Azərbaycan.-2017.-20 yanvar.-¹13.-S.5.

 

“Nepsabadşaq” qəzetinin 20 Yanvar yazıları

 

Macar jurnalisti “Qara Yanvarı” necə işıqlandırmışdı?

 

Peter DUNAİ,

1986-1991-ci illərdə “Nepsabadşaq” qəzetinin Moskva müxbiri, sərbəst siyasi icmalçı və hərbi analitik

 

Peter Dunai müasir macar jurnalistikasının tanınmış simalarından biridir. Yaşı yetmişi keçsə də, yaradıcı fəaliyyətini davam etdirir. Siyasi-hərbi icmallar hazırlayan analitik mərkəzin rəhbəridir. Rusiyada, eləcə də digər keçmiş sovet respublikalarında cərəyan edən proseslərlə yaxından maraqlanır. Cənubi Qafqaz və Mərkəzi Asiya bu maraq dairəsinin fokusunda dayanır. SSRİ-nin süqutu ərəfəsində aparıcı macar qəzetinin - “Nepsabadşaq”ın Moskva müxbiri vəzifəsində çalışması onun hazırlıqlı və obyektiv bir “sovetoloq” kimi yetişməsinə təsirsiz ötüşməyib.

Cənab Dunai ilə bir neçə ildir ki, əməkdaşlıq edirik. Hələlik maliyyə çətinliyi üzündən nəşrinə nail ola bilmədiyimiz “Budapeşt, 1956 - Bakı, 1990: Sovet imperiyası. Sonun başlanğıcı və başlanğıcın sonu” adlı maraqlı sənədlər məcmuəsi tərtib etmişik. Xalqımız üçün faciə və qəhrəmanlıqla dolu 1990-cı ilin yanvar günlərində Peter Dunai aparıcı macar qəzetinin xüsusi müxbiri kimi Moskvada çalışıb. Sovet bürokratiyasının yaratdığı maneələr ucbatından dramatik hadisələrin yaşandığı Bakıya gələ bilməsə də, cərəyan edən prosesləri, ordunun xalqa qarşı törətdiyi cinayətləri obyektivliklə işıqlandırmağa çalışıb.

20 Yanvar faciəsinin növbəti ildönümü ərəfəsində Peter Dunai ilə görüşüb 1990-cı ilin yanvarında Moskvadan “Nepsabadşaq” qəzetinə göndərdiyi məqalə və müxbir məktublarını nəzərdən keçirməyi, qələmə aldığı yazıların məzmununu, habelə bizim hər birimiz üçün son dərəcə məsul, həyəcanlı olan həmin günlərdən yaddaşında qalanları həmvətənlərimizlə bölüşməyi xahiş etdim. Nəticədə “Azərbaycan” qəzetinin oxucularına çatdırmaq istədiyim yazı ərsəyə gəldi.

 

Vilayət QULİYEV, Azərbaycan Respublikasının Macarıstandakı səfiri

 

1990-cı ilin yanvarında Azərbaycanda tarixə “Qara Yanvar” adı ilə daxil olmuş dəhşətli hadisələr baş verəndə mən Macarıstan Xalq Fəhlə Partiyasının rəsmi orqanı “Nepsabadşaq” qəzetinin Sovet İttifaqında xüsusi müxbiri vəzifəsində çalışırdım. Mərkəzi ofisimiz Moskvada yerləşsə də, tez-tez keçmiş SSRİ-nin müxtəlif yerlərinə ezamiyyətə yollanırdım.

Yadımdadır ki, həmin ərəfədə də Baltikyanı respublikalarda idim. 20 Yanvar hadisələri o qədər gözlənilmədən və sürətlə baş verdi ki, bütün səylərimə baxmayaraq bir çox xarici mətbuat orqanlarının təmsilçiləri kimi mən də Bakıya gedib hadisələri isti izlərlə yerində işıqlandıra bilmədim. Azərbaycan paytaxtı o dövrdə xarici jurnalistlər üçün qapalı şəhər idi və xatırladığıma görə hərbi vəziyyət elan olunduğundan uzun müddət də belə qaldı. Hətta Macarıstanın nüfuzlu MTİ mətbuat agentliyinin müxbirləri də bütün əlaqələrinə baxmayaraq Bakıya gedə bilməmişdilər. Yaranmış şəraitdə günün ən mühüm yenilikləri ilə bağlı xəbərləri əsasən mətbuatdan, SİTA və XMA (Xəbərlər Mətbuat Agentliyi - red.) kimi informasiya agentliklərinin bülletenlərindən, radio və televiziyadan alırdıq.

