Xalq qəzeti.-2017.-14 may.-102.-S.4.

 

Dünya möhtəşəm və unudulmaz idman bayramının şahidi oldu

 

Səbuhi MƏMMƏDOV

Əminəm İslam Oyunları ilk növbədə İslam həmrəyliyini gücləndirəcək,  həm İslam aləminə, həm dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 

Budur, Azərbaycan daha bir möhtəşəm beynəxalq tədbirin təntənəli açılış mərasimini keçirdi. 70 minə yaxın tamaşaçının olduğu Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimində Azərbaycan İslam aləmini, sülh və anlaşma ruhu ilə bir araya gələn 50-dən çox dövləti qürurla və ürəkaçıqlığı salamladı. Bütün dünya mavi ekranlardan açılış mərasimində Xəzər dənizindən başlayan maraqlı səyahəti izləməklə yanaşı, Azərbaycanın təbii gözəlliyə və böyük potensiala malik olduğunu bir daha müşahidə etdi.

 

Azərbaycan artıq böyük tədbirlərin yüksək səviyyədə keçirildiyi məkana çevrilmişdir. 2015-ci ildə keçirilən birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin səviyyəsi və beynəlxalq aləmdə doğurduğu əks-səda məhz belə deməyə əsas verir. Xatırladaq ki, ötən il aprelin 29-da Los-Ancelesdə birinci Avropa Oyunlarının açılış mərasimi iki nominasiyada - işıq rejissoru və ən yaxşı səs Sound mix nominasiyalarında nüfuzlu Emmi mükafatına layiq görülmüşdü. Qeyd etmək yerinə düşər ki, Daytime Emmy Award Nyu-York və Los-Anceles milli televiziya sənəti və elm akademiyalarının ABŞ televiziyalarının gündüz proqramlarının qabaqcıl təcrübəsinin etiraf edilməsi əlaməti olaraq təqdim edilən mükafatdır. Emmi mükafatı Oskar (kino), Qremmi (musiqi) və Toni (teatr) mükafatlarının televiziya ekvivalentidir. Belə bir nüfuzlu mükafatın Bakı- 2015 Avropa Oyunlarının açılış mərasiminə təqdim olunması Azərbaycanın böyük beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsinə verilən qiymət kimi dəyərləndirilmişdi.

Mayın 12-də keçirilən IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi də təkrarolunmazlığı və yaratdığı ümumi atmosferə görə də böyük alqış və diqqətlə qarşılandı. Belə ki, Bakı Olimpiya Stadionu öz möhtəşəmliyi, əsrarəngiz gözəlliyi ilə hər kəsin diqqətini çəkdi. Bu dəfə də dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin iştirakı ilə ərsəyə gələn kreativ şou nümayiş olundu. Mayın 12-də də Bakı Olimpiya Stadionu mürəkkəb tərtibata malik möhtəşəm səhnə mexanizmindən ibarət məkana çevrildi. Yüksək ustalıqla hazırlanmış dekorasiyalar və səhnə kompozisiyalarının quruluşu və təqdimatı tamaşaçı rəğbətinə səbəb oldu. Xüsusilə də Azərbaycanın əsrlər boyu formalaşmış mədəniyyətindən qaynaqlanan hekayətdə maraqlı bilik və ixtira səyahətinə çıxmış Mina adlı kiçik qız və onun çərpələngindən bəhs edilən videoçarx böyük maraq doğurdu. Muğam ustadı Alim Qasımovun minarənin zirvəsində azan oxuması və videoçarxın qəhrəmanı kiçik qız Minanın Heydər Məscidinə yollanması, əllərində fənər tutan yüzlərlə insanın da ona qoşulması unudulmaz mənzərənin ortaya çıxmasına səbəb oldu. Çəkilişləri Azərbaycan, Avstraliya və Filippində aparılan videoçarxda kiçik qız Minanın keçmiş zamana yollanması və dünyanı gəzib  dolaşaraq, dahi şairləri görməsi, planetimizdən kənar kainatı seyr etməsi açılış mərasiminə yaraşan xüsusi gözəllik verdi. Bundan başqa, 70-dən artıq iştirakçının, böyük tacir arabasının, canlı at və dəvələrin, qartal və şahin fiqurlarından ibarət səhnənin göz qarşısında canlandırılmasını və Minanın ağ atın belində səhnəyə daxil olmasını, eyni zamanda,16 atın eyni ritmlə addımlayaraq dövr edən çarxı formalaşdırmasını və atların paralel olaraq yan-yana keçməsini, sonra öz çərpələngini daşıyan Minanın karvansaralarda tacir və səyyahlarla söhbət etməsini izləməyə dəyərdi. Səhnədə nümayiş etdirilən kompozisiyalarda bəşəri dəyərlərə göstərilən hörmət tamaşaçı alqışlarına layiq idi. Xüsusilə də səhnədə Günəş, Yer kürəsi, Ay və digər beş planetdən ibarət Günəş sisteminin böyük modelinin yaradılması və uçan çərpələngində əyləşmiş Minanın Ay mənasını daşıyan topu ilanın ağzına atması və fil saatının işə düşməsi, ilanın aşağı əyilərək, mexanizmi hərəkətə gətirməsi və  Bilik mərasiminin bununla da bitməsinə işarə etməsi mərasim təşkilatçılarının işlərinin öhdəsindən layiqincə gəldiklərini təsdiqlədi.

