İki sahil.-2017.-24 may.-¹ 91.-S.11.

 

SAĞ OL, BAKI! Görüşənədək, İstanbul!

 

Xuraman İsmayılqızı

 

Azərbaycanın idman tarixinə zəfər, dostluq, qardaşlıq bayramı kimi yazılan IV İslam Həmrəyli Oyunlarına ev sahibliyi edən ölkəmiz növbəti şərəfli missiyanı ləyaqətlə yerinə yetirdi. I Avropa Oyunlarında 56 medal qazanmaqla ikinci yerə yüksələn Azərbaycan idmançıları İslamiadada birincilik qazanmaqla dörd qitəni təmsil edən idmançılar arasında güc və qətiyyətini nümayiş etdirdi. Avropada keçirilən ilk oyunların standartları Azərbaycanda yazıldı.

Təmsil olunan ölkələrin və iştirakçıların sayına görə əvvəlki yarışlardan fərqlənən IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Azərbaycan bu baxımdan da diqqəti cəlb edir. Prezident İlham Əliyevin idmana, gənclərin fiziki tərbiyəsinə göstərdiyi diqqət və qayğının nəticəsi kimi 54 ölkə arasında qazanılan 75 qızıl, 50 gümüş, 37 bürünc medal çəkilən zəhmətin, fədakarlığın bəhrəsi kimi hamını heyran etdi.

Artıq o həyəcanlı, mübarizələrlə dolu günlər arxada qaldı. Yalnız müsəlman ölkələrini deyil, bütün dünya xalqlarını birlik və həmrəyliyə çağıran, İslamın mütərəqqi din olduğunu göstərən IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri əsrarəngiz gözəlliyi, cəlbediciliyi ilə uğurlarımıza sevinənləri qürurlandırdı, mənfur niyyətli  bədxahlarımızı kədərləndirdi.

Ən çətin, məsuliyyət tələb edən Oyunların yüksək səviyyədə təşkilində fədakarlıq göstərən Azərbaycanın Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin bütün üzvlərinin birgə səyi ilə Oyunlara yüksək səviyyədə hazırlıq görülmüş, ən incə detallar belə nəzərə alınmışdı. Bakının 16 idman arenası ötən on gün ərzində tam qüsursuz fəaliyyət göstərdi və yaradılan şərait həm idmançıların, həm də tamaşaçıların ürəyincə oldu. Əminliklə demək olar ki, Bakıda keçirilən Oyunlar İslamiadanın tarixinə möhtəşəm idman bayramı kimi yazıldı. Bu səbəbdən də Azərbaycan xalqının rifahı, ölkəmizin dünyada tanıdılması naminə hər cür əziyyətə qatlaşan Prezident İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya el məhəbbəti, xalq etimadı sonsuzdur.

Ölkəmizdə, xüsusilə bölgələrdə gənclərin idmana marağını artırmaq üçün inşa olunan Olimpiya -sağlamlıq kompleksləri, Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Beynəlxalq Atıcılıq Mərkəzi, Su İdmanı Sarayı həm də gözəl memarlıq nümunələridir.

Qlobal əhəmiyyətli məsələlərin müzakirə olunduğu Azərbaycanda keçirilən beynəlxalq forumlar, konfranslar ölkəmizi Şərq ilə Qərbi birləşdirən körpü, sivilizasiyalararası dialoq mərkəzi kimi tanıtdırsa da idmanın müxtəlif növləri üzrə keçirilən birinciliklər, olimpiadalar,  Oyunlar iştirakçı sayına görə daha çox olur. Bu cür möhtəşəm tədbirlərə ev sahibliyi etmək Azərbaycanın siyasi, iqtisadi qüdrətinin, tolerantlıq təcrübəsinin təbliği baxımından da əhəmiyyətlidir.

İslam Oyunlarının keçirilməsi ölkəmizin nadir şəraitini əks etdirməklə xalqımızın tarixini və multikulturalizm təcrübəsinin zənginliyini göstərir. Bu zənginlik Avropa və İslam Oyunlarında təcəssümünü tapdı. İslam həmrəyliyini gücləndirən Oyunlar bütün dünyaya bir daha göstərdi ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. İslam aləminin ayrılmaz parçası olan Azərbaycan  dünyaya göstərdi ki, qədim Odlar Yurdu böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir. Təkcə əraziləri birləşdirən coğrafi körpü deyil, eyni zamanda mədənəiyyətlərarası əməkdaşlıq  körpüsüdür. Avropa və İslam Oyunlarının Bakıda keçirilməsində də məqsəd Azərbaycanın multikultural cəmiyyət kimi əldə etdiyi uğurları beynəlxalq səviyyədə təbliğ etməkdir.

