Yeni Azərbaycan.-2017.-19 aprel-¹ 67.-S.4.

 

Böyük inkişaf: Azərbaycan heç vaxt indiki qədər güclü, azad, abad və müstəqil olmayıb

 

Biz fəxr edirik ki, 25 il müstəqil dövlət kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik, müstəqilliyi hər şeydən üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir.

Prezident İlham Əliyev

 

 Bəxtiyar Sadıqov,

“Azərbaycan” qəzetinin baş redaktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

 

Müstəqilliyə qurulan əngəl

 

İyirmi beş il nə tez gəlib keçdi!

Amma heç də tez keçmədi, xüsusən dövlət müstəqilliyinin ilk iki ili!

O illər ki, xalq həqiqi rəhbərindən, Ulu öndər Heydər Əliyevdən uzaq düşmüşdü! O illər ki, ölkədə xaos, anarxiya, qanunsuzluq baş alıb gedirdi!

O illər ki, gündüzlər çörək növbəsində dayanar, mağazaları ələk-vələk edərək qazanda qaynatmağa nəsə tapmağa çalışar, gecələr isə küçələrdə qarət edilməkdən, fövqəladə vəziyyət rejiminin qadağalarından qorxaraq evdən bayıra çıxmazdıq.

Cəbhə bölgəsindən isə şəhid xəbərləri, ölkə ərazisinin kəndbəkənd itirilməsi barədə kədərli xəbərlər alardıq. Əslində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müstəqilliyə qurulan tələ idi.

Allahın üzü bizdən tamam dönməyibmiş! Xalqımızı yenidən sınanmış oğluna, Ulu öndər Heydər Əliyevə qovuşdurdu.

Ölkə ərazisinin iyirmi faizi erməni-sovet hərbi birləşmələri tərəfindən işğal olunmuş, iyirmi min vətən övladı şəhidə çevrilmiş, bir milyondan çox qaçqın və məcburi köçkün ordusu yaranmışdı. İqtisadiyyat pozularaq dağılmış, SSRİ dövrü əlaqələri pozulub qırıldığından fabrik və zavodlar fəaliyyətini dayandırmış, minlərlə insan işsiz qalmış, kolxoz və sovxozlar iflic vəziyyətinə salınmışdı. AXC-“Müsavat” cütlüyünün iqtidarı tərəfindən müəssisələrin anbarlarındakı mallar, təsərrüfatlardakı mal-qara, şərab zavodlarının məhsulları satılıb-sovrulmuş, insanların sabahkı günə ümidi qalmamışdı.

 

Xilaskarlıq missiyası

 

“Müstəqilliyimiz əbədidir, dönməzdir, daimidir”.

Ulu öndər Heydər Əliyev

 

Xalqın sonsuz sevgisi və dəstəyi hər zaman Ulu öndər Heydər Əliyevə tükənməz enerji və güc verirdi, O, eyni vaxtda bir neçə istiqamətdə gərgin fəaliyyət göstərməyi, mümkün olmayan işləri belə asanlıqla yoluna qoymağı bacarırdı.

Xarizmatik şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, beynəlxalq nüfuzu, diplomatik məharəti sayəsində Ulu öndər Heydər Əliyev Azərbaycanı bir dövlət kimi məhv olmaqdan xilas edərək müstəqilliyimizi əbədiliyə və dönməzliyə çevirdi!

Böyük qurtuluş missiyasını həyata keçirən Ümummilli liderimiz Azərbaycanı anarxiya və qanunsuzluq burulğanının, ümummilli böhranın caynaqlarından qurtararaq vətəndaş müharibəsinin alovlarını söndürməyə, ölkədə möhkəm sabitlik yaratmağa nail oldu.

 

Xaosdan qurtuluşa

 

“Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”.

