Xalq qəzeti.-2017.-22 yanvar.-14.-S.6.

 

Tariximizin qəhrəmanlıq səhifəsi

 

Azərbaycanın azadlıq aşiqlərinin müqəddəs məzarlarını əcnəbilər də ziyarət edirlər

 

Məhəmməd NƏRİMANOĞLU

 

20 Yanvar xalqımızın qürur mənbəyinə çevrilən şərəfli tarixinin şanlı səhifələrindən biridir. Tariximizə qərənfil yağışı ilə yazılan 20 Yanvardan 27 il ötür. Bu müddət ərzində yaşından və vəzifəsindən, siyasi əqidəsindən, ictimai-sosial mənsubiyyətindən asılı olmayaraq hamının and yerinə çevrilən Şəhidlər xiyabanı xalqımızın iradə yenilməzliyini və birliyini bütün dünyaya nümayiş etdirən müqəddəs məkan kimi daim ziyarət edilir.

Şəhidlər xiyabanında il boyu ziyarətçilər olsa da, 20 Yanvar faciəsinin növbəti ildönümlərində bura yolunu salanların sayı-hesabı bilinmir. Yanvarın 20-də bir daha bunun şahidinə çevrildik. Xiyaban ardı kəsilmədən öz ziyarətçilərini qarşılayıb yola salırdı. Onların arasında xalqımızın müxtəlif yaşlı nümayəndələri ilə yanaşı, Bakının qonaqları, Vətənimizin füsunkarlığını öz gözləri ilə görmək üçün turist kimi gələn, Azərbaycanın əsrarəngiz təbiətinə heyran qalan əcnəbilər, xarici ölkələrin diplomatik korpuslarının, şirkətlərinin təmsilçiləri də az deyildi. Həmsöhbətlərimiz xalqımızın tarixinə şərəflə yazılan günlərin ağrı-acısını unutmamaqla yanaşı, onun müstəqilliyimizin bərpası uğrunda mübarizənin kulminasiyası və qəhrəmanlıq səhifəsi kimi də daim fəxr edilməli olduğunu dilə gətirdilər.

İlk müsahibimiz respublika Xeyirxah mələklər İctimai Birliyinin kollektivi oldu. Birliyin sədri Nazilə Ağayeva qeyd etdi ki, 1990-cı ilin 20 Yanvar hadisələri xalqımızın yalnız faciəsi yox, həm də ictimai-siyasi təfəkküründə yaranmış böyük təbəddülatlar günü, milli azadlıq hərəkatının yüksəliş zirvəsi kimi yazılmalıdır: 20 Yanvar bizi bir millət kimi dünyaya tanıdan gündür. Həmin gün Bakı qırmızı rəngə boyanmışdı. Bizim tələbimiz odur ki, dünya birliyi o günün hüquqi qiymətini versin.

1990-cı il 20 Yanvar hadisələrindən beş gün öncə Naxçıvanın Sədərək rayonunun Kərki kəndinin Ermənistan tərəfindən işğalı nəticəsində məcburi köçkünə çevrilmiş kərkililər də ziyarətə qatılmışdılar. Kərki Vətənpərvərləri Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri Xəqani Nəbizadə, qurumun üzvlərindən Səbuhi Məmmədov, Elnur Əlizadə, Sahib Həsənbəyli, Nurəddin Bağırov, Azər Baxşəliyev, Vəfadar Əlisoy, Vahid Orucov, Orxan Əlisoy, Cabbar Həsənoğlu, Adil Cəfakeş, Respublika Qadınlar Cəmiyyətinin üzvü Leyla Hacıyeva, AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı Arzu Nehrəmli, Dənizçilik Akademiyasının müəllimi Hüseyn Məmmədov və digərlərinin fikri bir idi. Birliyin mətbuat xidmətinin rəhbəri Mətanət Nəcəfova həmkəndlilərinin fikrini ümumi ifadə etdi: ...Öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək, o gecə şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenliyini bərpa etdi.

Bu fikirləri yanvarın 20-də Şəhidlər xiyabanına qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirmək üçün gələnlərin hər birinin dilindən eşitmək olardı. O gün səhər tezdən ölkəmizin hər bir yerindən paytaxta gələnlər də Şəhidlər xiyabanında uyuyan qəhrəmanların xatirəsini yad edir, vətəndaşlıq borclarını yerinə yetirirdilər.

