Respublika.-2017.-14 may.-102.-S.6.

 

Qanlı-qadalı günlər...

 

Naxçıvanda: 99 il əvvəl

 

... 1918-ci ildə İrəvan xanlığı ərazisi erməni daşnak lidelərinə 99 ilə icarəyə verilərkən onlar Anadolu, Naxçıvan, Qarabağ iddialarından əl çəkəcəklərini də öhdəliyə götürmüşdülər. Lakin ermənilik xisləti onları xəyanət yoluna çəkdi:

Azərbaycanlıları silah gücünə ata-baba torpaqlarından çıxarıb Türksüz Ermənistan yaratdılar. Qarabağa, Zəngəzura, Naxçıvana hücum çəkdilər.

Hətta Türkiyədə Türk xalqına qarşı soyqırım təşkil edən, soyğunçu, qəddar, tayqulaq Andranik paşa 99 il əvvəl Naxçıvanda hakimiyyəti ələ almağa cəhd göstərmişdi. O, Türk ordusunun təqibindən İran ərazisinə keçib Maku, Xoy, Səlmas şəhərlərini, qəsəbə və kəndləri dağıdaraq, dinc əhalinin var-yoxunu taladı, qətliam təşkil etdi. Lakin ona qədim Naxçıvanı işğal etmək nəsib olmadı. Muradı gözündə qaldı.

Oxuculara təqdim etdiyimiz Qanlı-qadalı günlər... oçerki hadisələrin canlı şahidi olan qocaman müəllim və tədqiqatçı alim Lətif Hüseynzadənin xatirəsi əsasında qələmə alınmışdır.

T.Əhmədov.

(əvvəli 23 aprel tarixli sayımızda)

Cəfərqulu xan əyanları ilə şəhərin girəcəyində Türk ordusunu duz-çörəklə qarşıladı. Süvari qoşunun komandanı Minbaşı Cavid bəy və zabitlər Cəfərqulu xana yaxınlaşıb əsgəri qaydada təzim etdilər. Cəfərqulu xan Cavid bəyə əl verib görüşdü, onu bağrına basdı, qələbə münasibətilə təbrik etdi.

El adətincə qurbanlar kəsildi. Süvari və piyada qoşun hissələri şəhərin mərkəzi meydanına doğru irəlilədi. Yolboyu şəhər əhli xilaskar türk əsgərlərini alqışlayırdı.

Mərkəzi meydanda izdihamlı mitinq keçirildi. Milli komitənin üzvləri və ağsaqqallar hərarətlə çıxış edir. Türk ordusunu böyük zəfər münasibətilə təbrik edirdilər.

Rüşdiyyə şəhər məktəbinin müəlliminin türk zabit və əsgərlərinə müraciətlə oxuduğu şeir hamını kövrəltdi:

Gəlməsəydin su yerinə

Araz çayı köpüklü qan axardı

Gəlməsəydin Əlincənin təpəsindən

alov çıxar, qara duman qalxardı.

Gec gəlsəydin sən, burada bir türk,

bir müsəlman tapmazdın

Gəlməsəydin dağ, daş,

qərib bulaq fəqan çəkib ağlardı.

Minbaşı Cavid bəy öz çıxışında bütün şəhər əhlini təbrik etdi. Naxçıvanı qəhrəmancasına müdafiə edən milli ordunu və könüllü alayları alqışladı. Sonra dedi: Türkün qəlbi bir döyünür. Mustafa Kamal Atatürk bizə demişdir: Naxçıvan türkün qapısıdır... Onun mövcudiyyətini qorumaq üçün əlinizdən gələni yapınız.

Sonra ordu müftisi şəhidlərin ruhuna fatihə verdi. Xilaskar türk ordusu, milli ordu və xalq könüllü alayları nizamla hərbi kazarmaların qənşərində dayanmışdı. Burada qələbəlik vardı: Şəhər əhli divar boyu əllərində gül-çiçək Türk bayrağının qaldırılması mərasimini intizarla gözləyirdi. Türk milli marşının sədaları hamıda xoş əhval-ruhiyyə oyatmışdı. Əsgərlərin müşayiətilə gətirilən Türk bayrağı təpəcikdə yüksəkliyə qaldırıldı, əzəmətlə dalğalandı.