Ulu öndər Heydər Əliyev

 

Soyuq müharibə və sürətlə silahlanma girdabına sürüklənən qırmızı imperiyanın süqutu, kommunizm ideyasının iflasa uğraması, mərkəzin Dağlıq Qarabağ münaqişəsinin yaranmasında və həllində riyakar mövqeyi Azərbaycan xalqında müstəqillik arzusunu daha da gücləndirmişdi. Lakin həmin dövrdə Heydər Əliyevin böyük siyasətdən müvəqqəti kənar düşməsi, ölkə paytaxtındakı qaragüruhun Onun geri dönməsini əngəlləməsi, adlarını “demokrat”, “azadlıq aşiqi” qoyan bəzi ünsürlərin “meydan qəhrəmanları”na çevrilərək xalqı yanlış yola salması, nəticədə 20 Yanvar faciəsinin baş verməsi vəziyyəti xeyli mürəkkəbləşdirmişdi.

18 oktyabr 1991-ci ildə respublika Ali Sovetinin sessiyasında qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Aktı” əslində formal xarakter daşıyırdı. Həqiqi müstəqilliyə nail olmaq üçün hələ çox iş görmək, dövləti və dövlətçiliyi qurmaq, iqtisadiyyatı bərpa edib dirçəltmək, xalqı ağır vəziyyətdən çıxararaq yaşatmaq, dünya birliyinə inteqrasiya etmək lazım idi. “Meydan hərəkatı”nın dalğaları üzərində hakimiyyətə gələrək eyforiyaya qapılan AXC-“Müsavat” cütlüyü özünün səriştəsizliyi və təcrübəsizliyi, müasir dünya siyasətindən baş çıxarmaması səbəbindən yeni dövlət qurmağa qadir deyildi.

Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Ulu öndər Heydər Əliyev eyni zamanda bir çox məsələlərlə məşğul olmalı, çoxsaylı problemləri həll etməli oldu.

Ən mühüm addımlardan biri 20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi” neft kontraktının imzalanması oldu. Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra əvvəlki iqtidarların heç biri xalqın mənafeyini əks etdirən neft müqaviləsi hazırlayaraq imzalatdıra bilməmişdi. Bu missiya da Ulu öndərin üzərinə düşmüşdü. Dünyanın aparıcı dövlətlərinin iri neft şirkətləri ilə danışıqlar heç də hamar getmirdi və dəfələrlə yarıda qırılmaq təhlükəsi ilə üzləşmişdi. Danışıqların fəal iştirakçısı olan cənab İlham Əliyev (həmin dövrdə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti işləyirdi) ilk dəfə diplomatik məharətini bu məsələdə göstərdi və uğurlu neft kontraktının imzalanmasına əməli töhfəsini verdi.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri də müstəqilliyin ən möhtəşəm transmilli layihələrindən biri oldu.

Faktiki olaraq müstəqil Azərbaycanın ilk iri layihələri müstəqilliyin möhkəmlənməsinə xidmət etdi. Üstəlik, iqtisadiyyatın yeni təməllər üzərində qurulması üçün plastdarm rolunu oynadı.

Ən mühüm məsələlərdən biri ölkənin yeni inkişaf istiqamətinin müəyyənləşdirilməsi idi. SSRİ-nin dağılması ilə kommunizm ideyası da iflasa uğramışdı. Xüsusən, 20 Yanvar faciəsi və Ermənistanın sovet ordusuna güvənərək torpaqlarımızın bir hissəsini işğal etməsi saxta sovet prinsiplərinin puç olduğunu ortaya qoymuşdu. Bir iqtisadi-ictimai formasiyadan digərinə keçid, habelə yeni cəmiyyət quruculuğu ilk növbədə hüquqi əsasın və qanun bazasının yaradılmasını tələb edirdi. Qısa müddətdə Konstitusiya komissiyası yaradıldı, Ulu öndər Heydər Əliyevin baş müəllifi olduğu yeni Konstitusiya hazırlandı və referendum yolu ilə qəbul olundu. Beləliklə, Azərbaycanda hakimiyyətin üç qolu - ali qanunverici, icra və məhkəmə hakimiyyəti yaradıldı, yeni - hüquqi, demokratik və dünyəvi dövlət quruculuğuna başlandı. Özəlləşdirmə proqramları uğurla icra edildi, dövlət əmlakı özgəninkiləşdirildi, ən ağır proseslərdən biri - torpaq islahatı aparıldı, mətbuata senzura nəzarəti ləğv edilərək söz, fikir azadlığı təmin edildi, çoxpartiyalı sistem yarandı, vətəndaş cəmiyyətinin formalaşması prosesi sürətləndirildi. Ulu öndər Heydər Əliyevin gücü ilə Azərbaycan ətrafındakı informasiya blokadası dağıdılaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı.