İslamiada həqiqi mənada, əsl idman və həmrəylik bayramına çevrildi, maraqlı və parlaq qələbələrlə yadda qaldı. İdmançılarımızın qazandığı 75 qızıl medal respublikamıza İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazandırdı. Yarışların keçirildiyi 16 idman arenasında Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı. Oyunların təşkilini yüksək qiymətləndirən İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləzizin “Azərbaycan paytaxtında möhtəşəm idman və dostluq bayramı başa çatır. Bakı İslam ölkələrinin atletlərinə bacarıqlarını nümayiş etdirmək, dörd qitədən gəlmiş insanlara birlik və anlaşma ruhunda qarşılıqlı əlaqələri qeyd etmək məqsədilə gözəl şəraiti təmin etdi. Bu əlamətdar İslam Həmrəyliyi Oyunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Birinci vitse-prezident və “Bakı-2017””nin Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın və onun Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan heyətinin fəaliyyəti sayəsində qonaqpərvər ev sahibinin səyləri ilə mümkün oldu. İslam Həmrəyliyi İdman Federasiyası adından Bakı sakinlərinə və Azərbaycan xalqına göstərdikləri fədakarlığa və çox böyük qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Biz sizi 2021-ci ildə İstanbulda keçiriləcək Oyunlarda yenidən görməyi səmimiyyətlə arzulayırıq”” sözləri Oyunların təşkilində çəkilən bütün zəhmətlərə verilən qiymət idi.

Bu mütəşəkkillik gələn ay Bakıda keçiriləcək Formula-1 yarışında 2017-ci ildə qadınlar arasında Avropa voleybol çempionatında və 2020-ci ildə UEFA-nın Avropa çempionatının dörddəbir final oyunlarında və üç qrup qarşılaşmasında hiss olunacaq,  bütün dünyanın diqqəti  yenidən  Odlar Yurdu Azərbaycana yönələcək”.

54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə heyəti yarışların sağlam rəqabət ruhunda təşkili üçün yaradılan şəraitdən razılıqlarını bildirdilər.

İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycan idmançıları xalqımızı parlaq qələbələri ilə sevindirərək, yarışları birinci pillədə başa vurublar. Hamıdan çox qızıl medal qazanan atletlərimiz 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci olublar. Millimizin aktivinə ən çox medalı cüdoçularımız qazandırıb. Onlar, ümumilikdə, 26 medal - 11 qızıl, 12 gümüş və 3 bürünc əldə ediblər. Qazanılan uğurda güləşçilərimizin (23 medal) və gimnastlarımızın (20 medal) da böyük payı var. 195 medal qazanan Türkiyə idmançılarının  ikinci yeri tutması iki qardaş ölkələrimizin dövlət bayraqlarının növbəti dəfə qoşa dalğalanmasına imkan yaratdı. İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn beşinci (21 medal) yerdə qərarlaşıb. Ümumilikdə yarışlarda 40 ölkənin idmançıları 1600 medal qazanıblar. Bağlanış mərasimində diqqət çəkən səhnələr 1500 könüllünün, Azərbaycanın tanınımış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə canlandırıldı.

Açılış və bağlanış mərasimlərində Azərbaycan xalq nağıllarının əfsanəvi obrazlarının, xalqımızın milli mənəvi dəyərlərini əks etdirən elementlərin, ölkəmizin bir çox təbii və memarlıq abidələrinin - Şəki Xan Sarayı, Qobustan Milli Qoruğu, Şirvanşahlar Sarayı, Qız Qalası və Heydər Əliyev Mərkəzinin canlanması ölkəmizin möhtəşəmliyini diqqətə çatdırdı. Əfqanıstan, Albaniya, Əlcəzair, Bəhreyn, Banqladeş, Benin, Bruney, Burkina-Faso, Kamerun, Çad, Komor Adaları, Kot d’İvuar, Cibuti, Misir, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qayana, İndoneziya, İran, İraq, İordaniya, Qazaxıstan, Qırğızıstan, Livan, Malayziya, Maldiv, Mali, Mavritaniya, Mərakeş, Mozambik, Niger, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Seneqal, Sierra-Leone, Somali, Surinam, Suriya, Tacikistan, Toqo, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Yəmən və Azərbaycan idmançılarının iştirak etdiyi yarışlarda qazanan dostluq, birlik,  həmrəylik oldu.

