Yeni Azərbaycan.-2017.-26 may.-¹ 93.-S.2.

 

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında böyük tarixi qələbəyə imza atdı

 

Mübariz Abdullayev

 

Prezident İlham Əliyev: Bu Oyunlar, eyni zamanda, onu göstərir ki, Azərbaycanda aparılan düşünülmüş siyasət o cümlədən idman sahəsində öz bəhrəsini verməkdədir.

Bakıda yüksək səviyyədə təşkil olunan IV İslam Həmrəyliyi Oyunları başa çatsa da, İslamiada ilə bağlı təəssüratlar hələ uzun müddət yaddaşlardan silinməyəcək. Respublikamız birinci Avropa Oyunlarından sonra müsəlman dünyasını bir araya gətirən İslamiadaya yüksək səviyyədə ev sahibliyi etməklə dünyaya o mesajı verdi ki, Azərbaycan mədəniyyətlər, ölkələr və xalqlar arasında həmrəyliyin güclənməsinə, əməkdaşlığın dərinləşməsinə töhfə verməyə həmişə hazırdır.

Oyunlar Azərbaycanın bugünkü reallıqlarını bütün dünyaya nümayiş etdirdi. Bir daha təsdiqləndi ki, müasirləşməni, davamlı inkişafı strateji hədəf seçən Azərbaycan irimiqyaslı, ən mötəbər tədbirləri təşkil etməyə və yüksək səviyyədə keçirməyə qadir olan güclü dövlətdir. Bütövlükdə yarışların nəticələri isə Azərbaycanı həm də yüksək səviyyəli idman dövləti kimi səciyyələndirmək üçün hər cür əsas verir.

 

Azərbaycan dünya miqyasında güclü idman dövlətidir

 

Respublikamızda idmanın inkişafı, onun bütün ölkə boyunca kütləviliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Son illərdə respublikamızda idmanın inkişafından və kütləviləşməsindən söhbət açarkən yeni yaradılan müasir infrastrukturun rolunu xüsusi qeyd etmək lazımdır. Yeni tikilən və yaxud yenidən qurulan arenalar sayəsində Azərbaycan son dərəcə müasir idman infrastrukturuna malik ölkəyə çevrilib. Hazırda ölkəmiz idman infrastrukturu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır.

Qeyd edək ki, ölkəmizdə müasir idman infrastrukturu yaradılması istiqamətində məqsədyönlü işə 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbərliyinin dəyişməsindən sonra başlanıb. Azərbaycanda idman və çoxminli idmançılar ordusu MOK-un yeni prezidenti İlham Əliyevin simasında öz böyük hamisini tapdı. MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda idman təsərrüfatının yenilənməsinə, o cümlədən də bu sahədə müasir infrastruktur qurulmasına start verildi.

Ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilən layihələr respublikamızın idman infrastrukturunu əhəmiyyətli dərəcədə zənginləşdirib. Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə 5 müasir idman qurğusu - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və möhtəşəm Olimpiya Stadionu inşa edilib. Bundan başqa, ən yüksək dünya standartları səviyyəsində yaradılan atletlər kəndi barədə də ən xoş sözləri söyləmək mümkündür.

Yaradılan möhkəm infrastruktur, ölkədəki möhkəm daxili sabitlik, dövlətin güclü siyasi iradəsi və xalqın xoş məramı beynəlxalq idman ictimaiyyətində Azərbaycana böyük inam yaradıb. Bunun nəticəsidir ki, son illərdə respublikamızda Avropa və dünya çempionatlarının keçirilməsi adi hala çevrilib. 2015-ci ilin yayında Azərbaycan Avropa Oyunlarının keçirilməsində çox yüksək standartlar müəyyənləşdirdi. 2016-cı ildə respublikamız “Formula-1” yarışlarına və beynəlxalq şahmat olimpiadasına ev sahibliyi etdi. Hazırda ölkəmiz ikinci dəfə böyük tamaşaçı auditoriyasına malik “Formula-1” yarışlarını keçirməyə hazırlaşır. 2017-ci ildə respublikamız həmçinin qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə, 41-ci dünya Skaut konfransına və 13-cü dünya Skaut gənclər forumuna ev sahibliyi edəcək. 2020-ci ildə Bakı qitənin ən nüfuzlu futbol turniri olan Avropa çempionatının 4 oyununu qəbul edəcək. Ümumiyyətlə, respublikamızda keçirilən və keçiriləcək mötəbər beynəlxalq yarışların siyahısı kifayət qədər uzundur.

