Azərbaycan.-2017.-28 may.-114.-S.7.

 

Şərqin ilk istiqlal mücahidləri

 

İradə Əliyeva

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixinin çox əlamətdar bir dövrünün əsasını qoymuşdu. XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika quran Azərbaycan xalqı bununla da dünyanın ən mütərəqqi ənənələrini öz həyatında təcəssüm etdirdiyini bütün beynəlxalq aləmə bildirmişdi.

Həmin dövrdə əksər ölkələrdə gedən mürəkkəb proseslər fonunda belə bir tarixi nailiyyətə imza atmaq kifayət qədər çətin bir məsələ idi. Lakin xalqımız müstəqil dövlətini elan etməklə nə qədər zəngin keçmişə, yüksək intellektual potensiala və böyük ideoloji dəyərlərə malik olduğunu təsdiqləmişdir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 99 il keçir. 1998-ci il yanvarın 30-da ümummilli lider Heydər Əliyev cümhuriyyətin 80 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncamda bu möhtəşəm hadisənin tarixi-siyasi əhəmiyyətini olduqca dəqiq şəkildə qiymətləndirmiş və xüsusi vurğulamışdır ki, Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Doğrudan da Şərqdə demokratik dövlət quruluşunun meydana çıxması o zaman həm gözlənilməz, həm təqdirəlayiq, həm də böyük bir hadisə idi.

Prezident İlham Əliyevin bu il mayın 16-da imzaladığı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncamında da cümhuriyyətin fəaliyyətinə yüksək dəyər verilir: Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Xalq Cümhuriyyətinin qurucuları - Azərbaycan xalqının ən öndə gedən ziyalıları və maarifçiləri xalqın ümumi tərəqqisinin təmin olunmasında, demokratik cəmiyyətin formalaşdırılması və müstəqil dövlətin sosial-siyasi əsaslarının möhkəmləndirilməsində mühüm işlər görmüşlər. Respublikanın iqtisadiyyatında milli kapitalın rolunun artırılması, xarici ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi islahatlar aparmışlar.

İstiqlal hərəkatının fədailəri milli mənlik şüurunun, milli ruhun və ideologiyanın dirçəldilməsi sahəsində, tarixi və milli varislik ənənələrinin təbliği və tədqiqində önəmli rol oynamışlar. Azərbaycanın istiqlalı ideyası əksər ziyalıları bir amal altında birləşdirmişdi. Türkləşmə, islamlaşma və müasirləşmə ideyası irəli sürülmüş və onun qələbəsinə çalışılmışdı. Bu ideya Azərbaycanda siyasi, sosioloji və fəlsəfi istiqamətə yönəlmişdi, ən əsası isə azərbaycançılıq təlimi ilə qaynayıb-qarışmışdı.

Yeni qurulan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi qısa zamanda öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanları son həddə çatanadək şərəflə yerinə yetirmişdi. Kiçik zamanda böyük işlər həyata keçirilmişdi.

İstiqlal mücahidlərinin tərcümeyi-halına baxdıqda onlarda oxşar cəhətlərin olduğunu görürsən. Talelələrindəki bənzərlik, hətta bu insanların mübarizələrində də öz əksini tapır. Moskvada, Sankt-Peterburqda və Avropanın digər şəhərlərində yüksək təhsil alan, xüsusən Qərb mədəniyyəti ilə yaxından tanış olan bu ziyalılar öz intellektual potensialı, millətinə olan sevgisi, sədaqəti ilə XX əsrin əvvəllərində gedən proseslərdə fəal iştirak edir, ictimai-siyasi xidmətləri ilə xalqın milli oyanışında misilsiz rol oynayırdılar. Vətənə, millətə xidmət missiyasında onları vahid bir amal - milli mənafeyin hər şeydən üstün tutulması birləşdirirdi. Zəngin və keşməkeşli mübarizələrlə dolu, nəsillərə nümunə olan ömür yaşamış bu insanlar Azərbaycanın milli istiqlal hərəkatının iştirakçıları olmuşdular. 120 nəfər Xalq Cümhuriyyəti parlamentinin üzvü kimi fəaliyyət göstərmiş, müxtəlif vəzifələrdə çalışmışlar. Bir an belə dayanmadan işləmiş, öz dəstxətləri, xalqına sədaqətləri ilə fərqlənmiş, dövlətçilik tariximizdə şərəfli yer tutan şəxsiyyətlərdən olmuşlar.

