Xalq qəzeti.-2017.-25 may.-111.-S.3.

 

Bakı 2017 gərgin məşqlər, həyəcanlı gözləntilər uğur və sevinclərlə başa çatdı

 

İttifaq Mirzəbəyli

 

Bizim son nailiyyətlərimiz də deməyə əsas verir ki, bu qələbə təsadüfi qələbə deyil. Azərbaycan idmançıları 2015-ci ildə Avropa Oyunlarında 56 medal qazanmışlar və komanda hesabında ikinci yerə çıxa bilmişlər. Keçən il Yay Olimpiya Oyunlarında medalların sayı 18-ə çatdı. Bu, bizim Olimpiya Oyunlarında iştirakımızın tarixində ən böyük rəqəmdir və medalların sayına görə Azərbaycan 14-cü, Avropa ölkələri arasında 7-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdə idi. Yəni, bugünkü qələbənin çox möhkəm təməli var və bu, onu göstərir ki, Azərbaycan idmanı inkişaf edir, Azərbaycan dövləti inkişaf edir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

IV İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi nitqin kütləvi informasiya vasitələrində yayıldığı andan etibarən müxtəlif sahələri təmsil edən mütəxəssis və ekspertlərin çoxsaylı və orijinal qiymətləndirmələrini eşidirik. Prezident Azərbaycan idmançılarının və idman təşkilatçılarımızın nəyə qadir olduğunu ən incə detallarına qədər ifadə etdi, O, regionun ən qüdrətli dövlətinin Prezidentinə layiq nitq söylədi kimi qiymətləndirmələrlə yanaşı, Azərbaycan dili gündəlikdəki məsələnin mahiyyətinin çatdırılması üçün necə gözəl imkanlara malik imiş qənaətini də eşitdik.

 

Yəni bu nitq təkcə idman ictimaiyyətimizin, milli uğurlarımıza sevinən dost, qardaş və təəssübkeşlərimizin deyil, eləcə də ana dilimizin, şifahi nitq mədəniyyətimizin təəssübünü çəkən, keşiyində duran mütəxəssislərin də yüksək təqdiri ilə qarşılanırdı. Gənc müstəqil dövlətimizin peşəkar idmançılardan və mütəxəssislərdən ibarət komandasının Türkiyə Cümhuriyyəti, İran İslam Republikası, Misir, İndoneziya, Özbəkistan və Qazaxıstan kimi güclü müsəlman ölkələrinin komandalarını qabaqlayaraq, birinci yeri tutmasından yaranan sevinci dövlət başçımızın nitqinin məzmunu, mündəricəsi və ifadəliliyi kifayət qədər artırırdı. Həmin məqamda hər bir azərbaycanlının ürəyindən özünəməxsus, orijinal fikirlər keçirdi. Fikrimcə, həmin fikirlərin əksəriyyəti bir məqamda kəsişirdi: Azərbaycanı dünya miqyasında güclü idman dövləti kimi tarixə yazan ilk addımların müəllifi məhz ulu öndərimiz Heydər Əliyev olmuşdur.

Bu il aprelin 5-də paytaxtımızdakı Daş Salnamə Muzeyində Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start veriləndə və ya mayın 12-də Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasiminə tamaşa edəndə hamı inanırdı ki, Azərbaycan dünya idman tarixinə yeni standartlar bəxş etmək, idman təşkilatçılığının yeni səviyyəsini formalaşdırmaq ərəfəsindədir. Ancaq heç kəs inanmazdı ki, atletlərimiz bu Oyunlarda 75 dəfə himnimizin səsləndirilməsinə, 162 dəfə isə dövlət bayrağımızın qaldırılmasına nail olacaqlar. Belə düşünməyə əsasımız da var. Çünki Milli Olimpiya Komitəmizin, Gənclər və İdman Nazirliyinin və idman federasiyalarının mətbuat qarşısına çıxan istənilən nümayəndəsi deyirdi ki, əsas hədəfimiz ilk beşliyə düşməkdir. Amma nəticə daha sevindirici oldu.