İdmançılarımızın olimpiadalarda, beynəlxalq səviyyəli mötəbər yarışlarda yüksək nəticələr qazanmaları da Azərbaycanın nüfuzlu idman ölkəsinə çevirildiyini bir daha təsdiqləyir. İdmançılarımızın son illərdə ayrı-ayrı mötəbər turnirlərdə qazandıqları nəticələr olduqca sevindiricidir. 2015-ci ilin yayında Bakıda keçirilən birinci Avropa Oyunları bütövlükdə Azərbaycan idmanının təntənəsinə çevrildi desək, əsl həqiqəti ifadə etmiş olarıq. Dünyanın 50 ölkəsindən təxminən 6 min idmançının qatıldığı birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanmağa müvəffəq oldular. Yarışlarda respublikamız Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Ukrayna, Türkiyə kimi yüksək idman nailiyyətləri olan ölkələri geridə qoyaraq Rusiyadan sonra qitə ikincisi oldu.

Müstəqillik illərində Azərbaycan idmançılarının olimpiadalarda çıxışları da uğurlu olub. Əgər Azərbaycan müstəqil ölkə kimi Atlanta Olimpiadasında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi, Londonda 10 medal qazanmışdısa, Rio-2016 Olimpiadasında idmançılarımız medalların sayını daha da artırıblar. Belə ki, Braziliyada keçirilən son Olimpiadada 56 atletlə təmsil olunan Azərbaycan komandası 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazanıb və bu göstərici ilə Olimpiadanı 39-cu sırada başa vurub.

Bütün bu sadalanan faktlar göz önündə Azərbaycanın müasir mənzərəsini canlandırır. Deyilənlərdən də göründüyü kimi, respublikamız qısa müstəqillik tarixində yüksək səviyyəli idman ölkəsinə çevrilib. Bundan məmnunluq ifadə edən Prezident İlham Əliyev bildirib: “İdmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında artıq öz güclərini göstərmişlər və Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır”.

İslamiadada qazanılan qələbə ölkəmizdə idman sahəsində həyata keçirilən siyasətin bəhrəsidir

Nüfuzlu idman yarışlarında qazanılan uğurlar bütövlükdə ölkəmizin qələbələridir. Əlamətdar haldır ki, idmançılarımız IV İslam Həmrəyliyi Oyunlarında da uğurlar seriyasını davam etdiriblər. İdmançılarımız İslamiadada qazandıqları tarixi qələbələrlə Azərbaycanın güclü idman dövləti olduğunu bir daha təsdiqləyiblər. Prezident İlham Əliyev Azərbaycan idmançılarının Oyunlarda qazandıqları nailiyyətləri tarixi qələbə kimi səciyyələndirərək bildirib: “Bizim idmançılar bu Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. Bu, böyük tarixi qələbədir. Nəzərə alsaq ki, bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və ölkələr ən peşəkar idmançılarını bu Oyunlara göndərmişdilər, əlbəttə, bu qələbənin əhəmiyyəti artır”.