Siyasi-hüquqi sahədə görülən işlərin nəticəsi olaraq Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildi.

Ordu quruculuğu prosesi də daim qayğı əhatəsində idi. Gənclər siyasətinin təməli qoyuldu, idmanın inkişafının ilkin əsasları yaradıldı.

Digər mühüm bir məsələ müstəqil dövlətimiz üçün birləşdirici amilə çevrilən azərbaycançılıq ideyasının Ulu öndər tərəfindən yeni şəraitə uyğunlaşdırılaraq ideologiyaya çevrilməsi oldu. Ana dilimizin, milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətin, elmin və təhsilin inkişafı yönündə səmərəli tədbirlər müəyyənləşdirildi.

Azərbaycanı bir dövlət kimi məhv olmaqdan xilas edərək müstəqilliyimizi əbədiliyə çevirən, müasir Azərbaycan dövlətinin memarı və qurucusu adını alan Ulu öndər Heydər Əliyev Özünün ən layiqli siyasi varisini yetişdirərək bizi cismən tərk etsə də, xalqın Ona sonsuz hörmət və məhəbbət əlaməti olaraq sevə-sevə “Heydər Əliyev siyasi kursu” adlandırdığı inkişaf konsepsiyası bu gün də uğurla davam etdirilərək bizi yeni hədəflərə çatdırır.

 

Yeni dövrün yeni lideri

 

“Bu gün Azərbaycan müstəqilliyinin bərpasının 25 illiyini nikbinlik əhval-ruhiyyəsində qarşılayır. Çünki biz dünyaya sübut etdik ki, azad, müstəqil ölkə kimi yaşaya bilərik, uğurla yaşaya bilərik. Azərbaycan ölkəmizdə yaşayan bütün xalqların doğma vətənidir. Azərbaycan möhkəm ayaqda durur. Biz müasir, dünyəvi, inkişaf edən, əməkdaşlığa açıq olan ölkəyik!”

 

Prezident İlham Əliyev

 

Ulu öndər Heydər Əliyevin vəsiyyətlərinə sadiq qalan Azərbaycan xalqı yeni neft strategiyasının uğurla həyata keçirilməsində, ölkədə idmanın yüksəlişində, habelə Avropa Şurası kimi nəhəng siyasət meydanında gərgin işi və səmərəli fəaliyyəti ilə qısa müddətdə dərin iz qoyan cənab İlham Əliyevi 2003-cü ildə dövlət başçısı seçdi.

Ötən ilin son günlərində ABŞ və Fransanın sorğu mərkəzlərinin birlikdə apardıqları araşdırmaya görə ölkə vətəndaşlarının 91 faizi Prezident İlham Əliyevi birmənalı şəkildə dəstəkləyir. Bu sevgini dövlət başçısı Prezident seçildiyi ilk gündən indiyədək gördüyü işlər, xarici və daxili siyasət sahəsində qazandığı nailiyyətlər, inkişaf və quruculuq, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması yönündə atdığı addımlar hesabına qazanmışdır.

