Azərbaycan.-2017.-25 yanvar.-16.-S.6.

 

Əsl bakılı kimdir?

 

Şollar-Bakı su kəmərinin tarixi bu suala nə cavab verir

 

Solmaz RÜSTƏMOVA-TOHİDİ

 

Şollar-Bakı su kəməri layihəsinin meydana gəlməsi və onun həyata keçirilməsinin çox maraqlı tarixi var. Belə ki, su məsələsi şəhərin təsərrüfat həyatının sadəcə bir sahəsi olmayıb, XIX əsrin sonları-XX əsrin əvvəllərində Bakının ictimai-iqtisadi və siyasi mühitini bütün ziddiyyətləri ilə tam şəkildə əks etdirirdi. Bu tarixi xüsusilə maraqlı edən amillərdən biri isə şəhərin su probleminin həllində erməni faktorunun mühüm rol oynamasıdır.

Xəzər dənizinin sahillərində, Abşeron (suyu şor) adlanan yarımadada, şimaldan cənuba, şərqdən qərbə doğru uzanan karvan yollarının üstündə yerləşən Bakı şəhəri üçün içməli su problemi tarix boyu ən aktual məsələlərdən olub. Uzun yüzilliklər şəhər sakinlərinin və onun qonaqlarının suya olan ehtiyacını şəhərin özündə qazılan quyular, ətrafdakı su mənbələrindən çəkilən kiçik kəmərlər və yol üstündə tikilən ovdanlar ödəyib. XIX əsrin 70-ci illərinə qədər, yəni Azərbaycanın, o cümlədən Bakının çar Rusiyasının tabeçiliyində olmasından 50 il keçdikdən sonra da şəhərin su təchizatında elə bir dəyişiklik olmayıb. Şəhərə su hələ də XV əsrdə Şirvanşahlar sarayına Bakının ətrafındakı mənbələrdən çəkilmiş və əsasən İçərişəhəri su ilə təmin edən Şah kəməri, eləcə də XVII əsrdə çəkilmiş, sonralar Bakı xanları tərəfindən təmir edilərək onların adlarını daşıyan Məhəmmədəli xan və Hüseynqulu xan kəmərləri vasitəsilə gəlirdi. Həmçinin şəhərin özündə 800-dən çox su quyusu var idi və bu mənbələr o vaxta qədər Bakı sakinlərinin ehtiyaclarını tamamilə ödəyirdi. Lakin şəhər böyüyür, ilk növbədə neft mədənləri hesabına iri sənaye mərkəzinə çevrilir, əhalisi sürətlə artırdı. Əhali artımı yalnız Azərbaycanın bölgələrindən deyil, hərbçilər və çinovniklərdən tutmuş iş adamları, mütəxəssislər və fəhlələrə qədər Rusiyanın ən müxtəlif regionlarından, eləcə də Şimali və Cənubi Qafqazın, Cənubi Azərbaycanın şəhər və kəndlərindən Bakıya iş dalınca axışan insanlar hesabına baş verirdi. Bu sonuncular arasında əsasən Tiflisdən Bakıya gələn və şəhərin sənaye, təsərrüfat-idarə sistemində mühüm mövqeləri ələ keçirən erməni əhalisi öz işgüzarlığı, cəldliyi və hiyləgərliyi ilə fərqlənirdi.

Artıq yalnız əhalinin sayı deyil, müxtəlif sənaye sahələri, şəhərin təmizliyi, abadlığı da suya olan tələbatı dəfələrlə artırırdı. Bakının inkişafı mövcud su təchizatına əks təsir edir, yeraltı çirkab suların təsiri nəticəsində quyu suları getdikcə şorlaşır, codlaşır və içməyə yararsız hala gəlirdi. Car hökuməti bütün bu problemlərlə üzləşsə də, uzun müddət onların həlli üçün əməli işlər görmür, sadəcə olaraq bu işə vəsait buraxmaq istəmirdi. Bunun bir səbəbi mövcud çar idarə üsulunun sərt və bürokratik xarakteri ilə bağlı idi. Belə ki, şəhərə, o cümlədən təsərrüfat həyatına rəhbərlik bütünlüklə polis-jandarm idarəsinin nəzarəti altında idi və əhalidən yığılan vergi də əsasən bu orqanların saxlanmasına xərclənirdi.

