Respublika.-2017.-25 may.-111.-S.9.

 

Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik,
hüquqi və dünyəvi dövlət olmuşdur

 

Elman Rəhimov,

Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi

 

Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır.

 

Heydər Əliyev,

ümummilli lider.

28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. Xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Müsəlman Şərqində ilk respublika - Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini qəbul etdi. Milli Şuranın 24 səslə (iki nəfər - Sultan Məcid Qənizadə və Cəfər bəy Axundov bitərəf qaldı) qəbul etdiyi qərar və altı bənddən ibarət İstiqlal bəyannaməsi, yaxud Misaği-milli (əqdnamə) Azərbaycan millətinin varlığını bütün dünyaya bəyan etdi. Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktı - İstiqlal bəyannaməsinin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu. İstiqlal bəyannaməsində demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmsil edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq, azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi. İstiqlal bəyannaməsini qəbul edən Milli Şura Azərbaycan hökumətini təşkil etməyi bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Cənubi Qafqazın özünü müstəqil elan etmiş üç dövləti - Azərbaycan, Gürcüstan və Ermənistanın nümayəndələri Batumda Osmanlı dövləti ilə danışıqlar apararaq iyunun 4-də ayrı-ayrılıqda müqavilə imzaladılar. Müqaviləni Azərbaycan tərəfindən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.Hacınski imzaladılar. Müqavilənin şərtləri Ermənistan və Gürcüstan üçün çox ağır idi, Azərbaycanla Osmanlı dövləti arasında isə daimi sülh və dostluq münasibətlərini bərqərar edirdi. Nəhayət, 1920-ci il yanvarın 11-də Parisdə Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Yanvarın 14-də bu xəbər Azərbaycana çatdırıldı və parlament onu təntənəli şəkildə qeyd etdi. Bu hadisə münasibətilə ümumi amnistiya elan edildi. Yanvarın 19-da Azərbaycanın və Gürcüstanın rəsmi nümayəndələri Paris Sülh Konfransı Ali Şurasının iclasına dəvət edildilər. Antanta Cənubi Qafqazın yeni dövlətlərini tanımaqla onları xarici təcavüzdən qorumaq üçün öz üzərinə öhdəliklər götürdü. Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasına qədər dövlət quruculuğu sahəsində uzun illər təcrübəsi olmayan xalq qısa bir müddət ərzində normal fəaliyyət göstərən dövlət aparatı yaratmağa, 20- dən çox dövlətlə, o cümlədən Türkiyə, Gürcüstan, Ermənistan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və başqaları ilə baş konsulluq, konsul agentlikləri səviyyəsində əlaqələr qurmağa nail oldu. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruluşu parlamentli respublika idi. Yeni yaranmış dövlət öz fəaliyyəti dövründə türkləşmək, islamlaşmaq və müasirləşmək ideyası uğrunda mübarizə aparırdı. Hökumət Gəncədəki fəaliyyəti dövründə - 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında fərman imzaladı. Azərbaycan dilli savadlı kadrların çatışmazlığı nəzərə alınaraq, dövlət idarələrində müvəqqəti olaraq rus dilindən də istifadə olunmasına icazə verildi. İyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi, noyabrın 9-da isə həmin bayraq üçrəngli - mavi, qırmızı və yaşıl zolaqlardan ibarət olan bayraqla əvəz olundu. 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qərar qəbul olundu. Kənd Təsərrüfatı İnstitutunun yaradılması haqqında qanun qəbul olundu. 1919-cu ilin oktyabrında mətbuat sahəsində senzura ləğv olundu. Azərbaycanın müxtəlif regionlarında kişi və qadın seminariyaları açıldı, dövlətin hesabına yüzə yaxın gənc azərbaycanlı ali təhsil almaq məqsədilə Avropanın universitetlərinə göndərildi. Ticarəti və daxili bazarı dirçəltmək məqsədilə 1918-ci il avqustun 27-də azad ticarət haqqında fərman verildi, oktyabrın 30-da ticarət donanmasının fəaliyyəti bərpa olundu. 1919-cu ilin yayında Azərbaycan Xəzər donanması yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisi 97,3 min kvadratkilometr idi. Gürcüstanla 8,7 min kvadratkilometr, Ermənistanla isə 7,9 min kvadratkilometr həmsərhəd ərazi Azərbaycan hökuməti tərəfindən mübahisəli torpaq sayılırdı. Azərbaycanın əhalisi 2 milyon 862 min nəfər idi ki, onun 70 faizini müsəlmanlar təşkil edirdi. 1920-ci ilin aprelində Denikinin qoşunlarını məğlub edən XI rus ordusu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Həmin günlərdə A.Mikoyan başda olmaqla, Bakı bolşevikləri Azərbaycan xalqı adından XI rus ordusunu Azərbaycana dəvət etdilər. Qabaqcadan razılaşdırılmış plana görə, rus ordusu Bakıda bolşevik qiyamının başlanmasından 1-2 gün sonra Azərbaycana soxulmalı idi. Bununla da dünya ictimaiyyətində belə bir rəy yaradılacaqdı ki, Azərbaycan hökuməti xarici hərbi müdaxilənin deyil, daxili qiyamın qurbanı olmuşdur. Lakin Bakıda qiyam başlanmamış - aprelin 26-dan 27-nə keçən gecə XI ordu hissələri Azərbaycan ərazisinə daxil olub Bakıya doğru irəliləməyə başladılar. Sərhəd qüvvələrindən ibarət azsaylı Azərbaycan ordu hissələri düşmənə müqavimət göstərə bilmədi. Sovet Rusiyasının Azərbaycana əsl münasibətini V.İ.Leninin 1920-ci il martın 17-də Qafqaz Cəbhəsi Hərbi-İnqilab Şurasının üzvləri Smilqa və Orconikidzeyə göndərdiyi teleqram dolğun əks etdirir: Bakını zəbt etmək bizə olduqca və olduqca zəruridir, bütün səylərinizi buna verin. 1918-ci il may ayının 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsi xalqımızın tarixində və taleyində çox mühüm siyasi hadisə idi.

