Azərbaycan.-2017.-24 yanvar.-¹15.-S.1, 4-5.

 

Prezident İlham Əliyevin təşəbbüsü İslam həmrəyliyinin möhkəmlənməsi
prosesinə böyük töhfə verəcək

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və “Azərbaycan” qəzetinin “İslam həmrəyliyi ili” ilə əlaqədar keçirdiyi birgə “dəyirmi masa”

 

Dünyada İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biridir. Təsadüfi deyil ki, müsəlman ölkələri ilə mehriban və qarşılıqlı münasibətlər quran respublikamız təmsil olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində də İslam dünyasının maraq və mənafelərini müdafiə edir.

Müasir dövrdə İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir. Bu təşəbbüs dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində əməli addımların atılmasına, o cümlədən müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək. Ən əsası, İslam dünyasında sülhün, əmin-amanlığın təmin olunmasında və möhkəmlənməsində mühüm rol oynayacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və “Azərbaycan” qəzetinin təşkilatçılığı ilə keçirilən “dəyirmi masa”nın da əsas məqsədi bu təşəbbüsün ictimai mahiyyətini açıqlamaq idi. “Prezident İlham Əliyevin təşəbbüsü İslam həmrəyliyinin möhkəmlənməsi prosesinə böyük töhfə verəcək” mövzusunda keçirilən tədbir “Azərbaycan” qəzetinin “Heydər Əliyev və Azərbaycan mətbuatı” muzeyində baş tutdu.

“Dəyirmi masa”da Milli Məclisin Sədr müavini Bahar MURADOVA, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz QURBANLI, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İsa HƏBİBBƏYLİ və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı akademik Vasim MƏMMƏDƏLİYEV iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:

- Hörmətli “dəyirmi masa” iştirakçıları.

Dünyanın müxtəlif ölkələrində illərdir davam edən siyasi-hərbi, sosial-iqtisadi, eləcə də mənəvi problemlər getdikcə dərinləşməkdə və daha kəskin xarakter almaqdadır. İraq və Əfqanıstanın ardınca Suriya və Liviya kimi bir vaxtlar sabitliyin hökm sürdüyü dövlətlər bəzi Qərb ölkələri və dairələri tərəfindən “ərəb baharı” və s. adlar altında qurulan siyasi oyunların qurbanı kimi artıq neçə illərdir qan çanağına dönüb.

Bu ölkələrin təkcə sabit siyasi sistemləri deyil, iqtisadiyyatı da dağıdılıb, ərazi bütövlüyü pozulub, milli sərvətləri isə talan edilməkdədir. Yaxın Şərq və Şimali Afrika ölkələrinə süni şəkildə hərbi-siyasi problemlər yaşadan Qərbin özü də çətinliklər məngənəsindən qurtula bilmir. Elə Qərbin özünün avantürasının nəticəsi olaraq yaranan miqrasiya problemi Avropa ölkələrinin özlərinin təhlükəsizliyinə təhdidlər yaratmaqdadır. Azərbaycana hər baxımdan daha yaxın olan Türkiyədə daxili sabitliyin pozulmasına gətirib çıxaran hadisələrin nəticələri göz qabağındadır. Qanlı terror aktları bu ölkələrdəki sabitliyə çox böyük zərbə vurur.

Göründüyü kimi, çağdaş dünyamız olduqca gərgin günlərini yaşamaqdadır. Lakin qürur hissi ilə deməliyik ki, qlobal siyasi və hərbi kataklizmlərə baxmayaraq, Azərbaycan yerləşdiyi coğrafiyanın “sabitlik adası” olaraq qalmaqdadır. Ulu öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycan dövləti hakimiyyətin həyata keçirdiyi düzgün və düşünülmüş siyasət nəticəsində həm bölgənin liderinə, həm də sabitlik və əməkdaşlıq məkanına çevrilib. Bizim bu əmin-amanlığa hansı qanlı-qadalı günlərdən keçib gəldiyimizi hamımız çox gözəl bilirik. Bu gün isə hansısa xarici çevrələrin Azərbaycanda öz məkrli planlarını həyata keçirmələri qeyri-mümkündür. Milli maraqlarımıza qarşı olan istənilən siyasi oyun və çirkin plan güclü Azərbaycan dövləti qarşısında iflasa məhkumdur!

Bir məsələni də təəssüf hissi ilə qeyd etməliyik ki, müasir dünyamızı başına alan qanlı qarşıdurmalar daha çox müsəlman ölkələrini əhatə edir. Əgər bunun bir səbəbi məlum xarici dairələrin öz maraqlarını müsəlman cəmiyyətlərində həyata keçirmələridirsə, digər səbəbi İslam dininə sitayiş edənlər arasında sürətli parçalanmanın mövcud olmasıdır. Təəssüflə qeyd etməliyik ki, məzhəb ayrı-seçkiliyi bu gün İslamın ən ağrılı problemi olaraq qalır. Bir çox müsəlmanlar hətta milli kimliklərini də unudaraq məzhəb kimliklərini önə çəkirlər. Ən ağrılısı odur ki, bu problem daim xarici dairələr tərəfindən körüklənir, nəticə etibarilə qanlı qarşıdurmalar baş verir, terrorçuluq baş alıb gedir.

Bütün bunların fonunda bir daha aydın olur ki, əhalinin əksəriyyəti müsəlman dövləti olan Azərbaycandakı dini münasibətlər ən düzgün və zamanın sınaqlarından layiqincə çıxan modeldir. Bu da ondan irəli gəlir ki, Azərbaycan xalqı İslamın gözəlliklərini, saflığını hər zaman qoruyub saxlayır, ona dinimizə zidd ideyalar qatmır. Odur ki, Azərbaycanda islami dəyərlərə bağlılığın, dinin saflığının qorunmasının ən gözəl nümunəsi mövcuddur. Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlət-din münasibətləri sağlam təməllər üzərində formalaşaraq dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir. Əksər müsəlman cəmiyyətlərindən fərqli olaraq, Azərbaycanda müqəddəs dinimiz xalqımızı birləşdirir, həmrəy edir, dövlətimizin möhkəmlənməsinə və yüksəlməsinə xidmət edir.

Azərbaycanda bu cür sağlam dövlət-din münasibətlərinin əsasını isə müstəqillik dövründə ulu öndər Heydər Əliyev qoyub. Bu illərdə Azərbaycanda sayı cəmi 17 olan məscidlərin artaraq 2000-i ötməsi xalqımızın öz dini dəyərlərinə ehtiramının göstəricisidir. Lakin onu da etiraf etməliyik ki, müstəqillik illərində zərərli, məzhəb ayrı-seçkiliyi üzərində formalaşan təriqətlər də Azərbaycanda möhkəmlənməyə çalışdılar. Hətta ayrı-ayrı vaxtlarda dini ekstremizmə cəhdlər olundu. Lakin dinimizlə ayaqlaşmayan zərərli dini baxışların heç biri Azərbaycanda öz istəyinə çata bilmədi. Cəmiyyətimizdə xurafatdan, cəhalətdən, radikalizmdən uzaq formalaşan sağlam dini münasibətlərin nəticəsidir ki, Azərbaycan bu gün dünyada vəhdət namazının qılındığı nadir ölkədir. Bu onun göstəricisidir ki, İslam dininə sitayişlə bağlı ən düzgün model Azərbaycanın getdiyi yoldur. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi bu yol, xüsusən məzhəblərarası etimad mühiti bütün müsəlman dövlətləri üçün nümunədir.

Azərbaycan üçün əsas xüsusiyyətlər həm də ondan ibarətdir ki, bu ölkə bütün İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri, həm də ən yüksək tolerant dəyərlərin daşıyıcısıdır. Burada tarixin heç bir dövründə dinlərarası qarşıdurma baş verməyib. Hazırda Azərbaycanda bütün digər dinlərin təmsilçiləri kilsələrə, sinaqoqlara gedərək öz dini ayinlərini sərbəst icra edirlər. Bakıda həm pravoslav, həm katolik kilsəsi fəaliyyət göstərir. Ona görə bu gün respublikamızın dinlərarası dialoq mərkəzi statusunu daşıması tamamilə qanunauyğun bir haldır. Azərbaycan xalqının tolerant keyfiyyətlərə sahib olması beynəlxalq səviyyədə də tanınır və yüksək qiymətləndirilir. Məhz bundan irəli gələrək son illər ölkəmizdə sivilizasiyalararası dialoq və tolerantlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlər keçirilib.

Ötən il BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi də göstərdi ki, multikultural və tolerant ənənələrə sadiq olan Azərbaycanın sivilizasiyaların, mədəniyyətlərin və dinlərin dialoqunun inkişafı sahəsində zəngin təcrübəsi bütün dünyada qəbul olunur. Bu nəticələrin əldə olunmasında öz xeyirxah əməlləri ilə tolerant, eləcə də əsl islami dəyərləri təlqin edən, bəşəriyyəti mərhəmətə, qarşılıqlı köməyə, sülhə çağıran Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Heydər Əliyev Fondu tərəfindən Vatikanda katakombaların bərpası və digər layihələr xalqımızın məxsus olduğu yüksək mənəvi keyfiyyətlərdən irəli gəlir.

Bütün bu deyilənləri ümumiləşdirsək belə bir nəticəyə gələrik ki, Azərbaycanın dini modeli, tolerant dəyərlərə malik olması və bütün bunlardan irəli gələn tarixi təcrübəsi, o cümlədən beynəlxalq nüfuzu dindən qaynaqlanan problemlərlə bağlı məsələlərin yoluna qoyulmasında liderliyi üzərinə götürməyə imkan verir. Prezident

İlham Əliyevin siyasi məharətinin və uzaqgörənliyinin, təşəbbüsü olduğu beynəlxalq əməkdaşlıq formatlarının uğurlu nəticələri göz önündədir. Bu təşəbbüslər Azərbaycanın inkişafı ilə yanaşı, regionun sabitliyinə, təhlükəsizliyinə xidmət edir.