Möhkəm təməllər üzərində qurulan müasir Azərbaycan dövlətinin və müstəqilliyin yaratdığı imkanlardan bacarıqla və yaradıcılıqla istifadə edən cənab İlham Əliyev özünün bəyan etdiyi “Azərbaycan xalqı xoşbəxt yaşamağa layiqdir və xoşbəxt yaşayacaqdır” tezisinə sadiq qalaraq dövlət gəmisinin sükanı arxasında olduğu illərdə Azərbaycanı möcüzəli inkişaf yoluna çıxardı, onun analoqsuz yüksəlişini təmin etdi.

 

İqtisadi sahədə

 

Bu sahədə müstəqil Azərbaycanın qazandığı uğurlar o qədər möhtəşəm və zəngindir ki, yazmaqla qurtarmaz. Odur ki, yalnız qısa şəkildə görülmüş işləri sadalamaq kifayət edir:

- İnsanların xüsusi mülkiyyət hüququ bərpa və təmin olunub;

- Sahibkarlar təbəqəsi yaranıb və dövlətin qayğısı ilə əhatə olunub;

- İqtisadiyyatın düşünülmüş, sürətli və davamlı inkişaf konsepsiyası əsasında dünya tərəfindən qəbul edilən “İnkişafın Azərbaycan modeli” yaradılıb;

- İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan dünyanın inkişaf etmiş ölkələri cərgəsinə qoşulmaq üçün mübarizəyə başlayıb;

- Dünya ölkələrinə fayda gətirəcək transmilli layihələrin maliyyələşdirilməsini və reallaşdırılmasını öz gücümüzlə təmin edirik;

- Davos Ümumdünya İqtisadi Forumunun nəticələrinə əsasən rəqabətədavamlılıq qabiliyyətinə görə 37-ci pilləyə yüksəlmişik;

- Son on ildə ÜDM istehsalı 3 dəfə artıb;

- İşsizlik 5 faizə enib;

- Yoxsulluq 5 faizədək azalıb;

- Dünyanı bürüyən maliyyə və iqtisadi böhranın nəticələrindən ölkə iqtisadiyyatının daha yaxşı qorunduğu və davamlı olduğu aydın görünür;

- On min kilometrdən çox təzə yol çəkilmişdir;

- 340 körpü və tunel istifadəyə verilmişdir;

- Bölgələrdə 4-ü beynəlxalq səviyyəli olmaqla 6 aeroport inşa edilmişdir;

- Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni terminal binası tikilmiş, yeni Bakı Beynəlxalq Ticarət Limanı və gəmiqayırma zavodu istismara buraxılmışdır;

- Bir sıra transmilli layihələr - Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmişdir;

- Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə salınacaqdır;

- Bir neçə transmilli layihənin - TANAP, TAP və “Cənub qaz dəhlizi” layihəsinin reallaşdırılmasına başlanılmışdır;

- Azərbaycan dünya kosmos ailəsinin üzvünə çevrilmişdir.

 

Siyasi sahədə

 

Sələfimiz sayılan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Hətta sovet dövründə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin rəsmi orqanı sayılan “Azərbaycan” qəzetini oxumaq belə qadağan edildi.

Bu gün isə fəxrlə müstəqil dövlətimizin 25 yaşını qeyd edirik. 25 il bundan əvvəl hər şeyə təzədən başlamışdıq. İndi isə güclü və oturuşmuş dövlətimiz var. Bu həm də siyasi sahədə görülən işlərin bəhrəsidir. Onlar hansılardır:

- Ölkədə hüquqi, iqtisadi, siyasi islahatlar həyata keçirilib;

- Avropa Şurasına üzv qəbul olunmuşuq;

- 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilmiş, hətta ona uğurla sədrlik də etmişik;

- Ölkədə vətəndaş cəmiyyəti təsisatları formalaşdırılmışdır;

- Mətbuata senzura nəzarəti ləğv edilib, azad və müstəqil mətbuat meydana gəlib;

- Dövlət müstəqil mətbuata sistemli maliyyə yardımı göstərmək üçün KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradıb;

- Artıq ölkə üzrə internet istifadəçilərinin sayı 75 faizi keçib;

- Azərbaycan Cənubi Qafqazın ən güclü, modern və sabit ölkəsinə, regionda əsas söz sahibinə çevrilib.