Müstəqil iqtisadi xəttin müdafiəçisi - Ağa Aşurov

Dövlətin müstəqil iqtisadi xəttini prinsipial mövqedən müdafiə edən və bunun uğrunda mübarizə aparanlardan biri Ağa Hacı Aslan oğlu Aşurov idi. Cümhuriyyətin mövcudluğunun ilk mərhələsində dövlətin ticarət-sənaye və ərzaq siyasətini əsasən Aşurov müəyyən etmişdir. Belə ki, Ağa Aşurov cümhuriyyətin ikinci hökumətində ticarət və sənaye naziri vəzifəsini tutmuş, 1918-ci il oktyabrın 6-dək eyni zamanda ərzaq naziri olmuşdur. Həmin vaxt, yəni oktyabrın 6-da Hökumət Kabinetində bəzi dəyişikliklər baş verdiyinə görə, Aşurov poçt və teleqraf naziri təyin edilmişdir.

Lakin onun fəaliyyəti yalnız ölkənin iqtisadi məsələlərinin həllindəki fəal işi ilə bitmir. Aşurov, ümumiyyətlə, dövrünün tanınmış ziyalısı, mütəxəssisi, ictimai-siyasi xadimi olmuşdur. Belə ki, 1880-ci ildə Bakıda dünyaya göz açan Ağa Aşurov burada gimnaziyanı bitirmişdi. Sonra Almaniyada ali təhsil almış və mühəndis-texnoloq ixtisasına yiyələnmişdi. Vətənə qayıtmış və Bakı şəhər bələdiyyə idarəsində çalışmışdı. Gənc olmasına baxmayaraq, şəhərin abadlıq-quruculuq işlərində fəal iştirak etmişdi. 1908-ci ildə 28 yaşlı mühəndisin rəhbərliyi ilə hətta yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanmışdı. Aşurov eləcə də Bakıya şollar suyunun çəkilməsində geniş fəaliyyət göstərmişdi.

Almaniyadan qayıtdıqdan bir neçə il sonra Aşurov siyasi həyata qoşulur. 1906-cı ildə Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilən III qurultayında iştirak edir. Onu qurultayın rəyasət heyətinin tərkibinə seçirlər.

İllər keçdikcə bu istiqlal mücahidi milli hərəkatın ən fəal üzvlərindən birinə çevrilir. 1917-ci ilin fevral inqilabından sonra Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilir, Qafqaz müsəlmanlarının Bakı qurultayında iştirak edir. Həmin vaxt artıq səriştəli siyasətçi olan Aşurov 1918-ci ilin mart qırğınları zamanı hərbi əməliyyatları dayandırmaq üçün müsəlman nümayəndə heyətinin tərkibində İnqilabi Müdafiə Komitəsinin, Erməni Milli Şurasının üzvləri və İranın Bakıdakı konsulu Həbibulla xanla danışıqlar aparır.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilən Ağa Aşurov Müsavat və bitərəflər fraksiyasında təmsil olunub. 1918-ci il dekabrın ortalarında bütün Hökumət Kabineti ilə birlikdə istefaya çıxıb.

Hökumətdə iki dəfə nazir kürsüsü tutan Aşurov cümhuriyyətin fəaliyyəti dövründə Bakıda həyata keçirilən bir sıra mədəni-maarif tədbirlərinin də təşkilatçılarından olub.

...1920-ci il aprelin 27-si saat 12:00-da bolşeviklər AXC parlamentinə verdiyi ultimatuma cavab gözləyirdilər. Hakimiyyət Qırmızı Orduya keçməli, yaxud silahlı mübarizə başlanmalı idi. Qızğın müzakirələrdən sonra parlament hakimiyyəti dinc yolla təhvil vermək qərarına gəlir. Üç nəfər bitərəf qalmaqla qərar yerinə yetirilir.

Bolşeviklərin hakimiyyəti təslim etmək tələbinin əleyhinə səs verən isə bir nəfər olur - Ağa Aşurov. Elə buna görə də ertəsi gün bolşeviklər onun həbs edilməsinə göstəriş verirlər. Aşurovu ələ keçirmək mümkün olmur. O, Türkiyəyə mühacirət etməyə can atır, lakin buna nail ola bilmir. Rostov şəhərinə köçüb orada öz ixtisası üzrə mühəndis işləyir.

Deyilənlərə görə, Ağa Aşurovun məzarı Rostovun tatar qəbiristanlığındadır, orada 1936-cı ildə dəfn olunub. Lakin çox təəssüf ki, həmin qəbiristanlıqda onun qəbrinin dəqiq yerini indiyə qədər müəyyən etmək mümkün olmayıb.

Təəssüf doğuran cümhuriyyətin təkcə bu fədaisinin taleyi deyil.

Xalq düşməni kimi güllələnən azadlıq fədaisi - Nəriman bəy Nərimanbəyli

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimlərindən biri də Nəriman bəy Həşim bəy oğlu Nərimanbəyli idi. O, 4-cü Hökumət Kabinetində dövlət müfəttişi vəzifəsində çalışmışdı.

