Bakı xəbər.-2017.-24 yanvar.-№12.-S.15.

 

20 Yanvar hadisələrinin dövlətçilik tariximizdə rolu və mahiyyəti...

 

İradə SARIYEVA

 

Azərbaycan xalqının müstəqilliyə gedən yolu qandan-qadadan keçib. Xalqımız azadlığını qanı hesabına qazanıb. Əlbəttə, bütün bunlar Azərbaycan xalqının əzəmətli, güclü, azadlıqsevər bir xalq olduğundan irəli gəlib. Biz 20 Yanvar hadisəsinə faciə kimi deyil, xalqımızın qəhrəmanlıq salnaməsi kimi yanaşırıq. Tank üstünə əliyalın ancaq bizim xalqımız kimi qəhrəman, qorxmaz xalq yeriyə bilər. Tarix boyu zülmlə barışmayan xalqımız imperiya zəncirlərini çilik-çilik etdi. 20 Yanvar milli dövlətçilik tariximizə iftixar, qürur dərsi kimi daxil olub.

 

Məlumdur ki, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 27 il ötdü. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Xalqımıza qarşı törədilmiş bu qanlı cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik, millət vəkili Rafael Hüseynov mətbuata bildirib ki, xalqımızın mübarizə tarixində ən şanlı səhifələrdən olan Qanlı Yanvar faciəsi insanlığa qarşı törədilmiş qatı cinayətdir. O, 20 Yanvar hadisələrinin mənəvi, siyasi, hüquqi aspektləri barədə məlumat verib, xalqımızın həyatında və yaddaşında dərin iz qoymuş faciənin ağır nəticələrindən danışıb. O vurğulayıb ki, həmin gecə günahsız və silahsız vətəndaşlarımız milli azadlığımız, suverenliyimiz uğrunda mübarizəyə qalxıb: "Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz sürətlə inkişaf edib və ordumuz daha da güclənib. 20 Yanvar hadisələri müasir tariximizdə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qürur tarixi, qəhrəmanlıq səhifəsidir".

R.Hüseynov bildirib ki, bu tarix Azərbaycan xalqının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olunub.

Azərbaycan xalqının tarixinə Qara Yanvar kimi düşən qanlı gecə unudulmazdır. Məlum olduğu kimi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilib, dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb, itkin düşüb. Tarixçilər qeyd edir ki, sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilib.

Məlumatlara görə, fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıblar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda-yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Tədqiqatçılar vurğulayır ki, beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. Məlumata görə, SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulub, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanıb. Qabaqcadan düşünülüb hazırlanan bu təcavüzkar aksiya Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyıb.

Millət vəkili Hikmət Babaoğlu 20 Yanvar hadisəsinə qiymət verərkən qeyd edib ki, Azərbaycanın sabiq prezidenti, mərhum Heydər Əliyevə qədər bu hadisə öz siyasi-hüquqi qiymətini tapmayıb: "...Təəssüf ki, 20 Yanvar hadisəsinə siyasi qiymət çox gec verildi. 1990-cı ildən sonrakı 3 il müddətində bir neçə siyasi komanda hakimiyyətə gəlsə də, cəsarət edib bu məsələyə siyasi qiymət vermədilər ki, bunu da müxtəlif səbəblərlə izah etmək olar. Əgər bir tərəfdən bu, həmin dövrdə hakimiyyətdə olan qrupların müstəqil olmamaları - xarici dövlətlərin "dirijor çubuğu"nun göstərişi ilə oturub-durmaları ilə əlaqədar idisə, başqa bir tərəfdən, törədilmiş cinayətdə bilavasitə iştirakları ilə bağlı idi.

Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu hadisəyə siyasi qiymət verildi. Cinayətkarın adı, ünvanı dəqiqləşdirildi. Hələ qanlı faciənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn xalqımızın ümummilli lideri Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi. Daha sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı ümummilli lider Heydər Əliyev bəyan etdi ki, 1990-cı il yanvarın 20-də ittifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Bunlarla yanaşı, ümummilli lider Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı.

1994-cü il yanvar ayının 5-də ulu öndər Heydər Əliyevin müvafiq fərmanı ilə Milli Məclisin müzakirəsinə təqdim edilən və nəhayət, həmin ilin mart ayında tərəfindən təsdiqlənən 20 Yanvar faciəsinə siyasi qiymət verən bu sənəd bir daha Azərbaycan xalqının öz haqqını tələb edə bilməsini, ona qarşı cinayət törətmiş caniləri mühakimə etməyi bacarmasını sübut etdi".

