Xalq qəzeti.-2017.-25 may.-111.-S.8.

 

Cümhuriyyət dövründə AzərbaycanErmənistan münasibətləri:
İkitərəfli danışıqlar təcrübəsi

 

Azərbaycan Xalq Cümhuriyyəti 100

 

Firdovsiyyə Əhmədova,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

tarix kafedrasının müdiri, Əməkdar müəllim

 

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında 16 may 2017-ci il tarixli sərəncamı ziyalılar, alimlər, ictimai-siyasi xadimlər, ictimaiyyətin nümayəndələri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd ediləcək, elmi-kütləvi tədbirlər keçiriləcək. Sərəncamda qeyd olunur ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

 

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən, xüsusilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra respublikada uğurla həyata keçirilən daxili və xarici siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytardı, müstəqilliyimizi əbədi etdi. Bundan sonra ölkədə demokratik ənənələr bərpa olundu, müstəqil dövlətimizin beynəlxalq aləmə inteqrasiyası getdikcə geniş vüsət aldı.

Azərbaycan Xalq Cümhuriyyəti qısa ömür yaşasa da, daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. XX yüzilliyin əvvəllərində ənubi Qafqaz respublikaları arasında ərazi iddiaları zəminində baş vermiş müharibələr, zorakı təhdid prosesləri həm də qarşılıqlı danışıqlar çərçivəsində keçirilən görüşlərlə müşayiət olunurdu. 1918-ci ilin may ayından başlayaraq, Azərbaycan Cümhuriyyəti qonşu respublikalarla dinc yanaşı yaşamaq prinsipinə riayət edirdi. Bu baxımdan, 1919-u il bağlanmış iki müqavilə ilə əlamətdardır: iyunun 16-da Azərbaycan və Gürcüstan respublikaları arasında hərbi müdafiə sazişi və noyabrın 23-də Ermənistan hökumətinin başçısı ilə Azərbaycanın Baş naziri arasındakı saziş. Tiflisdə bağlanmış bu saziş 5 bənddən ibarət idi. Ermənistan və Azərbaycan hökumətləri qarşılıqlı razılaşmalar və öhdəliklər formasında şərtlərə imza atmışdılar. Tərəflər aralarında baş verən toqquşmalara son qoymalı idilər. Rahat, əmin-amanlıqla istifadə üçün Zəngəzura gedən yolların bərpa olunması və açılması nəzərdə tutulurdu. Bu məqsədlə hər iki hökumət əməli tədbirlər görməkdə razılığa gəlirdi.

Sazişin buikinci bəndi sənədin başlıa mahiyyətini təşkil edirdi. Həmin dövrdə, yəni 1919-cu ilin sonlarında Zəngəzurda erməni yaraqlılarının azğınlığı, törətdikləri qətliamları müsəlman əhalisinin kütləvi qırğını, onların yaşadığı kəndlərin məhv edilməsi ilə nəticələnmişdi.

Azərbaycan Cümhuriyyətinin hökumət başçısı Nəsib bəy Yusifbəyli 1919-cu il noyabrın 17- də müttəfiq dövlətlərin Cənubi Qafqazdakı ali komissarının müavini, polkovnik Ceyms Reyə məlumatında bildirirdi ki, erməni hökuməti müttəfiqlərin komandanlığı qarşısında öhdəliyini yerinə yetirmədi, əksinə, qiyamçı hərəkatı dəstəkləmək və gücləndirmək üçün öz nizami qoşunlarını Zəngəzur qəzasına göndərdi. Belə olduqda, Azərbaycan hökuməti bölgədə qayda-qanunu bərpa etmək məqsədilə Qarabağ general-qubernatoruna hərbi kömək göstərməyə məcbur olmuşdu. Baş nazir bildirirdi ki, Azərbaycan hakimiyyətinin məqsədi Zəngəzurda müsəlman kəndlərinin məruz qaldığı qırğınların qarşısını almaq, evsiz eşiksiz 60 min müsəlman qaçqınını öz ocaqlarına qaytarıb, qayda- qanunu bərpa etməkdir. N.Yusifbəyli noyabrın 20- də C.Reylə və erməni hökumətinin başçısı Xatisovla görüşməyə hazır olduğunu göstərir və erməni nümayəndələrinin Bakıya, konfransa gəlişini gözlədiyini diqqətə çatdırırdı.

