Yeni Azərbaycan.-2017.-7 aprel-¹ 59.-S.6.

 

Azərbaycan və Türkiyə - milli birliyin və bərabərliyin simvolu

 

Jalə Əliyeva,

Filologiya elmləri doktoru, professor,

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin

sədr müavini

 

Tarixini, keçmişini yaşatmağı bacaran xalqlar tarix səhnəsindən heç vaxt silinmirlər. Müxtəlif rejimlərin gətirdiyi qadağalar, qoyduğu tabular, verdiyi fərmanlar xalqa öz qan yaddaşını unutdura bilmirsə, deməli, bu xalq, həqiqətən, əbədiyaşar xalqdır.

Azərbaycan türkü öz Kəbəsi olaraq bildiyi Türkiyəsindən təqribən bir əsr ayrı qaldı. Ancaq nə dilini unutdu, nə dinini, nə də mədəniyyətini. Qardaş ölkədə gedən bütün siyasi prosesləri, baş verən bütün hadisələri, yaranan yeni ədəbiyyatı, yazılan yeni əsərləri - hər şeyi bir çətinliklə də olsa, izlədi, tapdı, oxudu, öyrəndi.

Uşaqlığımdan bəri evimizin əşyaları, bəzək-düzəkləri içərisində bir guşə hər zaman diqqətimi çəkirdi. Nələr var idi bu guşədə! Türkiyə bayrağı, Atatürkün portreti, Topqapı, Dolmabahçe saraylarının, Boğazın, Asma köprünün görüntüləri, Türk fəsi, Türk sazı və bir də Türkün şanlı tarixini, coğrafiyasını, ədəbiyyatını anladan saysız-hesabsız kitablar. Türk sözünün yasaq olduğu dönəmlərdə bu guşəni mərhum anam, müasir Azərbaycan poeziyasının ünlü ismlərindən biri Nurəngiz Gün öz əlləriylə hazırlamışdı. Və tam anlamıyla Türkiyənin bir parçasını evimizə köçürmüşdü sanki anam. Əlimiz çatmayan, ünümüz yetməyən məmləkətin havasını alırdıq sanki bütün gün bu mənzərələrdən. Sonra oturub gecənin yarısını gözləyirdik. Güc-bəla ilə radioda Türkiyə dalğasını ayarlayaraq az qala qulaqlarımızla radionun içinə girib (çünki dalğa məqsədli olaraq batırılırdı) Türkiyə radiosunun xəbərlərini, sonra da gözəlim türkülərini dinləyirdik. Gecənin bir yarısı, deyəsən, sovet xüsusi xidmət orqanları ya yorulurdular, ya yuxu tuturdu onları, bəlkə də, Allah ürəklərinə insaf salırdı və radio dalğasını azad buraxırdılar. Nəhayətində, Türkiyəni doya-doya dinləyən ruhumuz rahatlıq tapırdı.

Əlbəttə, bu anlatdıqlarım böyük həsrətin və qovuşmaq arzusunun çox kiçik, adda-budda parçalarıdır. Yaşananları bir neçə dəqiqəyə sığdırmaq mümkün deyil. Zatən həsrət və sevgi anladılmaz, yaşanır.

Şükürlər olsun ki, bütün bunlar arxada qaldı. Və tarixin inkaredilməz həqiqətləri öz sözünü dedi. Böyük Mustafa Kamal Paşa Atatürkün bundan təqribən bir əsr əvvəl söylədiyi “Bu gün Sovyetler Birliği dostumuzdur. Bu dostluğa ihtiyacımız vardır. Fakat yarın ne olacağını kimse bu günden kestiremez. Tıpkı Osmanlı gibi, tıpkı Avusturya-Macaristan gibi, parçalanabilir, ufalanabilir. Dünya yeni bir dengeye ulaşabilir. İşte o zaman Türkiye ne yapacağını bilmelidir. Bizim bu dostluğun idaresinde dili bir, inancı bir, özü bir kardeşlerimiz vardır. Onlara sahip çıkmaya hazır olmalıyız. Hazır olmak yalnız o günü susup beklemek değildir. Hazırlanmak lazımdır. Milletler buna nasıl hazırlanır? Manevi köprüleri sağlamlatarak. Dil bir köprüdür. Tarih bir köprüdür. Köklerimize inmeli ve olayların böldüyü tarihimizin içinde bütünleşmeliyiz. Onların bize yaklaşmasını bekleyemeyiz. Bizim onlara yaklaşmamız gereklidir”, ifadələri gerçək oldu. Dəmir pərdənin pəncəsindən qurtulan Azərbaycan arxasında qardaş Türkiyəni buldu.

