Azərbaycan.-2017.-7 aprel.-71.-S.1, 5.

 

İslam dünyası öz birliyini Bakıda nümayiş etdirəcək

 

İlham Əliyev İslamiadanın müsəlman dünyasının həmrəyliyi prosesində
ciddi dönüş yaradacağını bəyan etdi

 

Elnur HACALIYEV

 

Öz füsunkarlığı, müasirliyi və gözəlliyi ilə seçilən Bakının şöhrətiylə hər bir azərbaycanlı qürur duyur, iftixar hissi keçirir. Bu gün hər bir azərbaycanlıda məmnunluq doğuran milli eksteryerə malik tikililər, sosial infrastruktur obyektləri, mədəniyyət abidələri paytaxtımızda olan əcnəbi qonaqları da heyrətləndirir.

Bakıya daxilən bağlı olan, onu milli kimliyimizin və varlığımızın rəmzi kimi sevən Prezident İlham Əliyev ötən 14 ildə şəhərin milli üslubda inkişaf etməsi üçün əlindən gələni əsirgəmir.

Ötən müddətdə ölkəmizin dünyadakı mövqeləri xeyli güclənib. Bir çox beynəlxalq tədbirlərin paytaxtımızda keçirilməsi ölkəmizin artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyinin sübutudur. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə evsahibliyi etməsi artıq ənənə halını alıb. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan mötəbər tədbirlərin keçirilməsi üçün ideal məkandır. Azərbaycan qədimliklə müasirliyin qovuşduğu məkan olaraq bu məqsədlərə yönəlmiş mühüm təşəbbüslərlə çıxış edir. Bunun əsas səbəblərindən biri xalqımızın tolerantlıq düşüncəsinin yüksək səviyyəsidir.

Xalqlararası və mədəniyyətlərarası dialoqu müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq qalır. Dövlət başçısı İlham Əliyevin tolerantlıq və milli münasibətlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Dövlət başçısının 14 il müddətində bununla bağlı irəli sürdüyü prinsiplər, müəyyənləşdirdiyi strateji xətt, atdığı konkret addımlar onun Azərbaycanı həm də sivilizasiyalararası dialoq, mədəni-intellektual konsolidasiya və əməkdaşlıq mərkəzinə çevirmək məqsədindən irəli gəlir.

Rəsmi Bakının Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə yüksək səviyyədə evsahibliyi etməsi, Şərqlə Qərb arasında multikultural mərkəz rolunu oynaması ilə şərtlənir. Azərbaycanın yüksək təşəbbüskarlığı ilə Bakıda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionun diplomatik paytaxtına çevirib. Eurovision-2012 kimi möhtəşəm musiqi yarışmasını yüksək təşkilatçılıqla keçirən Azərbaycan başqa bir mötəbər idman tədbirlərinə - Bakı-2015 ilk Avropa Oyunlarına, Formula-1 Avropa Qran-prisinin Bakı mərhələsinə də evsahibliyi etdi. Bu kimi tədbirlərin Azərbaycanda yüksək səviyyədə keçirilməsi həm də ölkəmizin insan hüquqları və demokratikləşmə, habelə milli-etnik, dini tolerantlığın təmini sahəsində əldə etdiyi böyük nailiyyətləri göstərdi.

2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi də Azərbaycanın dünyada nüfuzlu mövqeyini ifadə edir. Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları bütün Azərbaycan, eləcə də İslam dünyası üçün mötəbər idman təntənəsidir. On gün ərzində bütün İslam dünyasının nəbzi Azərbaycanda döyünəcək.

Bakı daha bir mötəbər tədbirə yüksək səviyyədə evsahibliyi etməyə tam hazırdır. Artıq Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə də start verildi. Bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud iştirak etdilər.

Xəzərdən başlayan su səyahətinə həsr olunan mərasimdə Prezident İlham Əliyev dənizdən götürülmüş suyu özləri ilə aparmaq üçün Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim etdi. Xatırladaq ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının səyahəti su ünsürünə həsr olunub. Çünki su hər bir canlı üçün həyat mənbəyidir. Paklıq və birlik rəmzi olan suyun İslamda böyük mənəvi dəyəri var və o, Xəzər dənizinin sahilində yerləşən Bakı üçün də xüsusi əhəmiyyəti ilə seçilir.

Ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edən su səyahəti 3 min kilometrdən çox məsafə qət edəcək. Azərbaycanın müxtəlif guşələrində böyük təbii gözəlliyə malik 15 su məkanının hər birində iki atletin müşayiəti ilə yerli uşaq xüsusi mərasimdə mis qabı su ilə dolduracaq. Xəzərdən başlayan səyahət mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq.

Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından topladıqları Azərbaycanın saf suları ilə İslam dünyasının 50-dən çox dövlətindən olan idmançıları Oyunlarda salamlayacaqlar.

Prezident İlham Əliyev mərasimdə bildirib: IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim üçün böyük şərəfdir. Biz bunu İslam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahürü kimi qəbul edirik. Eyni zamanda bu, bizim üçün böyük məsuliyyətdir və demək olar ki, bütün hazırlıq işləri başa çatıb. Biz Oyunları qəbul etmək üçün tam hazırıq. Fürsətdən istifadə edərək IV İslam Həmrəyliyi Oyunlarının hazırlanmasında xüsusi rol oynayan Təşkilat Komitəsinə, onun bütün üzvlərinə və komitənin sədri Mehriban Əliyevaya da təşəkkürümü bildirmək istəyirəm.