 

Demokratik inkişaf sahəsində

 

Demokratik cəmiyyət quruculuğu Azərbaycan xalqının könüllü və şüurlu seçimidir. Demokratik təsisatların bərqərar olunması, vətəndaş cəmiyyətinin yaranması sahəsində də daim ardıcıl və məqsədyönlü iş aparılıb. Nəticə isə göz qabağındadır:

- Ölkəmiz bütün beynəlxalq qurum və təşkilatlarla əməkdaşlıq edir, demokratiya sahəsindəki tövsiyələri nəzərə alır;

- İnsan hüquqlarının qorunmasını, mətbuat və söz azadlığının inkişafını daim diqqət mərkəzində saxlayır;

- Dövlət idarəçiliyində çoxpartiyalı sistemə, fikir plüralizminə daim yer verilir;

- Ölkədə 4 dəfə bələdiyyə, 5 dəfə parlament, 6 dəfə demokratik prezident seçkiləri keçirilib, bu seçkilərin hər biri demokratiyanın inkişafı, azad və ədalətli, şəffaf seçkilərin keçirilməsi üçün yaradılan strukturun daha da təkmilləşməsinə xidmət edərək irəliyə doğru atılan müsbət addım sayılıb.

 

Dövlətlərarası münasibətlərin inkişafı sahəsində

 

SSRİ-nin tərkibində olduğu müddətdə Azərbaycan on beş müttəfiq respublikadan biri sayılırdı. Onun nə müstəqil xarici siyasət yürütmək, nə də başqa dövlətlərlə sərbəst əlaqələr qurmaq (nə siyasi, nə də iqtisadi) hüququ var idi. Bunu yalnız SSRİ rəhbərliyi özünün bildiyi kimi həll edirdi.

Müstəqillik qazandıqdan sonra dövlətlərarası əlaqələrin yaradılması, müstəqil xarici siyasətin müəyyənləşdirilməsi və mövcud münasibətlərin nizamlanması tamamilə yeni sahə idi. Heydər Əliyev siyasi kursuna sadiq qalan cənab İlham Əliyev bu çətin və mürəkkəb vəzifənin də öhdəsindən məharətlə gəlir:

- Azərbaycan dünyanın bütün dövlətləri ilə qarşılıqlı maraqlara əsaslanan əlaqə və münasibətlər qurur;

- Yaxın qonşuları ilə (Ermənistan istisna olmaqla) mehriban və xoş əlaqələrin yaranmasına üstünlük verir;

- Dövlətlərarası münasibətlərdə heç kəsin daxili işlərinə qarışmır, başqalarının da öz daxili işlərinə qarışmasına imkan vermir;

- İkitərəfli və çoxcəhətli münasibətlərin qurulmasına, dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına çalışır;

- Beynəlxalq norma və prinsiplərə, imzalanan müqavilə, saziş və konvensiyalara dəqiqliklə əməl edir;

- Hər cür mübahisəli məsələlərin danışıqlar masası arxasında, sülh və qarşılıqlı anlaşma əsasında həllinə can atır;

- Daim öz xalqının inam və etimadına güvənir, dəstəyinə arxalanır.

 

Mədəni-mənəvi inkişaf sahəsində

 

Azərbaycan xalqı və dövləti Ulu öndər Heydər Əliyevin daha bir tövsiyəsinə daim əməl edir: Biz üzümüzü Qərbə tutsaq da, şərqli olduğumuzu heç zaman unutmamalıyıq. Qitələrin və mədəniyyətlərin qovşağında yerləşən Azərbaycan daim özünün milli-mənəvi dəyərlərə sadiqliyi, tolerantlığı ilə seçilir. Təsadüfi deyil ki, bu gün bütün dünya xalqımızın multikultural modelini bir nümunə kimi öyrənir, ondan bəhrələnməyə çalışır. Eyni zamanda, biz yalnız Avropadan öyrənmirik, həm də öz qədim və zəngin mədəniyyətimizlə Avropa mədəniyyətini zənginləşdirməyə çalışırıq.

