Səs.-2017.-23 yanvar-¹ 11.-S.8-9.

 

Azərbaycanın istiqlal yolunun zirvəsi

 

Nəzakət Ələddinqızı

 

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 27 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Xalqımıza qarşı törədilmiş bu qanlı cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.

Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi. Xalqa qarşı törədilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı. Əslində, imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə İttifaqa üzv olan digər respublikalara gözdağı vermək planı, imperiyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.

Azərbaycanda  günahsız insanların gülləbaran edilməsi əməliyyatı SSRİ Müdafiə Nazirliyi, DİN  xüsusi təyinatları və SSRİ DTK-nın "A" təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Bu faciəni törədənlər Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi.

SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M. Qorbaçovun Fərmanı paytaxtımızda fövqəladə vəziyyət elan olundu. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərdən çox idi. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda həyata keçirdikləri qırğınlarda 131 nəfər öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın və uşaq var idi.

 

Xalqımızın ümummilli lideri Heydər Əliyev 1990-ci il 21 yanvar tarixli bəyanati ilə faciəyə ilk siyasi qiyməti verdi

 

20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifə olsa da, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Xalq o günlərdə böyük bir həqiqəti - həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş gündə Ulu Öndər Heydər Əliyev xalqının səsinə hər kəsdən əvvəl səs verdi. Ümummilli Lider Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ailəsi ilə birlikdə ölkəmizin Moskvadakı Daimi Nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S. Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Ulu Öndər Heydər Əliyev bununla, hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqeyini nümayiş etdirdi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.

Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli Fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edildi. Qərarda 1990-cı ilin Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli Fərmanında deyilirdi: "Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir".

 

Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrildi

 

Ümummilli Lider Heydər Əliyev 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də bir sıra mühüm tədbirlər həyata keçirdi. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etdi və tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Məhz Ulu Öndərin Sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu.

Bakıda Vətən şəhidlərinə böyük ehtiramla xatirə kompleksi ucaldıldı. Şəhidlər Xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrildi.

Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətində böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı Sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu, abadlaşdırıldı. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun "20 Yanvar" stansiyasının üzərindəki dairədə xatirə-kompleksinin yaradılması oldu. Prezident İlham Əliyevin tapşırığı ilə Bakının Yasamal rayonundakı "20 Yanvar" dairəsində memorial abidə-kompleksi yaradıldı. Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olunub.

Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

Bu gün xalqımız 20 Yanvar hadisələrinin 27-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir.