Xalq qəzeti.-2017.-2 may.-92.-S.6.

 

Bütün yollar Bakıya həmrəylik bayramına gətirir

 

Oqtay BAYRAMOV

 

Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları kimi möhtəşəm bir idman, dostluq və həmrəylik bayramı ilə əlamətdar olacaq 2017-ci ilin may ayı artıq start xəttindədir. Bütün müsəlman aləmi idmançılarıTürkiyə, İran, Səudiyyə Ərəbistanı, Albaniya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Burkina-Faso, Çad, Cibuti, Qazaxıstan, Özbəkistan və daha neçə-neçə ölkənin nümayəndə heyətləri Azərbaycana səfərlərinə son hazırlıq görür və bu gün-sabah respubliamızda olacaqlar. Bakı Olimpiya Stadionunda İslamiadanın böyük maraq və xoş bir həyəcanla gözlənilən təntənəli açılış mərasiminə cəmi on gün qalır. Dünya Azərbaycan paytaxtında qardaşlıq və həmrəyliyin, dövlətimizin qüdrətinin növbəti təntənəsinə çevriləcək çox böyük idman hadisəsi ərəfəsindədir.

 

Bakı da öz növbəsində qonaqları ən yüksək səviyyədə qəbul etməyə tam hazırdır. Müasir idman komplekslərimiz, İslamiadanın keçirilməsi ilə bağlı olan ayrı-ayrı qurumlar, idman təşkilatları, könüllülər, bir sözlə, bütün Azərbaycan vahid bir komanda kimi IV İslam Həmrəyliyi Oyunlarının iştirakçı və qonaqlarına, rəsmi şəxslərə bir daha Azərbaycan səmimiyyəti və qonaqpərvərliyi göstərəcək.

Əlbəttə, Oyunlarda bütün 57 müsəlman ölkəsinin təmsil olunması əla nəticə, bu yarışların tarixində rekord göstəricidir. Müqayisə üçün xatırlatmaq olar ki, 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində keçirilmiş üçüncü İslamiadada 40 ölkənin atletləri iştirak etmişlər. İndi Bakıda isə müsəlman aləminin bütün 57 ölkəsinin idmançıları görüşüb ünsiyyətdə olacaqlar.

Qarşıdakı yarışlarda starta çıxacaq ölkələr artıq öz komandalarının heyətinin say tərkibini, bayraqdarlarını açıqlayırlar. Biz Türkiyə Milli Olimpiya Komitəsinin saytına istinadla qardaş ölkədən Azərbaycana 343 idmançının gələcəyini, onlardan 137-nin qadın, 206-nın kişi atlet olacağını bildirmişdik. Dördüncü  İslam Həmrəyliyi Oyunlarının ev sahibi Azərbaycanın Oyunların medalları uğrunda 335 idmançı ilə mübarizə aparacağını da nəzərə alsaq, belə proqnozlaşdıra bilərik ki, İslamiadada ən böyük nümayəndə heyətlərindən ikisi məhz bu  ölkələrin idmançıları olacaqlar.

İran İslam Respublikası təmsilçiləri Oyunlara 280 nəfərlik nümayəndə heyəti ilə gələcək və bu, islamiadalar tarixində İranın ən böyük nümayəndə heyəti olacaqdır. Bu ölkənin 200-ə qədər idmançısı atletika, boks, zorxana, cüdo, ağırlıqqaldırma, karate, uşu, taekvondo və digər növlərdə medal qazanmağa çalışacaq.

Dörd il əvvəl İran İndoneziyada  88 idmançı ilə çıxış etmiş və yüksək nəticə göstərmişdi. Komanda 89 medal40 qızıl, 26 gümüş və 23 bürünc mükafatla medalçı ölkələrin siyahısında ikinci yeri tutmuşdu.