Tarix yalan sevmir və ləkə götürmür. Müxtəlif rejimlərin hakim ideologiyalarının uydurduğu saxta tarixlər bir gün mütləq yox olur. Biz hamımız yaxın tariximizdə bunun şahidi olduq. 20-ci yüzilliyin çalxantıları, baş verən kataklizmlər gerçək tariximizə kölgə sala bilmədi. Eləcə də saxta təbliğat maşınlarının yazdırdığı, yalan, uydurma, saxta tarix nağılları da güclü zəkaların həqiqətinin işığında əriyib getdi. Məhz o güclü zəkaların daşıyıcıları sayəsində ilahi ədalət qalib gəldi və iki qardaş, iki sirdaş, iki doğma ölkə - Azərbaycan və Türkiyə yenidən qovuşdu.

Böyük alman filosofu Karneyl Tomas deyib ki, “yer üzündə elə oğullar var ki, xalqlar onun şöhrəti arxasında gizlənib və belə oğulların sayı çox deyil”. Dünyada sayı çox olmayan oğullardan birini - Mustafa Kamal Paşa Atatürkü - Tanrı Türkiyəyə, Heydər Əlirza oğlu Əliyevi isə Azərbaycana bəxş etdi. Və bu iki böyük isim bir əsrdə iki dəfə - biri ötən əsrin başlarında, digəri isə ötən əsrin sonlarında ölkəsini və xalqını tarix səhifəsindən yox olmaq, məhv olmaq təhlükəsindən qurtararaq, yeni bir dünya qurdular və milyonların Atasına çevrildilər.

Hər iki lider öz iradəsi, qətiyyəti, hadisələrə operativ qiymət vermək bacarığı, heç bir riskdən çəkinməmələri ilə sübut etdi ki, onların varlığı, sadəcə, cismanilikdən ibarət deyil. Hər iki lider milli dövlətçiliyi və milli birliyi qorumaq naminə böyük bir yola çıxdı, çiyinlərini son dərəcə ağır bir yükün altına verdilər. Çətinliklərə, maneələrə, iç və dış savaşlara, çevriliş cəhdlərinə mətinliklə sinə gərərək, Tanrının onlara bəxş etdiyi fədakarlıq, mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam, siyasi uzaqgörənlik, ideya və fikirlərini sadə şəkildə geniş xalq kütlələrinə təlqin etmək kimi fövqəl keyfiyyətlərindən məharətlə bəhrələnərək xalqı vətəndaş qarşıdurmasından, müstəqilliyi itirmək təhlükəsindən qurtardılar.

Mustafa Kamal Atatürk ötən əsrin başlarında dedi ki, “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”. Ulu öndər Heydər Əliyev isə ötən əsrin sonlarında, 1994-cü ilin 9 fevralında qardaş ölkəyə ilk rəsmi səfəri çərçivəsində Türkiyə Böyük Millət Məclisindəki tarixi çıxışı zamanı dedi: “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”. Sonralar dillər əzbəri olan bu sözlər iki ölkənin strateji tərəfdaşlığının əbədi tərifini verən bir bəyanat kimi səsləndi və ölkələrimizin qardaşlıq münasibətlərinin yolgöstərəninə çevrildi. Hər iki liderin ancaq liderlərə xas böyük bir dəqiqliklə və ustalıqla dilə gətirdikləri ifadələrin həqiqətini hər ötən gün daha dərindən anlayırıq.

Ulu öndər Türkiyə Böyük Millət Məclisindəki nitqində iki qardaş ölkənin ortaq tarixi irs üzərindən gələcəyə birgə addımlayacağını vurğuladı: “Biz kökü bir olan xalqıq. Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir. Tariximiz, milli köklərimiz, adət və ənənələrimiz bizi bir-birimizə sıx bağlayıbdır. Əsrlər boyu tarixin bütün mərhələlərində bizi bir-birimizdən ayırmağa çox çalışsalar da, buna müvəffəq olmamışlar. Xalqlarımız bu həsrətlə yaşayıb və ən sonunda qovuşublar. Bundan sonra heç bir qüvvə bizi ayıra bilməyəcəkdir. 1918-ci ildə Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. 1923-cü ildə qurulan Türkiyə Cümhuriyyəti müstəqil Azərbaycan Respublikası üçün örnəkdir”.

Ümummilli liderin bu tövsiyələri ilə böyük bir yola çıxan Azərbaycan Türkiyə ilə qardaşlıq bağlarını möhkəmlətməklə bərabər, Mərkəzi Asiyadakı türk respublikaları ilə sıx işbirliyini də daim üstün bir vəzifə olaraq gördü.

