Səs.-2017.-12 may- 83.-S.8-9.

 

İslami dəyərlərə sadiqliyin nümunəsi

 

Bu gün "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarının açılış günüdür

 

Nəzakət Ələddinqızı

 

Bu gün, nəhayət ki, hər bir azərbaycanlının, eləcə də, bütün islam dünyasının gözlədiyi zaman yetişdi. Bu gün 12 may Azərbaycan tarixində yeni səhifə açacaq "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarının açılış gündür. Artıq oyunlara hazırlıq mərhələsi arxada qaldı. İslam dünyasının bir parçası olan Azərbaycan bir daha dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və əmin-amanlığa, birgəyaşayışa öz töhfələrini verəcək və sülhsevər siyasətini yenidən dünyaya bəyan edəcəkdir.

Bu günə qədər keçirilən onlarla tədbirlər BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, "Formula-1" yarışları və digərləri kimi Azərbaycan müstəqil, islami dəyərlərə böyük hörmətlə yanaşan bir dövlət kimi, bu oyunların da uğurla keçməsini təmin edəcək. İlk Avropa Oyunları "Bakı - 2015" - də olduğu kimi, sülh, əmin-amanlıq, sabitlik ölkəsi olan Azərbaycanda "IV İslam Həmrəyliyi Oyunları"nın tarixinə yeni səhifə açılacaq. "Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir" - deyən Prezident İlham Əliyev bunun böyük siyasi tədbir, böyük mədəni tədbir, böyük ictimai hadisə olduğunu bildirib: "Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, islam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün islama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar islam haqqında rəy formalaşdırırlar ki, islam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, islam dünya üçün təhlükədir, islamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dini inancına görə bölürlər və müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri "Stop islam" deyirlər... Faşizm islam aləmində yaranmayıb. Ona görə, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, islam aləmini birləşdirək".

Ölkəmizin tolerantlıq və multikulturalizm prinsiplərinə sadiqliyinin bariz nümunəsi olan oyunların ölkəmizdə keçirilməsi həm də Azərbaycanın dünyaya tanıtdırılması, Bakının gözəlliyinin nümayişi, tarixi və mədəni irsimizin təbliği üçün geniş imkanlar yaradır.

 

"...Oyunlar təkcə idman yarışı olmayacaq, eyni zamanda, birliyimizin, müsəlman aləmində gənc nəsillərimizin həmrəyliyinin günləri olacaq"

 

Beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün ölkəmizə olan etimad Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir. Eyni zamanda, bütün bu tədbirlər Azərbaycanımızın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, İslam Həmrəyliyi Oyunları, dünyaya bir daha göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir. IV İslam Həmrəyliyi Oyunları Azərbaycan üçün təkcə idman tədbiri deyil, xalqlar arasında əlaqələrin və dialoqun təşviqi platforması da olacaq. Əsas şüarı "Həmrəylik bizim gücümüzdür" olan oyunlar müasir dünyada müxtəlif xalqları bir araya gətirərək, onlar arasında körpü rolunu oynayacaq. Prezident İlham Əliyevin sözlərinə görə, bu, islam ölkələrinin birliyinə verilən töhfədir: "Çünki oyunlar təkcə idman yarışı olmayacaq, eyni zamanda, birliyimizin, müsəlman aləmində gənc nəsillərimizin həmrəyliyinin günləri olacaq. Biz qardaşlıq ənənələrimizi bizi əvəzləyəcək gənc nəsillərə ötürməliyik. Nəzərə almaq lazımdır ki, bu gün media, qloballaşma və gündəlik həyatımızın digər elementləri, müxtəlif aspektlər baxımından, öz rolunu oynayır. Əfsuslar ki, onlar bəzən köklərimizi, ənənələrimizi sual altında qoyaraq, mənfi rol da oynayır. Qloballaşma özlüyündə yaxşı bir prosesdir. Lakin o, bəzən kökləri, ənənələri, dini, bayramları və dəyələri yaddan çıxarmaq mənasını daşıyırsa, onda biz bu cür qloballaşmanı dəstəkləmirik".

Müsəlman aləminin gənc nəsilləri milli-ənənəvi dəyərlərimizə əsaslanaraq, formalaşması əsas məsələlərdən bir olaraq qarşıda durur. Azərbaycan da, öz növbəsində, dəyərlərimizi təşviq etmək üçün əlindən gələni edir. Prezident İlham Əliyevin dediyi kimi, biz müsəlman aləminin mədəniyyətini nümayiş etdirmək, islamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək məqsədilə dünyanın müxtəlif yerlərində bir çox konfranslar, sərgilər və digər mədəni tədbirlər təşkil etmişik: "İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalı və səylərimizi birləşdirməliyik. İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilirik. Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalıyıq".