1859-cu ildə Şamaxıda güclü zəlzələdən sonra quberniyanın mərkəzi Bakıya köçürülür, Bakı quberniya şəhəri statusu alır. Yalnız bu hadisədən sonra, 1860-cı illərdə şəhər rəhbərliyi yaranmış kəskin vəziyyətdən çıxış yolu axtarmağa başlayır və şəhərin bir neçə yerində su anbarlarının tikilməsi qərarına gəlir. Qafqaz canişinliyi bu işə yalnız şəhərin özünün ehtiyat pulu hesabına, sonradan ödənilmək şərti ilə kiçik miqdarda kredit pul buraxır. Şəhər əhalisinin tərkibinin artıq köçürülmə ermənilər və rusların sayəsində dəyişməyə başladığına baxmayaraq Bakının yalnız nüfuzlu müsəlman sakinləri savab xətrinə su anbarlarının inşasına müəyyən qədər vəsait xərcləyirlər. Lakin son nəticədə bir neçə məhəllədə tikilən anbarlar şəhərin suya olan tələbatını ödəmir. Bu sahədə vəziyyət 1870-ci illərin sonlarında dəyişməyə başlayır.

Çar hökumətinin 1870-ci ildə imperiyanın iri şəhərlərinin idarəçiliyində keçirdiyi əsaslı islahatlar, yerli xüsusi şərtlər bəhanəsi ilə Bakıya yalnız 1878-ci ildə tətbiq edildi. Şəhər Özünüidarəsi (Samoupravleniye) və ilk seçkili orqan - Bakı şəhər Duması yaradıldı. Məhz bu iki orqanın , xüsusilə Bakı Dumasının fəaliyyətini tənzim edən qanunlar sakinlərin şəhər idarəçiliyində iştirakına şərait yaratmaqla bərabər, Bakının müsəlman əhalisinin hüquq və maraqlarının nə dərəcədə pozulduğunun parlaq göstəricisi olur. Əgər Şəhər İdarəsinin fəaliyyətinin ilk dövrlərində müsəlmanlar arasında mütəxəssis kadrların azlığı bu ayrı-seçkiliyi bir qədər izah edirdisə də, Bakı Dumasına seçkilər qanunu öz ədalətsizliyi ilə tam mənada şəhərin müsəlman sakinlərinə qarşı yönəlmişdi. Belə ki, bu qanuna görə Bakı Dumasına seçkilərdə bütün digər sərt tələblərlə yanaşı, 1500 rubl həcmində daşınmaz mülkiyyət senzinin qoyulması özü-özlüyündə şəhərin kasıb və orta təbəqələrini, ilk növbədə müsəlman əhalisini nəinki Dumaya seçilmək, hətta seçmək hüququndan məhrum edirdi. Digər tərəfdən, ilk dövrlər Dumaya seçkilərdə Bakının müsəlman əhalisinin əksəriyyət təşkil etməsi faktı qətiyyən nəzərə alınmırdı. Azərbaycanlı deputatların yalnız uzun illər mübarizəsindən sonra, ən yaxşı halda müsəlman əhalinin nümayəndələrinə xristianlarla bərabər - 50 faiz, yəni yarıbayarı seçilmək hüququ verilmişdi. Bütün bu siyasətin nəticəsidir ki, Bakı Dumasında azərbaycanlılar heç vaxt üstünlük təşkil etməmiş, ilk dövrlər onun üzvləri arasında əsasən imkanlı, lakin rus dilini bilməyən və bu səbəbdən onun iclaslarında heç vaxt çıxış etməyən mülkiyyət sahibləri olmuşlar. Sonrakı illərdə Dumanın ən fəal azərbaycanlı deputatları - tanınmış ziyalılar Həsən bəy Zərdabi, Fərrux bəy Vəzirov, Həbib bəy Mahmudbəyov və digərləri isə Dumaya zəngin azərbaycanlı ailələrin qəyyumları - buna qanun imkan verirdi - qismində seçilmişlər.