Dövlət başçımız Bakı 2017-nin nəticələri barədə danışarkən həmin məqamı bu şəkildə ifadə etdi: Bizim idmançılar bu Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq, komanda hesabında birinci oldular. Bu, böyük tarixi qələbədir. Nəzərə alsaq ki, bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və ölkələr ən peşəkar idmançılarını bu Oyunlara göndərmişdilər, əlbəttə, bu qələbənin əhəmiyyəti artır. Əlbəttə, biz hamımız yaxşı bilirik ki, bu qələbə təsadüfi qələbə deyil. Çünki idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında artıq öz güclərini göstərmişlər və Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır.

İnkişaf etmiş ölkələrdə idman həm dövlətə, həm də xalqa böyük qələbə gətirir, deyən Prezident əlavə etdi ki, bu gün Azərbaycanda idman ictimai proseslərin inkişafında xüsusi yer tutur. İdmançılara cəmiyyətdə çox xoş münasibət var. İdmançılara olan hörmət göz qabağındadır və hər bir vətənpərvər Azərbaycan vətəndaşı idmançılarımızın uğurlarını alqışlayır, bu uğurlarla fəxr edir. Hər dəfə bizim bayrağımız qaldırılanda, dövlət himnimiz səslənəndə hər bir vətənpərvər insan qürur hissi keçirir. Bu 10 gün ərzində idmançılarımız xalqımıza qələbə sevinci bəxş etdilər. Bu 10 gün ərzində Azərbaycan cəmiyyəti bir daha birlik, həmrəylik, vətənpərvərlik göstərdi, tribunalarda yarışları izləyən tamaşaçılar böyük coşqu, böyük sevgi ilə sizin qələbələrinizi alqışlayırdılar, sizinlə bərabər buna sevinirdilər, bu qələbə sevincini sizinlə bölüşürdülər.

Bu məqamda bir məsələni xüsusilə qeyd etmək zərurəti var. Belə ki, Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 may tarixli sərəncamında göstərilirdi ki, Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin: Birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat, ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat, üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat. Bu, kifayət qədər yüksək vəsaitdir. Oyunların keçirildiyi günlərdə kütləvi informasiya vasitələri araşdırmalar nəticəsində müqayisəli göstəriciləri paylaşmışdılar. Məlum olmuşdu ki, Azərbaycan nəinki postsovet məkanında, hətta, bütün dünyada medal qazanmış idmançını ən yüksıək səviyyədə mükafatlandıran ölkələrdəndir.

Azərbaycan dövləti bunu nə üçün edir? Çünki bizdə dövlət siyasətinin təməlində insan amili, vətəndaşın sosial rifahının yaxşılaşdırılması, sağlamlığının təmin edilməsi kimi vacib amillər dayanır. İdman isə insan sağlamlığının, xüsusilə ölkənin gələcəyi olan gənc nəslin sağlamlığının rəhnidir. Dövlət başçımız qeyd olunan nitqində bu məsələyə xüsusi əhəmiyyət verildiyini dilə gətirdi: Biz haqlı olaraq öz qələbələrimizlə fəxr edirik, eyni zamanda, bu Oyunlarda idmançılarımızın qələbələri, əminəm ki, yaxın gələcəkdə idman bölmələrinə uşaqların axınını daha da sürətləndirəcək. Çünki biz hər dəfə növbəti böyük idman qələbəsindən sonra görürük ki, idmanla məşğul olmaq istəyənlərin sayı artır, uşaqlar, yeniyetmələr idman bölmələrinə üz tuturlar, sizin kimi olmaq istəyirlər, sizə oxşamaq istəyirlər. Gənc nəsil, uşaqlar görəndə ki, dövlət idmançıları qiymətləndirir, onları mükafatlandırır, onlara bütün şəraiti yaradır, əlbəttə, idmana daha da böyük maraq olacaq. Bu da nəticə etibarilə Azərbaycan gəncliyinin, xalqının sağlamlığına xidmət göstərəcək. Əlbəttə ki, biz idmançılarımızın uğurları ilə fəxr edirik və bu, bizim ölkəmizin şöhrətini artırır. Ancaq, eyni zamanda, bundan az əhəmiyyət daşımayan məsələ idmanın kütləviliyidir. İdman sağlam həyat tərzidir və biz hamımız çox istəyirik ki, Azərbaycanda sağlam həyat tərzi yanaşması üstünlük təşkil etsin. Bu gün bu, belədir, dövlət siyasəti də məhz bu istiqamətdə aparılır və eyni zamanda, sizin qələbələriniz bizim siyasətimizi dəstəkləyir.