Bu mənada reallıq göstərir ki, Azərbaycan öz nüfuzundan və təcrübəsindən irəli gələrək müsəlman ölkələri arasında da birləşdirici və barışdırıcı rol oynamağa qadirdir. Prezident İlham Əliyevin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi haqqında” sərəncamı da İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədinə xidmət edir.

Sərəncamda çox haqlı olaraq qeyd olunur ki, Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır və IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.

Bugünkü “dəyirmi masa”da bu barədə söhbət gedəcək. Təbliğatın düzgün qurulması, hansı məqamların qabardılması, ölkə daxilində və dövlətlərarası münasibətlərin inkişafında və möhkəmləndirilməsində hansı işlərin görülməsi, nələrə diqqət yetirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparacağıq.

Çıxış üçün ilk sözü Milli Məclis Sədrinin müavini Bahar MURADOVAya verirəm.

Bahar MURADOVA:

- Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi haqqında sərəncamı mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, zamanın böyük probleminə çevrilmiş İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn səmimi təşəbbüsdür. Bu gün müzakirəyə çıxarılan mövzu nəinki regionda, dünyada gedən proseslərə adekvat münasibət sərgiləyir. Əlbəttə ki, İslama, eləcə də digər dinlərə mənsubiyyətindən asılı olmayaraq bütün xalqlar, dövlətlər arasında həmrəyliyə ehtiyac var. Dünyanın ziddiyyətlər içində boğulduğu və fəlakətlərin baş verdiyi şəraitdə həmrəylik təşəbbüsünün göstərilməsi aktual məsələ kimi ortaya çıxır. Son dönəmdə ölkələrin konstitusiya əsaslarının sarsıdılması, suveren dövlətlərin Yer üzündən silinməsi və onların təbii ehtiyatlarına, potensialına sahib olmaq istiqamətində məlum qüvvələr tərəfindən səylər artıb və bu hal bəşəriyyət üçün də ciddi təhlükəyə çevrilib. İslam ölkələrinin “domino effekti” ilə bir-birinin ardınca çökməsi və çökdürülməsi yönümündəki cəhdlər və acınacaqlı nəticələr bunu sübut edir.

2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi ilə Azərbaycan böyük bir missiyanı üzərinə götürmüş olur. Bu bir tarixi həqiqətdir ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. İslam dininin yayılmasında və eyni zamanda müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Ölkəmiz tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Odur ki, bu istiqamətdə növbəti təşəbbüs göstərməklə biz əsas hədəf kimi həmrəyliyin bütün bəşəriyyət üçün vacibliyini və alternativliyini anlatmağa çalışırıq.

Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunması da məhz Azərbaycanın İslam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlanır. Biz “Multikulturalizm ili”ni yüksək səviyyədə başa vurduq. Təsadüfi deyil ki, Azərbaycanda aparılan çoxmədəniyyətli dialoq artıq dünya miqyasında müxtəlif dinlərə və mənşəyə malik olan insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi tanınır. Ölkədə yaşayan bütün etnoslar arasında təşəkkül tapmış qarşılıqlı qardaşlıq münasibətinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsi bizim ümumi və çox zəngin tarixi təcrübəmizdir. Əhalisinin tərkibi etnik, dini və məzhəb baxımından çox müxtəlif olan Azərbaycanda indiyədək dini və milli zəmində heç bir qarşıdurmanın baş verməməsi də elə burada formalaşmış multikultural dəyərlərə bağlı həyat tərzinin məntiqi nəticəsidir.

Əlbəttə ki, multikulturalizm öz-özlüyündə dünyanın və bəşəriyyətin ümumi sərvətlərindən biri kimi hamımız üçün istinad nöqtəsi olmalıdır. İslam həmrəyliyi isə onun tərkib hissələrindən biri kimi çıxış edir. Ona görə də bugünkü beynəlxalq ictimai-siyasi vəziyyət, müsəlman ölkələrinin daxilində gedən proseslər bizi bu məsələni daim diqqət mərkəzində saxlamağa sövq edir. Digər tərəfdən, hesab edirəm ki, bu gün İslam ölkələrinə yönəlik qəsdlərin ölkəmizdən yan keçəcəyini düşünmək, bir növ, sadəlövhlük olardı. Bu mənada Azərbaycanı da öz maraqlarına uyğun idarə etmək üçün canfəşanlıq göstərən müəyyən qüvvələrin qeyri-sağlam niyyətlərinə tutarlı cavab olaraq belə bir mühüm təşəbbüsün irəli sürülməsini hamımız üçün real olan təcavüzkar çağırışların önlənməsi, İslam dininə sitayiş edən ölkələr və xalqlar üçün ortaq dəyərlərin qorunub saxlanması, həmçinin bizə qarşı baş qaldıra biləcək təhlükələrdən sığortalanmaq yolunda mühüm addım kimi qəbul etmək lazımdır.

Əlbəttə, bu il ərzində bu ideya ətrafında konkret proqramlar çərçivəsində ən müxtəlif təbəqələrin nümayəndələri ölkəmizdə təşkil olunması nəzərdə tutulan çoxsaylı tədbirlərdə öz mövqelərini ifadə etmək imkanı əldə edəcəklər. Əminəm ki, nəticə etibarilə Azərbaycan bununla təkcə İslam ölkələrinin deyil, həm də xristian dünyasının rəğbətini qazanmış olacaq.

Lakin burada vacib bir məqama diqqət yetirmək lazımdır. Bu gün bizim həmrəylik çağırışımızı dünyanın digər hissəsinə qarşı çağırış kimi də qəbul edənlər ola bilər. Düşünürəm ki, biz bu ideya ətrafında təkcə xaos, ziddiyyət, müharibələr və məzhəb qarşıdurmasına sürüklənmiş İslam dünyasının yox, dünyadakı vəziyyəti dəyişmək, sülh və əmin-amanlıq şəraitində yaşamaq niyyəti olan dövlətlərin, xalqların, müxtəlif dinlərin nümayəndələrini cəlb etməyə çalışmalıyıq. Onların özünü İslam dünyasının içərisindən gələn təşəbbüsə dəstək vermək və ona yönəlmiş qəsdlərin qarşısının alınması istiqamətində bir yerdə olmağa təşviq etməliyik.

Əminliklə bildirmək istəyirəm ki, cənab Prezidentin irəli sürdüyü bu təşəbbüs hər zaman olduğu kimi, bu dəfə də özünün hədəflərinə çatacaq. Azərbaycan İslam dünyasını birləşdirmək, ona qarşı yönəlmiş qəsdləri zərərsizləşdirmək və bütövlükdə özünü dünyaya sülh və əmin-amanlıq carçısı olan ölkə kimi təqdim etmək imkanlarını bir daha ortaya qoyacaqdır.

Bəxtiyar SADIQOV:

- Sirr deyil ki, bu gün müsəlman dövlətlərinin öz aralarında ixtilaflar mövcuddur. İslam həmrəyliyinin yaranmasına həm İslamın daxilində, həm dövlətlər arasında hansı problemlərin həlli daha çox kömək edə bilər? Bu baxımdan Azərbaycanın dini modeli hansı xüsusiyyətlərinə görə diqqət çəkir? Çıxış üçün söz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz QURBANLIya verilir.

Mübariz QURBANLI:

- Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə “İslam həmrəyliyi ili”nin elan edilməsi olduqca mühüm tarixi, eyni zamanda mənəvi-siyasi əhəmiyyət kəsb edən məsələdir. Zamanın çağırışları deyilən bir anlayış var. Yəni hər bir zamana uyğun müvafiq qərarlar qəbul olunmalı və bu qərarların icrası prosesində dövrün tələbinə uyğun addımlar atılmalıdır. Siyasi liderlərin, dövlət başçılarının ən böyük vəzifələrindən biri də məhz vacib məsələlərlə bağlı vaxtında qərarlar qəbul etməkdir. Xüsusi vurğulamaq istərdim ki, ümumiyyətlə, Prezident İlham Əliyev bundan əvvəlki dövrlərdə də müvafiq illəri elan etdikdə daim zamanın çağırışına uyğun qərarlar qəbul etmişdir.

Bu gün İslam həmrəyliyinə ehtiyac nədən irəli gəlir? İlk növbədə Azərbaycanda bir neçə ay sonra IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu oyunların özü İslamdakı həmrəyliyə həsr olunur. Digər tərəfdən, ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunması hansısa başqa dinlərə qarşı təşəbbüs deyil. Bu həm İslam aləmi daxilində, həm də dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə vermək deməkdir. İslamda həmrəylik deyəndə ilk növbədə İslamın daxilində müxtəlif məzhəblər arasında həmrəylik yada düşür. Düzdür, bu da önəmlidir.

Lakin cənab Prezidentin 2017-ci ili ölkəmizdə “İslam həmrəyliyi ili” elan etməsi yalnız İslam daxilindəki dini məzhəb həmrəyliyi məsələsini qarşıya qoymur. Burada başqa ciddi vəzifələr, qlobal əhəmiyyət kəsb edən məsələlər var. Çünki bu gün dünyada İslama qarşı iqtisadi, psixoloji, ideoloji və digər bu kimi müəyyən təzyiqlər mövcuddur. Bu təzyiqlərdə məqsəd müsəlman ölkələrinə mənsub olan yerüstü-yeraltı sərvətlər üzərində başqa dairələrin hegemonluğunu təmin etməkdir. Yaxın Şərqdə gedən hadisələrdə bunu qabarıq şəkildə görürük.