Fəaliyyətə başladığı vaxtdan - 1879-cu ildən Bakı Dumasında Su təchizatı üzrə daimi komissiya yaradılır. Diqqətəlayiqdir ki, mövcud olduğu bütün dövr ərzində -1917-ci ilə qədər bu komissiyaya əsasən erməni və bəzən rus deputatları başçılıq etmişdir. Lakin azərbaycanlılar bu komissiyanın da tərkibində sayca az olmalarına baxmayaraq, başda Hacı Zeynalabdin Tağıyev olmaqla, öz fəallığı və prinsipiallığı ilə erməni və rus deputatlarına layiqincə müqavimət göstərmişlər. Belə bir müqavimət üçün əsas da var idi. Çünki su təchizatı məsələsi azərbaycanlı və erməni-rus deputatları arasında ən qızğın mübahisələr doğuran problemlərdən olmuş və son nəticədə məhz azərbaycanlı deputatların prinsipial mövqeyi Şollar su kəmərinin taleyində müsbət rol oynamışdır.

Dumanın Su təchizatı komissiyasının 1879-cu il yanvarın 11-də keçirilən ilk iclasında komissiyanın daimi üzvü və hətta fəxri sədri olmuş H.Z.Tağıyev şəxsi vəsaiti hesabına Şəhər İdarəsinin sərəncamına 1000 rubl ayırır. Bu vəsait su mənbələrinin axtarışına, yeni su kəməri layihələrinin maliyyələşdirilməsinə sərf olunmalı idi. Beləliklə, yeni kəmər çəkilməsi ideyası artıq ilk müzakirələrdə su probleminin ən real həlli kimi irəli sürülür. Müzakirələr uzanır və 2 ildən sonra şəhər Duması yenə də Tağıyevin təklifi ilə su kəməri layihəsi üçün yeni müsabiqə elan edir. 10 ildən artıq bir müddətdə Şəhər İdarəsinə Kür, Araz, Samur çaylarından və Zuğulba Altıağac, Göygöl mənbələrindən şəhərə su kəməri çəkmək üçün 40-dan artıq layihə təklif olunsa da, böyük xərclər tələb etdiyindən Duma onların heç birini təsdiq etmir.

Daha 10 il keçir və şəhərin su təchizatı məsələsi Dumanın ən çox müzakirə olunan məsələlərindən biri olsa da, həll olunmamış qalırdı. Kaspi qəzetində bu problemi ardıcıllıqla işıqlandıran Həsən bəy Zərdabi göstərirdi ki, Hər 4 ildən bir, Dumanın tərkibi yeniləşdikcə içməli su məsələsi gündəmə gəlir, qızğın müzakirə olunur, su mənbəyi axtarışlarına, yol və digər xərclərə pul ayrılır və sonra arxivə verilir ki, 4 ildən sonra bir də ortaya gəlsin, bir daha xərclər çəkilsin.

Zərdabinin vurğuladığı bu xərclər əhalidən alınan vergilər hesabına nə az, nə çox - 320 min rubldan artıq idi ki, bu da o dövr üçün kifayət qədər böyük məbləğ idi. Şəhərdə içməli su qıtlığının, eləcə də küçələrin və bağların sulanması, yanğınların söndürülməsi üçün suyun çatışmadığının səbəbini Zərdabi Şəhər İdarəsinin bu məsələyə laqeydliyi, bəzi hallarda isə müəyyən şəxslərin marağını güdməsi ilə izah edirdi. Məqalədə ad çəkilməsə də, Duma iclaslarının protokolları və qərarları söhbətin kimlərin və hansı maraqlarından getdiyini aydınlaşdırmağa imkan verir. Əslində burada daha çox maraqların toqquşmasından - özü də məhz erməni və azərbaycanlı nümayəndələr arasında - danışmaq olar. Lakin bu maraqlar açıq-aydın fərqli xarakter daşıyır. Dumanın azərbaycanlı deputatları əsasən şəhər sakinlərinin, ilk növbədə yoxsul, zəhmətkeş azərbaycanlı əhalinin maraqlarından çıxış edirdilərsə, erməni deputatlar birmənalı olaraq özlərinin və erməni burjuaziyasının maddi maraqlarını güdürdülər. Maraqlar isə əsasən şəhərin su təchizatı məsələsinin hansı yolla həlli ətrafında toqquşurdu: yeni su kəmərinin çəkilişi və ya bu problemin alternativ yollarla həll olunması.