Müstəqillik dövründə mədəni-mənəvi nailiyyətlərimiz çox olub:

- Azərbaycan bütün dinlərə və mədəniyyətlərə eyni gözlə baxır, bərabər münasibət bəsləyir;

- Dünyanın ən qədim məscidlərindən biri - 743-cü ildə tikilmiş Şamaxı məscidi bərpa edilərək bu gün də fəaliyyət göstərir;

- Qafqazın ən qədim kilsələrindən biri - Şəkidəki Qafqaz Alban kilsəsi tarixi abidə kimi yaşayır;

- Bakının yaxınlığında qədim zərdüştlük, atəşpərəstlik məbədi bu gün də qorunaraq saxlanır;

- Ölkə paytaxtında sinaqoq, katolik və pravoslav kilsələri fəaliyyət göstərir;

- Olimpiya, dünya, Avropa və beynəlxalq yarışlarda azərbaycanlı gənclərin qazandıqları çoxsaylı qələbələr artıq bizi həm də dünyanın idman dövlətlərindən biri kimi tanıtmaqdadır;

- Bəşəriyyət üçün qorxunc təhlükəyə çevrilən terrorizmə qarşı mübarizədə daim fəal, qətiyyətli və birmənalı mövqe nümayiş etdiririk;

- Novruz bayramı, Azərbaycan muğamı, saz sənəti, tar ifaçılığı UNESCO-nun qeyri-maddi-mədəni irs siyahısına salınmışdır.

 

Dünyaya inteqrasiya sahəsində

 

“Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri yaradan, Avropanın enerji təchizatında etibarlı tərəfdaş sayılan, təşəbbüsçüsü və icraçısı olduğu beynəlxalq transmilli layihələrlə dünya dövlətlərinə fayda gətirən, əməkdaşlığın yeni formatlarına həyat vəsiqəsi verən Azərbaycan artıq dünyanın tanınan dövlətlərindən biridir. Prezident İlham Əliyev dünyaya inteqrasiya kursunu ən işlək magistrala çevirdi:

- İqtisadi sferada “açıq qapı” siyasəti yürüdən Azərbaycan siyasi sahədə də hər bir əməkdaşlığa və əlaqəyə açıqdır;

- BMT-nin, Avropa Şurasının, Avropa İttifaqının, İslam Əməkdaşlıq Təşkilatının, İqtisadi Əməkdaşlıq Təşkilatının, Davos İqtisadi Forumunun və digərlərinin tribunasından öz mənafeyinə uyğun bacarıqla istifadə edir, həmin təşkilatlarda maraqlarını qoruyur;

- Ölkəmiz dünyaya inteqrasiyanın yeni formasından - beynəlxalq tədbirlərin yeni formatda keçirilməsi üsulundan da bacarıqla bəhrələnir;

Məsələn, Azərbaycan sistemli şəkildə:

- Bakı Beynəlxalq Humanitar Forumu;

- Mədəniyyətlərarası Dialoq Forumu;

- Dünya dinləri liderlərinin Zirvə görüşü;

- BMT-nin Sivilizasiyalararası Alyansının Qlobal Forumunu, habelə digər mötəbər tədbirlərin təşkilatçısı qismində çıxış edir.

İdman sahəsində

Azərbaycan özünütəqdimin və özünüifadənin idman üsulundan məharətlə istifadə edir. Müstəqilliyin ilk illərində dünya və Avropa birinciliklərinə, beynəlxalq yarışlara idmançı göndərməyə vəsait tapmayan Azərbaycan indi həm də idman dövləti, beynəlxalq yarışların mahir təşkilatçısı kimi tanınır. Bu, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biridir.

