Xalq Cəbhəsi.-2017.-16 may.-83.-S.8.

 

Azərbaycan İslam mədəniyyətinin bir parçasıdır

 

Hikmət Babaoğlu: Qərbin informasiya resursları İslam dinini terrorla eyniləşdirməyə çalışırlar

 

Fuad Muradov: Azərbaycan hər zaman İslam sivilizasiyasının mərkəzlərindən biri olub

 

Piter Teys: Azərbaycan böyük tədbirlərin təşkilində əla bacarığını artıq çoxdan göstərib

 

Ümumiyyətlə, Azərbaycan İslam mədəniyyətinin bir parçasıdır. Azərbaycan bir müsəlman ölkəsidir. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın necə davranmasında, bu münasibətlər sistemində hansı keyfiyyətli aktor olmasından asılı olmayaraq Azərbaycana münasibətdə dünyanın baxışı birdə İslama baxışla bəzi hallarda indefikasiya olunur. Ona görə də istənilən halda mütləq biz nəzərə almalıyıq ki, Azərbaycan bizim milli dövlətimizdi, eyni zamanda bir müsəlman ölkəsidir. Bunu Yeni Azərbaycan qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, müsəlman ölkələrinin, mədəniyyətinin, İslam mədəniyyətinin, İslama baxışın ümumi forması, yanaşması elə bizə yanaşmada da tətbiq olunur: Bax ona görə də Azərbaycan çalışır ki, birdaha dünyaya nümayiş etdirsin ki, İslam sülh dinidir, böyük bir mədəniyyətdir, sivilizasiya yaradıbdır. XX əsrin sonu, XXI əsrin əvvəllərində İslam dünyasına total bir hücum (həm ideoloji, siyasi, həm də iqtisadi və mədəni müstəvidə) başlayıb. Əksər hallarda qərb mediası, qərbin informasiya resursları İslam dinini terrorla eyniləşdirməyə çalışırlar. Belə olan halda isə avtomatik olaraq o münasibət bizə də şamil edilir. Azərbaycanın məqsədi məhz bu imici qırmaqdır. Təsadüfi deyil ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi məhz İslam fəlsəfəsini, mədəniyyətini bir daha olduğu kimi dünyaya təqdim olunmasına hesablanıb. Çünki qısamüddətli kiçik bir təqdimatda İslam dünyasının bəşəriyyətə verdiyi töhfələr, İslam alimlərinin ixtiraları, İslam fəlsəfəsinin dünya fəlsəfəsinə gətirdiyi yeniliklər, müsəlman şərqində yaranan riyaziyyat elminin müasir texnologiyaların əsasında duracaq bəzi ixtira və kəşflərin məhz İslam sivilizasiyasından yarandığı və dünyaya yayıldığı məsələsi qoyuldu. Buna paralel olaraq eyni zamanda qərb cəhalət dövrünü yaşayarkən qərb intibahına qədər olan mərhələdə İslam dünyası məhz antik mədəniyyəti öz üzərindən yenidən qərbə tanıtdı.

Ümumiyyətlə bəşəriyyətin yaratdığı mədəniyyət birdir və ümumi insanlığa aiddir. Ona görə də mədəniyyətləri bölüb müxtəlif fərqli sivilizasiyalara və ona qarşı total hücumlar təşkil etmək, birini digərinə nisbətdə layiq olmadığı bir mərtəbədə göstərmək, gözdən salmaq doğru deyil. Düşünürəm ki, nəticə etibarilə Azərbaycanın həyata keçirdiyi bu addım, təbliğat üsulu unikal bir üsuldur. Oyunlar təkcə Azərbaycana siyasi dividentlər gətirməyəcək, eyni zamanda bütün müsəlman dünyasını olduğu kimi dünya ictimaiyyətinə təqdim etməklə həm də müsəlman dünyasına xeyli dividentlər gətirəcək. Əlbəttə ki, bizim üçün ən çox önə çıxan hazırda ölkəmizin milli maraqlarıdır. Bu həmişə belə olub. Hər bir ölkənin aldığı qərarlar ilk növbədə onun milli maraqlarına hesablanaraq alınır. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətini şərh edərkən dedi ki, bizim xarici siyasətimizə bəzən balanslaşdırılmış xarici siyasət deyirlər. Bu konteksdən yanaşanda ümumi İslam mədəniyyətinin tərkib hissəsi kimi Azərbaycanın burada özünün milli mədəniyyəti də önə çəkilir.