Milli İstiqlal hərəkatının fəal iştirakçısı, AXC Parlamentinin üzvü olan bu insan əslən şuşalı idi. O, bu şəhərdə anadan olmuş, sonra valideynləri İrəvana köçdüyü üçün orta təhsilini oradakı gimnaziyada almışdı. Əvvəlcə Moskva Universitetinin fizika-riyaziyyat şöbəsində oxusa da, sonra Xarkov Universitetinin hüquq fakültəsinə qəbul olunmuşdu. İnqilabi hərəkata da məhz o dövrdə qoşulmuşdu. Azərbaycanlı tələbələrin həmyerlilər cəmiyyətinin rəhbərlərindən olmuşdur.

Həmin cəmiyyətin üzvləri, o cümlədən Nəriman bəy də tamaşalar göstərir və əldə etdikləri gəliri Birinci Dünya müharibəsindən zərər çəkmiş müəllimlərin ailələrinə paylayırdılar.

1915-ci ildə N.Nərimanbəyli ali təhsilini başa çatdırıb vətənə qayıdır. O, Bakıda vəkil işləməklə yanaşı, bir qrup yoldaşları ilə Müsəlman xeyriyyə cəmiyyətinə rəhbərlik edir. 1917-ci il Rusiya fevral inqilabından sonra Müsavat partiyasına daxil olur. Qafqaz müsəlmanlarının Bakı qurultayında və Müsavat partiyasının birinci qurultayında iştirak edir.

1918-ci ilin əvvəlindən Nərimanbəylinin həyatında bir-birinin ardınca mühüm hadisələr baş verir. Fevral ayında Zaqafqaziya Seyminin üzvü seçilir. May ayında seymin müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan sonra Azərbaycan Milli Şurasının üzvlüyünə qəbul edilir. Noyabrda Milli Şuranın Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanununa əsasən seçkisiz Cümhuriyyət Parlamentinin tərkibinə daxil olur. Parlamentdə Müsavat və bitərəf fraksiyasının üzvü olan Nəriman bəy 4-cü hökumət kabinetində dövlət müfəttişi vəzifəsini tutur.

Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Nərimanbəyli müxtəlif idarələrdə hüquq məsləhətçisi kimi çalışır. Lakin Xalq Cümhuriyyəti dövrünün ictimai-siyasi və dövlət xadimi kimi daim təqiblərə məruz qalır. Bu səbəbdən onu işdən çıxarırlar. Müəyyən müddət yenidən vəkil işləməyə başlayır.

Cümhuriyyətin bir sıra nümayəndələri kimi N.Nərimanbəylinin həyatı da acı sonluqla bitir. 1937-ci ildə 48 yaşlı Nəriman bəy Stalin repressiyasının qurbanı olur.

Qırmızı terrorun daha bir günahsız qurbanı - Heybətqulu Məmmədbəyli

1937-ci ilin burulğanları Azərbaycan Xalq Cümhuriyyətinin daha bir yadigarını - Heybətqulu Həbibulla oğlu Məmmədbəylini də aparır. O, 1888-ci ildə Bakının Şağan kəndində anadan olmuşdu. Kənd yerində böyüməsinə baxmayaraq, təhsilə maraq göstərmiş, əvvəlcə Bakı realnı məktəbini, sonra da texniki sənaye texnikumunu bitirmişdi. Fevral inqilabından sonra isə siyasi fəaliyyətə qoşulmuşdu.

H.Məmmədbəyli Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının tərkibinə daxil olub. AXC-nin 5-ci Hökumət Kabinetində dövlət naziri kimi məsul vəzifədə çalışıb. İstiqlal Bəyannaməsinin lehinə səs verən 24 Milli Şura üzvündən biri olub.

Heybətqulu Məmmədbəyli İttihad fraksiyasının rəhbərlərindən idi. Bu fraksiya Cümhuriyyət Parlamentində İttihad partiyasını təmsil edirdi. Heybətqulu Məmmədbəyli parlamentdə həmin fraksiyanı təmsil edən 11 deputatdan biri idi. Bu deputatlar parlamentin ayrı-ayrı komissiyalarında iştirak edirdilər. Heybətqulu Məmmədbəyli təsərrüfat komissiyasının üzvü seçilmişdi. O, eləcə də Müəssislər Məclisinin çağırılması üzrə Mərkəzi Komissiyanın üzvü idi.

İttihad Qərb imperializminə qarşı mübarizədə kommunistlərlə ittifaqa çağırırdı. Həmin dövrdə Müsavat M.H.Hacınskini daxili işlər naziri vəzifəsindən geri qaytarmaq istəyirdi. İttihad isə baş nazir Nəsib bəy Yusifbəyliyə partiyalarla məsləhətləşməyi təklif edirdi. Ümumiyyətlə, ittihadçılar Müsavatı, hakimiyyəti zorla ələ keçirməkdə günahlandırırdılar. Eləcə də hökumətin kommunistlərə qarşı gördüyü tədbirlərin də əleyhinə çıxırdılar. Müsavatın hakimiyyətdən getməsinə çalışırdılar.