Bu fikirləri xarici işlər naziri Məmməd Yusif Cəfərov Paris Sülh Konfransında Azərbaycan heyətinin sədri Əlimərdan bəy Topçubaşova göndərdiyi məlumatda ayrıca bölmə şəklində səciyyələndirmişdi. 1919- cu ilin oktyabr-noyabr ayları üçün Azərbaycan Cümhuriyyətinin xarici siyasətinin və Qafqazdakı hadisələrin xülasəsini göndərən nazir erməni hökumətinin Zəngəzurdakı vəziyyətin Qarabağda olduğu kimi, onun xeyrinə dəyişməyəcəyindən ehtiyat edərək, məsələnin həllini yubatmaq istəyini bildirirdi. Qeyd edirdi ki, Ermənistan rəhbərliyi hərbi əməliyyatları dayandırmaq xahişi ilə Azərbaycan hökumətinə təsir göstərmək barədə gürcü hökumətinə müraciət etmişdir. Yaranmış vəziyyəti müzakirə edərək, münasibətləri kəskinləşdirmək istəməyən Azərbaycan hökuməti Zəngəzurun Azərbaycanın ayrılmaz hissəsi olduğu barədə bütünlüklə özünün əvvəlki mövqeyində qalmaqla müvəqqəti olaraq qoşunlarını Zəngəzurdan çıxarmağı qərara almışdı. Bu məsələ ilə əlaqədar N.Yusifbəyli Xatisovla danışıqlar üçün Tiflisə yola düşmüşdü.

Respublikalar arasında müxtəlif mühüm məsələləri həll edib nizama salmaq üçün Ermənistanın Azərbaycandakı diplomatik nümayəndəsi T.A.Bekzadyanla Azərbaycanın xarici işlər naziri M.Y.Cəfərov arasında danışıqlardan sonra Azərbaycan-Ermənistan konfransının çağırılması təklifi rəsmiləşmişdi. Konfrans ərəfəsində N.Yusifbəylinin Tiflisdə Xatisovla apardığı danışıqların nəticəsi respublikalar arasında sülh sazişinin bağlanması oldu. Hər iki hökumət sərhədlər məsələsi də daxil olmaqla, bütün mübahisəli məsələləri sülh yolu ilə həll etmək öhdəliyi götürürdü. Sülhlə razılığa gəlmək mümkün olmadıqda, hər iki hökumət münsiflər məhkəməsi sifətilə neytral şəxs seçməyə, onun qərarlarını özləri üçün məcburi qaydada qəbul etməyə razılıq verirdilər. Həmin zamanda belə neytral şəxs kimi Birləşmiş Ştatlar ordusunun polkovniki Ceyms Rey hesab edilirdi.

