Xalq qəzeti.-2017.-19 yanvar.-12.-S.4.

 

Milli tariximizin şanlı səhifəsi

 

İlahə ƏLƏSGƏROVA,

Yasamal Rayon Qeydiyyat Şöbəsinin rəisi

 

Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq və gələcəkdə də hər il bu gün qeyd olunmalıdır. Azadlıq, müstəqillik uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

20 Yanvar hadisələrindən 27 il ötür. Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddiaları nəticə etibarilə ölkəmizdə xalq hərəkatının genişlənməsinə səbəb oldu. Respublika vətəndaşları mərkəzin Azərbaycana qarşı məqsədli şəkildə həyata keçirdiyi məkrli plana etiraz edir, Dağlıq Qarabağ ermənilərinin separatçı və ekstremist hərəkətlərinin qarşısının alınmasını, haqq-ədalətin bərpa olunmasını tələb edirdilər. 

 

Ərazimizin hissə-hissə işğal edilməsinə qarşı Torpaqdan pay olmaz!-deyərək  qətiyyətlə mübarizə aparan xalqımızın milli ruhu, özünüdərk hissi daha da yüksəlmiş, müqavimət əzmi artmışdı. Həmin dövrdən başlanan ümumxalq hərəkatı getdikcə güclənmiş, kütləvi hal almış və Kremli silkələmişdi. Bundan  qorxuya düşən Sovet rejiminin həyata keçirdiyi aqressiv cəza tədbirləri  xalqın içində olan narazılığı qətiyyən boğa bilmədi, əksinə bir qədər də artırdı.

Azərbaycan xalqının getdikcə genişlənən etiraz dalğasını yatıra bilməyən SSRİ rəhbərliyi ən amansız cəza üsuluna əl atdı. Dinc, əliyalın əhali 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun tankları, ağır artilleriyası, qadağan olunmuş zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri ilə qarşılaşdı. Bu dəhşətli hadisəni törətməkdə əsas məqsəd Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin respublikamızla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq idi. Bu məqsədlə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet rejiminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı Çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 132 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olmuşdur. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş bəşəri cinayət idi.

20 Yanvar hadisəsinin başvermə səbəblərindən biri də Mixail Qorbaçovun millətlər arasında ayrı-seçkiliyə yol verməsi, milli ədavəti qızışdıran qərarların qəbul etməsi idi. 20 Yanvar qətliamına  qədər SSRİ və respublika rəhbərliyinin çıxardığı qərar və fərmanların heç birində Azərbaycanın xeyrinə bircə maddə belə olmamışdı. Bir tərəfdən Azərbaycan xalqını sakitləşdirməyə yönələn addımlar atılır, digər tərəfdən isə respublikanın suverenliyinə, ərazi bütövlüyünə xələl gətirən qərarlar qəbul olunurdu. Bu, Ermənistanın Sovet İttifaqı rəhbərliyi tərəfindən ən yüksək səviyyədə müdafiə olunduğunu göstərirdi.

Sovet İttifaqı rəhbərliyinin Azərbaycan xalqına qarşı ən böyük xəyanəti özünü 1989-cu ilin yanvarında bir daha  göstərdi. Həmin il yanvarın 12-də Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında SSRİ Ali Soveti Rəyasət Heyəti qərar qəbul etdi və bu, ermənilərin istəyinə tam uyğun idi. Çünki DQMV-də xüsusi idarəçilik forması tətbiq edildiyi ilk gündən birbaşa Moskvaya tabe olan ermənipərəst Arkadi Volski burada yaşayan bütün soydaşlarımızın çıxarılmasına nail oldu. Qısa müddətdə 50 min azərbaycanlı DQMV-dən qovuldu. Halbuki, Azərbaycanın o dövrkü siyasi rəhbərliyi sözügedən idarənin yaranmasını böyük uğur kimi qiymətləndirir və bu idarəyə çox böyük ümidlər bəsləyirdi.

Yalnız xalq hərəkatının təsiri altında 1989-cu il noyabrın 28-də vilayətin idarəsi mərkəzin nəzarəti altında olan Azərbaycan SSR Təşkilat Komitəsinə tapşırıldı. Bu da bir nəticə vermədi. Çünki Kremldən idarə olunan Azərbaycan rəhbərliyi Təşkilat Komitəsinə xalqını, Vətənini sevən bir azərbaycanlı təyin edə bilmədi. Bu işdə yenə də M.Qorbaçovun göstərişi əsas rol oynadı.  Təşkilat Komitəsinin sədri təyin edilən V.Polyaniçko, əslində, öz sələfinin siyasətini davam etdirir və azərbaycanlılar bilərəkdən sıxışdırılırdı.