Sürəkli alqış, sevinc sədaları bayrağı salamlayan top atəşinin səsinə qarışdı. Türk bayrağı önündə hərbi parad keçirildi: əsgərlər səf-səf hərbi kazarmalara doğru irəlilədi. Bayrağın ətrafındakı səkiyə gül-çiçək dəstələri düzən mərasim iştirakçıları xoş ovqatla kazarma həyətindən şəhərin küçələrinə gəzintiyə çıxdılar.

Günəş qüruba yaxınlaşırdı. Üfüqdə ağ topa buludlar mis kimi qızarmışdı. Şəhər məscidində ibadətdən sonra hamı mənbərdə əyləşən Axundun söhbətini dinləyir, hərdən onun Allah türkü qorusun! sözünü eşidəndə, bir səslə Amin! deyirdi.

1918-ci il iyulun 7-si Qurtuluş günü Naxçıvanda, Mehri, Ordubad, Culfa, Şərur-Dərələyəz bölgələrində də el şənliyi keçirilirdi.

Cəfərqulu xan Kəngərlinin iqamətgahında axşamüstü başlayan fövqəladə yığıncaq gecə yarısınadək davam etdi.

...Şərq cəbhəsinin baş komandanı Kazım Qarabəkir Paşa Naxçıvanda baş verən hadisələrdən xəbərdar idi. O, Mustafa Kamal Atatürkün məsləhəti ilə Türkün qapısında güclü ordu yaratmaq, ölkənin müsəlman əhalisinin təhlükəsizliyini təmin etmək niyyətində idi. Kazım Qarabəkir Paşa öz ordusu ilə Gümrüdən Naxçıvana gəlmişdi. Kazarmaların geniş həyətində hərbi düşərgə yaranmışdı.

Kazım Qarabəkir Paşanın iqamətgahı Rəhim xanın ikimərtəbəli imarətində yerləşirdi. Ertəsi gün - 1918-ci il avqust ayının 4-də Cəfərqulu xan, Milli komitənin üzvləri, minbaşı Cavid bəy, yüzbaşı Xəlil bəy və Kalbalı xan Kazım Qarabəkir Paşanın iqamətgahına görüşə gəlmişdilər.

Paşa naxçıvanlıların zəfər bayramını təbrik etdi, onlara yeni qələbələr arzuladı. O, ölkənin suverenliyini, əhalinin təhlükəsizliyini, əmin-amanlığını təmin etmək üçün görüləcək işlərdən danışdı.

Cəfərqulu xan və mötəbər əyanlar, Cavid bəy, Kalbalı xan ölkənin ictimai-siyasi, iqtisadi vəziyyətindən, hərbi imkanlarından məlumat verdilər. Cəfərqulu xan Naxçıvan ölkəsini xarici işğalçı qoşunların hücumundan qorumağın çarəsini qərbi Qafqaz Cümhuriyyətinin tərkibində Naxçıvan Araz Türk Cümhuriyyətinin yaradılmasında görürdü.

Müşavirədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi qərara alındı.

...Ertəsi gün hərbi düşərgədə Milli komitə üzvlərinin iştirakı ilə parad keçirildi. Kazım Qarabəkir Paşa Naxçıvanın müdafiəsində qəhrəmancasına döyüşən milli ordunu və könüllü alayları böyük Türk dövləti adından təbrik etdi.

Kalbalı xana, Cavid bəyə və Xəlil bəyə general rütbəsi verildi. Könüllü xalq alayının başçıları - İbrahim Xəlil Axundlu, Həsən Şahverdiyev, Kabla Muxtar və bir çox başqaları zabit rütbəsinə və döyüş medalına layiq görüldülər.