Şübhəsiz, İran komandası Bakıda da mümkün qədər çox medal uğrunda mübarizə aparmaq əzmindədir. Paytaxtımızda onun bayraqdarı isə qadın güllə atıcısı, London2012 və Rio-de-Janeyro2016 Yay Olimpiya Oyunlarının iştirakçısı Mahlağa Jambozorq olacaq.

İslam Həmrəyliyi Oyunlarının vətəni Səudiyyə Ərəbistanının, ikinci İslamiadanın ən çox (128) medal qazanan ölkəsi Misirin, habelə Pakistan, Əlcəzair və bir sıra başqa ölkələrin də Azərbaycan paytaxtında startlara böyük komanda ilə çıxacaqları gözlənilir.

Qazaxıstanın idman portalı sports.kz Kazinform Beynəlxalq İnformasiya Agentliyinə istinadla bildirmişdir ki, Qazaxıstan idmanı Bakıda IV İslam Həmrəyliyi Oyunlarında 50 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunacaq. Ölkənin 35 atleti boks, cüdo, taekvondo,sərbəst güləş, yunan-Roma və qadın güləşi yarışlarında medallar uğrunda mübarizə aparacaq. Yığma komandanın qalan 15 üzvü isə məşqçilər, nümayəndə heyətinin rəhbərləri, qərargah nümayəndələri, hakimlər və mətbuat katibi olacaq. Qazaxıstan idmançıları şəhərimizə mayın 10-dan etibarən gəlməyə başlayacaqlar.

Qeyd edək ki, Qazaxıstan nümayəndələri III  İslam Həmrəyliyi Oyunlarında 27 medal13 qızıl, 8 gümüş və 6 bürünc mükafatla komanda hesabında səkkizinci yeri tutmuşdular.

Elə həmin Oyunlarda 2 qızıl, 2 gümüş və 4 bürünc medalla ümumi hesabda on səkkizinci olmuş Qırğızıstan idman nümayəndə heyəti  IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərində yığmanın bayraqdarlarını elan etmişdir. Mayın 12-də İslamiadanın açılış mərasimində komandanın bayraqdarı güllə atıcısı Nooruzbek Akbar olacaq. Mayın 22-də Oyunların bağlanış mərasimində isə Qırğız Respublikasının bayrağını güləşçi Bekbolsun Kuşubakov aparacaq.

İdman həvəskarları İslamiada turnirlərində Qırğızıstanın 70-ə qədər təmsilçisinin çıxışlarını izləyə biləcəklər. Onlar cüdo, uşu, taekvondo, bədii gimnastika, güllə atıcılığı, zorxana, atletika, voleybol (qadın komandaları), boks, sərbəst və yunan-Roma güləşi yarışlarında iştirak edəcəklər.

Sport AKİpress portalının bu barədə yaydığı xəbərə onu da əlavə edək ki, Qırğızıstanın qadın voleybolçuları İslamiada turnirində Azərbaycan yığmasının rəqibi olacaqlar və Faiq Qarayevin komandası ilk oyunu mayın 11-də Kristal Zalda məhz onlara qarşı keçirəcək. Oyunların medalları uğrunda bu iki komanda ilə yanaşı Türkiyə, Tacikistan və Kamerun kollektivləri mübarizə aparacaqlar.

Nəhayət, artıq astanasında dayandığımız IV İslam Həmrəyliyi Oyunları haqqında may ayında qələmə aldığımız ilk qeydləri yekunlaşdırarkən diqqətinizə çatdıraq ki, İslamiada proqramında xüsusi maraqla gözlədiyimiz futbol yarışlarında iştirak edəcək Azərbaycan  komandısının baş məşqçisi Yaşar Vahabzadə heyətə dəvət etdiyi oyunçuların siyahısını açıqlamışdır. Azərbaycan komandası turnirdə ilk oyunu mayın 8-də Kamerun yığmasına qarşı keçirəcəkdir. Dördüncü  İslam Həmrəyliyi Oyunlarında ilk nəticələrin qeydə alınacağı günə az  qalır.