Qeyd olunduğu kimi, H.Z.Tağıyev başda olmaqla azərbaycanlı deputatlar ilk gündən şəhərə yeni su kəmərinin çəkilməsi tərəfdarı idilər. Problemi məhz bu yolla birdəfəlik həll etmək ideyası ortaya gələrkən şəhərə suyun Kür çayından gətirilməsi daha məqsədəuyğun sayılırdı. Hələ 1888-ci ildə su mühəndisi V.İ.Meqvinov Kür-Bakı su kəməri çəkilməsi haqda ilk təklif irəli sürmüş, elə həmin ildə mühəndis P.A.Aslanov bu kəmərin çəkilməsi üçün ona konsessiya verilməsini xahiş etmişdi. Lakin şəhər Duması bu təklif və xahişi rədd etmişdi. Bütün sonrakı illərdə Kür çayından Bakıya su kəməri çəkilişi ideyası daimi olaraq gündəmə gətirilir, lakin hər dəfə həll olunmamış qalırdı. Belə ki, su probleminin birdəfəlik həll olunmamağında ayrı-ayrı sahibkarlardan tutmuş, irili-kiçikli sənaye və nəqliyyat şirkətlərinə qədər bir çox şəxslərin marağı var idi və onların böyük əksəriyyətini erməni iş adamları təşkil edirdi. Su təchizatının sadəcə şəhər təsərrüfatının bir sahəsi deyil, həm də gəlirli mənbə olmasını ilk başa düşən və çeviklik göstərərək onu öz nəzarətinə almağa cəhd edənlər məhz erməni mülkiyyətçiləri idi.

Məsələn, erməni milyonçusu, sənaye və daşınmaz əmlak sahəsində ən böyük sahib-karlardan sayılan Adamovun şəhərdə şəxsi su quyuları var idi. O, Bakının ən məşhur Fantaziya hamamını, şəhər sallaqxanasını, salınmaqda olan şəhər bağlarını öz quyularının suyu ilə təmin edir və bundan külli miqdarda qazanc əldə edirdi. Şəhər İdarəsinin ixtiyarında olan quyular isə baxımsızlıq üzündən sıradan çıxırdı.

İçməli su qıtlığının getdikcə kəskinləşməsi 1892-ci ildə vəba epidemiyasının başlanması ilə təhlükəli həddə çatır. Şəhər quyularının suyu yararsız hesab edilərək onlardan istifadə qadağan olunur, bəzi quyular məcburi şəkildə torpaqla doldurulur. Yalnız bundan sonra şəhər Dumasında içməli su məsələsini həll etmək barədə ciddi düşünməyə başlayırlar. Bu məqsədlə müsabiqə elan edilir, ayrı-ayrı şəxslərdən, müxtəlif firmalardan xeyli təkliflər daxil olur. Bu təkliflər arasında 3 tanınmış mühəndisin - M.İ.Altuxov (Moskva), Q.Q.Royt (Tiflis), A.Dümon (Paris) - Kür suyunun Bakıya gətirilməsinə dair Kür-Bakı su kəməri layihələri də var idi. Altuxovun Bakının Kür çayından su ilə təmin edilməsi layihəsi həmin dövr Rusiya İmperiya Texniki Cəmiyyətində müzakirə olunmuş, təqdir edilmiş və hətta 1895-ci ildə Q.Q.Royt və A.Dümonun layihələri ilə birgə Sankt-Peterburqda nəşr edilmişdi. Lakin bu layihələrin heç biri, böyük vəsait istədiyindən qəbul edilmir.

Burada bir məqam dəqiqləşdirilməlidir ki, mərkəzi çar hökuməti həmin dövr üçün imperiyanın böyük sənaye mərkəzlərindən sayılan və dövlət xəzinəsinə külli miqdarda gəlir gətirən Bakı şəhərinin ən mühüm probleminin - su təchizatının həllinə hər hansı bir vəsait xərcləmək istəmir, bu xərci tamamilə şəhərin öz üzərinə qoyurdu. Şəhərin öz vəsaitini xərcləmək hüququ isə Şəhər İdarəsi və Dumanın səlahiyyətlərində idi. Məhz bu amil uzun illər Dumada Su təchizatı komissiyasına başçılıq edən ermənilərə, eləcə də erməni və bəzi rus deputatlarına xərclərin yüksək olması bəhanəsilə Bakıya yeni su kəməri çəkilməsi təşəbbüslərinin qabağını almağa və alternativ layihələrin qəbuluna nail olmağa şərait yaradır.