Türk ordusu ölkədə sabitlik, əmin-amanlıq yaratmışdı. Kazım Qarabəkir Paşa erməni hücumunun qabağını almaq, təhlükəsizliyi qorumaq və müqavimət dəstələri yaratmaq üçün Mehri, Ordubad, Culfa, Şahbuz, Şərur-Dərələyəz müsəlman türk bölgələrinə hərbi qüvvə göndərmişdi.

...1918-ci il avqustun 7-də Naxçıvan şəhər meydanında ümumxalq mitinqi keçirilirdi. İri şam ağaclarının kölgəliyində hündür səhnəcikdə rəyasət heyətinin üzvləri kreslolarda əyləşmişdi.

Xitabət kürsüsündən solda, təpəlikdə ucaldılmış ay-ulduzlu al rəngli türk bayrağı səhər mehinin təsirindən ağır-ağır yırğalanırdı. Ətrafa yayılan həzin musiqi melodiyası xoş ovqat oyadırdı.

Meydanın sol kənarında cərgə ilə sıralanmış çinar ağaclarına bənd edilmiş ağ parçanın üstündə ərəb əlifbasında şüarlar yazılmışdı: Yaşasın Şərqin qapısında yüksələn şanlı türk bayrağı; Xilaskar türk ordusu var olsun!, Türkiyə hökumətinin qardaşlıq yardımına minnətdarıq, Yaşasın Kazım Qarabəkir Paşa!.

Mitinqi giriş sözü ilə açan Cəfərqulu xan dedi: Bu qarışıq zamanda xarici ölkələrin işğalçı qoşunlarına qarşı ölüm-dirim müharibəsi aparan Türkiyə hökuməti müsəlman xalqını ermənilik bəlasından, qırğından, dağıntıdan xilas etmək üçün məğlubedilməz sərkərdə Kazım Qarabəkir Paşanı, Türk ordusunu köməyimizə göndərmişdir. Bizim xilasımız birlikdədir. Var olsun Mustafa Kamal Atatürk! Allah Türk xalqını qorusun!

Sürəkli alqış sədaları altında tribunaya yaxınlaşan Kazım Qarabəkir Paşa izdihama baş əydi, öz razılığını bildirdi. Damarlarında türk qanı axan xalqların tarixi köklərindən danışdı. Gücümüz birlikdədir - dedi. Sonra nitqini həyəcanlı sözlərlə tamamladı - Əziz arkadaşlarım! Naxçıvan Türk millətinin Turana açılan Şərq qapısıdır. Türkün Şərqə açılan bu qapısında bir dövlət qurmaq üçün burada güclü bir ordu yaradılmalıdır. Bütün gənclərimiz hərbi biliklərə yiyələnməlidirlər. İnşallah, buna da nail olacağız. Şərqin qapısında güclü bir ordumuz olacağına mən əminəm (səh. 36)

İzdiham bu təklifi sürəkli alqışlarla qarşıladı, yer-yerindən vətən yolunda silaha sarılmağa hazır olduqlarını bildirdilər.

36 yaşlı şair Hüseyn Cavid öz çıxışında gənclərin coşqunluğunu alqışladı, sonra həmyerlilərinə şeirlə müraciət etdi:

Arkadaş, yoldaş, ey vətəndaş oyan,

Oyan, yetər artıq oyan, dəyişdi zaman,

Sıyrılır bax, yavaş-yavaş zülmət,

Barı, sən dan yıldızından al ibrət,

Bilirmisən nə deyir o pəmbə çöhrəli nur.

Səhər olmuş, demək günəş doğuyor (səh. 36-37)

Kazım Qarabəkir Paşa xitabət kürsüsünə yaxınlaşıb şair Hüseyn Cavidi təbrik etdi. İzdihamın sürəkli alqışı kəsilmək bilmirdi. Onlar yanaşı dayanmış türkün qılınc və qələmini təmsil edən iki şəxsiyyəti - sərkərdə və şairi təbrik edirdilər.