H.Babaoğlu bildirib ki, Heydər Əliyevin bu istiqamətdə gərgin əməyinin nəticəsi kimi, 1994-cü il mart ayının 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" adlı xüsusi qərar qəbul edildi. Millət vəkili vurğulayıb ki, bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.

H.Babaoğlu onu da qeyd edib ki, 20 Yanvar hadisəsinin qurbanları vətənpərvərlik örnəkləridir və onlar Azərbaycanın dövlət müstəqilliyinə qovuşması naminə həyatını qurban verən insanlardır: "Xalqımız hər il 20 Yanvar faciəsi qurbanlarını yad edir, hadisənin üzərindən artıq 27 il keçməsinə baxmayaraq, SSRİ ordusunun azərbaycanlılara qarşı törətdiyi bu qırğınla bağlı respublikada və ölkədən kənarda geniş tədbirlər, müxtəlif aksiyalar keçirilir...".

Qeyd edək ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.

Rəsmi sənədlərə görə, 7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev 20 Yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh edib: "...1990-cı il yanvarın 20-də ittifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edimişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür".

Qeyd edilənə görə, Heydər Əliyev qatillərin aşkarlanması məsələsini yenidən qaldırıb, 20 Yanvar faciəsinə Ali Sovetin sessiyasının qiymət verməli olduğunu vurğulayıb.

Tədqiqatçılar yazır ki, Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsidir. O, Kommunist Partiyası sıralarından çıxmasına dair bu ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi. Heydər Əliyev bu müraciətdə 20 Yanvar hadisəsi ilə bağlı qeydlərində bildirib: "Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov. İKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil". Beləliklə, 1991-ci ilin iyulunda Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

Tədqiqatçılar yazır ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməməsi Heydər Əliyevi çox düşündürən məsələlərdən biri idi. 1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı 1993-cü ilə qədər faktiki olaraq heç bir tədbir görülməmişdi. 1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoymuş və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirməmişdi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının işi başa çatdırılmamış qalmışdı.

1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Prezident Heydər Əliyev bu barədə deyirdi: "...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər".

31 yanvar 1997-ci il tarixdə Heydər Əliyev Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşdə bildirib: "...Xalqımız bundan tarixi nəticə çıxarmalıdır. Biz gərək heç vaxt əyilməyək, heç vaxt sınmayaq. Bilirsiniz, millətin mənafeyi hər bir insanın həyatından üstün olmalıdır".

20 Yanvar hadisəsi xalqımızın azadlıq eşqini alovlandıran bir hadisə kimi tarixə düşüb. Bu faciə həm də xalqımızı düşmənə qarşı yumruq kimi birləşdirdi. Azərbaycan dövləti, Azərbaycan xalqı faciə qurbanlarını heç zaman unutmur.

Bildiyimiz kimi, 20 Yanvar şəhidlərinin şərəfinə Bakıda keçmiş "XI Qızıl Ordu" metrostansiyası "20 Yanvar", Suvorov küçəsi 20 Yanvar küçəsi adlandırılıb.

20 Yanvar-Ümumxalq Hüzn Günü olduğundan, hər il Azərbaycanın idarə, müəssisə və təşkilatlarında iş günü hesab edilmir və onun əvəzinə anım mərasimi keçirilir.

2015-ci il 15 yanvar tarixində Pakistanın Pəncab əyalətinin Qucarxan bölgəsində "20 Yanvar Şəhidləri Bulağı"nın açılışı keçirilib.

Qeyd edək ki, Heydər Əliyev 1998-ci il avqustun 5-də Bakı şəhərindəki Şəhidlər Xiyabanında "Əbədi məşəl" abidə kompleksinin ucaldılması barədə sərəncam verib. 2010-cu ildə Bakının Yasamal rayonunda "20 Yanvar abidə-kompleksi"nin açılışı olub.

20 Yanvar şəhidləri Azərbaycanın müstəqillik tarixinə öz adlarını əbədi olaraq yazıb. Onların qəhrəmanlığı, qorxmazlığı və vətən sevgisi bütün dünya üçün nümunədir.

Əlbəttə, 20 Yanvar hadisəsini biz ancaq faciə kimi deyil, eyni zamanda da qəhrəmanlıq tariximizə yazılan əzəmətli bir gün kimi yada salmalıyıq. Bu, xalqımızın qəhrəmanlığı, şər üzərində qələbəsinin bir simvoludur.

Xalq şairi mərhum Zəlimxan Yaqub yazırdı:

Məyus olma amandı,

Məyus olmaq yamandı.

Qorxaq diləksiz yaşar,

Millətim qəhrəmandı...