Hazırda dünyada 160 münaqişə ocağı mövcuddur. Onun 40-da hərbi toqquşmalar gedir, hər gün insanlar həlak olur və təəssüf ki, bu savaş məkanlarının əksər hissəsi İslam coğrafiyasına aid ərazilərdir. Ümumiyyətlə, İslam coğrafiyası dünya ərazisinin beşdəbir hissəsini əhatə edir. Dünya əhalisinin 14 faizi, Avropa əhalisinin isə 5 faizi müsəlmandır. Hazırda dünyanın 160 ölkəsində İslam camisi fəaliyyət göstərir, yəni bu ölkələrdəki insanlar öz cəmiyyətlərini qurublar.

Tarixə nəzər salsaq görərik ki, müsəlman ölkələrinin siyasi cəhətdən birləşməsi istiqamətində dəfələrlə addımlar atılıb və bu istiqamətdə gedən işlərin məntiqi yekunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yaradılması olub. Azərbaycan da müstəqilliyini bərpa etdikdən sonra bu qurumun üzvü olub və bu təşkilatda İslam dünyasında siyasi birliyin əldə olunmasına mühüm töhfələr verir. Eyni zamanda, İslam dünyasının iqtisadi cəhətdən də bir-biri ilə yardımlaşması üçün İslam Bankı, İslam Fondu fəaliyyət göstərir. Lakin bunlar yetərli deyil.

Yetərli olsaydı, biz bu gün İslam daxilində daha ciddi həmrəylik görərdik. Məsələn, Avropa İttifaqı timsalında müsəlman ölkələri arasında iqtisadi birliyin yaradılmasının şahidi olardıq. Azərbaycan Prezidentinin İslam həmrəyliyi ilə bağlı çağırışında bu məsələ də öz əksini tapır. Yəni bu çağırışın ideyası odur ki, müsəlman ölkələri iqtisadi, siyasi və mənəvi cəhətdən bir-birinə daha sıx bağlansın, bir-birini ciddi şəkildə müdafiə etsinlər. Düzdür, İƏT-də siyasi cəhətdən həmrəylik görürük. Ancaq hesab edirəm ki, İƏT üzvləri beynəlxalq platformalarda da bir-birinə dəstək olmalıdırlar.

Bu gün dünya iqtisadiyyatına nəzər salsaq görərək ki, dünyanın iqtisadi payında (ÜDM-də) İslam dünyasının xüsusi çəkisi 8,5 faizdir. Yəni bu rəqəm o qədər də böyük deyil. Hətta bəzi sahələrdə gerilik müşahidə olunmaqdadır. Bunun da səbəbi müsəlman ölkələrində baş verən toqquşmalar, müharibələrdir. Həm insanlar həlak olur, həm də infrastruktur dağıdılır. Dünyanın neft ehtiyatlarının 62 faizi, qaz ehtiyatlarının isə 60 faizi müsəlman ölkələrinin payına düşür. Ancaq İslam dünyasında neft ixracından böyük gəlirlər əldə edən ölkələr vardır ki, onlar öz yatırımlarını, çox təəssüf ki, müsəlman ölkələrinə deyil, başqa istiqamətlərə yönəldirlər. Burada maddi maraq ön plana çıxır və bunu başa düşmək olar. Lakin hər halda İslam həmrəyliyində bu, nəzərə alınmalıdır.

Dünya mediasında, təəssüf ki, narahatedici çoxsaylı məqamlar var. Bu gün dünya mediasında İslamı gözdənsalma kampaniyası gedir və İslam dünyası, İslam dini haqqında aşağılayıcı fikirlər səsləndirilir, mənfi rəy formalaşdırılmağa cəhd edilir. Məhz bu kampaniyalara qarşı həmrəylik nümayiş etdirilməlidir. İslam dünyasının media rəhbərləri bir ayara gəlməli, daha effektiv fəaliyyətlə bağlı vahid platforma hazırlanmalıdır. Bu, başqalarına qarşı deyil, özünümüdafiə məqsədi üçün həyata keçirilməlidir.

Azərbaycan parlamentinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında təmsil olunur. Həmin qurumda Azərbaycan öz mövqeyini ortaya qoyur və həmrəylik nümayiş etdirir. Zənnimcə, müsəlman ölkələri arasında elm, mədəniyyət sahələri üzrə həmrəylik daha da gücləndirilməlidir.

Prezident İlham Əliyevin Azərbaycanda “İslam həmrəyliyi ili” elan etməsi dini baxımdan deyil, digər aspektlər baxımından da vəzifələri müəyyənləşdirir ki, bunları da həyata keçirməklə İslam dünyasında dövlətlərarası, xalqlararası yaxınlaşmanı daha da sürətləndirə bilərik. İslam dini bizi birləşdirir və ortaq dəyərimizdir. Bu ortaq dəyərdəki pozuculuq əməllərinin qarşısını almaq üçün fəaliyyəti daha da genişləndirməliyik. Çünki bu gün İslamı siyasiləşdirərək bu ad altında radikal qruplar meydana gətirilir və xaricdən hər cür dəstək verilir. Onlar müsəlman ölkələrində pozuculuq fəaliyyəti göstərərək ayrı-seçkilik yaratmağa çalışırlar. Bütün bunlar məqsədli, planlı şəkildə həyata keçirilir və biz də İslam dünyasının həmrəyliyini həll etmək üçün bir araya gəlməliyik.

Dövlət başçısı İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, onun məntiqi davamı kimi bu ili “İslam həmrəyliyi ili” elan etməsi bütün dünyaya “Bir-birimizə qarşı dözümlü olaq, hörmətlə yanaşaq, həmrəy olmağı, dinlər və məzhəblər arasında dialoq qurmağı bacaraq” çağırışıdır. Bunun ən gözəl örnəyi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın dövlət-din münasibətləri modelinin digər dövlətlər tərəfindən öyrənilməsi və tədqiq olunmasıdır.

Ümummilli lider Heydər Əliyev Şərqlə Qərb arasında körpü rolunu oynayan ölkəmizin iki qitə arasında barışdırıcı missiyasının əhəmiyyətinə diqqət çəkərək deyirdi ki, “biz Avropa qitəsinə daxilik. Amma eyni zamanda Avropa ilə Asiya arasında biz öz ölkəmizdə, öz xalqımızın tarixində, milli mədəniyyətində, tarixi köklərində və mentalitetində Şərqlə Qərbin, Avropa ilə Asiyanın sintezini təşkil edirik. Ona görə də öz tarixi missiyamızı dərk edirik və bunu həyata keçirmək üçün indiyə qədər lazımi işlər görmüşük”. Fəxrlə deyə bilərik ki, ulu öndərin bütün fikir və ideyaları kimi, bu dünyagörüşü də Prezident İlham Əliyev tərəfindən zamanın tələbinə uyğun və ustalıqla davam etdirilir. Artıq Azərbaycan dünyada istər mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi, istər tolerantlığın, multikultural dəyərlərin inkişafı, istərsə də müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm rol oynamaqdadır.

Xalqımızın zəngin milli-mənəvi dəyərlərinə böyük həssaslıqla yanaşan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu dəyərlərimizin qorunması istiqamətindəki fəaliyyəti də xüsusi vurğulanmalıdır. Mehriban xanım Əliyeva hər zaman Azərbaycan həqiqətlərini beynəlxalq tədbirlərdə ən yüksək tribunalardan xarici ölkə nümayəndələrinin diqqətinə çatdırıb. Heydər Əliyev Fondu ISESCO ilə yaxından əməkdaşlıq edir və birlikdə uğurlu layihələr həyata keçirir. Fondun elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələr yüksək qiymətləndirilir.

Bildiyiniz kimi, keçən ilin yanvar ayında Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq ölkə müsəlmanları ilk dəfə bir araya gələrək eyni vaxtda, bir yerdə vəhdət namazı qıldılar. Cənab Prezidentin təşəbbüsü ilə irəli sürülən bu ideyadan sonra vəhdət namazı ənənə halını alaraq digər məscidlərdə də tətbiq olunmağa başladı. Təbii ki, bu uğurun arxasında həm də insanların maarifləndirilməsi dayanır. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Multikulturalizm ili” çərçivəsində dini maarifləndirmə istiqamətində dövlət qurumları ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi ilə də yaxından əməkdaşlıq edərək bir sıra tədbirlər həyata keçirib. Dini dəyərlərə verilən əhəmiyyətin nəticəsidir ki, yeni-yeni məscidlər tikilir, əvvəllər mövcud olmuş dini ibadət ocaqları təmir və bərpa edilir. Eyni zamanda ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dövlət başçısının 2014-cü il tarixli sərəncamına uyğun olaraq 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılmışdır və həmin vəsait mərhələli şəkildə dini icmalara paylanılır. Sərəncamda göstərilən istiqamətlər üzrə maarifləndirmə işinin təşkili üçün dini icmaların təqdim etdiyi layihələrin maarifləndirmə və ideoloji baxımdan dəyərləndirilməsi həyata keçirilib və 68 layihənin hazırlanmasına metodiki dəstək verilib. İndiyədək 155 dini icmanın layihəsi dövlət komitəsi tərəfindən maliyyələşdirilib. Dini icmalar tərəfindən paytaxtda və bölgələrdə həyata keçirilən maarifləndirmə layihələrində əhalinin xüsusən gənc təbəqəsi olmaqla minlərlə insan iştirak edib və araşdırmalarımıza əsasən deyə bilərəm ki, dini radikalizmə qarşı mübarizə sahəsində bu cür layihələr maarifləndirmə baxımından çox effektiv nəticə göstərib. Artıq dini maarifləndirmə istiqamətində görülən işlərin “İslam həmrəyliyi ili” çərçivəsində daha da intensiv xarakter alması və təsir dairəsinin genişləndirilməsi istiqamətində işlər görülür. Müxtəlif dövlət qurumları, eləcə də Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi üzərində iş aparılması bu qəbildəndir. Bu mənada artıq çoxsaylı təkliflər var.