Məlumdur ki, hətta ən güclü maddi-texniki baza və ən güclü idmançılardan ibarət komanda hələ yarışlarda hansısa uğura nail olmağa tam əsas verə bilməz. Bunun üçün, eyni zamanda, yüksək peşəkarlığa malik təşkilatçılar heyəti də lazımdır. Dövlət başçımız həmin məqamı yada salaraq dedi: Oyunların keçirilməsində Təşkilat Komitəsinin rolunu xüsusi qeyd etmək istəyirəm. Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görüb, bütün hazırlıq prosesi diqqət mərkəzində idi. Təşkilat Komitəsi ən xırda məsələyə qədər bütün lazımi tədbirləri görüb ki, həm idmançılar, həm də qonaqlar üçün yaxşı şərait yaradılsın. Ölkəmizə minlərlə xarici qonaq gəlmişdi. Mən Təşkilat Komitəsinin işini çox yüksək qiymətləndirirəm və bu, artıq təbii bir haldır. Çünki Mehribanın rəhbərliyi ilə üçüncü beynəlxalq mötəbər yarışma keçirilir 2012-ci ildə Eurovision mahnı yarışması, 2015-ci ildə Avropa Oyunları, - o, birinci Oyunlar idi, Oyunların standartları yox idi və hazırlıq üçün bizim cəmi iki ilimiz var idi, - və bu dəfə İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçirilmişdir. Əlbəttə, bu, onu göstərir ki, Təşkilat Komitəsi öz vəzifə borcunu ləyaqətlə, şərəflə icra edib. Mən Təşkilat Komitəsinin bütün üzvlərinə minnətdarlığımı bildirmək istəyirəm.

Oyunların təşkilatçıları açılış mərasimində göstərdilər ki, İslam dini elm dinidir, mədəniyyət dinidir, sülh dinidir, mərhəmət dinidir. Ona görə də Prezident xatırladır ki, bu Oyunlar, eyni zamanda, İslam həmrəyliyini gücləndirəcək: Mən Oyunlar ərəfəsində demişdim, bizim əsas məqsədimiz ondan ibarətdir ki, müsəlman ölkələrini təmsil edən idmançılar, qonaqlar Bakıda bir yerdə olsunlar, bir-biri ilə tanış olsunlar, bir-birinin əlini sıxsınlar və dostluq, əməkdaşlıq güclənsin. Belə də oldu. Biz bunu yarışlarda gördük ki, bəzi hallarda siyasi cəhətdən bir-biri ilə o qədər də yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırlar.

Bununla yanaşı, qətiyyətlə deməliyik ki, biz bütün bəşəri dəyərlərə xüsusi önəm verərək, çoxmədəniyyətli, tolerant dövlət qurmağımızla fəxr edirik. Dövlət başçımızın dediyi kimi, Azərbaycan, eyni zamanda, müsəlman aləmini Qərb aləmi ilə birləşdirən ölkədir: Təsəvvür edin, iki il ərzində bir ölkədə, bir şəhərdə Avropa və İslam Oyunları keçirilir. Bu Oyunlarda 100-dən çox ölkə iştirak edir. Heç bir başqa ölkə bax, bu nailiyyətlə öyünə bilməz. Haqlı olaraq fəxr edirik ki, biz bunu edə bilmişik. Ölkəmiz həm Qərb dünyasında, həm müsəlman aləmində etibarlı tərəfdaş, dost və qüdrətli dövlət kimi tanınır.