1920-ci ilin aprelində İttihad fraksiyası hakimiyyətin kommunistlərə təhvil verilməsi təklifini müdafiə etdi.

Sovet hakimiyyəti illərində ittihadçı Heybətqulu Məmmədbəyli müxtəlif idarələrdə çalışsa da, daim güclü təzyiqlərə, təqiblərə məruz qalırdı. Bu təqiblər nəticədə 1937-ci ildə qanlı terrorla yekunlaşdı.

Xalqın tərəqqisi üçün mübarizə aparan müəllim - Mustafa Mahmudov

 

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin digər deputatı Mustafa Hacımusa oğlu Mahmudov silahdaşlarının bir çoxunun payına düşmüş tale yaşamışdır. 1920-ci ilin aprel işğalından sonra təqiblərə məruz qalmışdır. Sovet hökuməti onu əksinqilabi fəaliyyətinə görə ittiham etmişdir.

Lakin Mustafa Mahmudovu cümhuriyyətin digər siyasi nümayəndələrindən fərqləndirən cəhətlər də çox idi. 1878-ci ildə ovaxtkı Göyçay qəzasının Kürdəmir kəndində doğulan Mustafa Qori Müəllimlər Seminariyasını bitirməyə müvəffəq olmuşdu. 21 yaşında ikən Bakıdakı 1-ci rus-müsəlman məktəbində müəllimlik etməyə başlamışdı. Burada 1907-ci ilə qədər çalışmış, 1910-1920-ci illərdə həmin məktəbin müdiri olmuşdur. 1908-1910-cu illərdə daşınmaz şəhər mülkiyyətini qiymətləndirən komissiyada məmur kimi işləmək onu müvəqqəti olaraq pedaqoji fəaliyyətindən ayırmışdı.

1907-ci ildə Bakı quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilməsi Mustafa Mahmudovun bir sıra potensial imkanlarını üzə çıxarır. Dumada müsəlman fraksiyasının, 9-cu şöbənin və 4 komissiyanın üzvü kimi fəaliyyət göstərir.

Mustafa Mahmudov hərbi-səhra məhkəmələrinin ləğvinə tərəfdar çıxır. Fətəli Xan Xoyski və Xəlil bəy Xasməmmədovla birlikdə hərbi nazirə müraciət edir və Qafqaz hərbi-səhra məhkəməsi tərəfindən ölüm cəzasına məhkum olunanların cəzasını yüngülləşdirmək barədə məsələ qaldırır. Eyni zamanda o, işçilərə yardım komissiyasının da üzvü kimi Proqres qəzeti vasitəsilə işsizlər və onlara lazımi yardımın həcmi barədə məlumat göndərilməsi üçün oxuculara müraciət edir.

Mustafa Mahmudov müəllim idi və ömrü boyu çalışdığı bütün vəzifələrdə bu missiyanı unutmamışdı. O, Dumanın xalq təhsili komissiyasının da üzvü idi. Bu mövqeyindən xalq üçün istifadə edərək maarif nazirini müsəlman əhalinin təhsilinin vəziyyətinə göz yummaqda təqsirləndirmişdi. Eləcə də müsəlman müəllimlərinə qarşı ayrı-seçkiliyin olduğunu və onların kastalara bölündüyünü tənqid etmişdi.

1917-ci ildə Mustafa Mahmudov Zaqafqaziya Seyminin, 1918-ci ilin mayında Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü seçilmişdir. Onun 1918-ci ilin noyabrında Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin deputatı seçilməsi Milli Şuranın Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanununa əsasən olmuşdu. İstiqlal mücahidi Müsavat fraksiyasının, parlamentin aqrar komissiyasının üzvü idi.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Mustafa Mahmudov bilavasitə öz sevimli peşəsi ilə məşğul olmuşdu. Bakıdakı 132 nömrəli məktəbdə dərs demişdi. Lakin onu daim təqib edirdilər. 1923 və 1929-cu illərdə işdən çıxarılması barədə məsələ qaldırmışdılar. İstiqlal mücahidini rahat buraxmayaraq, nəhayət, həbs edib güllələmişdilər. Beləliklə, 1937-ci ilin qurbanları sırasına bir ad da əlavə olunmuşdu.

Cümhuriyyətin bu və digər nümayəndələrinin tərcümeyi halını vərəqlədikcə bir daha aydın olur ki, Azərbaycanın müstəqillik tarixində öyrənməli, üzə çıxarılmalı məqamlar hələ çoxdur. Odur ki, azadlıq, müstəqillik mübarizlərinin hər birinin həyatının, fəaliyyətinin ətraflı araşdırılması qarşıda duran mənəvi borc və müqəddəs vətəndaşlıq vəzifəsidir.