Xalq qəzeti.-2017.-23 aprel-¹ 85.-S.4.

 

1918-ci ildə Cənubi Azərbaycanda ermənilərin törətdiyi soyqırımı

 

Həsən Səfəri,

AMEA akademik Z.M. Bünyadov adına Şərqşünaslıq  İnstitutunun Cənubi Azərbaycan şöbəsinin əməkdaşı, böyük elmi işçi

 

Ermənilər I Dünya müharibəsinin meydana gətirdiyi şəraitdən istifadə edərək, azərbaycanlılara və ümumiyyətlə türklərə qarşı Arazdan şimalda Azərbaycan əraziləri, eləcə də Şərqi Anadolu ilə yanaşı, Cənubi Azərbaycanda da soyqırımı törətmişlər. 1918-ci ildə aysorları da özlərinə birləşdirən ermənilərin Urmiya, Salmas və Xoy məntəqələrində azərbaycanlılara münasibətdə həyata keçirdiyi misilsiz vəhşiliklər, onların müasir Azərbaycan Respublikası ərazisində, eləcə də Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı törətdiyi soyqırımı planlarının tərkib hissəsi idi. Bundan məqsəd Xəzər dənizinin sahillərindən Cənubi və Şimali Azərbaycanın, eləcə də Şərqi Anadolunun xeyli hissəsini əhatə etməklə, Qara dəniz və Aralıq dənizi sahillərinədək olan  ərazidə “Böyük Ermənistan” dövlətini təşkil etmək idi. Lakin həmin ərazilər türk-müsəlman əhaliyə aid olduğu üçün dağınıq halda köçüb gəlmiş ermənilər azlıq təşkil edirdilər. Ona görə də erməni  terror təşkilatları tarixi Azərbaycan torpaqlarında və Şərqi Anadolu ərazisində yerli əhalini etnik təmizləmə yolu ilə məhv edərək, demoqrafik dəyişikliyə nail olmaqla, azlıqda olan ermənilərə “dövlət” təşkil etməyə çalışırdılar. Bu mənfur planın nəticəsində təkcə Cənubi Azərbaycanın qərb bölgəsində Sulduzdan Xoya qədər bütün şəhər və kəndlərdə azərbaycanlılar dəhşətli soyqırımına məruz qaldılar. Bu hadisələr nəticəsində tələfat və xəsarəti siyahıya almaq üçün İran dövlətinin göstərişi ilə 1918-ci ilin yayında yaradılan komissiyanın yerlərdə hesablama aparıb hazırladığı hesabatın nəticələrinə görə, ermənilərin I Dünya müharibəsi başlanandan 1918-ci ilin ortalarına kimi törətdiyi dəhşətli qırğınlar nəticəsində Cənubi Azərbaycanın qərb bölgəsində 200 minədək azərbaycanlı qətlə yetirilib.

Qırğınların forması dəhşətli soyqırımı faktının törədildiyini açıq şəkildə sübut edir. Azərbaycanlıların kütləvi şəkildə soyqırımının ermənilərin əsas məqsədi Azərbaycan şəhərlərini və kəndlərini etnik təmizləmə yolu ilə yerli əhalidən təmizləmək və kənardan gətirilən erməni ailələrini həmin şəhər və kəndlərdə məskunlaşdırmaq olmuşdur. Ona görə də Urmiya, Salmas və digər bölgələrin şəhər, qəsəbə və kəndlərində azərbaycanlı ailələrin evlərinə hücum edən ermənilər südəmər körpədən tutmuş, 80-90 yaşlı qocayadək hamısını öldürüb, evin əşyalarını qarət etdikdən sonra evlərə od vurub yandırırdılar ki, azərbaycanlıların izi-tozu belə qalmasın. Hadisənin canlı şahidlərinin qeydləri də bunu açıq şəkildə sübut edir.