Xəzər dənizinin suyunun xüsusi qurğular vasitəsilə şirinləşdirilməsi bu layihələrdən biri idi. 1893-cü ildə Bakıda ilk dəfə dəniz suyunu duzsuzlaşdıran qurğu quraşdırılır. Lakin dəniz suyunun emalı olduqca böyük vəsait hesabına başa gəlirdi. 10-12 vedrə dəniz suyu emal etmək üçün 1 pud yanacaq sərf olunurdu. Sutkalıq gücü 30 min vedrə olan bu qurğuda alınan, dadsız və qoxulu suyun bir vedrəsi əhali üçün yarım, sənaye ehtiyacları üçün 1 qəpik nəzərdə tutulsa da, su qıtlığı üzündən dəfələrlə baha satılır, beləliklə, alınan təmiz gəlir qoyulan vəsaiti 5 dəfə üstələyirdi. Bu məbləğ isə əsasən Şəhər İdarəsinin və bilavasitə suyun satışı ilə məşğul olan ayrı-ayrı erməni sahibkarlarının əlində cəmlənirdi. Vəziyyətdən çıxış yolu kimi şirinləşdirilmiş suyun keyfiyyətinin və həcminin artırılması məqsədilə şəhər Duması 1898-ci ildə Artur Kopel şirkəti ilə müqavilə bağlayır və 1 il sonra məhsuldarlığı sutkada 70 min vedrə olan yeni qurğu istismara verilir.

Lakin tezliklə dəniz suyunun da Bakının suya tələbatını ödəyə bilmədiyi aydın olur. Əlavə yollar axtarılmağa başlanır. Dumanın azərbaycanlı deputatları Kür çayından su kəmərinin çəkilməsi təklifini bir daha gündəmə gətirsələr də, uzun mübahisələrə baxmayaraq istədikləri şərtlərlə qəbul etdirə bilmirlər. Yenə də maraqlar amili həlledici rol oynayır. Kür suyunun şəhərə gətirilməsi təklifi ilə razılaşan Şəhər İdarəsi və Bakı Duması bu məsələnin alternativ həllinə, suyun gəmi ilə daşınmasına qərar verir. Belə ki, Xəzərdə neft, yük və sərnişin daşınması ilə məşğul olan gəmi sahibləri su satışının nə qədər gəlirli olduğunu görərək bu sahəni də öz nəzarətləri altına alırlar. Böyük əksəriyyəti rus və erməni sahibkarlarından ibarət olan Bakı gəmi sahibləri sindikatı Kür çayından şəhərə gəmi ilə su daşımağa başlayır və onu ilk növbədə əhaliyə baha qiymətə satır. Az sonra erməni M.Saruxanov xüsusi olaraq bu məqsəd üçün Kür suyu adlı şirkət yaradaraq bu ticarət sahəsini öz nəzarəti altına alır. Kür suyunun dəmir yolu vasitəsilə də şəhərə daşınmasına başlanır: Hacıqabul stansiyasından hər gün şəhərə 3-4 çən su gətirilir.

Lakin bu yollarla da su probleminin həll olunmadığına baxmayaraq Şəhər İdarəsi yenə də Kür çayından su kəmərinin çəkilməsinə dair layihələrdən imtina edərək əvəzində vedrəsi 2 qəpiyə Volqa suyunun Bakıya gətirilməsi haqda ən əvvəl erməni Adamov qardaşlarına məxsus şirkətlərlə müqavilə imzalayır.

Bütün bu işlərin arxasında şəxsi maraqların durduğunu anlayan H.B.Zərdabi Kaspi qəzetində artıq Şəhər İdarəsini açıq tənqid edir: Bizim içməli suyumuz yoxdur və bunda bizim şəhər idarəsi günahkardır... Bizim küçələrimiz sulanmır, yanğınları söndürmək üçün su yoxdur - yenə də şəhər idarəsinin günahı üzündən. Hətta şəhər küçələrində ağacları sulamaq üçün də su yoxdur. Əgər xüsusi şəxslər istədikləri vaxt, hətta içməli su tapırlarsa, bizim şəhər idarəsi isə sərəncamında onlarla texnika və milyonlarla vəsaitə malik ola-ola nəinki içməli su, hətta dəniz suyu belə tapmırsa, deməli nə isə başqa işlər baş verir.

