Səs.-2017.-17 may.-¹ 86.-S.3.

Sülh, dostluq və idman bayramı

 

Nəzakət Ələddinqızı

 

Mehriban xanım Əliyeva: “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifədir və beynəlxalq idman ictimaiyyəti üçün növbəti tarixi hadisədir”

 

Hər gün yaşadığımız zamanı arxada qoyaraq, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi günə tələsdik. Bu oyunları dünyaya təqdim etmək üçün məsuliyyət və həyəcan hissi bizləri tərk etmədi. Gəldiyimiz yolun sonu sevincdir, fərəhdir, iftixardır ki, bu hissləri 12 may tarixində hər bir azərbaycanlı yaşadı. Ötən saatlar xeyrimizə işləmişdi. Dörd əsas dəyər - “Birlik”, “Sülh”, “Hörmət”, “Mükəmməllik” dəyərləri üzərində qurulan oyunlar “Gücümüz həmrəylikdədir” devizi altında reallaşdı.

Heç şübhəsiz ki, idman Azərbaycan cəmiyyətində xüsusi yer tutduğundan, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları idman tariximizdə öz sözünü deyəcək. Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin Sədri Mehriban Əliyevanın, qeyd etdiyi kimi, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifədir və beynəlxalq idman ictimaiyyəti üçün növbəti tarixi hadisədir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə oyunlara geniş hazırlıq işlərinin görülməsi öz nəticəsini verir. Azərbaycan xalqı üçün bayrama çevrilən oyunların açılış mərasimi hər kəsə fərəhləndirici saatları yaşatdı. Açılış mərasimi Azərbaycandan bir çox tarixi məqamları dünya izləyicisinə bir daha nümayiş etdirdi. Hər kəsin yaddaşında iz salan bu tarixi günün açılışındakı orijinal təqdimat heyrətləndirici idi. Azərbaycan irsi, mədəniyyəti və tarixi qısa zamanda təqdim olundu. Nəhəng monitorda Alov Qüllələri, Qız Qalası, Filarmoniya Bağı, Heydər Əliyev Mərkəzi, Olimpiya Stadionu canlandı.

Açılış mərasimində Azərbaycan tarixinə nəzər saldıqca, təqdim olunan hər bir məqamın dərin fəlsəfiliyi insanı qürurlandırırdı. Bunlar keçdiyimiz yolda salınan insan izlərinin gələcək üçün açdığı cığırlar idi. Ani olaraq səhnədə olan hadisələrin bir-birini əvəzləməsi sanki bir göz qırpımında baş verirdi. Rəngdən-rəngə düşən səhnənin hər bir guşəsində Azərbaycan çalarları sərgilənirdi. Mehriban xanım Əliyevanın açılış mərasimində vurğuladığı kimi, bu oyunların qələbə qazanacaq atletlərinin təltif olunacağı medallardan tutmuş möhtəşəm açılış və bağlanış mərasimləri kimi yaradıcı elementləri zəngin mədəniyyətimizi ilhamlandıracaq.

 

“Odlar diyari Azərbaycan həm də büllur sular ölkəsidir”

 