Azərbaycan təmsilçiləri idmanın ayrı-ayrı növləri üzrə keçirilən yarışlarda İslamiadanın ən güclüləri olublar. Cüdo yarışlarında Azərbaycan idmançıları ümumilikdə 26 medal - 11 qızıl, 12 gümüş və 3 bürünc medal qazanıblar. Respublikamızı təmsil edən kişi və qadın güləşçiləri İslamiadada ümumilikdə 12 qızıl, 6 gümüş və 5 bürünc medal qazanıblar. Belə ki, yunan-Roma güləşi üzrə pəhləvanlarımız yarışlarda 4 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olublar. Sərbəst güləşçilərimiz milli komandamızın aktivinə 4 qızıl, 2 gümüş və 1 bürünc medal yazdırıblar. Qadın pəhləvanlarımız isə İslamiadanı 4 qızıl, 3 gümüş və 1 bürünc medalla başa çatdırıblar. Bədii gimnastika üzrə Azərbaycan milli komandası IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub. Azərbaycan boksçuları IV İslam Həmrəyliyi Oyunlarında 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq İslamiadada komanda hesabında birinci yeri tutublar. Prezident İlham Əliyev əldə olunan qələbəni bütövlükdə Azərbaycanın həyata keçirdiyi uğurlu idman siyasətinin bəhrəsi kimi dəyərləndirərək deyib: “Bu Oyunlar, eyni zamanda, onu göstərir ki, Azərbaycanda aparılan düşünülmüş siyasət o cümlədən idman sahəsində öz bəhrəsini verməkdədir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Son illər ərzində bu istiqamətdə atılmış addımlar, apardığımız siyasət bu gözəl nəticəni bizə verdi”.

Azərbaycan idmançılarının qazandıqları yüksək nəticələr gənc nəslin idmana marağının artmasına müsbət təsir göstərir

Azərbaycanda son 13 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, bütün istiqamətlərdə əldə olunan uğurlar ölkə vətəndaşlarında böyük məmnunluq yaradır. Bunun nəticəsidir ki, hazırda respublikamızda xalq-iqtidar vəhdəti, vətəndaş həmrəyliyi yüksək səviyyədədir, insanlar sosial mənşəyindən asılı olmayaraq ölkənin inkişafına öz töhfələrini verməyə çalışırlar, cəmiyyət ümummilli məsələlərdə bir qayda olaraq yüksək həssaslıq və fəallıq nümayiş etdirir. O cümlədən Azərbaycanda idman ictimai proseslərin inkişafında xüsusi yer tutur. Respublikamızda idmanın inkişafının davamlı şəkildə diqqət mərkəzində saxlanılması cəmiyyətin sosial sifarişidir. Ölkə vətəndaşları idmançılarımızın mötəbər idman yarışlarında qazandıqları qələbələrlə sonsuz qürur hissi keçirirlər. Bu da təsadüfi deyil. Beynəlxalq arenalarda qazanılan qələbələr dünyada respublikamızın müsbət imicini daha da möhkəmləndirir, eyni zamanda, bu qələbələr Azərbaycanın güclü, qüdrətli dövlət olduğunu nümayiş etdirir. Ancaq güclü, böyük iqtisadi potensialı olan dövlət yüksək idman nəticələri qazanmağa qadirdir. İdmançılarımızın İslamiadadan qalib kimi ayrılmaları qəlbimizdə sonsuz qürur doğurur. 10 gün ərzində hər birimiz müxtəlif idman növləri üzrə yarışların keçirildiyi arenalarda himnimizin səsləndirilməsindən, üçrəngli bayrağımızın qaldırılmasından böyük sevinc hissi yaşadıq. Oyunlardan qalan belə xoş xatirələr uzun müddət yaddaşlardan silinməyəcək. Prezident İlham Əliyev bu xoş məqamlardan məmnunluğunu ifadə edərək bildirib: “Bu 10 gün ərzində idmançılarımız xalqımıza qələbə sevinci bəxş etdilər. Bu 10 gün ərzində Azərbaycan cəmiyyəti bir daha birlik, həmrəylik, vətənpərvərlik göstərdi, tribunalarda yarışları izləyən tamaşaçılar böyük coşqu, böyük sevgi ilə sizin qələbələrinizi alqışlayırdılar, sizinlə bərabər buna sevinirdilər, bu qələbə sevincini sizinlə bölüşürdülər”.