Zərdabinin məsələni belə kəskin qoymasının ciddi səbəbləri vardı, çünki şəhərə gətirilən və əhali üçün qiyməti yarım qəpik nəzərdə tutulan bir vedrə Kür suyu qıtlıq üzündən bəzən 2- 2,5 qəpiyə satılır, geniş əhali təbəqələri üçün əlçatmaz olurdu. Volqadan gəmilərlə gətirilən suyu isə yalnız şəhərin yüksək təminatlı sakinləri alır, yoxsul əhali yenidən quyu suyundan istifadəyə məhkum edilirdi. Lakin su təchizatı mənbələrinin müxtəlifliyinə və çoxluğuna baxmayaraq, şəhərə verilən içməli suyun həcmi istənilən halda sutkada 200 min vedrədən artıq olmur, orta hesabla adambaşına cəmi 1,3 vedrə və ya təqribən 16 litr su düşürdü. Şəhər həyatının, neft mədənləri, sənaye, tikinti sahələrinin suya olan ümumi tələbatı isə günbəgün artırdı.

Beləliklə, Bakını su ilə davamlı olaraq təmin edə biləcək kəmərin tikintisi artıq yeganə və təxirəsalınmaz bir tələbata çevrilir. Əslində artıq neçə illərdən bəri şəhər üçün içməli su mənbələrinin axtarışları Zuğulbadakı su kəhrizlərini, şimalda Dübrar dağları və qərbdə Kür çayına kimi geniş bir ərazini əhatə edirdi. Lakin seçimi yenə də müsabiqə yolu ilə, artıq tanınmış mütəxəssislərə tapşırmaq qərara alınır.

1899-cu ildə Odessada Su təchizatı və hidravliklərin beynəlxalq qurultayı keçirilir. Bakı nümayəndə heyətinə başçılıq edən şəhər idarəsinin üzvü Smolenski qurultayda dünyanın bir sıra tanınmış mühəndisləri ilə görüşür və onları müsabiqə barədə məlumatlandırır. Bu mütəxəssislər arasında ingilis Vilyam Lindley Smolenskiyə daha nüfuzlu görünür və bakılı məmur onu vaxtilə Altuxov, Royt və Dümonun Kür-Bakı su kəməri layihələri ilə tanış edir. Lindley bu layihəyə maraq göstərərək görəcəyi işlərə dair öz şərtlərini və alacağı qonorarın məbləğini açıqlayır. Bakı Şəhər İdarəsi və Duma bu şərtləri məqbul sayaraq Kür və Samur çaylarından gündə 2-3 milyon vedrə su daşıyacaq kəmərin çəkilişinə dair 2 layihə hazırlamaq təklifi ilə Lindleyi Bakıya dəvət edir. Lindley bu dəvəti su mənbəyini özü seçmək şərti ilə qəbul edir. Lindleyin bu şərti Şollar-Bakı su kəmərinin təməl daşı sayıla bilər.

Dünya mühəndislik elminə bir çox töhfələr vermiş məşhur Lindleylər nəslinin nümayəndəsi, London mülki mühəndislər institutunun məzunu, ser Vilyam Harleyn Lindleyin Bakı şəhər rəhbərliyi qarşısında belə bir şərt qoymaqda tam haqqı var idi. Avstriya-Macarıstan, Rumıniya, Almaniya, Hollandiya, İtaliya, Polşa və Rusiyada işləmiş ata və oğul Lindleylər Avropanın 35 şəhərinin içməli su və kanalizasiya sistemlərinin layihəsini hazırlamış və tikintisinə rəhbərlik etmişdilər.

Lakin 1899-cu ilin oktyabrında Bakıya gələn 46 yaşlı V.Lindley onu qarşıdakı 17 ildə nə kimi çətinliklər, ağlasığmaz təzyiqlər və sınaqlar gözlədiyindən hələ xəbərsiz idi. Bakıya gəlişinin ilk günlərində Şəhər İdarəsinin üzvləri ilə görüşüb müzakirələr aparan, Dumanın iclaslarında iştirak edən Lindleyə ilk növbədə Samur çayından kəmər çəkilişi üçün layihəyə üstünlük vermək təklif olunur. Samurdan kəmər çəkmək niyyəti ondan irəli gəlirdi ki, bakterioloji və kimyəvi göstəricilərinə görə bu çayın suyu Kürün suyundan daha yaxşı idi. Eyni zamanda Samurdan suyu Bakıya öz axarı ilə gətirmək mümkün idi. Lakin Samur çayı ətraflı araşdırılmadığından qərar çıxarmaq mümkün deyildi. Müvafiq layihəni hazırlamaq üçün məsələni yerində öyrənmək tələb olunurdu. Lindley əsasən mühəndislərdən ibarət kiçik bir tədqiqat qrupu yaradır və yubanmadan şimal bölgəsindəki su mənbələrini öyrənmək üçün Quba qəzasına yola düşür. Yolüstü axan çaylara baxış keçirən qrup üzvləri kəmərin keçəcəyi əraziləri öyrənmək üçün Dəvəçi, Qızıl Burun, Xıdır-Zindan, Giləziyə baş çəkir, Samur çayının hövzəsinə qədər gedib çıxırlar. Quba qəzasında bol sulu çaylar və bulaqlar ingilis mühəndisinin diqqətindən yayınmır.