Açılış mərasiminin sonu da özünəməxsus məntiqi ardıcıllıqla yekunlaşdı. Belə ki, birdən-birə qopan fırtınanın səhnədəki hər şeyi süpürüb aparması və bunun nəticəsi olaraq Minanın yolunu itirməsi, ancaq Simurq quşunun lələyinin Minanın köməyinə gəlməsi və onun dostlarının ildırım surəti ilə aşağı enərək, kiçik qızın imdadına yetişmələri, qızcığazın fırtınadan, buludlardan yuxarıya, təhlükəsiz səmaya qalxaraq ulduzlara çatması, həqiqətən də gözəl mənzərə idi. Mina əllərində çərpələng tutan 700 səhnə iştirakçısının üzərindən uçması, yüz minlərlə kiçik altıbucaq çərpələngin auditoriya üzərində dalğalanıb Yerdə və havada yanar çarx fişəngi alovlanması və stadion üzərində gecə səmasında atəşfəşanlığın başlanması böyük tamaşaçı rəğbəti və alqışına səbəb oldu. Bununla da, Azərbaycan özünəməxsusluğu ilə diqqəti çəkən və tamaşaçıların böyük rəğbətinə səbəb olan, ümidin və sülhün, eləcə də inamın tarixindən bəhs edən açılış mərasimi ilə IV İslam Həmrəyliyi Oyunlarının tarixinə öz adını qızıl hərflərlə yazdırdı.

Məlumdur ki, İslam Azərbaycan xalqı üçün güclü milli-mənəvi dəyərdir və ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, ilk növbədə, bu dəyərə böyük qiymət verdiyini nümayiş etdirir. Azərbaycan belə tədbirə ev sahibliyi etməklə, İslamın sülh və ümid yeri olduğunu göstərməyə və son zamanlar İslama qarşı aparılan kinli və qərəzli hücumlardan onu qorumağa can atır. Diqqəti 1 milyarddan artıq insanın inandığı İslamın müasirliyinə və birgəyaşayışa çağıran tələblərinə yönəltməyə çalışır. Ən əsası, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını təşkil etməklə sülh, qardaşlıq və humanizm dəyərlərinin hakim olduğu İslamın gələcəyinin məhz müsəlman dünyasının həmrəyliyindən keçdiyini nümayiş etdirməyə can atır.

Azərbaycanın Birinci vitse-prezidenti, Bakı-2017 İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılış mərasimindəki çıxışında bu məqam barədə belə demişdir: Bu axşam biz İslam aləmini bir araya gətiririk. Azərbaycan bu ali missiyanı öz üzərinə götürməkdən fərəh hissi duyur. Biz minillikləri əhatə edən mədəniyyətə və güclü İslam ənənələrinə malik qədim diyarıq.