Sazişin 4-cü bəndi konfransın keçirilməsi qaydaları ilə bağlı idi. Hər iki hökumət konfransa bərabər sayda nümayəndələri yubanmadan təyin etməli idilər. Tədbirin 1919-cu il noyabrın 26- da Bakıda keçirilməsi nəzərdə tutulurdu. Konfransın iclasları dekabrın 4-dən Tiflisdə davam etdirilməli idi. Hər iki hökumət arasında mübahisələrə, yaxud ixtilaflara səbəb olan bütün məsələlər konfransda müzakirə olunmalı idi. Konfrans bu məsələləri razılaşma, yaxud, arbitraj yolu ilə həll etmək səlahiyyətinə malik idi. Qeyd edilirdi ki, saziş imzalandığı gündən etibarlı sayılır, hər iki dövlətin parlamentləri sənədi ratifikasiya etdikdən sonra qüvvəyə minir. Hökumət başçıları sazişi imzalamaqla öz hökumətlərinin üzərinə sazişin bütün qərarlarını dəstəkləmək və yerinə yetirmək öhdəliyi qoyurdular. Saziş ingilis və rus dillərində üç nüsxədə tərtib olunmuşdu. Hər dil üzrə 1 nüsxə müttəfiqlərin ali komissarın nümayəndəsınə və hər iki hökumətin sədrlərinə təqdim olunurdu. Sazişin imzalanmasında Gürcüstan Respublikasının xarici işlər naziri Y.P.Geqeçkori və Birləşmiş Ştatlar Ordusu Baş Qərargahının polkovniki, eyni zamanda, müttəfiqlərin ali komissarının müavini C.Rey iştirak edirdilər.

Sazişin bağlanması prosesi, götürülən ciddi öhdəliklər ona əməl olunmasının məsuliyyətini də müəyyənləşdirirdi. Lakin bir neçə gün sonra noyabrın 29- da Azərbaycanın xarici işlər naziri M.Y.Cəfərov Ermənistan Respublikasına nota vermək məcburiyyətində qalır. Alınmış məlumatlara görə, Ermənistan hökumətinin qoşunları Zəngəzur qəzasında altı kəndi darmadağın etmiş, xeyli insanı öldürmüş, digər müsəlman kəndlərini mühasirəyə almış, Dərələyəz qəzasında müsəlman kəndlərində 300 kişi qətlə yetirilmiş, 30 qadın əsir götürülmüşdü. Erməni nizami qoşunlarının göstərilən istiqamətlərə göndərilməsinin davam etməsi haqqında məlumatlar var idi. Azərbaycan hökuməti qoşunların göndərilməsinin və müsəlman kəndlərinin dağıdılmasının dərhal dayandırılması üçün Ermənistan hökumətindən təcili tədbirlər görməsini tələb edirdi. Azərbaycan və Ermənistan respublikaları arasındakı sazişə əməl edilməməsi rəsmi yazışmalarda təsdiqini tapmışdır.

1919- cu ilin dekabrında N.Yusifbəyli Cənubi Qafqazda müttəfiqlərin Ali Komissarı, polkovnik V.Haskelə teleqram göndərərək, erməni nizami qoşunlarının Zəngəzur müsəlmanlarını məhv etməkdə davam etdiyini yazırdı. Bir çox kəndin yandırıldığı, müsəlman əhalinin qılıncdan keçirildiyi, erməni nizami hərbi qüvvələrinin əməliyyatlarını Zəngilan rayonuna keçirib dekabrın 9-da 3 kəndi məhv etdiyi xəbər verilirdi. 23 noyabr sazişinə görə, Azərbaycan hökuməti öz qoşunlarını Zəngəzurdan geri çağırmış, burada bir əsgəri belə qalmamışdı. Erməni hərbi hissələri isə top-tüfəng ehtiyatlarını artıraraq, müsəlman əhaliyə divan tutmaqda daha artıq fəallıq göstərməkdə idilər. N.Yusifbəyli Tiflisdə keçirilmiş müşavirə zamanı bildirmişdi ki, Zəngəzur əhalisinin erməni hissəsində top-tüfəngin qalması yenidən qırğınları davam etdirməkdən çəkinəcəklərinə təminat vermir. Baş vermiş sonrakı proseslər onun haqlı mövqeyini bir daha təsdiqləmiş oldu.