O zaman “Kommersant” qəzeti yenicə fəaliyyətə başlamışdı və xarici jurnalistlər üçün qiymətli məlumat mənbələrindən biri idi. Təbii ki, Macarıstan Kommunist Partiyası MK orqanının müxbiri kimi mən “Pravda”, “İzvestiya” qəzetlərinin redaksiyaları, Sov.İKP MK-nın məsul işçiləri ilə əlaqə saxlayıb informasiya almaq imkanına malik idim. Lakin dəqiq xatirimdədir ki, Yanvar hadisələri ilə bağlı bu əlaqələrin gündəlik işimizə heç bir faydası olmamışdı. Müraciət etdiyimiz təqdirdə də yalnız ümumi sözlər eşidirdik.

Bir Macarıstan vətəndaşı kimi sovet ordusunun Bakıya soxulması və dinc əhaliyə divan tutması məndən ötrü xüsusilə ağrılı və həssas məsələ idi. Çünki 24 il əvvəl, 1956-cı ilin oktyabrında eyni qəddar oyun xalqımın da başına açılmışdı. Bakı kimi Budapeşt də bir gecənin içində işğal olunmuşdu, insanların öz taleyinin sahibi olmaq, hürr və azad yaşamaq istəyi silah gücünə boğulmuşdu. Yəqin ki, bu səbəbdən də mən digər xarici jurnalistlərlə müqayisədə Bakıda baş verənləri daha diqqətlə izləyir, həmkarlarımla söhbət zamanı yalın əllə imperiyanın üzərinə gedən azərbaycanlılara rəğbətimi gizlətmirdim.

Sovet ordusunun Bakıya daxil olduğunun ertəsi “Nepsabadşaq” qəzetinin 21 yanvar tarixli bazar günü sayında Moskvadan göndərdiyim müxbir məktubu çap olunmuşdu. Orada deyilirdi: “1990-cı il yanvarın 20-də SSRİ-nin başqa regionlarından gətirilmiş sovet qoşun hissələri Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti ilə razılaşdırılmadan Bakı şəhərinə yeridilmişdir. Bununla da SSRİ və Azərbaycan SSR konstitusiyaları, habelə müttəfiq respublikaların suverenliyi haqqında Konstitusiya aktının müddəaları kobud şəkildə pozulmuşdur. Dinc əhaliyə amansızlıqla divan tutulmuş, yüzlərlə adam öldürülmüş, yaralanmış və itkin düşmüşdür. Ümumilkdə əldə olan məlumata görə, öldürülənlərin sayı 133 nəfər, yaralananların sayı 744 nəfərdir. 5 nəfərin taleyi haqqında heç bir məlumat yoxdur. 841 nəfər qanunsuz həbs edilib”.

Daha sonra mən Bakıda yanvar faciəsinə gətirib çıxaran hadisələr barəsində, ilk növbədə isə günbəgün qızışmaqda olan Dağlıq Qarabağ münaqişəsi və qonşu Ermənistanın Azərbaycana əsassız ərazi iddiaları barəsində məlumat vermişdim. “Nepsabadşaq”ın Moskva müxbiri kimi 1986-1991-ci illərdə Sovet İttifaqında yaşayıb-işlədiyimdən proseslərin çoxu gözlərim önündə cərəyan etmişdi və yazılarımda da imkan daxilində oxuculara, həmvətənlərimə obyektiv informasiya çatdırmağa çalışırdım.

Moskvanın 1956-cı il Budapeşt və 1990-cı il Bakı ssenarilərinin oxşarlığına elə ilk yazımda toxunmuşdum. Zaman, şərait dəyişsə də, imperiya siyasətinin dəyişmədiyinə diqqət yetirmişdim. Maraqlıdır ki, hər iki halda əsas hücum nöqtəsi kimi paytaxt seçilsə də, cəza maşını bütün ölkə ərazisində işləmişdi.

