Xalq qəzeti.-2017.-2 may.-¹92.-S.8.

 

İslam həmrəyliyi birlik, əməkdaşlıq və sülhə çağırış missiyasına xidmət edir

 

Nizami Xudiyev,

filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi

 

Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub və İslam dininin yayılmasında, eyni zamanda, müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb. Azərbaycan, eyni zamanda, tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci il üçün Naxçıvan şəhərlərinin “İslam mədəniyyətinin paytaxtı” elan olunmasında öz ifadəsini tapıb. Həmçinin IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradıb. Məhz, bu baxımdan da Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi ili” elan edilməsi haqqında imzaladığı sərəncamı xüsusi qeyd etmək lazımdır.

 

XXI əsrin əvvəllərində çoxqütblü, mürəkkəb, qarışıq bir dövrdə meydana çıxan hərbi-siyasi problemlər, gərgin iqtisadi böhran vəziyyəti, miqrasiya axınları yeni çağırışlara zərurət doğurub.

Bildiyiniz kimi, Qərb ilə müsəlman Şərqi arasında münasibətlər tarixən öz ziddiyyəti ilə seçilib. Həm İslam dünyasının intibah dövründə, həm də Qərbin inkişafının yüksək mərhələsində işğal, zorla dini qəbul etdirmə, müstəmləkə siyasəti Qərblə müsəlman Şərqi arasında münasibətlər üçün xarakterik olub. Hər iki halda fərqli dinlərin daşıyıcıları arasında qarşıdurmalar yaranıb.

Bununla belə, Qərblə İslam dünyası münasibətlərində fərqli yanaşmaya da diqqət çəkilməlidir. Birincisi, İslam ölkələri coğrafiyasında tarixən mövcud olan xristian icmalarına tolerant münasibət olub. Bunun nəticəsidir ki, xristianlığın beşiyi olan Yaxın Şərqdə xristian icmaları indi də öz mövcudiyyətlərini saxlayırlar. Azərbaycan da daxil olmaqla digər müsəlman ölkələrində də min illərdir xristian dini daşıyıcıları əmin-amanlıq içində yaşamaqdadırlar.

Eyni tolerant yanaşmaya Qərbdə rast gəlmirik. Məlum olduğu kimi, ərəb və türk passionarlığı dövründə Kordova xilafəti və Osmanlı imperiyası zamanında Avropanın müəyyən hissəsi İslam mədəniyyətinin əhatə dairəsinə daxil olub. VIII əsrdə Priney yarımadasına ərəblərin daxil olması ilə XV əsrədək burada İslam dini hakim olub. Əndəlüs torpaqlarında bura gələn müsəlmanlar, İslamı sonradan qəbul edən yerli əhali və xristianlar yanaşı yaşayıblar. Lakin 1492-ci ildə sonuncu müsəlman əyaləti olan Qrenadanın süqutu ilə İspaniyada qeyri-xristianların məhvinə yönəlmiş rekonkista siyasəti Qərb sivilizasiyasının tolerant olmadığını bir daha göstərdi. 1610-cu ilədək İspaniyada müsəlmanların yaşayışına son qoyuldu. 1492-1610-cu illər arasında müsəlmanların kütləvi qırğını və mühacirəti nəticəsində İspaniyanın əhalisi üç milyon nəfərə qədər azaldı.  Müsəlmanlarla bərabər yəhudilərin də İspaniyadan qovulması Qərbin tarixən digər dinlərə qarşı dözümsüzlüyünü bir daha təsdiq etdi.

İspaniyadan başqa Portuqaliya, Cənubi İtaliya, Malta da ərəb işğalı dövründə islamlaşmaya məruz qalıb. Müsəlmanlar bütün bu coğrafiyadan tam sıxışdırıldılar. İslamı sonradan qəbul edən əhalini inkvizisiya tonqalı aqibəti gözləyirdi, ərəblər isə ümumiyyətlə bu coğrafiyadan silindilər. Hazırda yalnız Maltada bir neçə minlik müsəlman icması qalmaqdadır.

Səlibçilər üçün müsəlmanlar din düşmənləri idi və onların öldürülməsi şərəfli iş sayılırdı. Doğrudur, həmin dövrün əsas oyunçularından olan xristian tampliyerlərlə müsəlman assasinlər arasında iş birlikləri də tarixə məlumdur. Lakin bu artıq müharibə qanunları idi. Ümumilikdə isə səlib yürüşünün iştirakçıları, Vatikan kilsəsi başda olmaqla onların Avropadakı havadarları müsəlmanlara qarşı tam dözümsüzlük nümayiş etdirirdilər.