Millət vəkili Fuad Muradov bildirib ki, Azərbaycan hər zaman İslam sivilizasiyasının mərkəzlərindən biri olub, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib və İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub: "IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi və ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsi ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımı olub. Azərbaycan Şərqlə Qərb arasında bir körpüdür. Azərbaycan xalqı nadir xalqlardandır ki, həm Şərq, həm də Qərb dəyərlərini özündə birləşdirir. Zəngin milli dəyərlərimiz də buradan qaynaqlanır. Biz dünyada İslam ailəsinin bir parçasıyıq. Azərbaycanın müsəlman dövlətləri ilə münasibətləri qardaşlığa, dostluğa, səmimi əməkdaşlığa əsaslanır. Bu ölkələrlə bu münasibətlərimiz daha da inkişaf etməkdədir. Azərbaycan müsəlman ölkələrinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatında da fəal təmsil olunur və ikitərəfli, eləcə də çoxtərəfli formatda mövcud olan qarşılıqlı faydalı əlaqələr davamlı olaraq daha da möhkəmləndirilir. Azərbaycanla müsəlman ölkələri daim beynəlxalq arenada qarşılıqlı surətdə bir-birilərinin mənafe və mövqelərini müdafiə edirlər. Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də bu ölkələrin hər biri respublikamızın beynəlxalq hüquq normalarına əsaslanan haqlı mövqeyini müdafiə edir. Bu, zaman-zaman İƏT çərçivəsində qəbul edilən qərar və qətnamələrdə də birmənalı şəkildə öz əksini tapır. Düşünürəm ki, Azərbaycanda 2017-ci ilin "İslam həmrəyliyi ili" elan olunması bütün müsəlman dövlətlərinə, bütövlükdə dünyaya bir mesajdır. Çünki hazırki şəraitdə İslam həmrəyliyi çox zəruridir. Məhz bu həmrəylik sayəsində müsəlman dünyasında münaqişələri, problemləri həll etmək, qarşılıqlı əlaqələri daha da genişləndirmək mümkündür. Çox sevindirici haldır ki, Azərbaycan belə bir təşəbbüslə çıxış edib. Bu fakt bütün müsəlman ölkələri tərəfindən yüksək qiymətləndirilir". Fuad Muradovun sözlərinə görə, Azərbaycan həm İslam ölkələri arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişlənməsində önəmli rol oynayır, həm də ölkə ərazisində və dünyada İslam irsinin qorunmasında və yaşadılmasında fəal işlər görür: "IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində əhəmiyyətli rol oynayan ən başlıca amil də məhz Azərbaycanın daim İslam dünyasında əməkdaşlığa, inkişafa və həmrəyliyə öz töhfələrini verməsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim üçün böyük şərəfdir. Biz bunu İslam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahürü kimi qəbul edirik. IV İslam Həmrəyliyi Oyunları həm Azərbaycanın gücü və nüfuzunu bir daha nümayiş etdirəcək, həm də müsəlman aləmini - İslam ölkələrini Şərq və Qərbin qovuşuğunda birləşdirəcək. Paytaxt Bakının belə bir mötəbər tədbirə ev sahibliyi etməsi həm də ona görə əlamətdardır ki, dünya Oyunların tarixində bir rekorda, yəni 57 ölkənin idmançılarının iştirakına şahidlik edəcək. Bilirsiniz ki, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin rəhbəri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Mehriban xanım Əliyevanın Təşkilat Komitəsinə rəhbərlik etməsi bu mötəbər tədbirin yüksək səviyyədə keçiriləcəyinə tam əminlik yaradır. Bunu "Evrovision - 2012" mahnı yarışması və "Bakı-2015" Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunub keçirilməsinin timsalında da daha aydın şəkildə görə bilərik. Bütövlükdə, hesab edirəm ki, IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələrinin birlik və həmrəyliyinə böyük töhfələr verəcək".

Millət vəkili onu da deyib ki, beynəlxalq müstəvidə Azərbaycan nüfuzlu idman ölkəsi kimi tanınır: "Çünki Azərbaycan nüfuzlu idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Eyni zamanda, idmanımızın beynəlxalq səviyyədə uğurları da ildən-ilə artır. Bu baxımdan, əlbəttə ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi həm də ölkəmizin böyükmiqyaslı idman yarışlarına ev sahibliyi etmək imkanlarına malik olması reallığını nümayiş etdirir. Ölkəmizdə həyata keçirilən inkişaf siyasətinin səmərəli nəticələrindən biri də idman sektorunun davamlı tərəqqiyə malik olmasıdır. İdmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib. Ölkəmizin birinci Avropa Oyunları kimi qitənin bir nömrəli idman yarışına uğurla ev sahibliyi etməsinin, eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi ölkə kimi seçilməsinin arxasında məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması amili dayanır. Bilirsiniz ki, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurları hər zaman artır. Dövlət bayrağımızın nüfuzlu yarışlarda zirvələrə yüksəldilməsi hər birimizdə qürur hissi doğurur.

ABŞ-ın Markett Universiteitinin (ABŞ) beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys isə deyib ki, Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları eyni arenada çox sayda müxtəlif xalqların nümayəndələrinin bir arada toplamağın gözəl nümunəsidir və bu idman tədbiri mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə kömək edir.

O qeyd edib ki, yarışlar çərçivəsində İndoneziya, Türkiyə, Özbəkistan, eləcə də müxtəlif ölkələrin idmançıları öz güclərini göstərmək və ölkələrinə qızıl, gümüş, bürünc medallar aparmaq imkanları qazanıblar.

P.Teys vurğulayıb ki, Azərbaycan böyük tədbirlərin təşkilində əla bacarığını artıq çoxdan göstərib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.