Olaylar.-2017.-18 may.- 329.-S.8.

 

Azərbaycan İslam dünyasının mərkəzlərindən birinə çevrilib

 

"Ölkəmiz hər zaman İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib"

 

Alim

 

2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi, ardınca IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi ölkəmizin İslam ənənələrinə sadiqliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Əslində, cari ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsini "Multikulturalizm İli"nin məntiqi davamı hesab etmək olar. Çünki, Prezident İlham Əliyev bütün siyasi addımlarını son dərəcə sistemli və bir-birini tamamlayan məqamlarda irəli sürür. İslam həmrəyliyi Azərbaycandakı multikultural mühitin özlüyündə təbii bir davamıdır. "İslam həmrəyliyi deyəndə Prezident İlham Əliyevin bu ideyaya daxil etdiyi son dərəcə həssas və dərin mətləbləri nəzərə alınmalıdır.

İslam həmrəyliyi ancaq İslam aləmi daxilində olan həmrəyliyi nəzərdə tutmur, bu, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyin də harmoniyası deməkdir. Dövlətimizin başçısının Azərbaycanı bu idealların mərkəzində duran, onları həyata keçirən bir ölkə kimi təsəvvür etməsi və o hədəflərə doğru cəmiyyəti, qurumları, sadə azərbaycanlıları dəvət etməsi ölkə daxilində də, beynəlxalq aləmdə də son dərəcə əhəmiyyətli, dünyamız üçün son dərəcə vacib siyasi, ideoloji, mənəvi addımdır. Elə hazırda ölkəmizdə davam edən IV İslam Həmrəyliyi Oyunları da dediklərimizin bariz nümunəsidir. Millət vəkili Eldar İbrahimov bildirib ki, Azərbaycan İslam, müsəlman dünyasının ən önəmli mərkəzlərindən biridir. Ölkəmiz hər zaman İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib və İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub.

IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi və ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi də ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımı olub. E. İbrahimov qeyd edib ki, Azərbaycanda 2017-ci ilin "İslam həmrəyliyi ili" elan olunması bütün müsəlman dövlətlərinə, bütövlükdə dünyaya bir mesajdır: " Çünki hazırki şəraitdə İslam həmrəyliyi çox zəruridir. Məhz bu həmrəylik sayəsində müsəlman dünyasında münaqişələri, problemləri həll etmək, qarşılıqlı əlaqələri daha da genişləndirmək mümkündür. Çox sevindirici haldır ki, Azərbaycan belə bir təşəbbüslə çıxış edib. Bu fakt bütün müsəlman ölkələri tərəfindən yüksək qiymətləndirilir". Bir neçə gün möhtəşəm açılış mərasimi ilə start götürən IV İslam Həmrəyliyi Oyunlarının da bir daha İslam aləmində birliyin və həmrəyliyin möhkəmləndirilməsinə böyük töhvə verəcəyini qeyd edən millət vəkili qeyd edib ki, Azərbaycan, ümumiyyətlə, bu gün dünyada hər bir sahədə dialoq, əməkdaşlıq məkanıdır: "Azərbaycan son illər dünya, beynəlxalq və regional miqyaslı bir sıra nüfuzlu təbdirlərə, forumlara, idman və musiqi yarışmalarına ev sahibliyi edib və bu gün də etməkdədir. Bu da Azərbaycanın inkişafının, dünyadakı nüfuzunun, sabitlik adası olmasının əyani göstəricisidir. Əgər Azərbaycanda inkişaf, tərəqqi, sabitlik olmasaydı, bu cür nüfuzlu tədbirlərə, yarışmalara da ev sahibliyi edə bilməzdi. Bunlar da ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin yeritdiyi uzaqgörən və müdrik siyasət sayəsində mümkün olub. Bizim bəxtimiz onda gətirib ki, Heydər Əliyev kimi Ümummilli Liderimiz, İlham Əliyev kimi Prezidentimiz var. Bu baxımdan da hesab edir və inanıram ki, bugünə kimi, Azərbaycan digər beynəlxalq forum və yarışmalara necə uğurlu, layiqli ev sahibliyi etməyi bacarıbsa, IV İslam Həmrəyliyi Oyunlarına da o cür uğurlu və layiqli ev sahibliyi edəcək. Möhtəşəm Birinci Avropa Oyunlarından sonra Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına da yüksək səviyyəli ev sahibliyi etməklə, dünyada daha bir uğura, zəfərə imza atacaq, ölkəmizin regionda və beynəlxalq alımdə rolu, nüfuzu daha da artacaq. IV İslam Həmrəyliyi Oyunları da hələ uzun illər yaddaşlarda dərin və silinməz izlər buraxacaq. Hər kəs bu Oyunların xoş xatirələri ilə yaşayacaq". Millət vəkili daha sonra bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsində, yüksək səviyyəli hazırlıq və təşkilatçılıq işlərində ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük və müstəsna xidmətləri var: "İstər ölkə Prezidenti cənab İlham Əliyev, istərsə də birinci vitse-prezident Mehriban xanım Əliyeva IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi üçün böyük əmək və zəhmət sərf ediblər.

Oyunların bu cür yüksək səviyyədə baş tutması və keçirilməsi də ilk növbədə onların adı, zəhməti ilə bağlıdır. Bu baxımdan, həm cənab İlham Əliyevə, həm də Mehriban Əliyevaya öz təşəkkür və minnətdarlığımızı ifadə edir, onlara Azərbaycan naminə fəaliyyətlərində bundan sonra da uğurlar, zəfərlər arzulayırıq". Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi ili" elan olunması, bütövlükdə, islam dünyasına, eləcə də dünyaya mesaj xarakteri daşıyır. Məqsədyönlü şəkildə dünyada, artıq uzun illərdi ki, islamofobiya hökm sürür, islam ölkələrinin əleyhinə kampaniya aparılır. Ayrı-ayrı güclər müsəlman dövlətlərinin enerji resurslarına yiyələnmək üçün fəaliyyətlərini islamofobiya faktoru üzərində qururlar. Belə amillərə qarşı mübarizə aparmaq və mübarizə üçün də həmrəylik nümayiş etdirmək lazımdır: "Azərbaycan hər zaman islam həmrəylik prinsipindən çıxış edib. İslamın insanları terrora, zülmə, əsarətə deyil, azadlığa və insan haqlarının qorunmasına, günahsız insanlara qarşı mərhəmət nümayiş etdirməsinə dayandığını vurğulayıb. Yəni bütün dünyaya, bir daha islamın mərhəmət və humanizm prinsiplərinə əsaslanan bir din olduğunu çatdırıb. Bütün dinlərin, əslində, sülhə, həmrəyliyə çağırdığını xüsusi olaraq, vurğulayıb. Ölkəmizdə elan olunan 2017-ci il "İslam Həmrəylik ili" təkcə Azərbaycan üçün, islam dünyası üçün deyil, bütövlükdə, bəşəriyyət üçün önəmi var. Çünki dinlərarası qarşıdurma heç kəsə xoşbəxtçilik gətirmir. Günahsız insan ölümlərinə səbəb dünyada hökm sürən ziddiyyətlərdir. Yaxın Şərqdə baş verən hadisələr də bunu açıq şəkildə sübuta yetirir. İslamın əsl mahiyyətini Azərbaycan öz təqdimatında bütün dünyaya çatdırmağa cəhd göstərir. Təəssüflər olsun ki, bu gün maraqlı dairələr islamı terroru dəstəkləyən din kimi qələmə verirlər. Halbuki islamda dinc və günahsız insanın ölümü bəşəriyyətin ölümü kimi qiymətləndirilir".