Həmçinin dövlət komitəsi dini radikalizmlə mübarizə çərçivəsində “Fitnə” adlı sənədli film hazırlayıb. Film vasitəsilə dini radikalizmin qurbanı olan insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilən şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır.

Beləliklə, həm ölkə daxilində çoxsaylı tədbirlər keçirməklə biz Azərbaycanda vəhdət namazı formasında həmrəyliyimizin daha geniş yayılmasına nail olmalı, həm də konfessiyalararası, sivilizasiyalararası münasibətlərin formalaşması sahəsində əldə etdiyimiz təcrübəni, uğuru müsəlman ölkələri ilə bölüşməliyik. Müsəlman ölkələrinin təmsil olunduqları regional təşkilatlarda bu məsələləri müzakirəyə çıxarıb müvafiq qətnamələrin, qərarların qəbul edilməsi üçün çalışmalıyıq.

Hesab edirəm ki, dövlət başçısının bu təşəbbüsü zamanın ən ciddi çağırışlarının birinə cavab olaraq irəli sürülən mükəmməl ideyadır və onun reallaşmasında Azərbaycan tək deyildir. Prezident İlham Əliyevin bu çağırışı İslam dünyasında böyük dəstək alır və əminəm ki, İslam dünyasının mütərəqqi qüvvələri bizimlə birgə bu işə hərtərəfli dəstək verəcək.

Bəxtiyar SADIQOV:

- Bəs, görəsən, İslam həmrəyliyinin yaranmasına və möhkəmlənməsinə ziyalılar, elm adamları və kütləvi informasiya vasitələri necə təsir edə, prosesə yardımçı ola bilərlər. Söz Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İsa HƏBİBBƏYLİyə verilir.

İsa HƏBİBBƏYLİ:

- XX əsrin sonlarında SSRİ-nin dağılmasından, iki sistemin kəskin münaqişəsinin aradan qalxmasından sonra əslində bütün dünya qarşıdurmaların bitəcəyini, sülh və həmrəyliyin, demokratiyanın bərqərar olacağını gözləyirdi. Lakin bu gözləntilər XXI əsrdə özünü doğrultmadı və əksinə, proseslər daha da genişlənməyə doğru inkişaf etməyə başladı. Çox təəssüf ki, hətta XX əsrdə çox az işlədilən “terror”, “terrorizm” ifadələri ən işlək sözlərə çevrildi. Proseslər böyük kataklizmləri meydana çıxardı, dərin böhrana aparan qarşıdurmalar yaratdı. Çoxqütblü dünya özünün çoxtərəfli, çoxcəhətli böhranlarını da meydana qoydu. Bəşəriyyətə hansı fəlakətlər gətirməsindən asılı olmayaraq, güclü olan tərəfə ədalətli don geydirmək cəhdlərinin aşkar görünməsi ikili standartların meydanını genişləndirmişdir.

XX əsrin əvvəllərində böyük rus yazıçısı Fyodor Dostoyevski deyirdi ki, dünyanı gözəllik xilas edəcək. O, gözəllik deyəndə yalnız zahiri gözəlliyi nəzərdə tutmurdu. O dövrdə dünyada insanın mənəvi dəyərlərinin itirilməsi təhlükəsi meydana çıxmışdı. Ona görə də yazıçı gözəllik anlayışının timsalında insanın mənəvi bütövlüyünün qüdrəti ilə bəşəriyyəti xilas etmək çağırışını irəli sürmüşdü. XX əsrin əvvəllərinin çoxqütblü, mürəkkəb, qarışıq dövrünün meydana çıxardığı hərbi-siyasi problemlər, gərgin iqtisadi böhran vəziyyəti, miqrasiya axınları yeni çağırışlara zərurət doğurmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir dövrdə ölkədaxili proseslərdə və qlobal miqyasda dialoqu və həmrəyliyi yeni epoxanın əsas çağırışları səviyyəsinə qaldırması xalqların və ölkələrin dinc yanaşı yaşamasına, sabitliyə, inkişafa, qarşılıqlı etimada və birgə əməkdaşlığa nail olmaqla irəli getməyin mümkünlüyünə və üstünlüklərinə diqqəti yönəltmək, inamı qüvvətləndirmək istiqamətində atılmış əhəmiyyətli addımlardır. Dövlət rəhbərinin sərəncamı əsasında 2016-cı ildə “Multikulturalizm ili” istiqamətində keçirilmiş genişmiqyaslı tədbirlər ölkəmizin ictimai-mədəni inkişafında əhəmiyyətli yer tutduğu kimi, dünyada multikultural dəyərlərə diqqətin və marağın dücləndirilməsinə də səbəb olmuşdur. Bundan başqa, Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası dialoq və həmrəylik tədbirləri də ölkədaxili siyasətdə mühüm rol oynadığı kimi, beynəlxalq miqyasda da rəğbətlə qarşılanmış, dünya birliyinə real töhfələrini vermişdir.

Möhtərəm Prezidentimizin xüsusi sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunması Azərbaycanda ardıcıl olaraq həyata keçirilən dövlət siyasətinin məntiqi davamı və yaradıcılıqla inkişaf etdirilməsi deməkdir.

Hesab edirəm ki, 2017-ci ilin möhtərəm Prezidentimiz tərəfindən “İslam həmrəyliyi ili” elan edilməsi təkcə İslam aləmində deyil, bütün dünyada məhz həmrəyliyin xilaskarlıq missiyasını yerinə yetirə biləcəyinə diqqət yönəltməsi baxımından mühüm əhəmiyyətə malikdir. Əslində, bununla Azərbaycan Prezidenti nəzərə çarpdırır ki, dünyanı həmrəylik xilas edəcək. Bütün dünyanın diqqəti həmrəyliyə yönəlməlidir. Bu mənada bəşəriyyətin xilası kimi həmrəyliyin gündəmə gətirilməsi Azərbaycanın dünyada xilaskarlıq missiyasının yerinə yetirilməsinə öz töhfəsini verməsi mənasını ifadə edir.

“İslam həmrəyliyi” ideyasının diqqət mərkəzinə çəkilməsi həm də dünyanın bir çox ölkələrində “islam” anlayışına birtərəfli və yanlış münasibət bəslənilməsinə aydınlıq gətirilməsinə də çağırışdır. Bu mənada İslamı birmənalı olaraq terrorla əlaqələndirməyin, məqsədli şəkildə islamofobiya meyillərini yaymağın dünyaya sülh yox, qarşıdurma, böhran gətirdiyini diqqət mərkəzinə çəkmək, dialoqa, sülhə, həmrəyliyə, qarşılıqlı etimada çağırmaq mühüm bəşəri missiyadır. Heç şübhəsiz, Azərbaycan multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətində də öz örnəyini meydana qoyacaqdır.

Bir mühüm məsələ də Azərbaycanda əsrlər boyu həmin sahədə toplanmış təcrübəni öyrənmək, ondan yaradıcı şəkildə istifadə etməkdir. Tarixi təcrübə İslam dininin reallıqlarından, irəli sürdüyü bəşəri və mənəvi dəyərlərdən çıxış etməklə mühüm nəticələrə nail olmağın üstünlüklərini diqqət mərkəzinə çəkməyə əsas verir. Məsələn, XI-XIII əsrlərdə İslamdakı ədalət, bərabərlik, insanpərvərlik ideyaları və antik mədəniyyətlə əlaqə cəmiyyətin ən müxtəlif təbəqələrində özünə yer aldığı üçün Şərq intibah mədəniyyətini yaratmışdı. Müsəlman dünyasının intibahı dövrünün ən böyük əsəri olan “Xəmsə”ni dahi Azərbaycan şairi Nizami Gəncəvi yaratmışdır. Məşhur “Xəmsə”yə daxil olan ölməz əsərlər yer üzündə İslam sivilizasiyasının ən mühüm nailiyyətlərindən biri kimi qəbul olunur. Ümumiyyətlə, Azərbaycan cəmiyyətində uzun əsrlər ərzində bərqərar olmuş ədalət, bərabərlik, insanpərvərlik, sülh ideyaları islami dəyərlərlə bəşəri ideyaların sintezi əsasında formalaşmışdır. Azərbaycanın qədim dövr və orta əsrlərdə yaşayıb-yaratmış görkəmli ziyalıları İslam mədəniyyətindəki ədalət, humanizm və mənəvi zənginlik ideyalarını cəmiyyətin aparıcı, əsas idealları səviyyəsinə qaldırmışdır. Nizami Gəncəvi “İsgəndərnamə” əsərində ədalət və bərabərlik üzərində qurulacaq xoşbəxt cəmiyyətin modelini də təqdim etmişdir. Bütün bunlar İslam həmrəyliyinin böyük sivilizasiya yaratmaq imkanlarına malik olduğunu göstərir. Müasir dövrdə İslam həmrəyliyinin, ümumiyyətlə, dialoq və həmrəyliyin ön mövqeyə çıxarılması xalqlara və ölkələrə böhran və qarşıdurmalardan xilas olmaq, yeni sivilizasiyalar yaratmaq haqqında düşünmək şansı yaradır. Bu mənada, əslində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam həmrəyliyinə çağırışı intibah ideallarına, İslam coğrafiyasında olan xalqların və ölkələrin iqtisadi, elmi, mədəni əməkdaşlığına, eyni zamanda İslam dininin irəli sürdüyü bərabərlik, ədalət, mənəviyyat, insanpərvərlik ideyalarına real çağırışları diqqət mərkəzinə çəkməyə xidmət edir.