Azərbaycan idmançılarının İslamiadada qazandıqları yüksək nəticələrdən söhbət açarkən başqa bir mühüm məqamı da xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, respublikamızda idman sahəsində qarşıya qoyulan əsas hədəflərdən biri onun kütləviliyinə nail olmaqdır. Bu məqsədlə son 13 ildə bütün ölkə boyu ən müasir tələblər səviyyəsində 50-dək yeni idman kompleksi tikilib və avadanlıqlarla təchiz edilib. Yerlərdə gənclər, yeniyetmələr həmin idman koplekslərində idmanın bu və ya digər növləri ilə məşğul olurlar. Əlamətdar haldır ki, son vaxtlarda regionlarda böyük idmana gələn və müxtəlif yarışlarda Azərbaycanın idman şərəfini qoruyan gənclərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Öz növbəsində Azərbaycan idmançılarının qələbələri ölkədə idmanın inkişafını stimullaşdırır, gənc nəslin idmana daha güclü meyillənməsinə müsbət təsir göstərir. Prezident İlham Əliyev bu baxımdan IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın qazandıqları qələbələrin də istisna təşkil etməyəcəyinə əminliyini ifadə edərək vurğulayıb: “Biz haqlı olaraq öz qələbələrimizlə fəxr edirik, eyni zamanda, sizin nümunəniz, bu Oyunlarda idmançılarımızın qələbələri, əminəm ki, yaxın gələcəkdə idman bölmələrinə uşaqların axınını daha da sürətləndirəcək. Çünki biz hər dəfə növbəti böyük idman qələbəsindən sonra görürük ki, idmanla məşğul olmaq istəyənlərin sayı artır, uşaqlar, yeniyetmələr idman bölmələrinə üz tuturlar, sizin kimi olmaq istəyirlər, sizə oxşamaq istəyirlər. Gənc nəsil, uşaqlar görəndə ki, dövlət idmançıları qiymətləndirir, onları mükafatlandırır, onlara bütün şəraiti yaradır, əlbəttə, idmana daha da böyük maraq olacaq. Bu da nəticə etibarilə Azərbaycan gəncliyinin, xalqının sağlamlığına xidmət göstərəcək”.

Oyunların təşkilinə qatılan bütün qurumların birgə uğurlu fəaliyyəti İslamiadada parlaq qələbəni təmin edib

Bakıda 10 gün ərzində əsl idman bayramına çevrilən Oyunların yüksək səviyyədə keçirilməsindən söhbət açarkən tərkibində böyük heyəti, o cümlədən də könüllüləri birləşdirən komandanın yarışlara məsuliyyətlə hazırlaşdığını xüsusi qeyd etmək lazımdır. İslamiadaya hazırlıq dövründə və Oyunlar ərəfəsində Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar, məşqçilər korpusu, idman mütəxəssisləri, könüllülər və əlbəttə ki, idmançıların özləri bir komanda, bir ailə kimi çalışaraq Oyunların uğurlarını, növbəti parlaq qələbəni təmin ediblər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün təşkilati məsələləri ən xırda detallarına kimi nümunəvi şəkildə həll edib. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin hazırladığı bütün beynəlxalq tədbirlər - 2012-ci ildə “Eurovision” mahnı yarışması, 2015-ci ildə birinci Avropa Oyunları, həmçinin IV İslam Həmrəyliyi Oyunları öz səviyyəsi və yeni mütərəqqi standartları ilə yerli və beynəlxalq idman ictimaiyyətinin yüksək qiymətinə layiq görülüb. Təşkilat Komitəsi öz vəzifə borcunu ləyaqətlə, şərəflə icra edib. Eyni zamanda, Əməliyyat Komitəsi çox fəal işləyib. Birgə səylərlə hazırlanan və yüksək səviyyədə başa çatan İslamiada yaddaşlarda silinməz izlər, xoş xatirələr qoyub. Prezident İlham Əliyev Təşkilat Komitəsinin fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Oyunların keçirilməsində Təşkilat Komitəsinin rolunu xüsusi qeyd etmək istəyirəm. Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görüb, bütün hazırlıq prosesi diqqət mərkəzində idi. Təşkilat Komitəsi ən xırda məsələyə qədər bütün lazımi tədbirləri görüb ki, həm idmançılar, həm də qonaqlar üçün yaxşı şərait yaradılsın. Ölkəmizə minlərlə xarici qonaq gəlmişdi. Mən Təşkilat Komitəsinin işini çox yüksək qiymətləndirirəm...”