Kazım Qarabəkir Paşa Naxçıvan Rüşdiyyə məktəbinin müəllimi şair Hüseyn Cavidlə həmyaşıd idi. Onların arasında sıx dostluq münasibəti yaranmışdı. Sərkərdə Kazım Qarabəkir Paşanın müəllim Hüseyn Cavidə mənəvi bağlılığı həm də onun şairliyi idi. O, həmyaşıd şair dostuna bir şeir də həsr etmişdi:

Nə qədər xoş təsadüf, nə mutluluq

İkimiz də bir zamanda, həp bərabər doğulduq.

Şeir, sənət dünyasında ikimiz də şair olduq.

Sən ustad bir müəllim, bən də qorxmaz bir əsgər.

Bu millətə, bu vətənə, qılınc ilə qələm olduq. (səh. 44)

Naxçıvan Milli Komitəsi ölkədə hərbi səfərbərlik elan etmişdi: gənclər ordu sıralarına axınla gəlirdilər. Türk zabitlərinin nəzarəti altında onlar hər gün ciddi qayda ilə hərbi təlim keçirdilər. Rüşdiyyə məktəbinin yuxarı sinif şagirdləri də dərsdən sonra hərbi hissələrdə döyüş qaydalarını, poliqonda atəş açmağı öyrənirdilər.

Erməni daşnak ordusunun hücumlarına qarşı müdafiə istehkamları tikilir, səngərlər qazılırdı. Xarici müdaxilə gözlənilən idi. Lakin Naxçıvanda türk ordusunun olmasından xəbər tutan general Andranik çoxminli qoşunu ilə Dağlıq Qarabağ bölgəsinə çəkilmişdi. Orada dinc müsəlman kəndlərində amansız qırğın törədir, soyğunçuluq edirdi. General Andranik Qarabağ bölgəsini işğal etmək, Şuşada məskunlaşmaq niyyətində idi. Ancaq türk hərbi hissələri və müsavat ordusu erməni quldur dəstələrinə aman vermir, onlara ciddi müqavimət göstərirdi.

Naxçıvanı hərbi qüvvə ilə zəbt edəcəklərinə inamını itirmiş daşnak hökuməti Zəngəzur bölgəsinə qoşun çıxarmışdı. Onlar Naxçıvan ölkəsini diplomatik yolla caynaqlarına keçirmək ümidində idilər.

...1918-ci ilin avqust-sentyabr aylarında Naxçıvanda sabitlik dövründə milli ordu yaranırdı. Kazım Qarabəkir Paşanın rəhbərlik etdiyi türk general və zabitlərinin titanik zəhməti nəticəsində vətənsevər müsəlman gənclərindən ibarət, döyüşə hazır olan Naxçıvan ordusu silahla və hərbi sursatla tam təchiz edilmişdi.

Mustafa Kamal Atatürkün tapşırığı ilə türk millətinin Turana açılan Şərq qapısında güclü milli ordunun təşkili sərkərdə Kazım Qarabəkir Paşaya şöhrət qazandırdı. Naxçıvan Rüşdiyyə məktəbi - 1918-ci il avqustun 28-dən Kazım Qarabəkir Paşa adına Naxçıvan Rüşdiyyə məktəbi adlandırılmışdı. Lətif Hüseynzadə Xatirələrində yazır: ...bir gün eşitdik ki, baş komandan Kazım Qarabəkir Paşa məktəbimizə gələcəkdir. Böyük hazırlıq işləri gördük, hər tərəf gül-çiçəklərlə, bayraqlarla bəzədildi. Paşa bir neçə zabit və əsgərlə məktəbimizə gəldi. Müəllimlərimiz, valideynlər, şagirdlər paşanı böyük hörmət və təntənə ilə qarşıladılar. Bizim yuxarı sinif şagirdləri də onu hərbi qaydada, hərbi intizamla qarşılayıb, salamladıqdan sonra paşanın yazıb və bəstələdiyi İstiqlal marşını oxuyaraq paşanın qarşısından keçdik:

Ya istiqlal, ya ölüm

Ya istiqlal, ya ölüm

Vətənim, millətim, sancağım, evim.