Beləliklə, tarixi rakursdan qiymətləndirdikdə Qərbdə İslam dini daşıyıcılarına qarşı tolerantlıq heç vaxt müşahidə olunmayıb. Bu mənada indiki anlamla islamofobiya yeni bir hadisə deyil. İslamofobiya termini 1980-ci illərin sonunda ilk dəfə Avropa mətbuatının səhifələrinə yol tapsa da, bu, tarixin müxtəlif vaxtlarında Qərbin müsəlman Şərqinə münasibətində özünü göstərib. Lakin müasir dövrümüzdə şərait olduqca fərqlənir. Keçən əsrdə Qərb ölkələrinin ucuz işçi qüvvəsi kimi gətirdiyi müsəlman miqrantlar indi əksər ölkələrdə hadisələrə təsir göstərə biləcək qüvvəyə malikdirlər. Artıq kimlərinsə bunu istəyib-istəməməyindən asılı olmayaraq İslam Qərbin daxili faktoruna çevrilib və gündən-günə güclənməkdədir.

Demokratiya, insan haqları və azadlıqları kimi günümüzün aktual çağırışları isə Qərbin artıq bir dəfə təcrübədən çıxardığı rekongista siyasətinə yenidən imkan vermir. Görünən odur ki, indi rekongistanı islamafobiya əvəz edib. Avropanın bir sıra ölkələrində İslam memarlığına qarşı qadağa, islami həyat tərzinə mənfi münasibət, xüsusilə də təhqirlərlə dolu karikatura qalmaqalı və digər bu kimi  hadisələr islamofobiya elementləridir. Lakin İslam dəyərlərinə qarşı bu cür münasibət qlobal və universal dəyərlərin müdafiəçisi kimi çıxış etməyə iddia edən Qərb üçün yaxşı heç nə vəd etmir. Artıq Avropanın bütün ölkələrində müsəlmanlar yaşayırlar. Bu, daha çox miqrantların hesabınadır. Avropa rəsmiləri uzun müddət güman edirdilər ki, xaricdən yeni gələn bu mühacirlər ümumi ansamblda əriyəcək və Qərb dəyərlərinin daşıyıcısı olacaqlar. Bunun üçün də məşhur multikulturalizm nəzəriyyəsi ortaya atılmışdı. Lakin hadisələr bunun əksini göstərdi. Avropanın yeni sakinləri milli-dini dəyərlərinə sadiq qalaraq, Avropanın dəyərsizlik çağırışlarına möhkəm ailə dəyərləri ilə cavab verdilər. Nəticədə aparıcı Avropa ölkələrinin rəsmiləri bir-birinin ardınca multikulturalizm siyasətinin özünü doğrultmadığını elan etdilər. Bu isə Qərbin özününkülərdən olmayanlara qarşı islamofob meyillərində yeni bir mərhələyə təkan verdi. Bu mərhələdə artıq islamofobiyanın əsas hədəfi miqrantların assimilyasiyasına deyil, müsəlman ölkələrin özlərində əhali arasında milli-dini dəyərlərin transformasiyasına yönəlib. Qərb multikulturalizm böhranından çıxış yolunu miqrantların dəyərlərinə hörmət etməkdə deyil, miqrantların gəldikləri ölkədə dəyərlərin transformasiyasında axtarmağa çalışır. Bu proses isə qlobal miqyasda islamafobiya meyilləri ilə müşahidə olunur.

Göründüyü kimi, Avropada multikulturalizm siyasətinin iflasa uğradığının bəyan edildiyinin şahidi oluruq. Çünki multikulturalizm həyat tərzidir, assimilyasiya metodu kimi tətbiq olunması onun mahiyyətini dəyişir. Multikulturalizm müxtəlif mədəniyyətlərin yanaşı yaşamasıdır. Fransanın sabiq prezidenti Sarkozinin miqrantların dəyərlərini heçə sayan çağırışı ilə buna nail olmaq mümkün deyil. Onun “əgər insan Fransaya gəlirsə o, fransız xalqının bir hissəsi olmalıdır, əgər bunu istəmirsə burada ona yer yoxdur. Fransızlar öz dəyərlərinə yenidən baxmaq fikrində deyillər, insanların küçələrdə ibadət etməsini, qızların məktəbə getməsinin qadağan edilməsini, qadın və kişilərin bərabərliyinə dair dəyərləri itirmək istəmirlər” fikri multikultural dəyərlərlə bir araya sığmır. Məhz deyilənləri nəzərə alaraq dünyada islamofobiya meyillərinin qarşısını almaq və multikulturalizmin, tolerantlığın əyani nümunəsini ortaya qoymaq üçün Azərbaycan dövləti üzərinə məsuliyyətli bir missiya götürüb. Çünki Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərinin müstəsna rolu vardır.

Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi ta qədimdən burada müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, İslam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilib, biri-birinə qarşılıqlı təsir göstərib, dini həyatın özəlliyini şərtləndirib. Bütpərəstlik təsəvvürlərinin kökləri çox qədimlərə dirənən ölkə ərazisində məskunlaşan əhalinin böyük qismi odu müqəddəsləşdirib, ona sitayiş edib.

Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunan yəhudilərin ölkəyə gəlişi eramızdan əvvəl I əsrə aid edilir. Onların əcdadları yəhudiliyə ilk iman gətirənlərdən olub, Fələstindən kənarda yaşayıb və xristianlıq yəhudiliyin içindən çıxan bidətçi bir firqə kimi təşəkkül tapmağa başlayanda İsa Məsihi təqib edənlər arasında olmayıblar. Ölkəmizin ərazisində yaşayan dağ yəhudiləri yerli əhali ilə sıx təmasda olsalar da, dinlərini, adət-ənənələrini, həyat və düşüncə tərzlərini qoruyub saxlayıblar.

Xristianlıq isə Azərbaycan ərazisinə hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz edib. Sinayda aşkar edilmiş "Alban yazısında və alban dilində" leksionari dünyada xristianlığın ən qədim kütləvi qiraət kitablarından sayılır.

Azərbaycanda xristianlıq özünün provaslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunub. Bakıda ilk provaslav kilsəsi 1815-ci ildə fəaliyyətə başlayıb. Hələ XIX əsrin ikinci yarısında incilçi-lüteran kilsəsinin ardıcılları Bakıya neft yataqlarının istismarında iştirak edən alman sənayeçiləri sırasında gəliblər.

Regionda tarixən dözümlülük mühitinin formalaşmasında İslamın Azərbaycanda yayılmasının böyük rolu olub. Çünki mərhəmət, sevgi və əxlaq dini olan İslamda tolerantlıq, dözümlülük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir. Bu baxımdan əsrlər boyu müsəlmanlarla yanaşı yaşayan digər dinlərin mənsubları da regionda dinc və ayrı-seçkiliyə məruz qalmadan yaşayıblar.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.

Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq istiqamətində keçirilmiş beynəlxalq tədbirlərin coğrafiyasına nəzər salsaq görərik ki, bu sahədə təşəbbüslərin çox böyük əksəriyyəti artıq beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfdən gəlib. Təsadüfi deyildir ki, 2009-cu il oktyabrın 13-dən 15-dək Azərbaycanın uğurla ev sahibliyi etdiyi İslam ölkələri mədəniyyət nazirlərinin konfransı çərçivəsində “Mədəniyyətlərarası dialoq” mövzusunda keçirilmiş “dəyirmi masa”da “Bakı prosesi -sivilizasiyalar arasında dialoqa yeni çağırış” adlı rəsmi sənəd qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü “Bakı prosesi”nin davam etdirilməsinin nəticəsi olaraq 2011-ci ilin aprelində dövlət başçısının təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESCO kimi nüfuzlu qurumların dəstəklədikləri forum dünyada bu istiqamətdə reallaşan ilk mötəbər tədbir olmuşdur. Ümumilikdə 20-yə yaxın ölkədən nüfuzlu nümayəndələrin iştirak etdikləri tədbirdə “Dövlət-din münasibətlərində müasir meyllər”, “Milli və dini kimliyin vəhdəti: dövlət-din münasibətlərinin Azərbaycan modeli”, “Tolerantlıq və ifadə azadlığı”, “Universal dialoq axtarışında” mövzularını əhatə edən plenar iclaslar keçirilib. Bakı Forumu mədəniyyətlərarası dialoqun, sülhün, əməkdaşlığın təşviqində, irqi və dini dözümsüzlük hallarının aradan qaldırılmasında, digər məsələlərin müzakirəsində qlobal brend statusu qazanmaqdadır.

Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib. Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Bu siyasətin nəticəsində hazırda ölkəmizdə bütün dini icmalar bərabər hüquqlara malikdirlər. Bununla belə, ölkənin hüquq sistemi ekstremizm təhlükəsinin real olduğu şəraitdə, dini təşkilatlara kənardan təsiri məhdudlaşdırır, potensial təhlükəli radikal ideyaların təbliğ edilməsinə imkan vermir.

Bir sözlə, müasir dünyada baş verən müharibələrin motivlərinə nəzər salsaq, etnik-dini anlaşılmazlıqların bir çox hallarda katalizator rolunu oynadığını görərik. Bu mübarizələr o həddə gəlib çatıb ki, bəzən eyni dinə mənsub təriqətlər arasında belə qanlı çaxnaşmalara səbəb olur. Etnik təmizləmə siyasəti nəticəsində bu gün dünyanın 21 ölkəsində 12 milyonadək insan qaçqın və məcburi köçkün şəraitində yaşayır. Belə bir şəraitdə dünyanın gələcəyinin mədəniyyətlərarası münasibətlərdən asılı olması tam ciddiliyi ilə meydana çıxır. Bu gün istəsələr də, istəməsələr də xalqlar bir-birinin varlığını qəbul etməli, bir-birinə hörmətlə yanaşmalı və müasir dünyanın birgəyaşayış prinsiplərinin məsuliyyətini anlamalıdırlar. Azərbaycan bu sahədə dünya dövlətlərinə uğurlu model hesab olunur. İslamın mənəvi dərkinə əsaslanan dünyəvi dövlət olan Azərbaycan nəinki dini tolerantlıq ənənəsini möhkəmləndirə bilib, hətta onu bir dövlət kimi öz imicinə çevirərək beynəlxalq miqyasa çıxarmağa çalışmaqdadır.

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının paytaxtı İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində çıxışı zamanı bildirib ki, Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verir: “Azərbaycan 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etmişdir. Mayın 12-22-də Bakı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəkdir. Bu gün islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik. İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməliyik”.

Elə bu səbəbdəndir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir dövrdə ölkədaxili proseslərdə və qlobal miqyasda dialoqu və həmrəyliyi yeni epoxanın əsas çağırışları səviyyəsinə qaldırması xalqların və ölkələrin dinc yanaşı yaşamasına, sabitliyə, inkişafa, qarşılıqlı etimada və birgə əməkdaşlığa nail olmaqla irəli getməyin mümkünlüyünə və üstünlüklərinə diqqəti yönəltmək, inamı qüvvətləndirmək istiqamətində atılmış əhəmiyyətli addımlardır. Bu mənada, əlbəttə ki, Azərbaycan “İslam Həmrəyliyi ili” elan edilməsi ilə dünyada sülhün, barışığın təmin edilməsinə, İslam dininə olan münasibətin dəyişməsinə öz töhfəsini verəcəkdir. Xüsusilə də, Qərb ölkələrində İslam dininin radikal formada diqqətə çatdırıldığı, İslam dünyasına qarşı mənəvi-fiziki hücumların artdığı, İslam dininin terrorla eyniləşdirməyə cəhdlərin edildiyi bir vaxtda bu məsələ daha çox diqqət cəlb edir. “İslam həmrəyliyi” ideyasının diqqət mərkəzinə çəkilməsi həm də dünyanın bir çox ölkələrində İslam anlayışına birtərəfli və yanlış münasibət bəslənilməsinə aydınlıq gətirilməsinə çağırışdır. Bu mənada İslamı birmənalı olaraq terrorla əlaqələndirməyin, məqsədli şəkildə islamofobiya meyillərini yaymağın dünyaya sülh yox, qarşıdurma, böhran gətirdiyini diqqət mərkəzinə çəkmək, dialoqa, sülhə, həmrəyliyə, qarşılıqlı etimada çağırmaq mühüm bəşəri missiyadır. Heç şübhəsiz, Azərbaycan multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətində də öz örnəyini meydana qoyacaqdır.

Azərbaycandan başlanan İslam həmrəyliyi hərəkatı özünü, eyni zamanda, elm və təhsil sahəsində də nümayiş etdirəcək. Çünki, İslam həmrəyliyi məsələsi daim elmi araşdırmaların mövzusu olub və bu faktor hər zaman aktuallığını qoruyub saxlayıb. Elə XI-XIII əsrlərdə İslamdakı ədalət, bərabərlik, insanpərvərlik ideyaları və antik mədəniyyətlə əlaqə cəmiyyətin ən müxtəlif təbəqələrində özünə yer aldığı üçün Şərq intibah mədəniyyətini yaratmışdı. Müsəlman dünyasının intibahı dövrünün ən böyük əsəri olan “Xəmsə”ni dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıb. Məşhur “Xəmsə”yə daxil olan əsərlər yer üzündə İslam sivilizasiyasının ən mühüm nailiyyətlərindən biri kimi qəbul olunur.