Ulu öndər Heydər Əliyevin 1996-cı il noyabrın 6-da TÜRKSOY-un Bakıdakı toplantısı çərçivəsində keçirilən Türk dünyası yazıçılarının III qurultayında söylədiyi fikirlərə diqqət edək: “Xalqlarımızın böyük tarixini yenidən qiymətləndirmək, hər bir xalqın tarix boyu yaratdığı mənəvi dəyərləri, mədəniyyət abidələrini bütün xalqlar üçün doğma etmək bizim bu görüşlərin mərkəzində duran vəzifələrdir. Bizim köklərimiz eyni dilə, eyni mənəviyyata, eyni dinə bağlı olduğuna görə çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşsa da, dayanmayıb, inkişaf edib. İndi isə türkdilli xalqların müstəqil dövlətləri var. Bu prosesləri daha da gücləndirmək, daha da mütəşəkkil edə bilmək üçün bizim əlimizdə böyük imkanlar yaranmışdır. Və bu, bizim borcumuzdur”.

Heç şübhəsiz, türk dövlətləri və toplumlarının birliyinin mühüm bir istiqaməti həm də mədəni əməkdaşlıqdan, müştərək mədəni layihələrdən keçir. 1996-cı ilin noyabrında dahi Məhəmməd Füzulinin 500 illiyi, 2000-ci ilin aprelində isə böyük türk eposu “Kitabi-Dədə Qorqud”un 1300 illiyi ilə bağlı türk dünyasının təmsilçiləri, dövlət və hökumət adamları, alimlər, şair və yazıçılar, mədəniyyət xadimləri Bakıya toplandılar. UNESCO səviyyəsində qeyd olunan bu möhtəşəm yubileylər, eyni zamanda, ümumtürk mədəniyyətinin təntənəsi idi. Bu yubiley tədbirlərinin birlikdə keçirilməsində əsas məqsəd xalqlarımızın əsrlər boyu yaratdığı zəngin mənəvi irsi indiki nəsillərə qaytarmaq, eyni kökə, eyni tarixə malik olduğumuzu bir daha dərk etməkdən ibarət idi. Digər tərəfdən, bu yubiley tədbirləri ilə İbn-Sinanın, Nizaminin, Nəvainin, Yunis İmrənin, Füzulinin, Məhdimqulunun, Mahmud Qaşqarinin, Abayın, bir çox başqa dahilərimizin, “Kitabi-Dədə Qorqud”, “Manas”, “Alpamış” kimi ölməz dastanlarımızın bütün türk dünyasını birləşdirən çox əhəmiyyətli bir dəyər olduğunu bir daha nümayiş etdirərək, eyni zamanda, bu dəyərin bütün bəşəriyyətin mədəni sərvəti olduğunu isbatlamış olduq.

Türkiyənin 9-cu Prezidenti, mərhum Süleyman Dəmirəl xatirələrindən birində yazır ki, “Mən Heydər Əliyev Naxçıvanda ikən Ondan Moskvadakı vəzifəsindən sonra Azərbaycana niyə gəldiyini soruşdum. O dedi: “Mən doğulduğum yerdə xalqıma xidmət etmək istədim. Başqa yerdə bunu edə bilməzdim. Çünki mən bir Türkəm”.

Bəli, istər Heydər Əliyev, istər Atatürk öz xalqına bir Türk oğlu Türk kimi xidmət etdilər, həm də fədakarcasına xidmət etdilər. Heçdən var yaratdılar, qüdrətli iki dövlət qurdular.

Bu fədakarlığın, bu əvəzsiz xidmətin bəhrəsini bu gün doya-doya dadırıq. Bu gün dünyanın ayaqları üzərində möhkəm dayanan, inkişaf edən, azad, güclü, qüdrətli iki ölkəsinin vətəndaşı olmaqdan, iki dövlət, tək millət olmaqdan qürur duyuruq. Bu qürur üçün böyük Atatürkə və Ulu öndər Heydər Əliyevə, onların ideyalarına borcluyuq. Və bu borcumuzu onların tarixi və mənəvi irsinə sahib çıxmağı bacarmaqla, bu irsi bəd dillərdən, pis niyyətlərdən qorumağı bacarmaqla, onların bizlərə ərmağan etdikləri bu iki cənnət məmləkətə əl və dil uzadanlara yerini göstərməyi bacarmaqla ödəyə bilərik. Yalnız o zaman əbədiyyən tək millət, iki dövlət olmağın qürurunu yaşaya bilərik.