Azərbaycanın hökumət başçısı V.Haskeldən xahiş edirdi ki, Zəngəzurdakı erməni dəstələrindən top-tüfənglərin yığışdırılması üçün 5 gündən gec olmayaraq, Zəngəzur qəzasına amerikalı zabitlərdən ibarət komissiya göndərilsin. Tədbir görülməyəcəyi təqdirdə Azərbaycan hökuməti evsiz- eşiksiz qaçqınların qanının axıdılmasına, davamlı iztirablarına seyrçi qalmayacağını, öz vətəndaşlarının əbəs yerə qurban verilməsinə dözməyəcəyini və bütün baş verən qanlı əməllərin günahkarlarını Zəngəzurda birgə yaşamaq prinsiplərinə əməl etməyin zəruriliyini dərk etməyə vadar edəcək müvafiq tədbirlər görmək məcburiyyətində olacağını V.Haskelin diqqətinə çatdırmışdı.

Azərbaycan hökumətinin qətiyyətli mövqeyi müttəfiqlərin Cənubi Qafqazdakı ali komissarını müvafiq tədbir görməyə yönəltdi.V.Haskel Ermənistan hökumətindən dərhal hərbi hissələrini Zəngəzurdan geri çağırmağı tələb etmişdi. Bu barədə Azərbaycanın xarici işlər naziri M.Y.Cəfərov V.Haskel tərəfindən məlumatlandırılmış, həmçinin Qarabağ general qubernatoru X.Sultanovun Haskelə göndərilmiş teleqramı da onun tərəfindən Ermənistanın hökumət başçısına ünvanlanaraq, əlavə edilmişdi ki, Əgər bu ittihamların düzgünlüyü təhqiqatdan sonra təsdiqlənərsə, bu, Ermənistanın gələcəyi üçün ən güclü zərbə olacaqdır.

Azərbaycan hökuməti qonşu Ermənistan Respublikası ilə məsələləri nizamlamaq üçün nəzərdə tutulmuş müştərək konfransda iştirak edəcək nümayəndələrini müəyyənləşdirdi. Dövlət Müdafiə Komitəsinin qərarı ilə 1919-cu il dekabrın 9- da Fətəli xan Xoyski, Məmməd Həsən Hacınski və doktor Məmməd Rza bəy Vəkilov konfransda Azərbaycan heyətinin üzvləri təyin olundular. Azərbaycan Ermənistan konfransı 1919-cu il dekabrın 14- də Bakıda işə başladı.

Konfransın ilk iclasını Azərbaycanın xarici işlər naziri M.Y.Cəfərov açdı. O, giriş sözündə konfransın həll etməli olacağı məsələlər içərisində ərazi məsələsinin başlıca yer tutduğunu vurğuladı. Hər iki tərəfin nümayəndə heyətinin tərkibi açıqlandı və konfransın respublikalar tərəfindən sədrləri kimi, Fətəli xan Xoyski və Arutyunyants olduğu diqqətə çatdırıldı.

İlk gün konfransa sədrlik etmiş F.Xoyski ətraflı giriş sözündən əlavə, Qafqaz respublikaları arasındakı münasibət, istiqlal ideyasının gerçəkləşməsi naminə birgə mübarizə zərurətindən bəhs etdi. Arutyunyants öz növbəsində Azərbaycan xalqını salamladı, hər iki xalqın bir-biri üçün qarşılıqlı əhəmiyyət daşıdığını, xüsusən, iqtisadi məsələlərdə buna ehtiyac duyulduğunu qeyd etdi. Sonra F.Xoyski konfransa ünvanlanmış təbrik teleqramlarını səsləndirdi. V.Haskelin, Gürcüstanın Azərbaycanda diplomatik nümayəndəsi Alşibayanın, Erməni Milli Şurasının, Azərbaycan Parlamentindəki Daşnaksütyun fraksiyasının teleqramları oxundu. Ermənilərin teleqramlarında türk və erməni xalqları arasında dinc birgəyaşayış, dostluq münasibətləri məsələləri vurğulanmışdır.

