Bakı xəbər.-2017.-14 aprel.-№64.-S.13.

 

"Kitabi-Dədə Qorqud", "Şah İsmayıl", "Koroğlu", "Əsli və Kərəm", "Aşıq Qərib" kimi məşhur dastanlarımıza erməni iddialarının tarixi...

 

İradə SARIYEVA

 

Məhəmməd Nərimanoğlu: "Ermənilərin Qafqaza son dövrlər gəlməsini təsdiqləyən faktlardan biri də..."

Ağaverdi Xəlilov: "Ermənilər bizim xalq dastanlarına əl uzatmaqla heç nə əldə etmirlər"

 

Erməni saxtakarlığının sayı bitib-tükənməzdir. Saxta dövlətə, uydurma tarixə və mədəniyyətə, qondarma folklora sahib olan bu millət dünyada yaşayan bütün qədim xalqlardan oğurluqlar edib. Sonra da heç nədən çəkinmədən öz yalanlarını dünyaya yaymağa cəhd göstəriblər. Hətta saxtakarlıqlarını mötəbər qurumların qapısından da içəri daxil etməyə israr göstəriblər. Onların saxtakar əməlləri siyasi məsələlərdən tutmuş, mədəniyyətə qədər böyük arealı əhatə edir.

Azərbaycan xalqının tarixi torpaqları üzərində qondarma dövlət quran, bununla kifayətlənməyib digər torpaqlarımıza da iddia edən, 20 faiz ərazimizi işğal edən ermənilər mədəniyyətimizə, folklorumuza da əl uzadıb. Dünya onların təcavüzkar siyasətinə qarşı mübarizə aparmaq əvəzinə, nədənsə, ağzına su alıb susmaq mövqeyini tutub.

Amma, gec-tez, erməni yalanına dünyada kütləvi etirazlar başlayacaq. Çünki yalan ayaq tutsa da, yerimir, ancaq müvəqqəti iməkləyir. 

Qonşu dövlətlərin ərazilərini işğal etmək, onlara məxsus maddi və qeyri-maddi mədəniyyət abidələrini, xüsusən folkloru mənimsəmək ermənilərin Qafqaza köçürüldükdən sonra əsas planlarından biri olub.

 

Erməni saxtakarlığı bütün dünyaya yayılıb...

 

Bildiyimiz kimi, ermənilər son illər Azərbaycan mədəniyyətini, ağız ədəbiyyatını mənimsəməkdə daha çox irəli gedib. Əvvəllər mahnılarımızı, musiqi alətlərimizi öz adlarına çıxırdılarsa, indi dastanlarımıza, epos mədəniyyətimizə, etnoqrafik düşüncəmizə əl uzadırlar. Əlləri havada qalacaq əlbəttə.

Qeyd edək ki, Azərbaycan dövləti erməni saxtakarlığının qarşısının alınması üçün beynəlxalq qurumlar qarşısında məsələ qaldırıb. Dövlət tərəfindən beynəlxalq təşkilatlara dəfələrlə erməni məkrini ifşa edən sənədlər təqdim edilib.

 

Ermənilər indi də dastanlarımızı mənimsəyir

 

Azərbaycan folklorunun, ənənələrinin qarət edilməsi və mənimsənilməsi bizi ciddi narahat edir, bu, dünyanı da narahat etməlidir. 2016-cı ildə məsələ Milli Məclisin nümayəndə heyətinin səyləri nəticəsində Avropa Şurası Parlament Assambleyasının sessiyasının "Azərbaycan mədəni irsinin qəsbi və dağıdılması" sənədində təqdim edilib. Milli Məclisin "Azərbaycan mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi ilə əlaqədar" bəyanatında da bu öz əksini tapıb.

Bu gün ermənilər çəkinmədən Azərbaycan xalqının qəhrəmanlıq və məhəbbət dastanlarını da mənimsəməyə cəhd edir. Məlum olduğu kimi, onlar "Əsli və Kərəm", "Şah İsmayıl", "Aşıq Qərib", "Koroğlu" kimi dastanlarımızı da erməniləşdirməyə çalışır, Azərbaycan dastanlarını bizim musiqinin müşayiəti ilə Ermənistan ərazisində yayırlar.

O da məlumdur ki, ermənilər ana abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanının da onların təsiri ilə yazıldığını "sübut" etməyə çalışırlar. 

Məlumdur ki, "Dədə Qorqud" abidəsi bizim nadir eposumuzdur və bütün dünya 2000-ci ildə Azərbaycan Respublikasının sabiq prezidenti mərhum Heydər Əliyevin təşəbbüsü ilə onun 1300 illiyini təntənəli surətdə qeyd etdi. Folklorşünaslarımız qeyd edir ki, ermənilər heç bir sübut və dəlil gətirmədən bu şah əsərimizin erməni təəssüratı altında yazılması kimi fitnəkar mülahizələrini dərc etdirir, onu da öz adlarına "sənədləşdirmək" istəyirlər. 

