Xalq cəbhəsi.-2017.-9 may.-79.-S.13.

 

Azərbaycanlıların 1988-1989-cu illərdə deportasiyası

 

Uğur

 

1-ci yazı

 

İndi Ermənistan adlanan əzəli türk torpaqlarından azərbaycanlıların sonuncu deportasiyası 1988-1989-cu illərdə olub. Tarixçi Nazim Mustafanın araşdırmasında bildirilir ki, təkcə XX əsrdə ermənilər havadarlarının köməyi ilə indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı 1905-1906-cı illərdə və 1918-1920-ci illərdə etnik təmizləmə, 1930-cu illərdə kütləvi repressiyalar, 1948-1953-cü illərdə deportasiya həyata keçirmiş və nəhayət, 1988-1989-cü illərdə etnik təmizləməni başa çatdırmağa müvəffəq olublar: Rəhbərliyində kimlərin olmasından asılı olmayaraq, Sovet Ermənistanının Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan ərazilərinə iddiası və bu iddiaların fonunda Ermənistandan azərbaycanlıların sıxışdırılıb çıxarılması hər zaman gündəlikdə olub. Rəsmi İrəvan və DQMV erməniləri 1945, 1964, 1975, 1977 və 1987-ci illərdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Moskvaya müraciətlər etmişdilər.

Ermənistanda anti-türk, anti-Azərbaycan təbliğatı 1960-cı illərin ortalarında var gücü ilə yenidən işə salınmışdı. Yüz minlərlə azərbaycanlı və türk dinc əhalisinin qətlinə rəhbərlik etmiş Andranik Ozanyanın anadan olmasının 100 illiyi münasibətilə 1965-ci ilin fevralında Ermənistanda təntənəli tədbirlər keçirilmişdi. 1965-ci il aprelin 24-də Moskvanın razılığı ilə İrəvanda uydurma böyük qırğının (o vaxt indi işlədilən erməni soyqırımı termini əvəzinə, böyük qırğın ifadəsi işlədilirdi) 50 illiyi qeyd edilmişdi. Həmin dövrdə Ermənistanda aparılan milli ayrı-seçkilik və diskriminasiya siyasəti nəticəsində İrəvan və onun ətraf rayonlarından yüzlərlə ailə Azərbaycana köçməyə məcbur olmuşdu. 1983-cü il aprelin 24-də ermənilər genosid gününü bəhanə edərək Masis (Zəngibasar) rayonunun mərkəzi Uluxanlıda azərbaycanlılar yaşayan evlərə basqınlar etmiş, qəsəbədəki qəbiristanlıqda qəbir daşlarını qırıb dağıtmışdılar. Müdafiəsiz əhali Türkiyə ilə sərhəd zolağına sığınmağa məcbur olmuşdu. 1984-cü ildə Azərbaycan xalqının qəddar düşməni Zori Balayanın Ocaq kitabının çap edilməsi azərbaycanlılara qarşı düşmənçilik hisslərinin açıq-aşkar qızışmasına səbəb oldu. Sov.İKP MK-nın 17 oktyabr 1984-cü il tarixli qərarında deyilirdi ki, son vaxtlarda Ermənistanda millətçilik əhval-ruhiyyəsini qızışdıran əsərlər yazılır, tarixi həqiqətlər təhrif edilir, azlıqda qalan millətlərin dilinin və mədəniyyətinin inkişafına imkan yaradılmır, partiya, sovet və təsərrüfat strukturlarında onların nümayəndələri təmsil olunmurlar və s. 1985-ci ildə Mixail Qorbaçovun SSRİ rəhbərliyinə gəlməsindən sonra yenidənqurma və aşkarlıq pərdəsi altında Ermənistanda və DQMV-də şovinizm ab-havası gündən-günə qızışırdı. 1987-ci ilin avqustunda ermənilər Dağlıq Qarabağdan və Ermənistandan 75 min imza toplayaraq Kremlə göndərmişdilər. Həmin il noyabrın 18-də M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, akademik Abel Aqanbekyan Parisdə LHumanite qəzetinə verdiyi müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan etdi. Dekabrın 1-də Dağlıq Qarabağ ermənilərinin təmsilçiləri muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında hazırlanmış müraciəti Sov.İKP MK-ya təqdim etmişdilər. 1988-ci il fevralın 13-də DQMV-də gizli fəaliyyət göstərən separatçı Krunk (Durna) təşkilatının təşkilatçılığı ilə DQMV-nin Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndidə ilk mitinq keçirilmişdi. Fevralın 20-də Vilayət Xalq Deputatları Sovetinin növbədənkənar sessiyası keçirilmiş, muxtar vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında qərar qəbul edilmişdi. Elə həmin gün Qafan rayonundan qovulan azərbaycanlı qaçqınların ilk dəstəsinin nümayəndələri Azərbaycan KP MK-da qəbul edilmişdi.