Konfransın açılışı ərəfəsində, Ermənistan hökuməti 1919- cu il oktyabrın 7- də Azərbaycan hökumətinə nota göndərərək, müzakirə üçün zəruri bildiyi məsələləri qeyd etmişdir: Respublikalar arasında müvəqqəti sərhəd (demarkasiya) xətlərinin qurulması, qaçqınlar məsələsi, ticarət və dəmiryolu konvensiyalarının bağlanması məsələsi və konfransın lazımlı hesab etdiyi qalan bütün məsələlər.

Azərbaycan tərəfi cavab notasında müvəqqəti demarkasiya xətləri əvəzində hər iki respublika arasında bütün sərhəd mübahisələrinin qəti həlli məsələsinin müzakirəyə qoyulmasını zəruri sayırdı. Konfransın xüsusi müşavirəsi növbəti rəsmi iclasda həll edilməli məsələlərin siyahısını işləyib hazırlamalı idi. Azərbaycan və Ermənistan heyətlərinin sədrləri növbəli qaydada konfransın işinə sədrlik etməli idilər.

Dekabrın 15, 17, 19- u tarixlərində konfrans üzvlərinin xüsusi iclasları keçirilmişdir. Azərbaycan nümayəndələri müzakirə üçün əlavə məsələlər irəli sürmüşdülər: Ermənistanda Azərbaycan və Azərbaycanda erməni təbəələrinin məhkəmə-hüquq münasibətləri haqqında, Azərbaycan və Ermənistanın müxtəlif şəhərlərində konsul agentlərin təsis edilməsi, Cənubi Qafqazın üç respublikasının konfederasiyası haqqında.

Azərbaycan nümayəndələri F.Xoyski və M.H.Hacınski ilk növbədə ərazi məsələlərinin müzakirəsini vacib saymışdılar. Arutyunyants isə, hər şeydən əvvəl, maliyyə-iqtisadi xarakterli məsələləri müzakirə və həll etməyə səy göstərirdi. Erməni nümayəndələr müvəqqəti demarkasiya xəttinin qurulmasında maraqlı idilər. Bunu ərazisərhəd müəyyənləşdirilməsində psixoloji zəmin mərhələsi kimi qiymətləndirirdilər.

Azərbaycan heyəti Cənubi Qafqaz Konfederasiyasının təmin ediləcəyi zaman ərazi məsələsinin də öz həllini tapacağını əsaslandırırdı. Bu məsələnin müzakirə edilməsi üçün erməni heyəti özünü səlahiyyətli hesab etmirdi. Məsələnin qoyuluşu ətrafında müzakirələr xeyli uzandı. Konfransın Bakıda keçirilmiş sonuncu21dekabr tarixli iclasında konfederasiya haqqında məsələnin, həmçinin qoyulmuş digər məsələlərin Tiflisdə davam etdiriləcək konfransda müzakirə olunması nəzərdə tutulurdu. Konfransın ən mühüm yekunu iki qonşunun dinc birgəyaşayış niyyətli olduğuna əminlik ifadə edilməsi idi. Lakin məhz həmin il dekabrın son ongünlüyündə, konfransdan az sonra erməni hərbi hissələrinin Ermənistandakı müsəlman əhalisinə divan tutmasını ifadə edən teleqramlar davam edirdi.

1919-cu il 23 noyabr tarixli sazişin bağlanması, Bakıda keçirilmiş birgə konfrans ikitərəfli danışıqlar təcrübəsi kimi təqdir edilmiş olsa da, mahiyyət etibarilə, münasibətlərin normal məcraya düşməsi ilə nəticələnmədi. Əksinə, erməni siyasətçiləri və hərbçiləri diplomatik danışıqlar pərdəsi altında qonşu ərazilərə iddiaları Ermənistan Respublikası daxilində və xaricindəki müsəlmanlara qarşı hərbi təcavüzü davam etdirməkdə idi.

Qarabağda 1920-ci ilin yazında erməni qiyamı Ermənistan hökumətinin həyata keçirdiyi Azərbaycan Cümhuriyyətinin devrilməsi prosesində məşum rolunu oynamış qanlı aksiya oldu.