Açılış mərasimində monitorlarda İslam Həmrəyliyi Oyunları münasibətilə Xəzərdən başlayan su səyahətini və Azərbaycanın gözəl təbiətə malik müxtəlif yerlərindən suyun toplanması mərasimlərini əks etdirən kadrların təqdimatı diqqətdən yayınmadı. 40 gün əvvəl Xəzərdən götürülmüş su oyunların ruhunu hamıya yaxın etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəmzi olaraq ölkənin bütün guşələrinə göndərilmişdi. Bu müddətdə səyahətçilər 3000 kilometrdən artıq məsafə qət edib, 16 məkandakı 5 göldən, 1 su anbarından, 3 çaydan, 1 bulaqdan, 3 şəlalədən və Xəzər dənizinin ayrı-ayrı sahillərindən su götürərək Bakıya qayıdıblar. Suları toplayan 16 uşağın səhnəyə çıxaraq mis səhənglərdəki suları səhnənin mərkəzindəki böyük siniyə boşaltmaları ilə şəlalə çağlamağa başlayır. “Odlar Diyarı Azərbaycan həm də büllur sular ölkəsidir”, - deyən Mehriban Əliyeva bənzərsiz göllərimizin və çaylarımızın, şəlalələrimizin və bulaqlarımızın, Xəzər dənizimizin əsrlər boyu həyatımızın mənbəyi olduğunu diqqətə çatdırıb: “Ortaq islam irsimizdə əsas yer tutan və həyat mənbəyi olan bu element Qafqaz dağlarından Xəzər dənizinə qədər ölkəmizin təbii gözəlliyinin və özünəməxsusluğunun mühüm hissəsini formalaşdırır. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının rəmzi - su son beş həftə ərzində Xəzərdən başlayan böyük səyahətdə oldu. O, Azərbaycanın bənzərsiz təbiətini dünyaya nümayiş etdirdi, hər kəsə sülh və dostluq müjdəsi gətirərək, insanları ilhamlandırdı”.

 

Dünya ölkələrində keçirilən yarişlarda əldə edilən uğurlarin davamini idmançilarimiz “Baki-2017” İslam Həmrəyliyi Oyunlarinda bir daha nümayiş etdirirlər

Azərbaycan regionda liderlik qüvvəsinə malikdir. Ölkəmizdəki idman hərəkatı, idmana dövlət qayğısının nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Dünya ölkələrində keçirilən yarışlarda Azərbaycanın əldə etdiyi uğurların davamını idmançılarımız “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında bir daha nümayiş etdirirlər. Azərbaycan müstəqillik qazanandan sonra idmanımız bu uğurlu inkişafa nail olub. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən məqsədyönlü idman siyasəti, Cənab Prezident İlham Əliyev tərəfindən hazırda böyük uğurla davam etdirilir. Qeyd edək ki, Azərbaycanın müstəqil dövlət kimi Yay Olimpiya Oyunlarında iştirakı 1996-cı ildən başlayıb. Azərbaycan idmançıları 1996-cı ildə bir, 2000-ci ildə üç, 2004-cü ildə beş, 2008-ci ildə yeddi, 2012-ci ildə isə 10 medal (onlardan 2-si qızıl, 2-si gümüş və 6-sı bürüncdür) qazanıb. Heç şübhəsiz ki, London Yay Olimpiya Oyunlarında idmançılarımızın qazandıqları uğurlar böyük əhəmiyyətə malikdir. Belə ki, ölkələrin cədvəlində Azərbaycan London Yay Olimpiya Oyunlarında 30-cu yerə layiq görülüb, medalların sayına görə 24-cü, Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında isə 3-cü yeri tutub. Bu, doğrudan da böyük və tarixi nailiyyətdir.

Bu gün Azərbaycan dünya birliyində ən qabaqcıl idman dövləti kimi tanınır. Dövlət siyasəti idmanın təbliği, idmanla məşğul olmaq üçün şəraitin yaradılması, maarifləndirmə, gənc nəslin yetişdirilməsi kimi mühüm sahələri əhatə edir. Azərbaycan idmançıları, bütün idman yarışlarında olduğu kimi, islam Həmrəyliyi Oyunlarına da ciddi hazırlaşıblar. Elə ilk günlərdən bu, özünü göstərdi. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında Azərbaycan karateçiləri yarışların birinci günündə iki qızıl, bir gümüş və iki bürünc medal qazandılar. Azərbaycan idmançıları yarışlarda 33 qızıl və 23 gümüş, 12 bürünc medal qazanıblar. Bu uğur Azərbaycana daha bir başucalığı gətirir. Azərbaycan hələ də idmançılarımızdan yüksək nəticələr və xoş xəbərlər gözləyir.

Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycan torpağından başlanan oyunlar SÜLH, DOSTLUQ VƏ İDMAN BAYRAMI kimi tariximizdə yer alacaq.