Çox təəssüf ki, XX əsrdə sovet cəmiyyətinin təbliğatı Azərbaycan ziyalılarının İslama münasibətinə başqa don geydirmişdi. Məlum olduğu kimi, XIX əsrin ortalarından etibarən Azərbaycanda maarifçilik ideyalarının genişlənməsi məktəb, teatr, ədəbiyyat, ana dili, milli mətbuat kimi məsələləri ön mövqeyə gətirmişdi. Bunların heç biri İslama qarşı deyildi. Əksinə, Azərbaycan ziyalıları bəzi insanların İslamdan öz məqsədləri üçün sui-istifadə etmələrinə qarşı çıxırdı. Belələri üçün İslam dininin maarifçi ideyaları yox, özlərinin uydurduqları mövhumat, xurafat, fanatizm daha çox sərfəli idi. Cəlil Məmmədquluzadənin məşhur “Ölülər” tragikomediyası mövhumat və fanatizm əleyhinə yazılmış təsirli əsərdir. Ədib pyesdəki Şeyx Nəsrullah obrazının timsalında İslam dini pərdəsi altında özünün çirkin məqsədlərini həyata keçirən yalançı din xadimlərinin eybəcər simasını göstərmişdir. “Ölülər” həqiqi dini dəyərləri qorumağa xidmət edir, fanatizm və mövhumata ağır zərbə vururdu. Sovet cəmiyyəti isə öz ideologiyasına uyğun olaraq Cəlil Məmmədquluzadəni ateist yazıçı kimi beyinlərə yeridirdi. Bu yanlış təbliğat o qədər güclü olub ki, hələ də müəyyən dərəcədə təsirləri qalıb.

Vasim MƏMMƏDƏLİYEV:

- İsa müəllim, yeri gəlmişkən bir məqama toxunum. 1928-ci ildə Azərbaycan Mərkəzi Komitəsinin aprel plenumu çağırılır. Plenumda qərar qəbul olunur ki, “Molla Nəsrəddin” jurnalı “Mübariz Allahsızlar” Cəmiyyətinin orqanına çevrilsin. Onun əsas xidməti də dinlə mübarizə olsun. Həmidə xanımın xatırlamasına görə, Mirzə Cəlil deyib ki, o jurnalın ki adı “Allahsız” ola, mən orada işləmərəm. Mənim Allahla nə işim var?! Bundan sonra Mirzə Cəlil kimi nəhəng bir müddət “Fantaziya” hamamında kassir işləyib.

İsa HƏBİBBƏYLİ:

- Çox vacib məsələyə toxundunuz. Mərkəzi Komitənin “Mübariz Allahsızlar” Cəmiyyətinin orqanını yaratmaq qərarından sonra Mirzə Cəlil yuxarı təşkilatlara müraciətlər edib. Mümkün qədər jurnalın əvvəlki ənənələrə sadiq olaraq köhnəliyə, xurafata, mövhumata, cəhalətə qarşı mübarizəni davam etdirmək əzmində olduğunu bildirib. Lakin 1930-cu ildə jurnala dövlət tərəfindən verilən dotasiya dayandırılıb. 1931-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin”də fəaliyyətini dayandırıb. Və bu, Cəlil Məmmədquluzadənin, bütün mollanəsrəddinçilərin həqiqi İslamla dini xurafata qarşı mübarizəni qarışdırmamaq istiqamətindəki qəti mövqeyinin ifadəsi idi. Allahsızlar İttifaqının mətbu orqanı kimi çıxan “Molla Nəsrəddin” jurnalının da cəmisi 5 sayı çap olunandan sonra bağlanıb. Azərbaycanda “Mübariz Allahsızlar” Cəmiyyətinin sədri isə Dubinski adlı bir nəfər olub.

Sovet ideologiyası Mirzə Ələkbər Sabiri də ateist kimi qələmə vermişdi. Halbuki fanatizmin və mövhumatın düşməni olan bu böyük şair özünün İslama münasibətini ifadə edərək yazmışdı ki:

Sahibi-imanəm, a şirvanlılar!

Yox yeni bir dinə yəqinim mənim.

Köhnə müsəlmanam, a şirvanlılar!

...Qaili-Quranam, a şirvanlılar!

“İslam həmrəyliyi ili”ndə Azərbaycan ziyalılarının, görkəmli elm və incəsənət xadimlərinin İslama münasibətilə mövhumata, xurafata, fanatizmin bütün təzahürlərinə qarşı münasibətlərindəki fərqlər elmi şəkildə dərindən və əsaslı surətdə tədqiq edilib öyrənilməli, yenidən xalqa çatdırılmalıdır.

Bəxtiyar SADIQOV:

- Bəzi İslam dövlətləri arasındakı anlaşılmazlığın və ziddiyyətin kökü, sizcə, haradan qaynaqlanır? Azərbaycanın atdığı və bundan sonra atacağı addımlar bu münasibətlərin yüksəlməsinə necə kömək edə bilər? Bu mövzuda danışmaq üçün söz Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı akademik Vasim MƏMMƏDƏLİYEVə verilir.

Vasim MƏMMƏDƏLİYEV:

- Çox uğurla başa vurduğumuz “Multikulturalizm ili”ndən sonra cənab Prezident İlham Əliyevin bu ili “İslam həmrəyliyi ili” elan etməsi təqdirəlayiq bir hadisədir. Ona görə ki, biz “Multikulturalizm ili” ərzində çox şey öyrəndik. Müxtəlif İslam və qeyri-islam ölkələri, eləcə də digər böyük ölkələrin dini rəhbərləri və liderləri ilə olan görüşlər indiki mərhələdə uğurla fəaliyyət göstərməyə böyük imkan yaradır.

İslam dininin özündə həmrəyliklə bağlı müxtəlif ayələr, fikirlər var. Məsələn, Qurani-Kərimin bir ayəsində belə deyilir: “Allahın ipinə sarılın və ondan ayrılmayın”. Bu onu göstərir ki, İslam dini birliyə, vəhdətə nə qədər böyük əhəmiyyət verir. Yaxud Peyğəmbər əleyhüssəlamın bir hədisində deyilir ki, dilinizlə yox, əməllərinizlə haqq carçısı olun.

Bu gün Azərbaycan dünya, eləcə də müsəlman dövlətlərinə nümunə ola biləcək bir ölkədir. Burada səsləndirildi ki, dinin özündə, onun kökündə belə ayrılıq yoxdur. Bütün səmavi dinlərin kökü odur ki, Allah birdir, Allahın şəriki yoxdur, Allah bəndələrini sevəndir, onların pis yola getməyini istəmir. Bu haqda dini və müqəddəs kitablarımızda, eləcə də böyük alimlərimizin, mütəfəkkirlərimizin əsərlərində də bəhs edilir. İslam dini, sözün həqiqi mənasında, tolerant və eyni zamanda həmrəyliyə malik olan bir dindir.

Amma burada rəvan getməyən bir neçə məqam da var. Çünki hər dinin içərisində bəzən elə məzhəblər olur ki, orada dinin ümumi prinsiplərinə uyğun gəlməyən müddəalarla çıxış edirlər. Çalışırlar ki, məzhəb ixtilaflarını siyasi ixtilaflara çevirsinlər. Əslində, məzhəb fərqi dini fərqdir. Bunu siyasi alət kimi əldə bayraq edənlərin əsas qayəsi din pərdəsi altında bütün ixtilafları qızışdırmaq və İslam ölkələrini bir-birinə, eləcə də xristian ölkələrinə qarşı qaldırmaqdır.

Mirzə Ələkbər Sabirin çox gözəl bir şeiri var:

Bir vəqt Şah İsmayilü Sultani-Səlimə

Məftun olaraq eylədik İslamı dünimə,

Qoyduq iki tazə adı bir dini-qədimə,

Saldı bu təşəyyü bü təsənnün bizi bimə...

Qaldıqca bu halətlə səzayi-əsəfiz biz!

Öz dinimizin başına əngəlkələfiz biz!

Burada “təşəyyü” və “təsənnün” sünni-şiə mənasındadır. Sabir bu məsələni çox gözəl və əhatəli təsvir edib. Yəni burada təkcə avam adamlar deyil, din adamlarının özü də çox səhvlərə yol verirlər, yaxud bilərəkdən belə edirlər.

Bizim də əsas prinsipimiz ondan ibarətdir ki, hörmətli Prezidentimizin elan etdiyi “Multikulturalizm ili” kimi müvəffəqiyyətli bir ildən sonra “İslam həmrəyliyi ili”ndə bu aspektlərə xüsusi diqqət yetirilsin. Dini dəyərlər, dini ehkamlar olduğu kimi nəql edilsin, insanlara başa salınsın ki, məzhəb ixtilafı heç də siyasi ixtilafa gətirib çıxarmamalıdır. Ümumiyyətlə, dində heç bir şey insanlar üçün məcbur nəzərdə tutulmayıb. Məcbur olan Allahın təkliyi, vahidliyi, Allahın adil olması, bəndələrini bir yerdə görməsidir.