Azərbaycanın gənc, müasir və sürətlə inkişaf edən ölkə olduğunu diqqətə çatdıran Mehriban xanım Əliyeva əlavə etmişdir ki, ölkəmizin multikultural tarixi açıq, tolerant cəmiyyətimizin ən ülvi hissəsidir: Biz İslam tarixi və irsinin bir hissəsi olmaqdan, İslam dəyərlərini bölüşməkdən fərəhlənirik. Azərbaycanın iki il öncə birinci Avropa Oyunları çərçivəsində bütün Avropa qitəsini bir araya gətirərək tarix yazdığını xatırladan Mehriban xanım Əliyeva Vətənimizin indi də dörd qitənin İslam dünyasının insanlarını Bakıda  IV İslam Həmrəyliyi Oyunlarında birləşdirdiyimizi diqqətə çatdırmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev Oyunların əhəmiyyətini belə xarakterizə edir: Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə İslam Həmrəyliyi ili elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. İslam Həmrəyliyi ilinin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, bu ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaqdır. Ölkə başçısının sözlərinə görə, İslam Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin dünya miqyasında çox böyük hörmətə malik ölkə olduğunu göstərir. Çıxışlarında Azərbaycanın sürətli inkişaf dövrünü yaşadığını deyən ölkə başçısı həmişə vurğulamışdır ki, Azərbaycan dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri rahat bir ailə kimi yaşayır və biz bütün qonaqları qəbul etməyə hazırıq, buna qadirik. Bu dəfə də belə oldu. Azərbaycan xalqı öz qonaqpərvərliyini, tolerantlığını, qonaqlara olan hörmətini bir daha nümayiş etdirdi.

Xatırladaq ki, Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edir. Azərbaycanı Oyunlarda 425 idmançı təmsil edir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki indiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmamışdı. IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir. Yarışları işıqlandırmaq üçün 1000-dən çox media nümayəndəsi akkreditasiyadan keçmişdir. IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan su səyahətinə aprelin 5-də Prezident İlham Əliyevin iştirakı ilə start verilmişdi. Xəzərdən başlayan və Azərbaycanın 15 regionunu əhatə edən su səyahəti mayın 5-də Bakıda başa çatmışdı. Yarışlar Bakının ən müasir 16 idman meydançasında 21 idman növü üzrə keçirilir. Atletlər 269 dəst medal uğrunda mübarizə aparırlar. Ən çox medal dəsti atıcılıq və atletika yarışlarındadır. Qaliblərə 1600 medal təqdim ediləcək.

İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin iqtisadi-humanitar üstünlüklərini də qeyd etmək vacibdir. Belə ki, bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin sosial-iqtisadi inkişafını təsdiqləməklə yanaşı, respublikamızda sabitliyin və inkişaf mühitinin güclü olduğunu da nümayiş etdirir. İqtisadi araşdırmalar göstərir ki, böyük idman tədbirlərinin keçirilməsi hər halda iqtisadi cəhətdən sərfəlidir, çünki ölkəyə maraq artır və xarici ticarət üçün yeni perspektivlər yaranır. Böyük idman tədbirlərinin keçirilməsi ölkənin sonrakı illərdə ixracatını da ciddi şəkildə artırır. Buna görə də, ixracatın iqtisadi inkişafa göstərdiyi müsbət təsiri nəzərə alınarsa, o zaman bunun İslam Oyunlarının keçirilməsinə dair irəli sürülən arqumentləri gücləndirdiyini demək olar.

Göründüyü kimi, böyük idman yarışlarına ev sahibliyi edilməsi həmin ölkənin ictimai-siyasi həyatında mühüm dəyişikliklərin baş verməsinə şərait yaradır. Son iki ildə ölkəmizə Yaxın Şərq dövlətləri ilə  yanaşı, Avropa ölkələrindən gələn turist sayında ciddi artımın müşahidə olunması belə idman tədbirlərinin iqtisadi effektliyi barədə mülahizə irəli sürən mütəxəssislərin mövqeyini gücləndirir.