İslamiadanın bağlanış mərasimində çıxış edən Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın vurğuladığı kimi, Azərbaycan növbəti tarixi qələbəyə imza atdı, 10 gün ərzində İslam aləminin idmançıları idman, dostluq və birliyin möhtəşəm təntənəsi çərçivəsində bir araya gəldilər. Onların mübarizliyi və fədakarlığı həqiqətən valehedici oldu: “ Dördüncü İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bütün İslam dünyasının Azərbaycana və Azərbaycan xalqına olan hörmət və dəstəyinin təzahürüdür. Əminəm ki, 50-dən çox ölkəni təmsil edən idmançılar və paytaxtımızın qonaqları Azərbaycanla bağlı xoş xatirələri öz qəlblərində qoruyub saxlayacaqlar.

Bu günlər ərzində Azərbaycan xalqı qonaqpərvərliyini və mehribanlığını bir daha nümayiş etdirdi. Azərbaycan göstərdi ki, o, böyük idman dövlətidir. Milli komandamız ümumi hesabda birinci yeri qazandı. Bu tarixi qələbə ilə fəxr edir və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bundan da böyük qələbə bu günlər ərzində nail olduğumuz İslam aləminin həmrəyliyi və birliyinin təntənəsidir. Gəlin, hamımız bu birliyi qoruyaq, İslam həmrəyliyini gücləndirək. Qoy, Allah bütün müsəlmanları qorusun!”

“Azərbaycanın milli komandası 162 medal, o cümlədən 75 qızıl medal qazanaraq, medallar cədvəlində birinci yer tutaraq, bizi bir daha fərəhləndirdi. Azərbaycan idmançıları, sizin fədakarlığınız və ustalığınız həmvətənlərimizi ilhamlandırmaqda davam edir və gələcək nəslə ən parlaq nümunə kimi xidmət edəcək” söyləyən Təşkilat Komitəsinin sədri  Mehriban xanım Əliyevanın vurğuladığı kimi, fərəhləndiricidir ki, Azərbaycan xalqlar arasında dostluq ruhuna dəstək verdi. Birinci Avropa Oyunlarında ilk təcrübə kimi qonaqları heyrətləndirən könüllülərin fədakarlığı İslam Həmrəyliyi Oyunlarında da diqqəti çəkdi. “ Əgər atletlər “Bakı-2017””nin döyünən ürəyidirsə, siz bu Oyunların geniş qəlbi idiniz. Siz dünyaya səmimiyyətinizi və iradənizi göstərdiniz. Mən gördüyünüz işlərə görə hər birinizə olduqca minnətdaram” sözləri ilə könüllülərin xidmətlərini yüksək dəyərləndirən Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva 2021-ci ildə V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək Türkiyə xalqına uğurlar arzuladı.

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasser yarışların yüksək səviyyədə keçirilməsini təmin edən Azərbaycan dövlətinə, Təşkilat Komitəsinə minnətdarlığını bildirərək vurğuladı ki, Bakı dövlətlərimizin atletlərinə bacarıqlarını nümayiş etdirmək, dörd qitədən gəlmiş insanlara birlik və anlaşma ruhunda qarşılıqlı əlaqələrimizi qeyd etmək məqsədilə yaradılmış gözəl şəraitləri təmin etdi: “Bu əlamətdar İslam Həmrəyliyi Oyunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017””nin Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın və onun Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan heyətinin fəaliyyəti sayəsində qonaqpərvər ev sahibinin səyləri ilə mümkün oldu.”

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasser  Oyunların bayrağını Türkiyə Respublikasının gənclər və idman nazirinin müavini, “İstanbul-2021”” İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim etdi. Azərbaycanı dünyada şöhrətləndirən daha bir mötəbər tədbir uğurla başa çatdı. On gün ərzində dostlaşan, qələbələrini İslamın təntənəsi kimi dəyərləndirən idmançılar İstanbulda görüşmək arzusu ilə xoş təəssüratla ayrıldıqları Bakıya “əlvida” dedilər.