Azərbaycan dövləti və xalqı heç vaxt erməni fitnəkarlığı qarşısında aciz deyil və biz bu sahədə tədbirlər həyata keçirməklə işimizi davam etdiririk. Son illər Azərbaycanın mədəni dəyərlərinin qorunması istiqamətində Heydər Əliyev Fondu da böyük işlər görür. UNESCO "Qeyri-maddi mədəni irsin qorunub saxlanması haqqında" Konvensiya qəbul edib və Azərbaycan bu beynəlxalq təşkilatla yaxından əməkdaşlıq edir. Artıq bir çox mənəvi dəyərlərimiz UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib və bu iş davam etməkdədir.

 

"Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrini özlərininkiləşdirməyə..."

 

Erməni saxtakarlığına qarşı mübarizə sahəsində fəal olan tanınmış tədqiqatçı, şair-publisist Məhəmməd Nərimanoğlu bizimlə söhbətində erməni saxtakarlığının bütün dünyanı narahat etməli olduğunu qeyd etdi. M.Nərimanoğlu bildirir ki, ermənilərin kim olduğunu öz alimlərindən yaxşı bilən yoxdur. Onun sözlərinə görə, buna sübut erməni əsilli alimlərin yazdıqlarıdır: "Akademik, folklorşünas M.Abeqyanın 1975-ci ildə İrəvanda çapdan çıxmış "Erməni ədəbiyyatı tarixi" kitabında bildirilir: "...Məzlum erməni xalqının  kökləri haradadır, buraya, indi yaşadığı məkana necə, haradan, hansı yolla gəldiyini dəqiq bilən yoxdur. Bizdə bunun dəqiq və aydın sübutları, şahidlik edən fakt ortada yoxdur". Beş ildən sonra isə özlərinə tarix yazmaq istəyən ermənilər bu dəfə əcdadlarının Balkanlardan gəlmə olduğunu ortaya atır.

Məşhur erməni mədəniyyət və incəsənət xadimləri çox irəli gedərək XIX əsrdə Azərbaycan dilindən bəhrələnməklə özlərininkini zənginləşdirməyə çalışmışlar. O cümlədən  konkret olaraq X.Abovyan, M.Nalbandyan, Q.Ağayan, Q.Sundukyan və başqaları bu işdə öz "məharət"lərini ortaya qoyublar. Ermənilərin Qafqaza son dövrlər gəlməsini təsdiqləyən faktlardan biri də onların Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrini özlərininkiləşdirməyə çalışmasında öz əksini tapır. Çünki bütün bunlar XIX əsrin birinci yarısında baş verib. 1850-ci ildə Almaniyada ələ keçirdikləri üçhissəli "Min bir gecə" nağıllarını avropalı oxuculara erməni və təsadüfən də fars xalq nağılları kimi təqdim edən ermənilər, heç şübhəsiz ki, 1855-ci ildə "Qafqaz  ölkələri" kitabında "Əsli və Kərəm"i özününküləşdirməkdən, Q.Haqverdiyan "Aşıq Qərib və Şahsənəm" nağılını, Q.Ağayan isə "Şah İsmayıl" və "Koroğlu" dastanlarını da oğurlamaqdan çəkinməyiblər.

Q.Ağayan bir qədər də "irəli gedərək", "Koroğlu" dastanında  Rövşənin kor kişinin oğlu olmasını təhrif edərək, həmin sözün mənasını itirməyə çalışıb.

Adıçəkilən mənbənin verdiyi əsaslandırılmış məlumatlardan o da aşkar olunur ki, xalqımıza məxsus atalar sözləri, zərb-məsəllər belə çox asanlıqla erməniləşdirilirmiş".

M.Nərimanoğlu qeyd etdi ki, ermənilər o dastanları, digər xalq yaradıcılığı nümunələrini mənimsəməyə cəhd göstərsə də, bu uğurlu alınmır. Onun fikrincə, bu dastanların sırf Azərbaycan xalqına məxsus olması ilə bağlı tarixi mənbələr var, bu barədə dünyanın mötəbər alimlərinin fikirləri, tədqiqat əsərləri mövcuddur.

 

"Ermənilər özlərini ifşa edir"

 

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı, filologiya elmləri üzrə fəlsəfə doktoru Ağaverdi Xəlilov "Bakı-Xəbər"ə bildirdi ki, erməni saxtakarlığının qarşısı Azərbaycan alimləri tərəfindən alınır.