Fevralın 21-də axşam Sov.İKP MK-nın Siyasi Bürosu DQMV-də baş verən hadisəni müzakirə etmiş, ermənilərin iddiasının dövlətin mövcud milli-ərazi quruluşunun dəyişdirilməsinə cəhd və yolverilməz olduğu mövqeyi bildirilmişdi. Kremlin ilk rəsmi açıqlamasından narazı qalan ermənilər İrəvanda və Xankəndində etiraz mitinqlərinə başlamışdılar. Fevralın 21-də İrəvanda fəaliyyət göstərən yeganə Dəmirbulaq məscidi (XX əsrin əvvəllərində şəhərdə 8 məscid var idi) və M.F.Axundov adına orta məktəbin binası, C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular. Fevralın 25-də Azərbaycanın öz ərazisindən soydaşlarımızın ilk qaçqınlıq dalğası başladı. DQMV-nin ərazisində ermənilərin təzyiq və təhqirlərinə tab gətirməyən 540 ailə (təqribən 2,5 min nəfər) Ağdam rayonuna, 150 ailə isə (təqribən 500-600 nəfər) Ağcabədi rayonuna pənah gətirmişdi.

Ermənistan ərazisindən isə azərbaycanlıların deportasiyası günü-gündən intensivləşirdi: Fevralın 28-nə olan rəsmi məlumata görə, Qafan rayonundan qonşu Zəngilan rayonuna təqribən 2 min nəfər azərbaycanlı qaçqın kimi gəlmişdi. Həmin günlərdə İmişli və Qubadlı rayonlarına da Ermənistandan yüzlərlə qaçqın ailəsi pənah gətirmişdi. Abşeron rayonuna Ermənistandan canını qurtarıb gələn 200 nəfər qaçqını Mərkəzi Komitənin birinci katibi K.Bağırov və Moskvadan gələn yüksək vəzifəli şəxslər qəbul etmişdilər. Gəncədə və Naxçıvanda Ermənistandan azərbaycanlıların təqib edilmələrinə etiraz əlaməti olaraq aksiyalar keçirilmişdi.

İrəvanda fəaliyyət göstərən Qarabağ komitəsinin rəhbərləri Silva Kaputikyan və Zori Balayan fevralın 24-də Moskvada Sov.İKP MK Siyasi Bürosunun üzvü, MK katibi Aleksandr Yakovlevlə üç saata yaxın danışıq aparmışdılar. Fevralın 26-da isə M.Qorbaçovun köməkçisi Georgi Şahnazarovun və A.Yakovlevin müşayiəti ilə Sov. İKP MK-nın baş katibi M.Qorbaçov S.Kaputikyanı və Z.Balayanı qəbul etmişdi. Lakin Qorbaçov onlara Dağlıq Qarabağın Ermənistana veriləcəyini vəd etməmişdi. Əvəzində, DQMV-nin sosial-iqtisadi inkişafı üçün o dövrün miqyasına görə çox böyük bir məbləğ olan 400 milyon rubl ayrılacağına söz vermişdi. Fevralın 27-də Sov.İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini Karen Brutens Xankəndinə gələrək erməni separatçılarının rəhbərləri ilə tam məxfi görüş keçirmiş, onlara təzyiqləri artırmağı və tələblərindən geri çəkilməməyi məsləhət görmüşdü. Ermənistandan azərbaycanlıların deportasiyasının qarşısını almağın mümkünsüzlüyünü görən Azərbaycan KP MK martın 1-də MK-nın katibi H.Həsənovun başçılığı ilə Ermənistandan gələn azərbaycanlılarla iş aparmaq məqsədilə respublika komissiyası yaratmışdı. Fevralın 27-28-də Dağlıq Qarabağda və Ermənistanda azərbaycanlılara qarşı edilən zorakılıqlara etiraz əlaməti olaraq keçirilən mitinqdən sonra DTK-nın ssenarisi və erməni ekstremistlərinin bilavasitə iştirakı ilə Sumqayıtda kütləvi iğtişaşlar törədildi. Bundan sonra Ermənistandan azərbaycanlıların yeni qaçqınlıq dalğası başladı.