Çox sevinirik ki, hörmətli Prezidentimiz İlham Əliyev başqa sahələrdə olduğu kimi, din sahəsində də çox böyük təcrübəyə, təfəkkürə malikdir. Prezidentimiz bütün mənfi təsirlərin qarşısını almaq, dinlər arasında haradasa həmahənglik, birlik yaratmaq məqsədilə bu təşəbbüsü qabardıb. İnanıram ki, görülən və görüləcək tədbirlər sözügedən problem məsələyə yaxşı mənada dayaq olacaq. Bir daha deyirəm, dini yox, məzhəbçilik ideyalarını inkişaf etdirib İslam ölkələrini bir-birindən ayırma cəhdlərinə son qoyulmalıdır. Cənab Prezidentimizin zəngin təcrübəsi və bütün dinlərin əsl mahiyyətini yaxşı bilməsi bu məsələlərə öz töhfəsini verəcək.

Bahar MURADOVA:

- İslam dininin mahiyyətinin, məqsədinin hər zaman ülvi olduğuna heç kəsin şübhəsi olmayıb. Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu İslam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş edib. Eyni zamanda çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayışın, əmin-amanlığın və multikultural mühitin yaranmasında İslam dininin də müstəsna rolu olub.

Müxtəlif ədəbiyyatlarda, eləcə də gündəlik həyatımızda İslamın əsl mahiyyəti və onun təzahürləri haqqında geniş diskussiyalar zaman-zaman getməkdədir. Mənə elə gəlir ki, fikirlərimiz müsbət olanda bunu İslamın əsl mahiyyətinə, fərqli olduqda isə onun yanlış təzahürlərinə bağlamışıq. “İslam həmrəyliyi ili”nin verdiyi imkanlardan istifadə edərək İslamın əsl məğzini və məqsədlərini insanlara, siyasətçilərə doğru-dürüst çatdırmaqdan çox şey asılı olacaq. Hesab edirəm ki, bu il keçiriləcək tədbirlərə dünya ölkələrindən dəvət olunmuş din xadimləri ilə yanaşı, tanınmış ziyalılara, alimlərə daha çox üstünlük vermək lazımdır. Əgər bəşəriyyət üçün vacib olan bir dəyərdən, İslam mənəviyyatından və onun rolunun dəyərləndirilməsindən söhbət gedirsə, onun haqqında elmi mülahizələrin yürüdülməsi daha çox inandırıcı və məqsədəuyğun olardı.

Müzakirələr zamanı dinlərin siyasi rejimlər tərəfindən müəyyən məqsədlər üçün istifadə məsələsinə də toxunuldu. Şübhəsiz ki, bəzi siyasi rejimlər dini fanatizmdən, mövhumatdan öz məqsədləri üçün istifadə edirlər və kütlələri əllərində saxlamağa çalışırlar. Bəzi hallarda dindən qorxu vasitəsi kimi istifadə hallarına da rast gəlinir. Azərbaycan isə İslamın bir din, mədəniyyət və dəyər kimi əsl mahiyyətini ortaya qoyaraq onu beynəlxalq aləmdə təhdidlərə qarşı bir imkan, vasitə, güc kimi təqdim edir. Cənab Prezidentin tapıntısı elə budur. Çünki ölkəmiz multikultural dəyərlərə sədaqətini hər zaman nümayiş etdirib və bu gün də bu məkanda insanlara irqinə, rənginə, siyasi mənsubiyyətinə görə deyil, bu ölkənin vətəndaşı olduğuna görə münasibət bəsləyirlər.

Azərbaycan bütün imkanlarını təkcə özünün yox, din qardaşlarının və dünya dövlətlərinin və xalqlarının mənafeyi üçün istifadə edir. Ölkəmiz sülh, sabitlik və dialoq məkanı kimi qəbul olunmaqdadır. Ona görə multikulturalizmin də, İslam həmrəyliyinin də Azərbaycan modeli kimi oturuşmuş anlayışlar mövcuddur. Artıq heç bir sivil dövlət və mütərəqqi bəşəriyyət Azərbaycanın bu haqda daha çox danışmağa və təşəbbüs irəli sürməyə mənəvi haqqı olan və o təşəbbüsləri reallaşdırmaq imkanlarını ortaya qoymağa malik bir ölkə olduğuna şübhə ilə yanaşa bilməz.

Lakin hər bir ideyanın reallaşması əməli fəaliyyətə bağlıdır. İslam həmrəyliyi ideyasını irəli aparmağın mümkünlüyünə hər kəsi inandırmaq çətin olsa da, bunun vacib olduğunu sübut etmək üçün səmərəli işlər görmək lazımdır. Biz ölkə olaraq buna hazırıq və ortaq dəyərimiz olan İslamı ortaq gücümüz kimi istifadə etməyin yollarını aramaq və mövcud beynəlxalq imkanlarımızı yenidən dəyərləndirmək istiqamətində fəaliyyətimizi davam etdirməkdə israrlıyıq.

Biz minilliklər ərzində malik olduğumuz milli-mənəvi və eləcə də islami dəyərlərə istinad edərək əldə etdiyimiz uğurları dünyaya təqdim etməklə yanaşı, eləcə də İslamın məhz bu səviyyədə istifadəsi demokratik cəmiyyətlər qurulmasına maneə deyil, əslində ona dəstək olduğunu nəzərə çatdırmaq baxımından çox əhəmiyyətlidir.

Bu təşəbbüs yalnız dini həmrəyliyi deyil, eyni zamanda iqtisadi, siyasi, mənəvi və ölkələrarası münasibətlərin bütün aspektlərinə sağlamlaşdırıcı təsir göstərə biləcək bir fəaliyyəti nəzərdə tutur.

Ona görə də möhtərəm Prezidentimizin bu təşəbbüsü İslam ölkələrinin və İslam dininin özünün daxilində olan ziddiyyətlərin aradan qaldırılması üçün mövqelərin müəyyənləşməsinə, İslam həmrəyliyi nədir və necə əldə olunmalıdır düşüncələrinin formalaşmasına, “Biz nəyə görə bu təşəbbüsü irəli sürürük, hansı məqsədlərə nail olmaq istəyirik” kimi sualların aydınlaşdırılmasına, İslam həmrəyliyinin təkcə İslam ölkələri deyil, bütün dünya üçün, dinlərarası münasibətlərin yaxşılaşması üçün gözəl imkan kimi dəyərləndirilməlidir. Bu, bütövlükdə bəşəriyyət üçün çox vacibdir.

Mübariz QURBANLI:

- Hər əsrdə, hər bir dövrdə dünyanın özünəməxsus problemləri mövcud olub. Yəni 2000 il əvvəl Yer planetinin ölkələri fərqli qayğılarla üz-üzə idilərsə, XXI əsrdə də tamam başqa problemlərlə qarşılaşıblar. Hər zamanın problemlərinin çözülməsi üçün insanlar axtarışda olublar. Müasir dünyamızda isə ən böyük problemlərdən biri terrorizmdir. Çox təəssüf ki, müasir dünyanın, xüsusilə də ABŞ, Avropa siyasətçiləri, digər beyin mərkəzləri dünyanı sarsıdan bu məsələdə günahkar kimi İslamın adını hallandırmağa çalışırlar. Tarixə nəzər salsaq, din müharibələrinin yaranma səbəblərini və səbəbkarlarının kimlər olduğunu aydın şəkildə görərik. Ancaq İslam, əslində, terrora qarşı olan dindir.

Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev də qeyd etdi ki, XX əsrin bəlası olan faşizmin də harada yarandığı bizə məlumdur. Birinci və İkinci dünya müharibələri İslam dünyasından kənarda baş verib. Ancaq bir çox xristian ölkələrində olan mərkəzlərdə İslam müharibə dini kimi təbliğ-təşviq olunur.

Bu təbliğatla bərabər İslamdakı həssaslıqdan sui-istifadə edilir. Çünki İslamın müqəddəsləri var və İslam ümməti bu müqəddəslərə çox həssas yanaşır. Bunu görənlər bu həssaslıqdan istifadə edib insanlar arasında dini qarşıdurma yaradırlar və onların çirkin əməllərinə uyub müəyyən hərəkətlər edən insanların törətdiklərini bütövlükdə İslama qarşı yönəldirlər. Bu həssaslıqla əlaqədar İslam dünyasının Peyğəmbərinin karikaturalarının, filmlərin çəkilməsi, onun şəxsiyyətinə, fəaliyyətinə qarşı əks-təbliğat aparılmasını misal göstərə bilərik. Zaman-zaman bu hadisələrin şahidi oluruq. Bütün bunlar qəsdən edilir və insanların hissiyyatına toxunaraq qarşıdurmalar yaradılır. Bunu da bütünlükdə İslama aid edirlər.

XX əsrin 90-cı illərində Samuel Hantinqton yazdığı “Sivilizasiyaların toqquşması” əsərində qeyd etmişdir ki, soyuq müharibə başa çatdıqdan sonra növbəti mərhələdə İslamla Qərb üz-üzə gələcək. İndi sanki kimlərsə qəsdən bunu reallaşdırmağa çalışır. Ona görə də hesab edirəm ki, indiki zamanda İslam həmrəyliyinin yaranması ilə bu cür təxribatların qarşısını almaq olar. Birlik olarsa, İslam ölkələri həmin qüvvələrin təxribatına uymaz! Bunun üçün qarşılıqlı əlaqələr möhkəmlənməli, görüşlər, tədbirlər keçirilməlidir. İslam dünyasının özünüqoruma instinkti və bununla əlaqədar görüləcək işlər koordinasiya olunmalıdır.