Buna baxmayaraq, erməni saxtakarlığının sərhəd tanımadığını deyən alim bildirdi ki, onlar xalq yaradıcılıq nümunələrimizə əl uzatmaqla özlərini ifşa edir: "Ermənilərin saxtakar fəaliyyətini ifşa etmək istiqamətində çoxsaylı işlər görülüb. Bu işlərin miqyasını genişləndiririk. Ermənilər bizim xalq dastanlarına əl uzatmaqla heç nə əldə etmirlər, əksinə, bununla özlərini ifşa edirlər. Qeyd edim ki, Azərbaycan folklor arealı Azərbaycanın siyasi sərhədlərindən çox geniş ərazini əhatə edir. Bu areala Azərbaycan türkləri ilə yanaşı, onlara qonşu olan xalqlar da daxildir. Çünki folklor mədəniyyətin elə spesifik bir sahəsidir ki, inteqrasiya proseslərində aktiv rolu ilə seçilir. Etnik əlvanlıq şəraitində mədəniyyətlər də bir-birilə çulğalaşır və qarşılıqlı təsirlər nəticəsində yeni çalarlar qazanır. Din birliyi və ya etnik qohumluq olduğu zaman bu proseslərin dinamizmi də yüksəlir. Belə ortaqlıqların olmadığı şəraitdə isə aparıcı mədəniyyət dominant mövqe qazanmış olur və əhatəsindəki etnik qrupları da mədəni ehtiyatlarla təmin edir. Azərbaycan və ya onun da aid olduğu türk mədəniyyəti Qafqazda, İranda və Şərqi Anadoluda dominant rolu ilə seçilir. Bunu şərtləndirən tarixi-mədəni və siyasi faktorlar var".

 

"Bu saxtakarlığın tarixi onların gəliş tarixi ilə başlanır"

 

Alim vurğuladı ki, bu ərazilərin köklü xalqları özlərinə məxsus milli folklorları ilə yanaşı, ortaq dəyərlərə, mədəni mirasa malikdir: "Amma bunu Qafqaza, o cümlədən Azərbaycan ərazilərinə son iki əsr ərzində gələn erməni icmaları haqqında demək mümkün deyil. Çünki ermənilər dünyanın müxtəlif ölkələrində, müxtəlif xalqlar içərisində yaşamış və onların mədəniyyətlərinin sadəcə icraçısı olmuşlar.

Rusiya imperiyasının Qafqazı işğal etməsindən sonra, yəni XIX əsrin əvvəllərindən başlayaraq, Qərbi Azərbaycana və Azərbaycanın Qarabağ bölgəsinə köçüb gələn erməni icmaları təkcə gəldikləri ərazilərin coğrafiyasından deyil, eyni zamanda, mədəniyyətindən nankorcasına istifadə etməyə başladılar. Bu istifadənin səciyyəsi ondan ibarət idi ki, düşdüyü yeni mədəni mühitin mərasim, musiqi, sənət və xalq yaradıcılığının çeşidli nümunələri saxtalaşdırılır, bunları erməni yaradıcılığı kimi təqdim etməyə çalışırdılar. Belə təşəbbüsləri əks etdirən kifayət qədər yazılı qaynaq mövcuddur. Bu saxtakarlığın tarixi onların gəliş tarixi ilə başlanır və indi də davam etməkdədir.

Qorqudşünaslıqda KDQ leksikasında erməni sözləri məsələsi də var. Bu baxımdan filologiya elmləri doktoru R.A.Baqramyanın "Kitabi-Dədə Qorqud dastanlarının dilində erməni sözləri adlı məqaləsi diqqəti cəlb edir. Məqalənin məğzi ondan ibarətdir ki, qonşu Azərbaycan xalqının abidəsinə ortaq həyat tərzinə malik erməni xalqının çoxlu sözləri keçib. Müəllif dastanın məhz Qafqaz arealına, azərbaycanlılara aid olmasını erməni sözlərinin varlığında görür və qeyd edir: "Bu sözlərin böyük bir qismi hələlik mübahisəli olduğu üçün, onların 19-nu göstəririk".

 

Xalq dastanları və nağıllarımıza erməni iddiası...

 

Alim bildirdi ki, tədqiqatçı həmin sözlərin dastanlarda neçə dəfə işləndiyini saymış, Azərbaycan türkcəsi ağızlarında onları axtarmış və erməni dilinin etimioloji lüğətinə söykənərək onların erməni dilinə məxsus olması fikrini irəli sürür: "Azərbaycan filoloqları həmin məqalənin qeyri-elmi, qərəzli mövqedən yazıldığını açıqlayan yazı çap edib.