Ümumiyyətlə, Azərbaycan cəmiyyətində əsrlər boyu bərqərar olmuş ədalət, bərabərlik, insanpərvərlik, sülh ideyaları islami dəyərlərlə bəşəri ideyaların sintezi əsasında formalaşıb. Azərbaycanın qədim dövr və orta əsrlərdə yaşayıb-yaratmış görkəmli ziyalıları İslam mədəniyyətindəki ədalət, humanizm və mənəvi zənginlik ideyalarını cəmiyyətin aparıcı, əsas idealları səviyyəsinə qaldırıb. Nizami Gəncəvi “İsgəndərnamə” əsərində ədalət və bərabərlik üzərində qurulacaq xoşbəxt cəmiyyətin modelini də təqdim edib.

İslam dəyərlərinin və mədəniyyətinin düzgün anlaşılması  əsrlər boyu davam edib və bu mövzu XIX əsrin II yarısından başlayaraq XX əsrin əvvəllərinədək daha sistemli araşdırılıb, ictimai düşüncəyə öz təsirini göstərə bilib. Çünki, XX əsrin əvvəllərinin Azərbaycan ziyalıları dini dəyərlərlə milli xüsusiyyətləri və dünyəvi baxışları özündə üzvi şəkildə birləşdirən yaradıcı şəxsiyyətlər olublar. Vaxtilə böyük mütəfəkkir Əlibəy Hüseynzadənin yazdığı kimi, “Avropa qiyafətli, İslam ümmətli, türk millətli” ziyalı modeli formalaşmışdı. Bu gün olduğu kimi, həmin dövrdə də düşünülürdü ki, maarifçilik mövhumat və cəhalət dərdinin ən böyük dərmanıdır. Məhz dərin elmi dərketmə, əsl maarifçilik gerçək İslam dəyərləri ilə fanatizm və mövhumatı əsaslı şəkildə fərqləndirməyin mahiyyətini ortaya qoyub dini baxışlar haqqında obyektiv qənaətləri cəmiyyətə çatdıra bilər. Təəssüf ki, bir çox Avropa ölkələrində törədilən islamofobiya hallarına qarşı o ölkələrin yazıçıları və alimlərinin reaksiyası hələ ki yox dərəcəsindədir. Çox hallarda süni şəkildə yaradılan dinlərarası qarşıdurmalar, “müsəlman kütləsi” anlayışı, acınacaqlı miqrasiya axınları və buna qarşı mübarizə özünün real bədii ədəbiyyatını, kinofilmini yaratmayıb. Hər kəs bu fikirdədir ki, müsəlman dünyasındakı dini radikalizmin də mahiyyətində savadsızlıq, mədəni gerilik, maarifsizlik dayanır. Bu səbəbdən də, elm və təhsilin sözügedən istiqamətdəki ilkin missiyası İslam həmrəyliyi ideyasının yeni elmi mənbələr üzrə təhlil edilməsi, müasir ədəbiyyat, incəsənət nümunələrinin yaradılması üçün mövzu verməsidir. Eyni zamanda, İslam həmrəyliyinin bir ideyasının təbliğinin uğurla nəticələnməsi və inkişafı üçün müəyyən olunmuş konkret məqsədlərə nail olunması da lazımdır. Bunun üçün İslam maarifçiliyini və mədəniyyətini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq, məzhəblərarası əqidə, ictimai və siyasi sahələrdə mədəni əlaqələri möhkəmləndirmək və  bu yolla müştərək anlaşmanın yollarını tapmaq, şəriət məsələləri ilə bağlı normayaratmada və fikir müxtəlifliyinin ortaya çıxmasında elmi araşdırmanın rolunu düzgün qiymətləndirmək, məzhəblər arasında yaranan qərəzliliyi və şübhələri, həmçinin yayılan şayiələri dəf etmək və s. həyata keçirmək məqsədə müvafiq olar. Antiislam qüvvələrinin təqdim etdikləri kimi burada əsas məqsəd İslam dinində olan məzhəbləri birləşdirmək deyil, onların birgə sülh içində mövcud olmasına nail olmaq və məzhəbsizlik kimi yeni bir cərəyanın yaranmasına imkan verməməkdir ki, bu da ən uyğun və real mövqedir.

