Azərbaycan.-2017.-5 may.-95.-S.9.

 

İslam dünyası ilə böyük görüş

 

Allahverdi MEHDİYEV

 

Cəmi bir həftə qalıb. Mayın 12-də Bakıda növbəti böyük idman tədbirinə start veriləcək. Bu dəfə paytaxtımızın arenalarında İslam dünyasını təmsil edən atletlər mübarizə aparacaqlar. Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edəcək. Hərçənd əvvəllər bəzilərinə ilk baxışdan elə görünurdü ki, belə bir irimiqyaslı idman tədbirinin cəmi 26 il əvvəl milli müstəqilliyini bərpa etmiş gənc dövlətə həvalə olunması müəyyən qədər risklidir, çünki Azərbaycan dünyanın müxtəlif qitələrindən ancaq müsəlman ölkələrinin idmançılarını bir araya gətirməlidir.

Lakin bu, yalnız ilk baxışdan belə idi. Həqiqət isə budur ki, müstəqil Azərbaycan yaşının az olmasına baxmayaraq, müxtəlif beynəlxalq tədbirləri, o cümlədən idman turnirlərini təşkil edib keçirməkdə zəngin təcrübə toplamışdır. İndiyədək ölkəmiz dünya və qitə çempionatları da daxil olmaqla çoxsaylı idman tədbirləri qəbul etmişdir. İki il əvvəl isə Odlar yurdu Avropanın idman tarixinə şərəfli səhifə yazmışdır: Azərbaycan qoca qitənin ilk olimpiadasına - I Avropa Oyunlarına evsahibliyi etməklə nəinki təşkilati cəhətdən, həm də idman uğuru baxımından misli görünməmiş qələbə qazanmışdır. Belə ki, təşkilati işlərin gedişində heç bir problem ortaya çıxmadı, qrafikdən geri qalma halları olmadı. Növbəti Avropa Oyunlarının standartlarını məhz Azərbaycan müəyyənləşdirdi. Digər tərəfdən, Azərbaycan atletləri Oyunlarda tarixi qələbə ilə yadda qaldılar. 50 ölkədən 10 min idmançının qatıldığı idman tədbirində təmsilçilərimiz 56 medal (21 qızıl, 15 gümüş, 20 bürünc) qazanaraq Rusiya atletlərindən sonra ikinci yeri tutdular. Azərbaycan idmançılarının Avropa kimi ən güclü idman qitəsinin ən güclü atletləri ilə yarışdıqları nəzərə alınsa, təmsilçilərimizin nə qədər böyük zəfərə imza atdıqları təsəvvür olunar.

Beləliklə, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını təşkil edərək müsəlman aləmi miqyasında ilk böyük idman tədbirini qəbul etməyə hazırlaşır. Həm də Bakı Oyunlara tamamilə hazırdır. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi üç il əvvəl başlamış hazırlıq işlərini müvəffəqiyyətlə başa vurmuşdur. Bu, başqa cür də ola bilməzdi. Belə ki, Mehriban xanım ilk Avropa Oyunlarının təşkili kimi məsuliyyətli işin öhdəsindən uğurla gəlib kifayət qədər təcrübə toplamışdır. O vaxt beynəlxalq idman ictimaiyyəti

I Avropa Oyunlarının Təşkilat Komitəsinin fəaliyyətini yüksək qiymətləndirmiş, qitə olimpiadasının olimpiya oyunları səviyyəsində təşkil olunduğunu nəzərə çarpdırmışdı.

Odur ki, üç il əvvəl - 2013-cü il iyulun 24-də İslam Həmrəyliyi İdman Federasiyası 8-ci Baş Assambleyasının növbəti İslam Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul etməsi təsadüfi deyildi. Şübhəsiz, federasiya ölkəmizin milli müstəqilliyin bərpasından bəri, bütün məlum çətinliklərə baxmayaraq, müxtəlif sahələrdə, o cümlədən idmanın inkişafı istiqamətində və beynəlxalq idman turnirlərinin təşkilində əldə etdiyi uğurları izləyirdi. Eyni zamanda belə bir məqam diqqətdən qaça bilməzdi ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır. Bütün bunlara görə İslam Həmrəyliyi İdman Federasiyası əmin idi ki, Azərbaycanın mövcud potensialı və həyata keçirdiyi genişmiqyaslı müasir infrastruktur layihələri idman yarışlarını lazımi səviyyədə təşkil etmək üçün əlverişli şərait yaradır. Həm də ilk Avropa Oyunlarının ardınca eyni məkanda İslam Həmrəyliyi Oyunları kimi mötəbər idman tədbirinin keçirilməsi Azərbaycanın tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi kimi özünü göstərir.

Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi onun müsəlman aləmi ilə münasibətləri sıxlaşdırmağa yönəlik siyasətindən irəli gəlir. Məlum olduğu kimi, bu, dövlətimizin xarici siyasət xəttinin prioritet istiqamətlərindəndir. Azərbaycan islam həmrəyliyi naminə ayrı-ayrı müsəlman dövlətləri ilə qarşılıqlı əlaqələrini genişlətməklə yanaşı, istər İslam Əməkdaşlığı Təşkilatı, ISESCO və müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumlarda, istərsə də regional və beynəlxalq təşkilatlar çərçivəsində bu ölkələrlə əməkdaşlığı möhkəmlədir. Həmçinin Azərbaycan Ərəb Dövlətləri Liqasında müşahidəçi statusuna malikdir və bu təşkilatla səmərəli əməkdaşlıq edir. Eyni zamanda ölkəmiz ərəb dünyasının başqa bir regional təşkilatı - Körfəz Əməkdaşlıq Şurası ilə münasibətlər qurmuşdur. Bütün bunların nəticəsi olaraq İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi Azərbaycanın müsəlman aləmində və ərəb dünyasında özünəməxsus mövqeyi formalaşmışdır.

Artıq belə bir fakt diqqəti cəlb edir ki, dövlətimiz atdığı ardıcıl addımlarla, irəli sürdüyü əhəmiyyətli təşəbbüslərlə İslam ailəsinin fəal üzvünə çevrilmişdir. İndiyədək Azərbaycan dəfələrlə müsəlman ölkələrini bir araya gətirən müxtəlifyönlü tədbirlərin təşkilatçısı olmuşdur. Məlum olduğu kimi, 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı olmuşdur. Mədəniyyət paytaxtı ili çərçivəsində 100-dən çox milli və beynəlxalq tədbir keçirilmişdir. Həmin ilin mühüm tədbirlərindən biri Bakıda müsəlman ölkələrinin mədəniyyət nazirlərinin konfransının keçirilməsi idi. Diqqətəlayiq haldır ki, foruma bir sıra Avropa dövlətlərinin nümayəndələri də dəvət olunmuşdular. Bununla Azərbaycan ənənəsinə sadiq qalmışdı: 2008-ci ildə Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır mövzusunda konfransında İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO), Ərəb Dövlətləri Liqası ölkələrinin Elm, Mədəniyyət və Təhsil Təşkilatının (ALEKSO) yüksək rütbəli nümayəndələri də iştirak etmişdilər.

Gələn il başqa bir şəhərimiz - Naxçıvan İslam mədəniyyətinin paytaxtı olacaq. Eyni zamanda Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci il Azərbaycanda İslam həmrəyliyi ili elan edilmişdir. Ölkəmizin müxtəlif bölgələrində tədbirlər çərçivəsində müsəlman dünyasının üzləşdiyi problemlər və çıxış yolları, islam həmrəyliyinə verilə biləcək töhfə müzakirə edilir.

Heç şübhəsiz, hazırda son dərəcə mürəkkəb tarixi mərhələdən keçən müsəlman aləminin qarşılaşdığı çağırışlara cavab vermək üçün ilk növbədə həmrəyliyə ehtiyacı var. Bu baxımdan Bakıda keçiriləcək İslam Oyunları dünya müsəlmanlarının həmrəyliyinə mühüm töhfə olacaq. On gün ərzində İslam dünyasının diqqəti Azərbaycan paytaxtına yönələcək. Oyunlar həm Azərbaycan, həm də bütövlükdə İslam dünyası üçün böyük əhəmiyyət kəsb edir; Bakı həm müsəlman idmançılarını bir araya gətirəcək, həm də Azərbaycan İslam aləmi ilə indiyədək ən böyük görüşünü keçirəcək.