 

Bakı IV İslam Həmrəyliyi Oyunlarını müvəffəqiyyətlə başa vuracaq

 

Öz əqidəsinə və milli dəyərlərinə sadiq olan Azərbaycan təmsil olunduğu beynəlxalq forum və təşkilatlarda islam dünyasını, müsəlmanları dəstəkləyir, güclü tərəfdaşlıq əlaqələrini genişləndirir. Bəli, Azərbaycan islami dəyərlərə, islam dininə bağlı dövlətdir. Bunun nəticəsidir ki, müasir dövrümüzdə ölkəmizdə islami dəyərlər, multikulturalizm məktəbi, tolerantlıq yeni dövrünü yaşayır. Bu gün öz işinə başlaycaq oyunlarda 57 ölkəni təmsil edən idmançılar iştirak edəcək. İslam Həmrəyliyi Oyunlarının tarixində bu qədər ölkənin iştirakı hələ mümkün olmayıb. 10 gün ərzində 16 yarış məkanında 23 idman növü üzrə mübarizə aparılacaq.

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün çox ciddi şəkildə hazırlıq işlərini başa çatdırıb. Nəzərdə tutulan bütün idman obyektləri oyunlara tam hazır vəziyyətdədir. 17 müxtəlif idman obyektində keçiriləcək yarışlarda 21 qeyri-yarış məkanından istifadə olunacaq.

Oyunlar zamanı təhlükəsizlik işlərinə nəzarət, nəqliyyatın təmin edilməsi ilə bağlı əməliyyat planında mövcud olan bütün məsələlər yüksək şəkildə həllini tapıb. Əminliklə vurğulamaq olar ki, IV İslam Həmrəyliyi Oyunlarını Bakı müvəffəqiyyətlə başa vuracaqdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında da bu fikir vurğulanıb. Mehriban xanım Əliyeva çıxışında bildirib ki, Azərbaycanda çox vacib irimiqyaslı beynəlxalq tədbirlər keçirilir və hər bir belə tədbirin təşkili ən yüksək rəylər qazanır: "Biz hər bir məsələyə çox məsuliyyətlə yanaşırıq və Azərbaycanın maraqlarını, beynəlxalq imicini üstün tutaraq, ölkəmiz və xalqımız üçün layiqli nailiyyətlər əldə etməyə çalışırıq. Son illər Azərbaycanın paytaxtında bir çox böyük beynəlxalq idman yarışları - həm Avropa, həm də dünya çempionatları keçirilir. Ümumi rəyə görə, bu tədbirlər təşkilati baxımdan çox yüksək səviyyədə hazırlanır və keçirilir".

Bu günə qədər Təşkilat Komitəsi tərəfindən oyunların uğurla keçirilməsi üçün bir çox tədbirlər görülüb. Belə ki, idmançıların idman obyektlərinə vaxtında və təhlükəsiz çatmaları, tamaşaçıların müxtəlif idman infrastrukturlarına gediş-gəlişi, oyunlar zamanı şəhər sakinlərinin rahat hərəkət etməsi məqsədi ilə lazımı işlər görülüb. Oyunlar ərəfəsində və dövründə asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək daxili işlər orqanlarının fəaliyyətinin koordinasiyası məqsədilə Əməliyyat Qərargahı, habelə, 30 yarış və qeyri-yarış obyektini əhatə edən 15 köməkçi qərargah yaradılıb.

 

"Ölkəmizin zəngin, şanlı tarixində növbəti mühüm nailiyyəti əldə edə biləcəyik"

 

Bütün bunlarla yanaşı, oyunlar zamanı informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunması, hərtərəfli tibbi xidmətin təmin edilməsi kimi məsələlər də həllini tapıb. "Məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda ən layiqli səviyyədə keçirilməsidir", - deyən Mehriban xanım Əliyeva oyunların ölkəmizdə uğurla keçirilməsi üçün bütün şəraitin olduğunu bildirib: "...Ölkəmiz və paytaxtımız oyunların qəbuluna və ən yüksək səviyyədə keçirilməsinə tam hazırdır. Biz "dünya standartlarına uyğun" kəlməsindən tez-tez istifadə edirik. Mənə elə gəlir ki, biz son illər, artıq Azərbaycanın standartlarını yaratmışıq. Siz də xaricdə keçirilən bir çox beynəlxalq tədbirlərdə iştirak edirsiniz. Müqayisə etmək üçün imkanınız olur. Biz çalışırıq ki, hər bir tədbiri hərtərəfli hazırlayaq. Bu sahədə bizim artıq böyük təcrübəmiz var. Ölkəmizdə bir çox sahələri əhatə edən beynəlxalq tədbirlər keçirilir. Gələcəkdə də belə tədbirlərin keçirilməsi üçün bir çox müraciətlər var. Yəni artıq beynəlxalq aləmdə Azərbaycanın bu sahədə imici formalaşıb. Bizə müraciət edən beynəlxalq qurumlar əmindirlər ki, Bakıda- Azərbaycanda keçirilən böyük beynəlxalq tədbirlər, doğrudan da, bütün tələblərə - həm təhlükəsizlik tələblərinə, həm də təşkilati tələblərə cavab verəcək. Bir daha deyirəm ki, bu, ilk növbədə, Azərbaycan dövlətinin potensialının və Azərbaycan xalqının qabiliyyətinin göstəricisidir".

Görülən işlər, deməyə əsas verir ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını uğurla başa vuracaq, ölkəmiz zəngin salnaməsinə yeni bir səhifəni əlavə edəcəkdir.