R.A.Baqramyanın erməni mənşəli hesab etdiyi sözlər bunlardır: al, qut, orğan, qıvanmaq/güvənmək, qırvaşmaq/qarvaşmaq, çürümək, gənəz, sur, sünük, ərquru, qoru, şu, dadı, gəlisa, xaç, təkur, pilon, holi, aznavur.

Bu sözlərin əksəriyyəti türk mənşəlidir. Etimioloji araşdırma aparmadan da bunu müəyyənləşdirmək çətin deyil. Xüsusilə Sibir türklərinin dilində işlənən bu sözlər və onların törəmələrinin türk mənşəli olması heç bir şübhə doğurmur. Fars mənşəli kəlisa, xaç, yunan-latın mənşəli pilon, gürcü mənşəli aznavur və s. sözlərin süni şəkildə erməniləşdirilməsi elmi əsasdan məhrumdur.

Y.Ağazadənin "SMOMPK" məcmuəsində Azərbaycan folkloru məsələləri" adlı məqaləsində məcmuədəki folklor materialına münasibət bildirilib. Müəllif məqsədini belə açıqlayır: "Məqsədimiz 40 ildən artıq bir dövr ərzində ardıcıl nəşr olunan məcmuədə folklorla bağlı yazıları təhlil etmək olmayıb, sadəcə, həlli son dərəcə vacib olan bir məsələyə -milli şifahi ədəbiyyat nümunələrimizə sahib çıxmaqdan, milli-mənəvi sərvətlərimizin özgə adına çıxarılması kimi son dərəcə geniş şəkildə intişarını tapmış qeyri-elmi, qeyri-əxlaqi faktlara qismən də olsa toxunmaqdan ibarət olub".

Müəllif faktlar deyəndə bəzi mətnlərin milli mənsubiyyətinin yanlış göstərilməsini, hələ o zaman bu ərazilərə yeni gəlmiş ermənilərin bizim folklor nümunələrimizi saxtalaşdıraraq öz adlarına çıxmaq cəhdlərini nəzərdə tutur. Onu da əlavə edim ki, məcmuədə "Ovçu Pirim", "Məlikməmməd" kimi Azərbaycan xalq nağıllarının, "Şah İsmayıl" dastanının ermənilərə aid olduğu göstərilir. Bu məsələlərə aydınlıq gətirən Y.Ağazadə M.Poqosovun "Teymurləng" haqqında məqaləsini tənqid edir və müəllifin Əmir Teymurun erməni olması haqqında rəvayətinin əsası olmadığını aydınlaşdırır. Məcmuədə erməni saxtakarlığına dair başqa nümunələr də var. Əlbəttə, bu tipli məsələlərin ayrıca olaraq tədqiqinə və təhlilinə ciddi ehtiyac var. Çünki erməni saxtakarlığı çox geniş və əhatəli bir problemdir".

A.Xəlilov qeyd edir ki, H.İsmayılov və S.Qəniyev vaxtilə Şirvan ərazisindən toplanıb SMOMPK məcmuəsində çap olunmuş folklor örnəklərinin bir qisminin saxtalaşdırılaraq ermənilərə aid edildiyini yazır: "O zaman Göyçay ikisinifli məktəbinin müəllimi N.Kalaçev fərqinə varmadan çap etdirdiyi bir neçə Azərbaycan nağılını - "Şah İsmayıl", "Əli xan", "Novruz", "Məlik Məmməd", "Qulu xan"ı ermənilərə şamil edib". Müəlliflər Kalaşevin belə kobud nöqsanlarına baxmayaraq, yüz iyirmi il əvvəl Azərbaycan folkloru üçün gördüyü xeyirxah işin böyük əhəmiyyət daşıdığını da qeyd edirlər. Əlbəttə, bu məsələdə Kalaşevin nə dərəcədə iştirak etdiyini müəyyənləşdirmək çətindir. Çünki o, əyalətdə toplama işi aparmış və mətnləri Tiflisə göndərmişdi. Şübhəsiz ki, məlum məcmuənin nəşrə hazırlanmasında saxtakar erməni personalı iştirak edib. Ermənilərə məxsus saxtakarlıq üslubu bunu bir daha təsdiq edir. XIX əsrdən başlanan bu saxtakarlıq prosesi bu gün də eyni üsul və üslubla davam etməkdədir".

Alim onu da vurğuladı ki, gec-tez, erməni saxtakarlığı bütün dünyada ifşa olunacaq. Onun dediyinə görə, ermənilərin hər xalqdan bir nümunə oğurlamağı axırda onların öz başına bəla olacaq. Erməni saxtakarlığına qarşı bizim barışmaz mövqe tutmalı olduğumuzu deyən A.Xəlilov hesab edir ki, xarici mediada bununla bağlı daha çox işlər görülməlidir.