Urmiyada soyqırımının canlı şahidi olan və həmin dəhşətli hadisələri qeydə alan urmiyalı həkim və şair Məxfi Əfşar 1918-ci il cümə axşamı fevral ayının 20-də Urmiyada hələ kütləvi soyqırımının başlamasından 2 gün öncə Urmiya bölgəsinin kəndlərində əhalinin digər bölgələrdən gələn qaçaq erməni və aysorlar vasitəsilə kütləvi qırğına məruz qaldığını gördüyünü qeyd edir. O yazırdı: “Şəhərin ətrafındakı kəndlərdən insanlar ağlaya-ağlaya şəhərə qaçmışdılar. Onlar deyirdilər ki, qaçaq ermənilər və aysorlar kəndlərdə əhalini talayır, onları qətliama məruz qoyurlar. Əksər kəndləri yandırıblar, kəndlilərin qalanı isə qadın və uşaqlarını götürüb, dağa və çölə qaçıblar. Gələn xəbərlərdən məlum oldu ki, vilayətin kəndlərində on mindən çox qadın, kişi və uşaq onlar tərəfindən qətliam edilib”.

Cənubi Azərbaycanın qərb bölgəsində hələ soyqırımına hazırlıq getdiyi dövrdən axıradək Urmiyada İran Xarici İşlər Nazirliyinin kargüzarı işləyən, mərkəzi hakimiyyətə hadisələr barədə gündəlik hesabat yazıb göndərən  Rəhmətullah xan Mötəmidəlvüzarə 1918-ci il fevral ayının 24-də baş verən hadisələri belə şərh edir: “Səhər tezdən hökumət qərargahına gəldim. Raportlara uyğun olaraq gecə çox dəhşətli hadisələrin baş verdiyi məlum oldu. Cilolar və ermənilər bir neçə küçəyə hücum edib, evlərə soxulub, olmazın cinayətlər törədiblər. Günahsız əhalinin bütün əmlakını talayıblar. Təxminən beş yüz evi yandırıb, kişiləri, qadınları və uşaqları qətlə yetiriblər. Heç bir dövrdə tayı-bərabəri görünməmiş vəhşiliklər törədiblər. Heç bir dində qadın, uşaq və qocaların kütləvi şəkildə qətliam edilməsinə göstəriş verilməyib. Nə qadınlara, nə qocalara, nə də uşaqlara rəhm etmədilər. Küçələrdə qorxularından qaçıb bir yerə toplaşan günahsız uşaqlara və qadınlara atəş açaraq qətliam etdilər. Şəhərdə elə bir küçə yox idi ki, orada günahsız əhalinin cəsədləri gözə çarpmasın...”.

Urmiyanın tanınmış simalarından, ermənilərin törətdiyi soyqırımının canlı şahidlərindən biri olan Rəhmətullah Tofiq isə 1918-ci il fevral ayının 22-dən başlayaraq 3 gün davam edən soyqırımının birinci mərhələsində erməni silahlı dəstələrinin girdiyi azərbaycanlıların evlərində bir nəfəri belə sağ buraxmadıqlarını qeyd edərək yazıb: “Evlərdə gördüyüm bu qanlı cəsədlər mənə elə pis təsir etdi ki, ömrümün sonunadək yadımdan çıxmayacaq. Vəziyyətdən belə başa düşülürdü ki, erməni-aysorlar qapısını sındırdıqları hər bir evdə ilk öncə yalvarıb aman diləməyə həyətə çıxan ev sahibini öldürüb, bu səsə otaqdan çıxmağa çalışan ev qadını və evdə qorxudan kürsünün ətrafında yorğan altında gizlənən bütün uşaqları yerindəcə güllələyib öldürmüşlər. Hər kimsə o gün mənim kimi həmin evlərə daxil olsaydı, bütün ailə üzvlərinin evin müəyyən yerlərində qətlə yetirildiyini gözləri ilə görərdi...”.

