məlumatlar əks etdirilib. Əsərləri adlanan bölmədə isə Əziz Əliyevin tibb sahəsində qələmə aldığı əsərlərin mətnləri ilk dəfə elektron formatda təqdim olunur. Elektron nəşrin Sənədlər bölməsində Əziz Əliyevin yubileylərinin keçirilməsi ilə bağlı sərəncamların və dövlət səviyyəsində keçirilən tədbirlərdə edilən nitqlərin və məruzələrin mətnləri əksini tapıb. Digər resurslar bölməsində Əziz Əliyevlə bağlı Dağıstan Respublikasının Rəsul Həmzətov adına Milli Kitabxanasından və Rəsul Həmzətov adına Xasavyurt Mərkəzi Şəhər Kitabxanasından Prezident Kitabxanasına göndərilən materiallar istifadəçilərin ixtiyarına verilib. E-Kitablar bölməsində isə Əziz Əliyevin həyat və fəaliyyətindən bəhs edən ayrı-ayrı müəlliflərin tədqiqat əsərlərini, konfrans materiallarını əhatə edən kitabların elektron versiyaları yerləşdirilib. E-Məqalələr bölməsində Əziz Əliyevin həyat və fəaliyyətindən bəhs edən, onun yubileyləri münasibətilə keçirilən tədbirləri işıqlandıran məqalələrin elektron versiyaları toplanılıb.

Qeyd olunub ki, elektron resursun Biblioqrafiya bölməsində Prezident Kitabxanasına daxil olan dövri mətbuat səhifələrində dərc edilən məqalələrin və kitabların biblioqrafik təsviri verilib. Bu bölmədə, həmçinin Əziz Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş dissertasiyaların avtoreferatların mətni ilə tanış olmaq mümkündür. Elektron resursun ən maraqlı və əyani bölmələrindən olan Multimedia bölməsində Əziz Əliyevin gənclik illərindən  ömrünün son illərinədək fotoaparatın yaddaşına köçürülən və hazırda Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivində saxlanılan şəkillərindən ibarət Fotoqalereya təqdim edilir. Bu bölmədə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan, Əziz Əliyevə məxsus sənədlərin fotosurətlərini əks etdirən kolleksiya nümayiş olunur. Multimedia bölməsində Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin və Lider TV və Radio Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşlarının ərsəyə gətirdikləri dörd film də istifadəçilərə təqdim edilir.

Tədbirdə Multimedia bölməsində yerləşdirilən materiallardan fraqmentlər nümayiş olunub.

Kitabxananın direktoru bildirib ki, http://azizaliyev.preslib.az/ domenində yerləşdirilən Görkəmli dövlət və elm xadimi Əziz Əliyev (1897-1962) elektron resursu yeni materiallar əldə edildikcə daha da zənginləşdiriləcək.

Digər çıxış edənlər də görkəmli dövlət və elm xadimi Əziz Əliyev haqqında ürək sözlərini söyləyib, unudulmaz alimin anadan olmasının 120 illiyi münasibətilə hazırlanan elektron resursu yüksək dəyərləndiriblər.

Tədbirdə, həmçinin Əziz Əliyevin həyat və fəaliyyətindən bəhs edən film də nümayiş olunub.