Azərbaycan Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazandı. Paralimpiyaçılarımız bu estafeti uğurla davam etdirərək medalların sayını 29-a çatdırdılar. Təkcə keçən il Bakıda ilk dəfə olaraq dünyada 500 milyon insanın maraqla izlədiyi “Formula-1” avtomobil yarışı, habelə Ümumdünya Şahmat Olimpiadası keçirildi. Bu ilin mayında isə IV İslam Həmrəylik Oyunları baş tutacaqdır.

Müstəqil Azərbaycan yeganə dövlətdir ki, burada həm Avropa Oyunları keçirilir, həm də İslam Həmrəylik Oyunları keçirilir.

 

Qarabağ münaqişəsinin həlli sahəsində

 

Müstəqillik dövründə Azərbaycanın həll edə bilmədiyi yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemidir. Münaqişə həllini tapmasa da, məsələ ilə bağlı bir sıra problemlər çözülmüşdür. Belə ki, indiyədək qaçqın və məcburi köçkünlərin sosial-məişət və mənzil problemlərinin həlli məqsədilə bu sahəyə müxtəlif mənbələrdən 6 milyard manata yaxın vəsait xərclənmiş, ilk dəfə Dövlət Neft Fondunda qaçqın şəhərciklərinin salınmasına pul ayrılmışdır. Bu günədək 94 müasir tipli yaşayış kompleksi və qaçqın şəhərciyi salınmış, 240 min nəfərə yaxın qaçqın və məcburi köçkün mənzil şəraitini yaxşılaşdırmışdır. Ötən dövrdə bu qəbildən olan insanların aylıq yaşayış xərcləri 3,6 dəfə, kommunal xidmətlərə görə ödənilən müavinətlər isə 4,5 dəfə artırılmışdır. Hazırda məcburi köçkünlərə aylıq çörəkpulu verilir, onlar mənzil kirayəsindən, işıq, su, qaz pulundan azad olunmuşlar. Övladları dövlət ali məktəblərində oxuyarkən təhsil haqqından azad edilmişlər.

Ən mühüm məsələlərdən biri müasir və modern ordunun yaradılmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin:

“Azərbaycan bir qarış torpağını belə kimsəyə güzəştə getməyəcəkdir”.

“Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir”.

“Sülh yolu baş tutmasa, Azərbaycan digər vasitələrlə öz torpaqlarını işğaldan azad edəcəkdir” - fikirləri Azərbaycan dövlətinin qətiyyətini göstərir.

 

Uğurlar və vəzifələr

 

Müstəqillik illərində nail olduqlarımızın siyahısı böyükdür:

- Dövlətimizin təhlükəsizliyi tam təmin edilib;

- Ölkədə möhkəm və dönməz sabitlik yaradılıb;

- Azərbaycan xalqı sülh və əmin-amanlıq şəraitində yaşayır;

- Azərbaycanın beynəlxalq nüfuzu get-gedə artır, hörməti çoxalır;

- Ordu quruculuğu inamla gedir, ən müasir və ən yeni texnologiyaya əsaslanan silahlar alınır;

- Bütün sosial layihələr uğurla icra olunur;

- Son 13 il ərzində 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, tibb mərkəzi tikilib, təmir edilib;

- Azərbaycan nəqliyyat təhlükəsizliyini təmin edib;

- Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində lider dövlətdir;

- Enerji siyasətimiz təkcə ölkəmiz üçün deyil, bütövlükdə regionumuz, dünya üçün böyük əhəmiyyət daşıyır;

- Biz nəhəng sənaye layihələri icra edirik, iki qitə arasında, iki sivilizasiyanın qovşağında canlı körpüyük.

Bizi bu hədəflərə çatdıran isə xalqın sevdiyi və dəstəklədiyi cənab İlham Əliyevdir.