Bakıya qayıtdıqdan sonra səfərin yekunları haqda Dumaya hesabatında Lindley, artıq ilkin müşahidələrinin nəticəsi kimi yeni su kəməri üçün Kür və ya Samur çaylarından deyil, Quba qəzasındakı yeraltı sulardan və bulaqlardan istifadə edilməsini təklif edir. Hələ 1895-ci ildə Tiflis üçün layihə hazırlayarkən Kür suyunun xüsusiyyətlərini öyrənmiş Lindley Samur çayının da gilli olması, sahilində tez-tez torpaq yuyulması baş verməsi, bu çayların suyunun təmizlənməsi üçün əlavə su anbarlarının tikilməsi, süzgəclər quraşdırılmasının labüdlüyü və digər dəlillər gətirərək kimyəvi, fiziki və bakterioloji tərkibi Kür və Samur çaylarının suyundan daha təmiz olan yeraltı bulaq və çeşmə sularına üstünlük verdiyini əsaslandırır. Razılıq olacağı təqdirdə Lindley işə başlamaq üçün bir sıra texniki və maddi şərtləri sadalayır. Lakin Dumanın Su komissiyasının sədri erməni Antonov dərhal bu layihənin əleyhinə çıxır, Bakıya tez bir zamanda su lazım olduğunu əsas gətirərək yeni kəmərin Kür və ya Samurdan çəkilməsi üzərində təkid edir. Lindleyin bir mütəxəssis kimi ona etimad edilməsi tələbi, bulaq suları olduğu halda Kür və ya Samur çaylarından kəmər çəkilməsinin yanlışlıq olduğu və bu səhv qərara görə məsuliyyəti Şəhər İdarəsinin daşıyacağı kimi sərt bəyanatları da vəziyyəti dəyişmir. Komissiya Lindleyin israr etdiyi mənbələrdə su ehtiyatının həcmi barədə hər hansı dəqiq məlumatlar göstərmədiyi bu layihənin çox vəsait aparacağı, eləcə də yeraltı suların torpaq sahibkarlarının xüsusi mülkiyyəti olduğu kimi dəlillər gətirərək ona Kür və ya Samur variantları üzrə layihə hazırlamasını tapşırır. Su təchizatı komissiyasının sədri Antonov bir daha Lindleyə onun məhz bu 2 layihədən birini seçmək üçün dəvət olunduğunu xatırladır.

Bu şərtə baxmayaraq V.Lindley hər 3 variant üzrə hidroloji axtarışlar aparır və 1901-ci ilin martında Dumada su kəməri ətrafında gedən müzakirələrdə bir daha məhz Şollar mənbəyi üzərində təkid edir. Əgər xəstə həkim çağırıbsa, onun məsləhətinə əməl etməlidir. Siz xəstəsiniz, mən də məsləhət verirəm- deyə Kür və Samur çaylarından kəmərə qarşı etirazının əsas səbəbi kimi həmin dövrdə çay suyunu təmizləmək üçün qurğuların mükəmməl olmadığını göstərir. Yeraltı sular isə bu prosesi keçmədən istehlaka daxil ola bilərdi.

