Azərbaycan.-2017.-19 may.-106.-S.2.

 

Müstəqillik dövründə Azərbaycana 230 milyard dollardan çox investisiya qoyulub

 

Bakıda Qətər Dövlətinin Barva Bankının sədri Şeyx Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun və digər vəzifəli şəxslərin iştirak etdiyi tədbirdə Azərbaycanla Qətər Dövləti arasında əlaqələrin dostluq və qardaşlıq münasibətlərinə əsaslandığı, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyəti vurğulanıb. Qətər Dövləti nümayəndə heyətinin Azərbaycana səfəri də məhz dövlət başçılarının ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi barədə verdikləri tapşırıqların icrası ilə bağlıdır.

Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib. Bildirilib ki, son 10 ildə ÜDM 1,7 dəfə, valyuta ehtiyatları 9,7 dəfə, qeyri-neft sektoru 2 dəfə, sənaye 1,5 dəfə, turizm 6,2 dəfə, tikinti 2,2 dəfə artıb. Vurğulanıb ki, hazırda əlverişsiz xarici siyasi və iqtisadi amillər, xüsusilə dünya enerji bazarındakı qeyri-sabitliyə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir.

Azərbaycanın siyasi cəhətdən tam sabit ölkə olması, yaradılmış güclü iqtisadi potensial, əlverişli biznes və investisiya mühiti, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri xarici investorlar üçün geniş imkanlar açır, Azərbaycanın investisiya cəlbediciliyini daha da artırır. Təsadüfi deyildir ki, müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan çox investisiya qoyulub, bunun yarısı xarici sərmayələrdir. Azərbaycan xarici investisiyalar, eləcə də Qətər sərmayələri üçün əlverişli məkandır.

Azərbaycan Qətər Dövləti ilə uğurlu iqtisadi əməkdaşlıq edir, birgə biznes forumlar,- işgüzar görüşlər təşkil olunur. Bu il Qətərə Azərbaycanın ixrac missiyası təşkil edilib və bir sıra razılaşmalar əldə olunub. 2017-ci ilin yanvar-aprel aylarında ticarət dövriyyəsində ciddi artım müşahidə edilir.

Qətər Dövləti nümayəndə heyətinin rəhbəri, Barva Bankın sədri Şeyx Məhəmməd Qətər iqtisadiyyatı barədə məlumat verib, qarşılıqlı investisiya qoyuluşu istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə birgə investisiya fondunun yaradılması, Azərbaycanda daşınmaz əmlak sahəsinə, xüsusilə hotellərin və ticarət mərkəzlərinin tikintisi layihələrinə investisiya qoyuluşu, logistika, kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.