Bu gün Azərbaycan və Türkiyə bölgədə və dünyada ən yaxın dost, qardaş, sirdaş, strateji müttəfiqdir. Türkiyənin marağı Azərbaycanın marağıdır, Azərbaycanın marağı Türkiyənin marağıdır. Bu gün hər iki ölkə həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan ilə Türkiyə əl-ələ verməmiş olsun. Bu gün ölkələrimizdə, bölgədə və dünyada baş verən hər bir hadisə, meydana gələn hər bir gəlişmə istər Türkiyə, istər Azərbaycan üçün eyni dərəcədə əhəmiyyətlidir.

Hər iki ölkənin prezidentlərinin - Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkələrimiz açısından qarşılıqlı olaraq sərgilədikləri mövqe qürur qaynağımızdır. Sadəcə, iki örnək gətirəcəyəm. “Türkiyə Ermənistana sərhədlərini açacaq” şəklində dolaşan həyəcanlı xəbərlərin bir neçə il öncə ruhumuzu didib parçaladığı bir zamanda Başbakan olan cənab Ərdoğan Azərbaycana səfər etdi, Azərbaycan Parlamentinə gəldi və bizlər - Azərbaycanlı millət vəkilləri önündə çıxışına bu ifadələrlə başladı: “Can kardeşlerim! Türkiyenin Karabağdan vazgeçmesi gibi bir ifadenin talaffuz edilmesi bile bize büyük bir iftiradır, hakarettir. Bu iftiranı bir daha huzurunuzda açık şekilde reddediyorum. Türkiye-Ermenistan sınırı nə zaman kapandı? O zaman ki, Dağlık Karabağ tamamen Ermenistanın işgali altına düştü. Bundan sonra kapılar kapatılmıştır. Bu işgal ortadan kalktığı zaman da kapılar açılacak”. Sayın Ərdoğan sözünü bu şəkildə tamamladı: “Konuşmamda kullandığım kardeş ifadesinin altını bir az çizmek istiyorum. Dikkat edin, uluslararası ilişkilerde kardeşlik ifadesine yer yoktur. Bu tabir sadece bizim aramızda vardır. Biz her zaman isteriz ki, Azerbaycan türkü ülkemizin varlığına güvenebilsin. Bu anlamda iki kardeş ülke olarak üzerimize düşen vazife görüşmelerimizi yakından sürdürmek dosta, düşmana karşı birlik olduğumuz mesajını güclü şekilde vermek, ülkelerimizi zayıflatabilecek faaliyyetlere parlamentolarımızda - iktidarı-muhalefetiyle birlikte - izin vermemektir”.

2014-cü ildə Praqada keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak edirdi. Ermənistan prezidenti Serj Sarkisyanın Sammitdə Türkiyə təmsilçisinin iştirak etmədiyini fürsət bilərək rəsmi Ankaranın ünvanına hədyanlar söyləməsini və qondarma “soyqırımı” məsələsi ilə bağlı heç bir tarixi fakta əsaslanmayan iddialar səsləndirməsini sərt şəkildə cavablandıran Prezident İlham Əliyev dedi: “Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, bundan istifadə edirsiniz. Ərdoğan burada yoxdur, amma mən buradayam”.

İki Prezidentin Azərbaycan-Türkiyə əlaqələrinin dünənini, bu gününü və gələcəyini ehtiva edən çoxsaylı çıxışlarının, sadəcə, ikisindən gətirdiyimiz bu kiçik iki örnək, bizcə, birliyin və bərabərliyin izaha ehtiyacı olmayan ən üstün nümunəsi, dostluğun və qardaşlığın ən yüksək zirvəsidir.

Bu birlik və bərabərliyin əbədiyyən bizlərin olması diləklərimi bildirərək məqaləmin sonunu bir şeirlə bitirəcəyəm. Əslində bu bir aşiqin öz sevdiyinə yazdığı şeirdir. Yəni parça iki sevdalını anladır. Bu parçanı çox sevirəm. Və hər oxuduğumda gözlərimin önündə iki sevdalı olaraq - Azərbaycan və Türkiyə canlanır.

 

Bir bulağın iki gözü -

biri sənsən, biri mən,

Bir almanın iki üzü -

o həm sənsən, həm də mən,

Qoşa simin titrəməsi -

biri sənsən, biri mən,

Bir pərdənin iki səsi -

o həm sənsən, həm də mən,

Bu həyatda iki rəngdir -

biri sənsən, biri mən,

Sevinc kimdir, kədər kimdir -

o həm sənsən, həm də mən.

Bu dünyaya biz gələni

həm qəmik, həm də sevinc,

Sən məndəsən, mən səndəyəm,

biri Sənsən, biri Mən.