Təəssüf ki, o dövrdə Azərbaycanda hakimiyyətdə olanlar qorxaqlıq, səbatsızlıq göstərdilər və xalqa qarşı xəyanət yolunu tutdular. Həmin dövrdə Azərbaycanı Kommunist Partiyasının rəhbərləri idarə edirdilər. Təbii ki, onlar Moskvadan gələn göstərişləri, əmrləri yerinə yetirirdilər. O vaxt Azərbaycan rəhbərliyinə elə adamlar rəhbər təyin edilmişdi ki, Kremlin hər bir əmrinə tabe olsunlar. Şübhəsiz, 20 Yanvar facəsinin baş verməsində Azərbaycan hakimiyyətinin, xüsusilə Əbdürrəhman Vəzirovun  qətiyyətsizliyi, qorxaqlığı və cəsarətsizliyi də müəyyən rol oynadı. Əgər həmin vaxt respublikaya vətənpərvər, xalqını, millətini sevən insanlar rəhbərlik etsəydi, bəlkə də, bu faciə baş verməzdi. Bundan əvvəl Gürcüstanda da oxşar hadisə baş vermişdi. Həmin qanlı hadisələr törədiləndə bu respublikanın rəhbəri etiraz əlaməti olaraq istefa verdi. Yəni o dövrlərdə Azərbaycan rəhbərliyinin zəifliyi, Kremlin tapşırıqlarını can-başla yerinə yetirməsi, mütiliyi, söz sahibi olmaması da bu faciəyə rəvac verdi. Əgər respublikanın başçısı keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovla ciddi şəkildə danışıqlar aparsaydı, bəlkə də, qırğının qarşısı alına bilərdi. Ən dəhşətlisi bu idi ki, bu faciə müxtəlif yollarla ört-basdır edilir, günahkar isə Azərbaycan xalqı hesab olunurdu.

Ə.Vəzirov gecə ikən Azərbaycandan qaçdıqdan sonra nə onu əvəz edənlər, nə də 2 il sonra hakimiyyəti ələ alan AXC-Müsavat cütlüyü 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verməyi bacardılar. 1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və bu dəhşətli hadisəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, faktiki olaraq heç bir tədbir görülmədi. Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvar ayının 22-də çağırılan fövqəladə sessiyası öz işini yarımçıq qoydu və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirmədi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının da işi başa çatdırılmamış qaldı.

20 Yanvar faciəsi törədilən zaman Azərbaycan cəmiyyəti iflic vəziyyətinə düşmüş, informasiya blokadasına salınmış, radio, televiziya susdurulmuş, yazılı mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Qabaqcadan hazırlanmış plan əsasında televiziyanın  enerji bloku partladılmış və xalq baş verən bütün hadisələrdən xəbərsiz qalmışdı. Həmin vaxt  Azərbaycan xalqı sanki, başsız, sahibsiz qalmışdı.

Belə ağır vəziyyətdə xalqına həyan çıxan, o vaxt SSRİ rəhbərliyinin min fitnə-fəsadı ilə siyasi səhnədən kənarlaşdırılımış ümummilli lider Heydər Əliyev oldu. Ulu öndər özünü və ailə üzvlərini təhlükə qarşısında qoyaraq, böyük cəsarət nümayiş etdirmiş və yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək, 20 Yanvar faciəsinin mahiyyətini açıqlamışdı. İmperiya rəhbərliyini qatil adlandıran Heydər Əliyev faciənin törədilmə səbəblərini və təşkilatçıların adlarını açıqlamışdı. 20 Yanvar faciəsini törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsini qətiyyətlə tələb edən  ulu öndər baş vermiş faciə ilə əlaqədar Azərbaycan xalqına başsağlığı vermişdi. Müdrik şəxsiyyətin Moskva nümayəndəliyindəki tarixi çıxışının mətni bütün maneələrə baxmayaraq, dünyaya yayılmışdı. Bu çıxış məhz o zaman informasiya blokadasında olan Azərbaycanda baş verən 20 Yanvar faciəsinə əsl siyasi qiymət idi.

1993-cü ildə xalqın xahişi ilə hakimiyyətə qayıtdıqdan sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis həmin tarixi Ümumxalq Hüzn Günü elan etmişdir və həmin gün respublikamızda hər il qeyd edilir. Qanlı hadisə zamanı canlarını qurban vermiş  Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin fərmanına əsasən 20 Yanvar şəhidi fəxri adı verilmişdir. Eləcə də 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında sərəncama əsasən müxtəlif tədbirlər həyata keçirilir. Şəhidlərimizə və hadisələr zamanı əlil olanlara müvafiq müavinət, həmçinin həmin ailələrə ölkə başçısının fərmanı ilə Prezident təqaüdü verilir.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsini, mənzil şəraitinin yaxşılaşdırılmasını və digər problemlərin aradan qaldırılmasını daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı hər il yanvarın 20-də  Şəhidlər xiyabanına gələrək, şəhidlərimizin xatirəsini ehtiramla yad edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanır, Əbədi məşəl abidə kompleksi önünə əklil qoyur.