Prezident İlham Əliyevin İslam həmrəyliyi ilə bağlı çağırışında bu məsələlər də öz əksini tapır. Ancaq bu problemlərin həll olunması üçün bir il kifayət etməz. Bu, davamlı olacaq. Milli Məclisin nümayəndə heyəti İƏT çərçivəsində Azərbaycanın bu təşəbbüsünü irəli sürəcək və İslam dünyasının bir parçası olaraq dinimizə qarşı yönələn bu təhdidlərə qarşı İslam dünyasını birliyə, həmrəyliyə çağıracaq.

Qarşıda çox böyük işlər, vəzifələr durur. Bir daha qeyd etmək istəyirəm ki, bu çağırış yalnız dinə bağlı, İslam daxilində məzhəblərarası, təriqətlərarası sülhün bərqərar olması ilə bağlı yox, müsəlman ölkələri arasında iqtisadi, siyasi, psixoloji, mənəvi sahələrdə özünüqoruma və müqavimət hissinin gücləndirilməsi naminə edilən çağırışdır.

Hazırda İƏT-in üzvü olan 60 ölkənin 46-da müsəlman əhali üstün mövqedədir. Qalanlarında isə say etibarilə müsəlmanlar əksəriyyət təşkil etmirlər. Məsələn, müsəlman əhalisinin say etibarına görə Hindistan dünyada üçüncü yerdədir. Ölkədə 150 milyon müsəlman var. Ancaq 1 milyarddan çox əhalisi olan Hindistan İslam ölkəsi deyil.

İƏT üzvü olan müsəlman ölkələrinin ümumi əhalisi isə 1 milyard 500 minə yaxındır. Digər müsəlmanlar başqa ölkələrdə yaşayırlar. Yəni İslam həmrəyliyi ideyası yalnız müsəlman ölkələri deyil, ondan kənara da çıxır. Müsəlman ölkələri çərçivəsində həmrəylik bir-birinə dəstəkdir, yardımdır. Azərbaycan dövlətinin bu prosesdə fəaliyyəti göz önündədir. Həm iqtisadi cəhətdən, həm də müsəlman əhalisinin say etibarilə bəzi müsəlman ölkələrindən fərqlənsə də, istənilən müsəlman ölkəsində baş verən təbii fəlakətlər zamanı öz yardımını əsirgəməyib. Eyni zamanda Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti də müsbətdir. Dövlətin xarici siyasət kursunun təlimatına uyğun olaraq Azərbaycan İslam həmrəyliyindən bir addım belə geri çəkilməyib. BMT Təhlükəsizlik Şurasında, AŞ PA, ATƏT-də və digər qurumlarda İslama qarşı hər hansı bir basqı olduqda Azərbaycan dərhal öz kəskin mövqeyini bildirib.

Həmrəyliyi yalnız məişət, məscid səviyyəsində təbliğ etmək olmaz. Biz bunu qlobal səviyyədə görməli və bu istiqamətdə də işimizi qurmalıyıq. Bu təşəbbüsün bizim üçün, İslam dünyası üçün nə qədər əhəmiyyətli olmasını göstərmək bu baxımdan xeyirlidir. Biz eyni zamanda sivilizasiyaların təmas xəttində yerləşirik. Ona görə də bu işdə rolumuz daha böyük olacaq. Elə müsəlman ölkəsi var ki, ətrafında yalnız müsəlman dövlətləridir. Biz isə xristian dininə mənsub dövlətlərlə, hətta bizə hücum edən ölkə ilə həmsərhədik. İşğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsini dini savaş fonunda təqdim etməyə çalışır. Azərbaycan isə bəyan edir ki, dini münaqişə fonunda qarşıdurma olsaydı, Azərbaycan qonşu Rusiya Federasiyası, Gürcüstan dövləti ilə strateji tərəfdaş olmazdı.

İlk dəfədir ki, İslam həmrəyliyi təşəbbüsü dövlət başçısı səviyyəsində qaldırılıb. Əvvəllər ayrı-ayrı qurumlar tərəfindən təşəbbüslər olub, ancaq dövlətlər səviyyəsində bu, bir ilkdir. Nazirlər Kabinetinin iclasında dövlət başçısı bu məsələyə xüsusi olaraq toxundu və istiqamətləri göstərdi. Hesab edirəm ki, təsdiq olunacaq tədbirlər planı bunların hamısını əhatə edəcək.

İsa HƏBİBBƏYLİ:

- XX əsrin əvvəllərinin Azərbaycan ziyalıları dini dəyərlərlə milli xüsusiyyətləri və dünyəvi baxışları özündə üzvi şəkildə birləşdirən yaradıcı şəxsiyyətlər idilər. Bu dövrdə vaxtilə böyük mütəfəkkir Əlibəy Hüseynzadənin yazdığı kimi, “Avropa qiyafətli, İslam ümmətli, türk millətli” ziyalı modeli formalaşmışdı. Azərbaycan Respublikasının dövlət bayrağı üçün qəbul olunmuş üçrəngli azərbaycançılıq (türkçülük), avropaçılıq (müasirlik) və İslam dini dəyərləri də Azərbaycan ziyalılarının cəmiyyətin inkişafına geniş baxışlarından yaranmışdır. Yalnız ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra bu vacib amillərin hamısı bir yerdə cəmiyyətin inkişafının əsas faktorlarına çevrilmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın dövlət bayrağında ifadə olunan bütün mənaları müstəqil dövlətimizin ideoloji əsası kimi müəyyən etdiyi azərbaycançılığın tərkib hissəsi kimi cəmiyyətə mənimsətmiş, harmoniyanın gücünü, əhəmiyyətini real olaraq xalqa çatdırmışdır. Ulu öndərin Azərbaycan Respublikasında azərbaycançılığı dövlət ideologiyası səviyyəsinə qaldırması, ölkəmizin Avropa Şurasının üzvlüyünə qəbul edilməsi və Bakıda Bibiheybət məscidini yenidən inşa etdirib xalqın istifadəsinə verməsi bütün bunların canlı nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü miqyasına çıxarması, VII əsrdə inşa olunmuş Şamaxı məscidini bərpa etdirib xalqa qaytarması, “İslam həmrəyliyi ili”nə imza atması, multikulturalizm və tolerantlığı ölkədə əsas meyara çevirməsi, yeni və möhtəşəm Azərbaycanı dünya dövlətləri cərgəsinə çıxarıb möhkəmləndirməsi davamlı dövlət siyasətinin nəticələridir. Heydər məscidində müxtəlif məzhəblərin nümayəndələrinin vəhdət namazı qılması müasir dövrdə İslam həmrəyliyinin bariz nümunəsidir. Azərbaycan elmi bu müdrik dövlət siyasətinin mahiyyətini dərindən öyrənib açmalı, yeni nəsillərə çatdırmalıdır.

Dövlət-din və milli ideologiya münasibətlərinin Azərbaycan modeli xalqımıza və ölkəmizə sabitlik, daha böyük uğurlar vəd edir. Maarifçilik mövhumat və cəhalət dərdinin ən böyük dərmanıdır. Məhz dərin elmi dərketmə, əsl maarifçilik gerçək İslam dəyərləri ilə fanatizm və mövhumatı əsaslı şəkildə fərqləndirməyin mahiyyətini ortaya qoyub dini baxışlar haqqında obyektiv qənaətləri cəmiyyətə çatdıra bilər. Təəssüf ki, bir çox Avropa ölkələrində törədilən islamofobiya hallarına qarşı o ölkələrin yazıçıları və alimlərinin reaksiyası hələ ki yox dərəcəsindədir. Çox hallarda süni şəkildə yaradılan dinlərarası qarşıdurmalar, “müsəlman kütləsi” anlayışı, acınacaqlı miqrasiya axınları və buna qarşı mübarizə özünün real bədii ədəbiyyatını, kinofilmini yaratmamışdır. Hamı bu fikirdədir ki, müsəlman dünyasındakı dini radikalizmin də mahiyyətində savadsızlıq, mədəni gerilik, maarifsizlik dayanır. Bəzi müsəlman ölkələrinin qarşılıqlı əməkdaşlıq əvəzinə sərt qarşıdurma şəraitində bir-birləri ilə müharibə aparması özgələrinin maraqlarına xidmət edir. Fikrimcə, illərdən bəri müharibə ocaqları sönməyən Əfqanıstanda, İraqda, Suriyada, Yəməndə trilyonların hesabına aparılan qanlı döyüşlərin əvəzinə həmin vəsaitlə bu ölkələrdə məktəblər, universitetlər, teatrlar, konservatoriyalar, muzeylər, bağçalar tikilib istifadəyə verilsəydi, indi hərb əhvali-ruhiyyəsi, radikal qarşıdurmalar çoxdan bitmişdi.