İki gün sonra başqa bir məqaləmdə yenə də daha çox “Kommersant” qəzetinin məlumatlarına istinadən 20 yanvar gecəsi Bakının giriş-çıxışlarında baş verən qanlı hadisələri belə işıqlandırmışdım: “Sovet qoşunları silah gücünə Aeroport şosesində, Tbilisi prospektində və şəhərə aparan digər yollarda piketləri dağıtmışdılar. Buna paralel şəkildə kazarmaların qarşısındakı barrikadalar da dağıdılmışdı. Ən qanlı qarşıdurma Salyan kazarması yaxınlığında baş vermişdi. Ordu tankların köməyi ilə avtobuslardan qurulmuş maneənin üzərindən keçmiş, yaşayış binalarını atəşə tutmuşdular. Şahidlərin dediyinə görə, piket iştirakçılarının heç birində silah yox idi. Qəzetə müsahibə verən sovet hərbçiləri isə nümayişçilərin avtomat silahla silahlandıqlarını iddia etmişlər. Başqa şahidlər silah adına yalnız içərisinə yandırıcı maye doldurulmuş butulkalar, raket tapançaları gördüklərini bildirmişlər. Bayıl rayonunda, “Bakı” mehmanxanasının yaxınlığında, şəhərətrafı qəsəbələrdə də qanlı toqquşmalar olmuşdur. Bəzi məlumatlara görə, Milli Müdafiə Şurasının binası şiddətli atəşə tutulmuşdur”.

Ümumiyyətlə, 1990-cı ilin yanvar ayında Azərbaycanda böyük gərginlik yaşanırdı, həyəcanlı hadisələr bir-birini əvəz edirdi. Xalq sözün həqiqi mənasında, ayağa qalxmışdı, qorxub-çəkinmədən rejimə meydan oxuyurdu. Yanvarın əvvəlində “Nepsabadşaq”a göndərdiyim materiallardan biri Naxçıvanda yerli xalq cəbhəsinin fəalları tərəfindən sovet-İran sərhədinin böyük bir hissəsinin dağıdılması idi. Xarici jurnalist kimi mən Röyter, Assoşeyted Press və başqa geniş müxbir şəbəkəsinə malik agentliklərdən foto-şəkillər, informasiyalar ala bilirdim. Həmin günlərdə Röyterin indi adını unutduğum müxbiri mənə Naxçıvanda, sovet-İran sərhədində çəkilmiş şəkil vermişdi. Burada sərhəd dirəklərini sökən, tikanlı məftilləri qırıb-dağıdan gənclər təsvir olunmuşdu. Həmin şəkil “Nepsabadşaq”ın 8 yanvar tarixli sayında çıxan “Naxçıvanla İran sərhədində yeni insidentlər” adlı yazıma illüstrasiya kimi özünə yer almışdı.

Naxçıvan hadisələri ilə bağlı “Nepsabadşaq”ın ertəsi gün, 9 yanvar tarixli sayında çap olunan başqa bir yazımda isə Araz çayının iki əks sahilində dayanıb bir-birlərini salamlayan azərbaycanlıların şəkli illüstrativ material kimi verilmişdi. Yadımdadır, həmin şəkli Şərqi Almaniyanın “Berliner Zaytunq” qəzetinin Moskva müxbiri olan həmkarıma göstərəndə o, gözlərini uzun müddət gördüyü mənzərədən çəkə bilməmişdi, “Bu eyni ilə bizdəki kimidir. Bir xalq iki müxtəlif ölkədə yaşayır” - demişdi (Keçmiş Almaniya Demokratik Respublikası yalnız həmin ilin oktyabrında Federativ Almaniya ilə birləşmişdi - P.D.).