Erməni millətçiləri üçün Ermənistanda ən münbit rayonlarda yaşayan 200 mindən artıq azərbaycanlını deportasiya etmək Dağlıq Qarabağ problemini öz xeyirlərinə həll etmək qədər önəmli idi. Azərbaycan hökuməti isə Ermənistandan gələn qaçqınları yük maşınlarına dolduraraq geri qaytarmaqla öz işini bitmiş hesab edirdi. 1988-ci il martın 21-nə olan rəsmi məlumata görə, fevralın 28-dən həmin günədək Ermənistandan 16900 nəfər qaçqın gəlmiş, onlardan 8600 nəfəri geri qaytarılmışdı. Buna baxmayaraq dağ yolları ilə Ermənistanın Vardenis (Basarkeçər), Masis (Zəngibasar), Razdan (Axta), Krasneselo, Yeğeqnadzor, Ararat (Vedi) rayonlarından qaçqın axını gəlir və əsasən Gəncə, Mingəçevir, Naxçıvan şəhərlərində, Şərur, Zəngilan, Qazax, Salyan, Xanlar (Göygöl), Beyləqan rayonlarında özlərinə sığınacaq tapırdılar.

11 may 1988-ci ildə ermənilər Ararat (Vedi) rayonunun Şirazlı kəndinə hücum etmiş, iki nəfər qətlə yetirilmiş, xeyli sayda insan yaralanmış, evlər yandırılmışdı. Əhali Sovet-Türkiyə sərhədinə çəkilərək uzun müddət çadırlarda yaşamaq məcburiyyətində qalmışdı. Ermənistanda yaşayan azərbaycanlıların vəziyyətini öyrənmək, onların problemlərini həll etmək məqsədilə Azərbaycandan İrəvana nümayəndə heyəti göndərilmişdi. 13-15 aprel 1988-ci il tarixində Ermənistanda olmuş nümayəndə heyəti iki dəfə Ermənistan KP MK-nın birinci katibi Karen Demirçyanla görüşmüşdü. Lakin verilən vədlərə baxmayaraq, azərbaycanlılara qarşı edilən zorakılıqlara və onların deportasiyasına son qoyulmamışdı. 1988-ci il mayın 15-də ilk dəfə keçmiş Lenin - indiki Azadlıq meydanında əsasən tələbələrin və ziyalıların iştirakı ilə azərbaycanlıların Ermənistandan qovulmasına etiraz əlaməti olaraq izdihamlı mitinq keçirilmişdi.

1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edərək SSRİ Ali Sovetinə müraciət etdi ki, buna razılıq versin: Azərbaycan SSR Ali Soveti iyunun 17-də bu qanunsuz tələbi rədd etdikdən sonra Ermənistandakı azərbaycanlıların vəziyyəti daha da ağırlaşdı. İyunun 17-20-də İrəvanda teatr meydanında mitinqə toplaşan qeyzlənmiş erməni dəstələri avtobuslarla azərbaycanlılar yaşayan Masis rayonunun mərkəzinə və Zəngilər, Zəhmət, Dəmirçilər, Dostluq, Nizami, Sarvanlar kəndlərinə basqınlar etdilər. Müdafiəsiz on mindən çox azərbaycanlı Sovet-Türkiyə sərhədinə toplaşmış, günlərlə orada gecələməyə məcbur olmuşdular.

Həmin günlər 20-dən çox azərbaycanlı yaralanmışdı. Rayon mərkəzi Uluxanlı qəsəbəsindən 3 mindən çox azərbaycanlı evlərindən çıxarıldı. Bütün bu iğtişaşlar zamanı SSRİ Daxili İşlər Nazirliyinin rayonda olan qüvvələri yalnız müşahidəçi rolunu oynayırdılar. 1988-ci il iyulun 9-da Azərbaycan KP MK-nın yeni birinci katibi Əbdürrəhman Vəzirovun tapşırığı ilə Şuşada və DQMV-nin digər məntəqələrində özbaşına və yaxud qohumlarının yanında məskunlaşmış azərbaycanlı qaçqınlar muxtar respublika ərazisindən çıxarılaraq digər rayonlara göndərildilər. 1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət heyətinin iclası DQMV haqqında məsələni müzakirə edərək respublikalar arasında sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi haqqında qərar qəbul etdikdən sonra ermənilər azərbaycanlıların Ermənistan ərazisindən çıxarılması üçün hər yerdə mitinqlər təşkil etməyə başladılar.