İstiqlalım yoxsa, cahanda yoxdur yerim.

Kazım Qarabəkir Paşa onu bizim belə qarşılamağımızdan çox məmnun oldu və Sağ olun, mənim qəhrəman, əziz yavrularım dedi. Biz də Yaşa-yaşa, çox yaşa Paşam deyib səsləndik.

Bu rəsmi keçiddən sonra müəllimlərimiz, valideynlərimiz, şagirdlər paşanı gül-çiçəklə qarşıladılar. Paşa müəllimlərimizlə də görüşüb səmimi həsb-hal etdi. Bu görüş zamanı paşa məktəbimizin Rüşdiyyə adlanmağından çox xoşhal olduğunu bildirib dedi: Bənim də ilk təhsil aldığım məktəbin adı - Sultan Mehmet Fateh adına hərbi Rüşdiyyə məktəbi adlanırdı. Şimdi bən burada çocuqluq günlərimi xatırladım. Bizim də Rüşdiyyə böylə idi. Bu vaxt müəllimlərimizdən biri paşaya yaxınlaşıb ona dedi: Paşam, icazə verin, bizim Rüşdiyyəni də sizin adınızla adlandıraq.

...Müdirimiz Xəlil Ağa Hacılarov paşaya yaxınlaşdı və əlini sıxıb dedi: Kazım bəy əfəndiləri, bu gündən Rüşdiyyə sizin adınızadır və siz bizim Rüşdiyyənin fəxri müəllimi oldunuz. O gün paşanın şərəfinə Rüşdiyyə məktəbində böyük bir şənlik keçirildi. Türk və Azərbaycan şərqiləri səsləndi.

...bir neçə gündən sonra məktəbimizin qapısı başında Kazım Qarabəkir Paşa adına Naxçıvan Rüşdiyyə məktəbi sözləri yazılmış bir lövhə asıldı. (Lətif Hüseynzadə. Araz şahiddir. B., 2001, səh. 38-39).

Şərq cəbhəsinin baş komandanı Kazım Qarabəkir Paşa ən cəsur, məharətli sərkərdə idi. Kiçik yaşlarından mükəmməl təhsil almışdı. Poliqlot idi: ərəb, fransız, alman, rus dillərini çox gözəl öyrənmişdi. Türkcə türk tarixinə, ədəbiyyatına və mədəniyyətinə deyil, dünya elmi biliklərinə də səylə yiyələnmişdi.

Çoxcəhətli yaradıcılıq qabiliyyətinə malik idi: şeir yazır, rəsm çəkir, mahnı bəstələyir və dərslik yazırdı. O, Naxçıvan Rüşdiyyə məktəbinin Fəxri müəllimi kimi şagirdlərlə söhbətlərinin birində demişdir:

Bən ilk oxuduğum illərdə hərbi biliklərlə yanaşı, ədəbiyyatı, tariximizi, incəsənəti böyük həvəslə öyrənirdim. İngilis, fransız və rus dilini öz ana dilimiz qədər çalışıb öyrəndim. Hələ kiçik yaşlarından şeir yazar, şəkil çəkərdim. Və şimdi də onları böyük həvəslə davam etdirirəm. Bən, bunları sizə söyləməkdə amacım sizi də ədəbiyyatımızı, dilimizi, tariximizi öyrənməyə həvəsləndirməkdir (səh. 40).

Kazım Qarabəkir Paşa ilə Rüşdiyyə məktəbinin ədəbiyyat müəllimi, şair Hüseyn Cavid arasında möhkəm dostluq ünsiyyəti yaranmışdı. O, Hüseyn Cavidin Ədəbiyyat məclislərində şairlərin çıxışlarına maraqla qulaq asar, özü də yazdığı şeirlərdən oxuyardı.