Dini qurumlarla ziyalıların, alimlərin və yazıçıların həmrəyliyinin Azərbaycan modeli vardır. Qafqaz Müsəlmanları İdarəsində Elmi-Dini Şuranın tərkibində tanınmış din xadimləri ilə yanaşı adlı-sanlı alimlərin də təmsil olunması, birgə fəaliyyəti bu həmrəyliyin əyani nümunəsidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin apardığı dini maarifləndirmə tədbirlərində Azərbaycan ziyalılarının geniş tərkibdə iştirakı cəmiyyətə İslam mədəniyyətinin, dini dəyərlərin əsl mahiyyətini çatdırmaqda mühüm rol oynayır. Azərbaycan Milli Elmlər Akademiyasının Dini İşlər üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi ilə birgə keçirdiyi beynəlxalq miqyaslı elmi konfranslar, seminarlar Azərbaycan xalqına din və cəmiyyət məsələləri haqqında vahid mövqedən əsl elmi həqiqəti aşılamağa xidmət edir. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasında 14-15 aprel 2015-ci il tarixdə “İslam maarifçiliyi və müasir dövr” mövzusunda keçirilmiş beynəlxalq konfrans mühüm əhəmiyyətə malik olmuşdur. Ölkəmizin dini qurumları ilə ali elmi təşkilatının birgə təşkil etdiyi konfransda dünyanın 11 ölkəsindən gəlmiş tanınmış alimlərin məruzələrinin dinlənilib müzakirə olunması ölkəmizdən kənarda da geniş əks-səda doğurmuşdur. Eyni zamanda Folklor İnstitutunda 2016-cı ilin iyul ayında “Azərbaycanda və İslam coğrafiyasında xalq oyunları və meydan tamaşaları” mövzusunda keçirilmiş elmi konfrans da İslam ölkələri arasında qarşılıqlı elmi-mədəni əlaqələrin yenidən öyrənilib araşdırılmasına şərait yaratmışdır. “İslam həmrəyliyi ili” elmi konfransların, seminarların, “dəyirmi masa”ların, idman və mədəniyyət tədbirlərinin meydanını daha da genişləndirəcəkdir. Maarifçilik - ön cəbhəni təmsil etməlidir. Bundan başqa, bu ilin əvvəlində AMEA-nın Fəlsəfə İnstitutunda “Din fəlsəfəsi və islamşünaslıq” şöbəsinin yaradılması problemə daha dərin elmi münasibəti meydana çıxarmağa imkan verəcəkdir. Milli Elmlər Akademiyasında “İslam sivilizasiyası: müasir dini baxışlar və yeni dünya” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulur. Akademiyanın Türkiyə, Orta Asiya respublikaları və Pakistanın elmi qurumları və universitetləri ilə genişlənməkdə davam edən əlaqələri də “İslam həmrəyliyi ili”nə öz töhfələrini verəcəkdir.

“İslam həmrəyliyi ili” beynəlxalq ictimaiyyətin diqqətini müsəlman dünyasının mənəvi zənginliyinə, İslam sivilizasiyasına doğru yönəldəcəkdir. İnanıram ki, 2017-ci il dünya dövlətlərinin İslam ölkələri ilə dialoqu və həmrəyliyinə layiqli töhfələr verə biləcəkdir. “İslam həmrəyliyi” çağırışı geniş mənada beynəlxalq aləmdə dialoq və həmrəylik anlayışlarını real hərəkata çevirəcəkdir.

IV İslam Həmrəyliyi Oyunları həm də “İslam həmrəyliyi ili”nin zirvə toplantısı funksiyasını yerinə yetirəcəkdir. Naxçıvan şəhərinin 2018-ci ildə “İslam Mədəniyyətinin Paytaxtı” kimi böyük hadisəyə layiqli səviyyədə evsahibliyi etməsi üçün həyata keçirilməkdə olan tədbirlər, mühüm hazırlıq işləri “İslam həmrəyliyi ili”nin hadisələri olacaqdır.

Müstəqil Azərbaycan - Həmrəylik, Birlik, Əməkdaşlıq hərəkatının əsas hərəkətverici qüvvəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İslam həmrəyliyi ili” haqqındakı sərəncamı müasir dünyada həmrəylik ideallarına böyük çağırışları doğuracaqdır.

Vasim MƏMMƏDƏLİYEV:

- Hörmətli Prezidentimiz bu ili ümumi, qlobal şəkildə “İslam həmrəyliyi ili” elan edib. Digər dövlətlər, xüsusən dini idarə edən rəhbərlər və liderlər də bu məsələdə maraqlı olmalıdırlar. Çalışmalıdırlar ki, dinlərdə olan kiçik fərq böyük bir ixtilafa çevrilməsin. Dini fərqləri düşmənçilik həddinə çatdırmaqla insanlar daha da parçalanmasınlar. Düşünürəm ki, biz əsasən buna qarşı mübarizə aparmalıyıq. Unutmaq olmaz ki, İslam dini ilə yanaşı digər dinlərdə, eləcə də xristian dinində məzhəbi fərqləri düşmənçiliyə çevirmək iddiasında olanlar var. Bunun da sonunda “parçala, hökmranlıq et” siyasəti dayanır.

Sevindirici haldır ki, Azərbaycanda dinin peşəkar səviyyədə təbliği və tədrisi üçün yaxşı mütəxəssislər var. Ölkədə Bakı İslam Universiteti, BDU-nun İlahiyyat fakültəsi kimi tədris ocaqları neçə ildir ki, uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə İslam olduğu kimi, elmi şəkildə insanlara öyrədilir. Düşünürəm ki, bunların sayəsində “İslam həmrəyliyi ili”ni çox ləyaqətlə, uğurla başa vura bilərik. Çünki biz bu məsələdə dövlətin, xüsusən də cənab Prezidentin qayğısını hiss edirik. Ona görə də bizim bu arxayınlığa haqqımız var.

İslam çox demokratik bir dindir. Quran ayəsində və Peyğəmbərin hədisində deyilir ki, ərəblə əcəmin (qeyri-ərəb) İslam dinində fərqi yoxdur. Yəni insan kimi bunların qiyməti eynidir. İnsanlara verilən qiymət ancaq onların etiqadlarının düz olması ilə ölçülür. Bu, İslam dini yaranandan ilk nazil olan ayələrdən biridir. Ayə Allahın qarşısında, Allah yolunda bütün insanların bərabərliyini göstərir. Peyğəmbərin ilk köməkçisi kim olub?! Qaradərili Bilal Həbəşi, azançı idi. Yaxud Peyğəmbər müharibə məsələlərində kimlə məsləhətləşirdi?! Səlman Farsi ilə. Xəndək müharibəsi zamanı Səlman soruşur ki, Ya Rəsulallah, sizə gələn fikir vəhydir, ya öz fikrinizdir? Peyğəmbər buyurur ki, vəhy deyil. Səlman deyir ki, onda mən xəndəyin qazılmasını məsləhət görürəm. Beləliklə, Peyğəmbər xəndəyi qazdırır və bunun nəticəsində müsəlmanlar orada qələbə qazanır.

Yəni İslam irqlərə görə deyil, əqidəsinə, Allaha olan imanının sədaqət dərəcəsinə görə insana qiymət verir. Amma çalışırlar ki, bizim bu birliyimizi əlimizdən alsınlar. Dünya miqyasında çox yaxşı İslam alimlərimiz var. Həmin alimlərlə də əməkdaşlıq qurmalıyıq. Yaxşı olar ki, gələcəkdə bu istiqamətdə daha geniş konfrans keçirilsin, mütəxəssisləri dəvət edək, çıxışları dinləyək, geniş fikir mübadiləsi aparaq. Həm də onlar görsünlər ki, Azərbaycanın bu məsələdə əsas məqsədi dinin özündən çıxış edərək Quranın ayələrini, Peyğəmbərin hədislərini əxz etmək, ayrı-ayrı məzhəblərin, yaxud şəxslərin ideyalarına, fikirlərinə yol verməməkdir.

İnanıram ki, cari ilin “İslam həmrəyliyi ili” adlandırılması ümumilikdə İslam dininin möhkəmləndirilməsinə böyük təkan verəcək. Eyni zamanda dini baxışları siyasiləşdirmək istəyən və bunun əsasında ölkələr, məzhəblər arasındakı münasibətləri də gərginləşdirməyə çalışanlara çox gözəl bir cavab olacaq. İnşallah, buna da nail olacağıq. Ötən “Multikulturalizm ili”ndə biz böyük uğurlar qazandıq. İnanıram ki, həmin kursun davamı kimi “İslam həmrəyliyi ili”ndə daha böyük nailiyyətlər əldə edəcəyik.

Bəxtiyar SADIQOV:

- Təşəkkür edirəm hər birinizə. Bugünkü “dəyirmi masa”da gərəkli fikirlər və ağıllı təkliflər səsləndi, ətraflı fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirməklə yanaşı, bütün dünyada İslam həmrəyliyinin gücləndirilməsi, beynəlxalq səviyyədə İslam dəyərlərinin müdafiəsi üçün fəal iş aparır. Həmçinin Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, ISESCO kimi aparıcı təşkilatların fəal üzvüdür, onların nüfuzunun yüksəldilməsinə, İslam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılması işinə öz dəyərli töhfələrini verir.

Çıxışlardan belə nəticə hasil olur ki, Azərbaycanın gücü, nüfuzu və imkanları, o cümlədən mövcud potensialı və beynəlxalq ictimaiyyətin ona olan etimadı İslam həmrəyliyinə nail olunması kimi mühüm missiyanı üzərinə götürməyə imkan verir. Əminik ki, ölkəmiz bu missiyanı da layiqincə həyata keçirəcək, görüləcək işlər İslam dünyasının həmrəyliyinə böyük töhfələr verəcəkdir.

Bir məsələni də vurğulamaq istəyirəm ki, Prezident İlham Əliyev 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməklə həm də müxtəlif xalqların, o cümlədən müsəlmanların müharibələrdən əzildiyi, fəlakətlərə düçar edildiyi indiki dövrdə dünyaya mesaj verdi. Bütün dünyaya göstərildi ki, müsəlman həmrəyliyi Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Beləliklə, qlobal miqyasda sülh və əməkdaşlığa, sivilizasiyalararası dialoqa böyük töhfə verən Azərbaycan bu sahədə yeni fəaliyyət mərhələsinə qədəm qoyur: respublikamız İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilir. Təbii ki, ölkəmiz qarşısına qoyduğu məqsədləri bu illə yekunlaşdırmayacaq və növbəti dövrdə də bu xətt davam etdiriləcəkdir.