Azərbaycan Demokratik Respublikasının elan edilməsi milli tariximiz üçün çox əhəmiyyətlidir. Hər şeydən əvvəl ona görə ki, millətimizin şərəfi xilas edildi və böyük bir təhlükədən qurtulduq. O zaman Rusiyada baş vermiş inqilablar imperiyanı dağıtmışdı. Belə bir şəraitdə ya öz müstəqilliyini elan edib milli dövlətini yaratmalı, ya da hansısa dövlətin müstəmləkəsinə çevrilməli idik. Yeganə yol Azərbaycan Demokratik Respublikasının elan edilməsi idi. XIX əsrin əvvəllərində itirilmiş milli-dövlətçiliyin bərpası faktı millətin taleyində mühüm hadisə kimi təqdirəlayiq idi. ADR qısa vaxtda öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan demokratik respublikaya çevrildi. Tarixi faktlar da təsdiqləyir ki, Azərbaycan Demokratik Respublikası bu dövrdə yaranmış milli respublikalar içərisində ən demokratik dövlət idi. Azərbaycanda yaşayan bütün xalqlar və siyasi partiyalar parlamentdə təmsil olunurdu. Digər tərəfdən ADR ənənəvi tarixi ərazilərimizə sahib durmuşdu. Eyni zamanda Azərbaycanın milli sərvətlərindən xalqımızın mənafeyinə uyğun istifadə edilirdi. ADR-in müstəqilliyinin elan olunmasından 23 ay sonra - 1920-ci ilin aprelində xarici təcavüz nəticəsində beynəlxalq münasibətlərə və beynəlxalq hüquqa zidd olaraq dünya ölkələri tərəfindən tanınmış suveren dövlət - Azərbaycan Demokratik Respublikası zorla, silah gücünə devrildi. Hakimiyyət rus imperiyası tərəfindən qəsb edildi. Buna baxmayaraq, Şərqdə ilk müstəqil müsəlman dövlətinin yaradılması xalqımızın yaddaşına əbədi həkk oldu.

1991-ci ildə Sovet İmperiyası çökmə həddinə çatdı. Azərbaycan həmin ilin oktyabrın 18-də öz müstəqilliyini bərpa etdi. 1993-cü ilin may-iyun aylarında səriştəsiz idarəetmə nəticəsində ölkədə siyasi böhranın son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ilin yayında tarixi xilaskarlıq missiyasını öz üzərinə götürməsi Azərbaycan Respublikasını AXC-nin varisi elan etməsi və bu missiyanı müdrikliklə reallaşdırması müstəqillik tariximizin öz dəyərini heç zaman itirməyəcək səhifələrindən birini təşkil edir. Bir tərəfdən ölkə daxilində ictimai-siyasi sabitliyin böhran halına çatması, bir tərəfdən erməni hərbi təcavüzünün genişlənməsi, digər tərəfdən də Azərbaycanın ərazi bütövlüyünün qarantı olacaq milli ordu daxilində özbaşınalıq və parçalanmalar və digər məqamlar müstəqil dövlət quruculuğunu, ən başlıcası, müstəqilliyin özünün qorunmasını çox ciddi çətinliklər qarşısında qoymuşdu. Belə bir mürəkkəb şəraitdə böyük siyasi xadim, müdrik dövlət rəhbəri yorulmaz və səmərəli fəaliyyəti ilə ölkəni bu vəziyyətdən çıxardı və Azərbaycanın müstəqilliyini dönməz və əbədi etdi.