Bir aydan bir qədər sonra 57 ölkəni təmsil edən 3 mindən çox idmançı Azərbaycanda yarışacaq. Biz bütün qonaqları qəbul etməyə hazırıq, onları səbirsizliklə gözləyirik. Qeyd etdiyim kimi, bu Oyunlarda 57 ölkənin idmançıları iştirak edəcəklər və bu, Oyunların tarixində bir rekorddur. Biz buna çox sevinirik. Eyni zamanda minlərlə rəsmi nümayəndə, qonaq ölkəmizə gələcək. Əminəm ki, qonaqların ölkəmizlə, onun reallıqları ilə, bizim qədim tariximizlə tanış olmaq üçün imkanları olacaqdır.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün sahələrdə öz nümunəsini, identikliyini ortaya qoyaraq özünü dünyaya güclü, müstəqil və müasir inkişaf edən bir ölkə kimi tanıtmışdır. İqtisadi, siyasi, hüquqi, mədəni, humanitar, idman və digər sahələrdə həlledici uğurlar qazanmış müstəqil respublikamız dünya miqyasında davamlı inkişaf edən ölkə kimi qəbul edilir. Çoxsaylı idman tədbirləri, sərgilər, konfranslar, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təqdimatı artıq beynəlxalq ictimaiyyətə də Azərbaycan haqqında kifayət qədər dolğun məlumatın çatdırılması üçün şərait yaradır. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin birgə yaşaması, bir ailə kimi yaşaması nadir təcrübədir. Beləliklə, Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylərini göstərməkdədir.

Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə evsahibliyi edəcəyinə əminlik ifadə edib: Azərbaycan Respublikasının evsahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunlarına son hazırlıq işləri ilə əlaqədar gördüklərim tam qaneedicidir. Mən Oyunların uğurla keçirilməsi üçün ən yaxşı imkanları təmin etmək işində böyük dəstəyə və diqqətə görə İslam Həmrəyliyi İdman Federasiyası adından Sizə səmimi təşəkkürümü və minnətdarlığımı bildirirəm. Allaha şükürlər olsun ki, bu dəstək və diqqət tərtibat və təşkilat işlərində öz bəhrəsini vermişdir və uğura, fərqlənməyə əminlik yaradır.

İcazə verin bu xoş fürsətdən istifadə edərək bu Oyunların hazırlanması və təşkilində göstərdiyi böyük səylərə və yüksək rəhbərliyə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Oyunların Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevaya təşəkkür edim.

Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb. Müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdən Azərbaycan İslam ölkələri arasında qarşılıqlı əlaqələrin genişlənməsi üçün mühüm addımlar atır. Bakı şəhərinin 2009-cu, Naxçıvan şəhərinin isə 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçısı kimi Azərbaycanın seçilməsi qeyd olunan faktların məntiqi nəticəsidir. Bu sahədə UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusilə vurğulamaq lazımdır.

Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycan Respublikasında İslam həmrəyliyi ili elan olunması da qlobal məkanda ciddi kataklizmlərin yaşandığı bir vaxtda zamanın çağırışlarına cavab verən addımdır. Ölkə başçısı tərəfindən İslam həmrəyliyi təşəbbüsünün irəli sürülməsi çox mütərəqqi addım oldu. İndiyədək müsəlman ölkələrini din ətrafında birləşməyə çağıran müəyyən təşəbbüslər göstərilib. Dövlət başçısı isə tarixdə ilk dəfə olaraq İslam dünyasına siyasi mesaj ünvanladı, vahid mövqedən çıxış etməyin, birliyə nail olmağın, eyni zamanda dünyaya inteqrasiyanın vacibliyinə işarə etdi. İslam ölkələri arasında ədavəti qızışdırmaq, onlar arasında məzhəb və təriqət savaşlarına rəvac vermək istəyən xarici dairələr əvvəllər də olub, bu gün də xüsusi fəallıq göstərirlər. Şübhəsiz ki, 2017-ci ilin respublikamızda İslam həmrəyliyi ili elan edilməsi müsəlman dünyasında baş verən qarşıdurmaların qarşısının alınması və İslam ölkələri arasında həmrəylik yaradılması işinə öz töhfəsini verəcək.

Prezident İlham Əliyev bildirib: Bu il Azərbaycanda İslam həmrəyliyi ili elan edilmişdir. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Əminəm ki, gələn ay keçiriləcək Oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar. Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdir və bizim birliyimiz bizim gücümüzü artırır.

İslam həmrəyliyi ili müsəlman ölkələrinin həm iqtisadi, həm mədəniyyət, həm də mənəviyyat sahəsində bir-birinə dəstək, həmrəy olması məsələsini özündə əks etdirir və onlar arasında düşmənçilik salmaq istəyənlərə tutarlı cavabdır. Azərbaycanda beynəlxalq idman tədbiri olan IV İslam Həmrəyliyi Oyunlarının da keçirilməsi İslam ölkələri arasında əlaqələrin yeni müstəvidə qurulmasına töhfə verəcək.