Daha vacib faktorlardan biri də budur ki, belə böyük idman tədbirinin ölkəmizdə keçirilməsi maliyyə sabitliyinin daha da möhkənlənməsinə müsbət təsir göstərəcək. Belə ki, ölkəyə gəlmiş turistlərin xarici valyutanı manata çevirmələri milli valyutaya tələbatın artmasına səbəb olur. Azərbaycanın əldə edəcəyi mühüm dividendlərdən biri də  infrastrukturun inkişafına yatırılan sərmayələrdir və bu, gələcəkdə xarici kapitalın cəlb olunması baxımından əhəmiyyət kəsb edir. Belə bir tədbirin ölkəmizdə keçirilməsinin Azərbaycanın dünyanın idman ictimaiyyətinə bir daha tanıdılmasında böyük rol oynayacağı şübhəsizdir. İslam Oyunlarının keçirilməsi Yaxın Şərq sərmayədarlarının da ölkəmizə maraqlarının daha da artmasına gətirib çıxaracağı danılmaz faktdır.

Bu, bir həqiqətdir ki, Şərqlə Qərb arasında mühüm ərazidə yerləşməsi və inkişaf etmiş infrastruktur Azərbaycana milli iqtisadiyyatını daha da gücləndirmək üçün əlavə stimullar verir. Ən əsası, İslam Oyunları kimi böyük idman tədbirlərinin keçirilməsi xarici sərmayənin təşviqi ilə yanaşı, iqtisadiyyatın şaxələndirilməsinə də müsbət təsirini göstərir. Belə ki, mütəxəssislərin fikrincə, xarici sərmayələrin hökumətin xüsusi diqqət ayırdığı qeyri-neft sahəsinin inkişafına yeni təkan verməklə yerli istehsalın genişlənməsinə və ixracatın həcminin artmasına gətirib çıxarır.

Bir sözlə, İslam Oyunları Azərbaycan üçün qısa və uzunmüddətli dövrdə sərmayələrin cəlb olunması baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda, 2020-ci ildə futbol üzrə Avropa çempionatının dörd oyunun Bakıda keçiriləcəyini nəzərə alsaq, o zaman belə idman tədbirlərinin Azərbaycan iqtisadiyyatının əldə edəcəyi mənfəətin böyük olacağını indidən demək olar.

İlk Avropa Oyunlarının keçirilməsi ölkəmizin təbliğatı baxımından da müstəsna rol oynadığını hamı bilir. Oyunların bir neçə ölkədə yayımlanması Azərbaycanın dünyada yaxından tanınmasına şərait yaratmışdı. Bu dəfə də istisna olmadı. İslam Oyunlarının açılış mərasimi 55-dən çox ölkədə yayımlandı. Məlumdur ki, dünyada hər bir turist uğrunda ciddi mübarizə gedir. Ölkəyə turist cəlb etmək üçün reklam kampaniyaları, tədbirlər keçirilir. Bu mənada İslam Oyunlarının yüksək səviyyədə təşkilinin və Oyunların xarici televiziya kanalları vasitəsilə yayımlanması Azərbaycana turist marağının artmasına gətirib çıxaracağı şübhə doğurmur.

Oyunların ilk növbədə siyasi baxımdan əhəmiyyət kəsb etdiyini önə çıxaran mütəxəssislər bildirirlər ki, belə mötəbər idman tədbirləri respublikamızın nüfuzunu daha da artırır və dünyanın diqqət mərkəzinə düşməsi ölkəmizə iqtisadi dividentlər də gətirir. Buna görə də, əminliklə demək olar ki, IV İslam Həmrəyliyi Oyunları kimi böyük idman layihələrinin həyata keçirilməsində iqtisadi-siyasi səmərə böyükdür və Azərbaycanın bu dəfə də hərtərəfli fayda götürəcəyi şübhə doğurmur.