Urmiyada kütləvi soyqırımının birinci mərhələsində onsuz da silahı olmayan, yalnız soyuq silahlarla özlərini müdafiə etməyə çalışan azərbaycanlılar kütləvi soyqırımının dayandırılması məqsədilə tamamilə təslim oldular. Lakin birləşmiş erməni-aysor silahlı dəstələri bütün şəhəri ələ keçirsələr də təslim olan əhalinin soyqırımını dayandırmadılar. Silahı olmayan və təslim olmuş bir xalqın kütləvi şəkildə qətliamına da soyqırımından başqa ad vermək mümkün deyildir. Belə ki, soyqırımını dayandırmayan ermənilər mart ayının 17-də yenidən azərbaycanlıların kütləvi soyqırımını gücləndirdilər.

Rəhmətullah Tofiq Urmiyada 1918-ci il mart ayının 17-də ilaxır çərşənbədə törədilən soyqırımını isə belə təsvir edir: “Birləşmiş erməni-aysor silahlı dəstələrinin başçıları tərəfindən 12 saat müddətinə şəhərdə günahsız əhalinin qətliamına göstəriş verildi. Çərşənbə günü səhər tezdən 12 min nəfər xristian silahlısı müsəlmanların məhəllələrinə hücuma keçdilər. Bəhanə axtaran ermənilər də cilolarla (Osmanlı ərazisindən gəlmiş aysorlar - H.S.) birlikdə evlərə daxil olur, qapıları sındırır və damlara çıxaraq heç bir müqavimət göstərməyən günahsız uşaqları, qızları, qadınları və kişiləri otaqlarında, dəhlizlərində və qorxusundan çıxdıqları damlarda güllələyib öldürürdülər. Bu gün, həqiqətən, böyük faciə baş verib. Nə sığınacaq var, nə də qaçmaq imkanı. Əhali bu küçədən başqa küçəyə və ya bir damdan başqa dama qaçır. Xristianlar on dəqiqə sonra həmin küçəyə və ya dama çatıb günahsız əhalini bir yerdə qətliam edirlər. Sanki Urmiyada qiyamət baş verib. Uşaqlarını qan içində görən qadınların çığırtısı və naləsi bir-birinə qarışmışdı. Dəhşətli vəziyyəti təsvir etməyə söz qadir deyil”.

Cənubi Azərbaycanın qərb bölgəsində törədilən faciədə erməniləri himayə edib təşkilatlandıran rəsmi şəxslərdən biri olan Rusiyanın Urmiyadakı konsulu B. Nikitin soyqırımından bir neçə il sonra yenidən Urmiyaya qayıtdıqda himayə etdikləri ermənilərin necə acınacaqlı vəhşiliklər törətdiklərinin izinin şahidi olur. O, Urmiyanın yaxınlığında yerləşən qəsəbə tipli qala divarlarına malik olan böyük Əsgərabad kəndində gördüyünü, kənddə ölülərin kütləvi məzarlıqda paltarlı şəkildə basdırıldığını və cənazələrin sümüklərinin hələ çürüməmiş paltarlarla torpaq altından çıxararaq hüznlü mənzərə meydana gətirdiyini yazır.

Ermənilər dini mərkəzlərə sığınan dinc sakinlərə də rəhm etmirdilər. Bölgədə ermənilərin törətdiyi hadisələrin canlı şahidi olan Mirzə Əbülqasım Əminəşşəri Xoyi Salmas bölgəsinin mərkəzi Dilman şəhərində erməni və aysorların hücumu qarşısında çarəsiz qalan əhalinin məscidin onlar tərəfindən hücuma məruz qalmayacağını zənn edib, ora pənah apardıqlarını yazıb. Lakin o, ermənilər və aysorların məscidə sığınan əhalini kütləvi şəkildə güllələyib, uşaq, qadın, kişilərin bir nəfərini belə sağ buraxmadıqlarını, məsciddən qanın arx kimi axdığını təsvir edib. Əminəşşəri Xoyi, həmçinin Urmiyanın imam cüməsi Hacı Möhsün ağanın başına gələnləri onun dilindən eşidərək qələmə alıb. O yazır: “Günahsız əhalinin evinə hücum edib hamısını öldürəndə bir çox qadın, uşaq və s. onun imam cümə olduğunu və buna görə ermənilərin onun evinə hücum etməyəcəyini düşünüb oraya pənah gətirmişdilər. Ermənilərlə aysorlar evə daxil olub, bütün insanları güllələyir, hətta imam cümənin yataq xəstəsi olan həyat yoldaşını da güllələyirlər. Özünü isə 3 nəfərlə birlikdə əsir götürüb Xosrovabada aparırmışlar. Yolda gedərkən əsirlərin birini arxadan güllələdilər, daha sonra digərini isə öldürdülər. Növbə mənə çatanda onların qoşununda olan bir həkim məni tanıdı və onların əlindən alıb, məni qurtardı”.

Salmasın Köhnəşəhər və Dilmandan, eləcə də ətraf ərazilərdən 40 min nəfəri əsir götürüb, cəsədlərin üzərindən keçirməklə bir həftə Nəftvan və Qala adlı ərazidə ac saxladıqdan sonra əzabla şaxtada donub ölmələri üçün ac-yalavac səhralığa buraxdılar. Onların böyük əksəriyyəti Nəftvan xarabalıqlarında aclıqdan və soyuqdan donub öldü.

Ermənilər Urmiya və Salmasın müxtəlif şəhər, qəsəbə və kəndlərini soyqırımı yolu ilə müəyyən dərəcədə azərbaycanlılardan təmizlədikdən sonra gizlənib canını qurtarmaq istəyən kimsəni tapırdılarsa, onu həm güllə sərf etmədən, həm də əzabla öldürmək üçün divarları deşib, başını divara keçirib bərkitməklə bədənini öküzə bağlayıb öküzü sürməklə onların başını bədənindən qırıb ayırırdılar. Günümüzdə Urmiyada və Salmasda həmin divarlar qanlı divarlar adı ilə məşhurdur.

Andranik isə erməni-aysor silahlı dəstələrinin etnik təmizləmə yolu ilə işğal etdikləri Urmiya və Salması İrəvan xanlığı ərazisində qurulan erməni dövlətinə birləşdirməkdə əsas maneə hesab edilən Xoy şəhərini hədəf almışdı. Azərbaycanın bir hissəsi sayılan İrəvan əyalətində 28 may 1918-ci ildə Ermənistan dövləti yarandıqdan sonra işğalçı ermənilərin başçılarından olan Andranik bu dövlətin kiçik bir ərazidə yaradılması ilə razılaşmadığını bildirdi. O, Xəzər dənizindən Qara dənizə və Aralıq dənizinə qədər “böyük Ermənistan” yaratmaq istəyən ifratçı ermənilərdən idi. O, Ermənistan dövlətinin bu kiçik ərazidə yaradılmasına qane ola bilmirdi. Cənubi Azərbaycan ərazisində isə ən azı Cənubi Azərbaycanın qərb hissəsi, eləcə də Ərvənq, Ənzab, Mərənd və Təbriz bölgələri işğal planına daxil etmişdi. Lakin Xoy şəhərinin əhalisinin ciddi müqaviməti, eləcə də azərbaycanlıların kütləvi soyqırımından xəbər tutaraq, Cənubi Azərbaycana daxil olan Osmanlı ordusunun Xoya yaxınlaşması Andranikin Xoy şəhərini ələ keçirib, əhalisini soyqırıma məruz qoymaqla gətirdiyi erməni ailələri orada yerləşdirmə planı iflasa uğradı.

Yuxarıda qeyd edilən hadisələrin törədilmə forması onu göstərir ki, şəhər və kəndlərin etnik təmizləmə yolu ilə azərbaycanlılardan boşadılması, südəmər körpədən qocalara qədər əhalinin kütləvi şəkildə məhv edilməsi, məqsədli şəkildə törədilmiş dəhşətli soyqırımı faktıdır.