Ziyarətə gələnlər arasında gənclər daha çox idi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistri Nübar İsazadə o müdhiş hadisəni yazılanlardan və televiziya verilişlərindən, təhsil aldığı elm ocağındakı auditoriyadan və bir də ailəsindən öyrəndiyini bildirdi: Qara Yanvar gecəsi ağır yaralıları çıxarmağa tələsən təcili yardım maşınları, tibb işçiləri atəşə tutulub, qanlarına qəltan ediliblər. Bu, qan üzərində qurulmuş sovet imperiyasının xislətindən irəli gəlirdi. 1990-cı ildə sovet ordusu tərəfindən həyata keçirilmiş bu qanlı aksiya bəşəriyyətə, insanlığa qarşı ən böyük cinayətlərdən biridir. 20 Yanvar dəhşətlərini nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzminin yenilməzliyindən böyük qürur hissi keçiririk. Çünki 20 Yanvar hadisələri ayrı-ayrı insanların deyil, bütöv bir xalqın taleyidir. Azərbaycanın müstəqilliyini bərpa etməsi şəhidlərin qanının yerdə qalmadığını göstərdi. Xalqımız daha firavan, azad yaşadıqca, müstəqilliyimiz möhkəmləndikcə şəhidlərimizin ruhu şad olacaq.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəallarından olan Həbib Misirov dedi ki, biz - Azərbaycan gəncləri qəhrəman şəhidlərimizlə fəxr edirik: Bütün bunlar barədə düşünərkən ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi dəyərli fikirlər bir daha yada düşür: 20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır.

Dünya üzündən silinən Xocalıda doğulan, Kosalar kənd həkim məntəqəsinin müdiri Aqil Məmmədov fikirlərini belə söylədi: Şəhidlər xiyabanını ziyarət etmək borcumuzdur. Bəziləri 20 Yanvar hadisələri haqqında kitablardan, mətbuatdan oxuyub, şahidlərin dilindən eşidib. 20 Yanvar Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcı olub. Ölkədə milli azadlıq hərəkatını boğmaq məqsədilə sovet rəhbərliyi tərəfindən Bakıya yeridilən canlı qüvvə və ağır hərbi texnika dinc əhalini amansızcasına atəşə tutub. Yüzlərlə insan şəhid olub və yaralanıb. Sovet ordusu adı altında Bakıya soxulan silahlı erməni quldurlarının törətdikləri vəhşiliklər insanlıqdan çox-çox uzaq idi. Xocalı soyqırımı da məhz düşmənlərimizin qanlı, bəd niyyətləri ilə həyata keçirilmədimi? 20 Yanvarın davamı olaraq sonralar respublikamızın hər tərəfinə Ermənistan öz havadarlarının dəstəyi və hərbi yardımları ilə genişmiqyaslı təcavüz etmədimi?! Qanlı 20 Yanvar xalqımıza dostu və düşməni bir daha yaxından tanıtdı...

Dünya analar səsi Vətəndaşlara Dayaq İctimai Birliyinin üzvlərindən Dilbər Zeynalova, Minurə Hüseynova və təşkilatın sədri Sitarə Zeynalova faciənin anım günü ürəkləri sözlə dolu görünürdülər. Sitarə Zeynalova əslən Ermənistandan olduğu üçün erməniləri daha yaxından tanıyır. O, Bakıda törədilən qanlı olayda da birbaşa ermənilərin əli və əməli olduğunu bildirdi: Kim bilmir ki, XX əsrin ən qanlı hadisələrindən olan bu dəhşətli faciənin əsl mahiyyətini o zaman rəsmi Moskva və onun əlaltıları dünya ictimaiyyətindən gizlətdilər. Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, yerli hakimiyyətin xəyanətkarlığından hiddətlənən və bu görünməmiş ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə 1990-cı il yanvarın 20-də qanlı divan tutuldu. Elə ona görə də azadlıq uğrunda canlarından keçən şəhidlərimizin uyuduqları bu müqəddəs məkanı daim ziyarət etmək borcumuzdur. Onlar Azərbaycanın bugünkü müstəqilliyi və azadlığı uğrunda mübarizlik, qəhrəmanlıq nümayiş etdirdilər.

Respublikanın hər bölgəsindən anım tədbirinə qatılanlar vardı. Bir dəstə də Lənkərandan gəlmişdi. Onların ümumi fikrini Zaur Qafarzadə ifadə edərək bildirdi ki, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 700-dən çox günahsız insan yaralandı. 800 nəfərdən çox adam qanunsuz həbs edildi: Belə fəlakəti o qansızlar Lənkəranda da törətdilər. Əslində, imperiyanın məqsədi erməni quldurlarının əli ilə respublikamızı qana bələyib xalqın gözünü qırmaq idi. Buna istədikləri kimi nail ola bilmədikdən sonra Qarabağı və onun ətrafındakı ərazilərimizi işğal etdilər. Amma unutmasınlar ki, bu gün Azərbaycan nəinki regionun, dünyanın güclü dövlətlərindən biridir. Torpaqlarımızı işğalçılardan azad etmək zamanı artıq yetişib. Bir qarış torpağımızı işğalçılarda qoymayacağıq. Buna əmin olsunlar! Azadlıq və müstəqilliyimizi bundan sonra da qorumaq və saxlamaq üçün canımız və qanımızdan keçməyə hazırıq.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar şərəf və ləyaqət tariximizdir! Həmin gün öz ölkəsinin, xalqının azadlığını hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Vətənin azadlığı, suverenliyi uğrunda qurban gedən şəhidlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.