Moskvadakı informasiya kanalları xarici jurnalistləri inandırmağa çalışırdı ki, sovet ordusu Bakıya kütləvi şəkildə qətlə yetirilən erməniləri xilas etmək və Xalq Cəbhəsi tərəfindən sovet orqanlarının dağıdılmasının qarşısını almaq üçün daxil olub. Ancaq bunun həqiqətən də belə olduğuna çoxumuz inanmırdıq. Çünki ermənilərə qarşı insidentlər artıq yanvarın 14-də dayanmışdı. Xalq Cəbhəsinin silahlı üsyan yolu ilə hakimiyyəti ələ keçirmək istəməsi də inandırıcı görünmürdü. Mən 20 Yanvardan sonrakı ilk yazılarımda belə bir vacib məqama diqqəti çəkməyə çalışırdım ki, Azərbaycanda da, Ermənistanda da tarixən qonşu olmuş iki xalqı bir-birinə qarşı qoyan qüvvənin sovet imperiyası olduğunu anlayan insanlar var. Bu adamlar danışıqlar masası arxasında oturub öz aralarında dil tapmağa, ortaya çıxmış problemləri dinc yolla çözməyə çalışsalar, məkrli imperiya siyasətinin planlarını pozmaq mümkündür.

“Nepsabadşaq”ın 3 fevral tarixli sayında mənim Riqadan, Azərbaycan Xalq Cəbhəsi ilə Ermənistan Ümumxalq Birlik Hərəkatının görüşündən hazırladığım material dərc olunmuşdu. Bu görüş sovet orqanlarının heç bir müdaxiləsi olmadan keçirilirdi. Təşkilatçı Baltik ölkələrinin xalq cəbhələri idi. Danışıqlar fevralın 1-də Riqada, Latviya Yazıçılar İttifaqının binasında başlanmışdı. Tərəflər başlanğıc mərhələdə qarşıdurma yaratmamaq üçün hələlik Dağlıq Qarabağın taleyindən deyil, daha çox münaqişə nəticəsində meydana çıxan humanitar məsələlər, girovların dəyişdirilməsi və s. haqqında fikir mübadiləsi aparmışdılar.

“Yalnız bəlli bir zaman keçdikdən sonra 1990-cı ilin faciəli yanvar günlərində Bakıda hansı hadisələrin baş verdiyi aşkara çıxacaq” - deyə 5 fevral tarixli başqa yazımda yenidən Qara Yanvarla bağlı məsələnin üzərinə qayıtmışdım. Mən bu sözləri deyərkən ilk növbədə, həmin günlərdə sovet senzurasının tətbiq etdiyi informasiya blokadasını nəzərdə tuturdum. Qanlı hadisələrdən iki həftədən çox vaxt keçməsinə baxmayaraq biz proseslərin həqiqi mahiyyətini ifadə edən məlumatları yenə də hakimiyyətə yaxın olmayan qəzetlərin sütunlarında axtarmalı olurduq. İndi xatırladığıma görə, Bakıdakı Yanvar faciəsinin işıqlandırılmasında “Moskovskie novosti” qəzeti də daha sərbəst mövqe nümayiş etdirirdi. Məhz bu nəşrə istinadən növbəti məqaləmdə aşağıdakıları yazmışdım:

“Bakıdan ən son xəbərləri çatdıran “Moskovski novosti” jurnalistləri bir çox məqamlara aydınlıq gətirilməsində Moskvanın rəsmi nöqteyi-nəzərindən fərqli mövqe nümayiş etdirirlər. Qəzet Azərbaycandakı xalq hərəkatının sovet hakimiyyətinə qarşı çıxması ittihamını rədd edir. Köhnə strukturlar kənar müdaxilə olmadan iflasa uğrayırlar. Xalq hərəkatının liderləri ümumiyyətlə, problemin güc tətbiqi yolu ilə həllinin tərəfdarı deyillər. Çünki bir neçə aydan sonra keçiriləcək seçkilərdə qələbə qazanacaqlarına inanırlar. Gərginliyin artmasına yalnız hakimiyyətlərini itirmək qorxusu ilə üz-üzə qalan qüvvələr maraqlıdırlar”.