Sosial araşdırmalardan da bəlli olduğu kimi, elmsizlik istər ümumi müsəlman dünyasında, istərsə də məzhəblər daxilində dini zəmində çoxlu münaqişələrə səbəb olur. Müsəlman cəmiyyətlərini idarə edənlər arasında və sıravi müsəlmanlarda məlumatsızlığın özü belə zərərlidir. Bir çox hallarda məlumatsızlıq və ya yanlış məlumatlara malik olmaq xoşagəlməz təəssübkeşliyə, müsəlman cəmiyyətlərində vəhdətin və həmrəyliyin pozulmasına gətirib çıxarır. Elmsizlik və siyasi məqsədlərə çatmaq uğrunda mübarizə heç də keçən əsrlərə məxsus hal və hadisə deyildir. Bir məzhəbin digər məzhəb haqqında tam və dolğun məlumatlara malik olmaması, yalan və təhrif olunmuş fikirlərə malik olması onların hər hansı dini məsələdə ortaq məxrəcə gəlməsinə mane olur və bu İslam həmrəyliyinə böyük mənfi təsir göstərirdi. Bəzən eyni məzhəb sahibləri belə biri digərinə silah qaldırır. Elmi masalarda həll edilməli olan məsələləri döyüş meydanında həll etmək istəyənlər vardır.

Göründüyü kimi, bu gün İslam həmrəyliyi ideyasının təbliğinə çox böyük ehtuyac yaranıb. Bu işdə isə elmin və təhsilin üzərinə böyük məsuliyyət düşür. İslam dünyasında birliyin, həmrəyliyin möhkəmlənməsi, qarşıdurmaların aradan qaldırılması üçün Azərbaycan cəsarətli bir addım atıb. 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi özlüyündə dünyaya ölkəmizin simasında həmrəy İslam cəmiyyəti modelini təqdim edəcək. Sirr deyil ki, hazırda dini qurumlarla ziyalıların, alimlərin və yazıçıların həmrəyliyinin Azərbaycan modeli vardır. Qafqaz Müsəlmanları İdarəsində Elmi-Dini Şuranın tərkibində tanınmış din xadimləri ilə yanaşı, adlı-sanlı alimlərin də təmsil olunması, birgə fəaliyyəti bu həmrəyliyin əyani nümunəsidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin apardığı dini maarifləndirmə tədbirlərində Azərbaycan ziyalılarının geniş tərkibdə iştirakı cəmiyyətə İslam mədəniyyətinin, dini dəyərlərin əsl mahiyyətini çatdırmaqda mühüm rol oynayır. Bundan başqa, AMEA-nın Fəlsəfə İnstitutunda “Din fəlsəfəsi və islamşünaslıq” şöbəsinin yaradılması problemə daha dərin elmi münasibəti meydana çıxarmağa imkan verəcək.

Bir sözlə, “İslam Həmrəyliyi ili” beynəlxalq ictimaiyyətin diqqətini müsəlman dünyasının mənəvi zənginliyinə, İslam sivilizasiyasına doğru yönəldəcək. 2017-ci il dünya dövlətlərinin İslam ölkələri ilə dialoqu və həmrəyliyinə layiqli töhfələr verə biləcək. “İslam həmrəyliyi” çağırışı geniş mənada beynəlxalq aləmdə dialoq və həmrəylik anlayışlarını real hərəkata çevirəcək. IV İslam Həmrəyliyi Oyunları isə “İslam Həmrəyliyi ili”nin zirvə toplantısı funksiyasını yerinə yetirəcək. Naxçıvan şəhərinin 2018-ci ildə “İslam Mədəniyyətinin Paytaxtı” kimi böyük hadisəyə layiqli səviyyədə ev sahibliyi etməsi üçün həyata keçirilməkdə olan tədbirlər, mühüm hazırlıq işləri “İslam Həmrəyliyi ili”nin hadisələri olacaq. Bütün bunların fonunda müstəqil Azərbaycan Həmrəylik, Birlik, Əməkdaşlıq hərəkatının əsas hərəkətverici qüvvəsinə çevriləcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İslam Həmrəyliyi ili” haqqındakı sərəncamı isə müasir dünyada həmrəylik ideallarına böyük sədaqət nümunəsidir.