Kazım Qarabəkir Paşanın Naxçıvan xatirələrində burada türk müsəlman xalqına xidmətləri, türk əsgərlərinə ümumxalq məhəbbəti dolğun əksini tapmışdır. O, çəkdiyi Naxçıvan təbiət lövhələri və etüdlərindən ibarət kolleksiya düzəltmişdi.

Erməni məzalimi xatirə-kitabında ermənilərin Naxçıvan və ətraf bölgələrdə törətdikləri cinayətlərin real, canlı lövhələrini təsvir edirdi. Müəllif bu kitabını Türkiyədə xarici dillərdə çap etdirib ermənilərin ağlasığmaz vəhşiliklərini onların Naxçıvan, Şərur, Ordubad, Culfa bölgələrində öldürdükləri insanların sayını, dağıtdıqları kəndlərin miqdarını bütün dünyaya yaymaq niyyətində idi.

Kazım Qarabəkir Paşa şahidi olduğu hadisələrin və rəsmi sənədlərin əsasında ürək ağrısı ilə yazdığı əsərdə qəti nəticəyə gəlir ki, ermənilərin bu bölgələrdə törətdikləri qətliam uydurma erməni soyqırımından qat-qat artıqdır (səh. 51).

Əlyazma nüsxəsini dostu Hüseyn Cavidə bağışladığı Öyüdlərim əsərində isə müəllifin gənc nəslə müraciəti, nəsihətamiz mənzum şeirləri toplanmışdı.

1918-ci ilin oktyabrında Beynəlxalq müqaviləyə əsasən türk qoşunları Naxçıvanı tərk etməzdən əvvəl Rüşdiyyə məktəbində keçirilən vida mərasimində Kazım Qarabəkir Paşa Öyüdlərim kitabının əlyazma nüsxəsini dostuna təqdim edərkən demişdir: Sevimli yavrularım, bu kitabı sizin üçün yazdım. Bu əlyazma kitabımda sizə təlim edəcək çox dəyərli xocam, xocanız, sevimli şairimiz, bənim əziz dostum, qardaşım Hüseyn Cavid bəy əfəndilərinə ərməğan ediyorum.

...Şair Hüseyn Cavid dostunun hədiyyəsini sevinclə qəbul etdi, sürəkli alqışlar altında onu qucaqlayıb razılığını bildirdi, xitabən dedi:

Paşam, çocuqlar bizim gələcəyimizdir. Yazmış olduğunuz bu dəyərli Öyüdlərim əsərinin məzmunu ilə tanışam. Çocuqlarımızın mənəvi tərbiyəsi üçün çox önəmli olan bu əsər, ədəbi-pedaqoji fikir tariximizin ən qiymətli əsərlərindəndir.

Əziz dostum Kazım Qarabəkir Paşa! Millətimizə göstərdiyiniz xidmətləriniz kimi, bu pedaqoji xidmətiniz də təqdirəlayiqdir. Bən sizin Öyüdlərim əsərinizi Bakıda çap etdirib bütün Qafqazda yayacağam, Kazım Qarabəkir Paşanı bütün Qafqazda tanıdacağam (səh. 51).

(Hüseyn Cavid Kazım Qarabəkir Paşanın Öyüdlərim əsərini 1921-1925-ci illərdə Bakıda nəşr etdirib məktəblərə, çocuq bağçalarına, yetimxanalara göndərilməsini təşkil etmişdi).

Kazım Qarabəkir Paşa ictimai-siyasi xadim kimi Naxçıvan ölkəsinin hərtərəfli inkişafı və təhlükəsizliyi qayğısı çəkirdi. Onun böyük qəlbi ünsiyyətdə olduğu vətənsevər adamların ürəyi ilə bir döyünürdü. Naxçıvan əyanları və ictimaiyyəti arasında hörmət və izzət sahibi idi.