Başqa bir məqaləm isə o zaman Sov.İKP MK milli siyasət məsələləri şöbəsinin müdiri V.Mixaylovla polemika üzərində qurulmuşdu. Orada göstərirdim ki, “V.Mixaylovun Bakıya sovet qoşunlarının yeridilməsi ilə bağlı mülahizələri kifayət qədər mübahisəli xarakter daşıyır. O, xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bizi inandırmağa çalışırdı ki, müttəfiq respublikaya hərbi müdaxilə qaçılmaz zərurət idi. Əslində isə yanvarın 19-20-də şəhərdə sakitlik və əmin-amanlıq hökm sürmüşdü. Hərbi qulluqçulara, onların ailə üzvlərinə heç bir təhlükə yox idi. Belə təhlükə yanvarın 20-dən sonra, sovet ordusu hissələrinin dinc əhaliyə qarşı törətdiyi kütləvi vəhşiliklər nəticəsində yaranmışdı”.

Məqaləmdə daha sonra deyilirdi: “Mixaylov Bakıya ordu hissələri yeridilməsinin vətəndaşları deyil, sistemi qorumaqla bağlı olduğu barədə xarici jurnalistlər arasında geniş yayılmış fikrə öz qəti etirazını bildirdi. O, bir tərəfdən 20 Yanvarın əsas günahkarları kimi qələmə verdiyi xalq cəbhəsi üzvlərini ekstremist adlandırır və onlarla heç bir danışığa gedilməyəcəyini bildirirdi. Digər tərəfdən isə Ermənistandan qaçmaq məcburiyyətində qalmış on minlərlə azərbaycanlı ailəsini məskunlaşdırmaq da daxil olmaqla rəsmi Azərbaycan rəhbərliyinin öhdəsindən gələ bilmədiyi bir sıra məsələləri yoluna qoyduğunu inkar etmirdi”.

Başa düşürdüm ki, sovet ordusu komandanlığının və ayrı-ayrı sovet siyasi liderlərinin 20 Yanvar hadisələrinə münasibəti də macar oxucusu üçün son dərəcə maraqlıdır. Ona görə də çətinliklə də olsa, bu barədə yazılı mənbələrdən məlumatlar əldə etməyə çalışırdım. Bakıya hərbi müdaxiləyə rəhbərlik etmiş ordu generalı, SSRİ müdafiə naziri D.Yazovun yalnız aşkara çıxarılmış hədəflərə atəş açılması barəsindəki bəyanatının əksinə olaraq, biz xarici jurnalistlər Bakıda sovet snayperlərinin xarakterindən asılı olmayaraq onlara şübhəli görünən hər şeyi gülləbaran etmələri barəsində məlumat əldə etmiş və yaymışdıq.

Yaxud həmin yanvar günlərində Tokioda olan Boris Yeltsinin Bakıya qoşun yeridilməsini “Qorbaçov siyasətinin səhvi” adlandırması da diqqətimdən yayınmamışdı və bu barədə yazılarımın birində məlumat vermişdim.

20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın keçmiş rəhbəri, keçmiş Siyasi Büro üzvü Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək son dərəcə sərt və qətiyyətli çıxış etməsi, xalqına qarşı törədilən cinayətdə ali sovet rəhbərliyini günahlandırması barəsində xarici jurnalistlər arasında çox danışılırdı. Təəssüf ki, həmin mitinqdə iştirak edə və onun gedişini işıqlandıra bilməmişdim. Bəzi həmkarlarım Qorbaçovun Heydər Əliyevə mənfi münasibətinin də Bakıya ordu hissələrinin yeridilməsinə müəyyən təsiri olduğunu ehtimal edirdilər.

Təkrar da olsa, deməliyəm: 1990-cı ildə Azərbaycan xalqının təklənməsini, insanlarınızın uğradığı dəhşətli haqsızlıq və ədalətsizliyi yəqin ki, hər kəsdən daha artıq biz macarlar hiss edir, anlayırıq. Çünki yaxın tarixi keçmişimizdə biz də eyni dərəcədə təklənmişdik, eyni həyəcanlı və faciəli günlər yaşamışdıq.

Fikrimcə, 20 Yanvarın başlıca hədəflərindən biri Azərbaycan xalqını siyasi və mənəvi cəhətdən əzmək, onun azadlıq və müstəqilliklə bağlı bütün arzularını birdəfəlik dəfn etmək idi. Amma insanlarınız çoxsaylı qurbanlar versə də, böyük məhrumiyyətlərlə üzləşsə də, nəticə etibarı ilə bu mübarizədən qalib çıxdı!