Duma yenə də bütün bu dəlilləri və Lindleyin yeraltı mənbələrin axtarışı üçün ona 30 min rubl ayrılması təklifini rədd edir. Lakin bu dəfə Lindley azərbaycanlı deputatların və xüsusilə Hacı Zeynalabdin Tağıyevin simasında öz layihəsinin ən qətiyyətli və ardıcıl müdafiəçilərini tapır. Bakıya təmiz içməli suyun gətirilməsi tərəfdarı olan və bu yolda vəsaitini əsirgəməyən Tağıyev Lindleyin layihəsinə şübhə ilə baxan Duma üzvlərini Şahdağ öz qarı və buzlaqları ilə əbədi olduğu kimi Şollar suyu da əbədidir- deyə inandırmağa çalışır və bununla kifayətlənməyərək Dumaya belə bir təklif edir: O, Lindleyin təklifi üçün öz şəxsi vəsaitindən 25 min rubl ayırır. Əgər qazıntı işləri müsbət nəticə verərsə - yəni nəzərdə tutulan mənbələrdə bol su olduğu təsdiq edilərsə, o zaman Şəhər İdarəsi həmin pulları qaytarır. Lakin Hacının Su tapıldıqdan sonra pulu verərsiniz - yaxşı, verməsəniz də eybi yoxdur sözləri bu məsələnin həllində son nöqtəni qoyur. Komissiya Quba qəzasında sınaq quyuları qazılması, kəmərin keçəcəyi ərazilərin müəyyənləşdirilməsi və digər texniki işlərə başlanılmasına qərar verir. Bununla da Şollar-Bakı su kəmərinin reallaşmasının əsası qoyulur (Məlumat üçün: müsbət nəticə alındıqdan sonra Şəhər İdarəsi 1901-ci ildə H.Z.Tağıyevin pulunu qaytarır).

Tezliklə Lindleyin dəvətilə Azərbaycana gələn xarici mühəndislərdən ibarət ekspedisiya qrupu Xudatdan şimal-şərqə doğru meşədə şəffaf, təmiz, sərin bulaq suyu olduğunu aşkarlayır. Ən böyük bulaq Şollar kəndinin yaxınlığında yerləşdiyi üçün sənədlərdə su mənbəyi kimi daha çox Şolların adı çəkilir. Qazılmış quyular və suyun tərkibinə dair aparılan laborator yoxlamalar Lindleyin verdiyi proqnozları - yeraltı suların həcminin Bakının içməli suya olan ehtiyacından dəfələrlə çox olduğunu təsdiq edir. Lakin bu xəbər Bakıda yayıldıqdan sonra Şollar su kəməri ətrafında işlər tamam başqa bir məcraya yönəlir. Şəhərdə su satışı ilə məşğul olan şirkətlər, xüsusilə erməni sahibkarları yeni su kəməri əleyhinə geniş əks-təbliğat kampaniyasına başlayırlar. Ermənilərə məxsus Baku, Bakinskaya kopeyka və s. mətbuatda, ictimai toplantılarda, cəmiyyətin müxtəlif dairələrində bulaq sularının Bakı kimi böyük şəhəri su ilə təmin edə biləcəyinə şübhə yaradılır. Quba qəzasındakı iri torpaq sahiblərinə xəbər göndərilir ki, onların mülkiyyətində olan ərazilərdən su kəməri çəkilərsə, torpaqlarının əkilməsinə icazə verilməyəcək. Bu işdə Bakı gəmi sahibləri sindikatı xüsusi fəallıq göstərir. Kapitalistlərin narahatlığına əsas var idi: təkcə 1899-cu ildə onların su satışından əldə etdiyi gəlir 64-65 min rubl olmuşdu. Müqayisə üçün: Bakı Şəhər İdarəsi həmin 1899-cu ildə Bakıya su kəməri və kanalizasiya xətlərinin çəkilişinə böyük çətinliklə 70 min rubl məbləğ ayırmışdı. Yeni su kəmərinə qarşı məqsədyönlü şəkildə aparılan kampaniya böyüyərək Şəhər İdarəsi və Dumanın iclaslarında yenidən qızğın və nəticəsiz müzakirələr açılmasına gətirib çıxarır.

1900-1902-ci illər Bakını bürüyən vəba epidemiyası su probleminin həllini yenidən təxirəsalınmaz bir zərurətə çevirir. Su satışında maraqlı olan şirkət və sahibkarların Şollar kəməri ətrafında qaldırdığı söz-söhbətin səngimədiyinə baxmayaraq məhz yeni su kəmərinin bu problemin yeganə həlli yolu olduğu artıq hamıya aydın idi. Təsadüfi deyil ki, 1902-ci ildə Bakı şəhərinə yeni başçı təyin edilən Aleksandr Novikov qətiyyətli şəkildə bu məsələ ilə məşğul olmağa başlayır. Uzun illər Dumada Su təchizatı komissiyasının sədri olmuş Antonov vəzifəsindən istefaya gedir və bu mühüm komissiyaya rəhbərliyi Novikov öz üzərinə götürür.

(Ardı var)