Səs.-2017.-27 may.-╣ 94.-S.6.

 

Şərqin ilk demokratik respublikası

 

Nəzakət Ələddinqızı

 

Bu gün Şərqin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən 99 il ötür. Qürur gətirəcək bu hadisə Azərbaycanın tarixidir. Bu tarixdə Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirdi.

Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi əbədi yer tutub. Belə ki, 1918-ci il mayın 28-də Şərqdə qurulan ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycan tarixində mühüm bir mərhələnin əsasını qoydu. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq, şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.

XX əsrin əvvəlində Azərbaycan dövlətinin xarici siyasət prinsipləri formalaşdı və bu prinsiplər dostluq və əməkdaşlığa söykəndi. Bunlar Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlaliyyət Bəyannaməsində də əksini tapdı. Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan Xalq Cümhuriyyəti ilk dəfə olaraq Azərbaycan adlı müstəqil dövlətin əsasını qoydu.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı bu şərəfli tarix ölkəmizdə 28 May Respublika Günü kimi qeyd edilir.

"...AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİNİN MÖHKƏMLƏNDİRİLMƏSİ MƏNİM ÜÇÜN VƏ BİLİRƏM Kİ, HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞI ÜÇÜN ƏN BAŞLICA VƏZİFƏDİR, ƏN BAŞLICA MƏQSƏDDİR".

XX əsrin 90-cı illərində, Azərbaycanda da daxil olmaqla, bütün İttifaq respublikalarında başlanan və Sovet İttifaqının dağılması ilə nəticələnən milli azadlıq hərəkatı ilə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşdu. 71 il sonra 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyi yenə təhlükə qarşısında idi. Yalnız Ümummilli Liderin xalqın təkidli istəyinə səs verərək, hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə separatçıların ölkəni parçalamaq kimi məkrli niyyətlərinə son qoyuldu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Müstəqil Azərbaycanın Yeni Konstitusiyası qəbul olundu. Azad və demokratik şəraitdə prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Ölkədə demokratik dəyişikliklər aparıldı. Hüquq-mühafizə və məhkəmə sistemi yenidən quruldu.

Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoydu. Ümummilli Lider Heydər Əliyev müstəqilliyi ən böyük sərvət, ən böyük dəyər kimi qiymətləndirirdi: "Müstəqilliyi əldə etmək onu qoruyub-saxlamaqdan və möhkəmləndirməkdən daha asandır. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir, biz həm daxildə, həm də xaricdə müstəqil siyasət aparırıq. ...Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir".

 

AZƏRBAYCAN RESPUBLİKASINDA DEMOKRATİK, HÜQUQİ, DÜNYƏVİ DÖVLƏT, VƏTƏNDAŞ CƏMİYYƏTİ QURUCULUĞU PROSESİ UĞURLA DAVAM ETDİRİLİR

Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətə, dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli platformada əməkdaşlıq əlaqələrini qurulmasına nail oldu. Azərbaycan Prezidenti İlham Əliyev milli mənafelərlə bağlı problemlərin həllində həssas və fəal yanaşma nümayiş etdirdi. Azərbaycan dünyanın maraq dairəsinə əbədi daxil oldu və geosiyasi platformada ölkəmiz güc və nüfuz sahibinə çevrildi.

Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür. Bu gün Azərbaycan, yerləşdiyi bölgədə əsas inkişaf məkanı olmaqla, nəhəng infrastruktur layihələrini icra edir, heç bir regional layihə Azərbaycanın iştirakı olmadan reallaşmır, ölkəmiz Avropanın enerji təhlükəsizliyində son dərəcə vacib faktora çevrilib. Beləliklə, Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə olunması, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunur. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması, tarixi irsə bağlılıq kimi müqəddəsá prinsip dayanır.

BU GÜN ÖLKƏMİZ ÇAĞDAŞ DÜNYAMIZI NARAHAT EDƏN HUMANİTAR MƏSƏLƏLƏRİN MÜZAKİRƏ OLUNDUĞU, SİVİLİZASİYALARARASI DİALOQUN KEÇİRİLDİYİ MƏKANA ÇEVRİLİB

Xalqımız 28 May Respublika Gününü hər il təntənə ilə qeyd edir. Təsadüfi deyil ki, ölkə başçısı, möhtərəm Prezidentimiz Cənab İlham Əliyev 16 may 2017-ci il tarixdə imzaladığı Sərəncamla Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsini qərara almışdır.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər hər birimizi sevindirir və qürurlandırır.

Azərbaycan həm də Olimpiya hərəkatının geniş vüsət aldığı idman ölkəsidir. Təqdirəlayiq haldır ki, respublikamızın davamlı inkişafı idmanı da əhatə edib və ötən illər ərzində ölkəmizin idman infrastrukturu tamamilə yenidən qurulub. Bunun nəticəsi olaraq, son illərdə ölkəmizdə idmanın əksər növləri üzrə dünya və Avropa çempionatları, "Bakı-2015" I Avropa Oyunları keçirilib. 2017-ci il may ayının 12-22 tarixlərində isə Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - "Bakı-2017" IV İslam Həmrəyliyi Oynlarına yüksək səviyyədə ev sahibliyi edərək, tarix yazdı. İslamiadanın yarışları, sözün həqiqi mənasında, əsl idman və həmrəylik bayramına çevrildi, maraqlı və parlaq qələbələrlə yadda qaldı. "Bakı-2017"də iştirak edən ölkələr arasında Azərbaycan 75 qızıl medalla birinci oldu.

"BU GÜN AZƏRBAYCANIN HƏR BİR YERİNDƏ DÖVLƏT BAYRAĞI DALĞALANIR"

Böyük çətinliklə əldə olunan azadlığı və müstəqilliyi qoruyub- saxlamaqda hər bir Azərbaycan vətəndaşı məsuliyyətlidir. Azərbaycan dövlətinin bayrağı daim dalğalanmalıdır. Azərbaycan Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim bayrağımız qürur mənbəyimizdir, canımızdır, ürəyimizdir: "Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır... Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaq. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına! Yaşasın Azərbaycan!"

Azərbaycanın müstəqilliyi əbədidir və üçrəngli bayrağımız bir daha enməyəcək, daim uca zirvələrdə dalğalanacaqdır.

Artıq 26 ildir ki, müstəqilliyimizin bəhrələrini görürük. 28 May Azərbaycan Respublikasının müstəqillik arzularının gerçəkləşdiyi gün olaraq hər zaman xatırlanır və dövlət bayramı kimi qeyd olunur.