Səs.-2017.-5 aprel- 57.-S.10.

 

İslam dövlətləri ilə dostluq və əməkdaşlıq genişləndirilir

 

Nəzakət Ələddinqızı

 

XXI yüzillikdə Azərbaycan dövlət müstəqilliyini daha da möhkəmləndirib, demokratik cəmiyyət quruculuğu, dünya birliyinə inteqrasiya sahəsində ciddi nailiyyətlərə imza atıb. Dünya ölkələri ilə münasibətlərini suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamaq kimi beynəlxalq norma və prinsiplər əsasında quran Azərbaycan beynəlxalq birliyin etimadını qazanıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya birliyi ilə münasibətlərin qurulmasına, əməkdaşlığa da xüsusi önəm verib. Dünyanın nüfuzlu təşkilatlarına üzv olan Azərbaycan artıq dünya xalqları arasında dialoqun təşviqi və inkişafında mühüm rola malikdir. Bu gün real coğrafi və geomədəni imkanlara malik olan Azərbaycan həm islam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərini qurub.

 

İslam dünyasının inkişafı naminə töhfələr

 

Elm, təhsil və mədəni əməkdaşlıq sahələrində islam ölkələri arasında əlaqələrin daha da gücləndirilməsi və qarşılıqlı münasibətlərin dərinləşməsinə və bu əlaqələrin inkişafına daim dəstəyini verir. Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq istiqamətində keçirilmiş beynəlxalq tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək, aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin çox böyük əksəriyyəti, artıq beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfdən olmuşdur. Bakıda keçirilmiş "Gənclər sivilizasiyaların alyansı naminə" beynəlxalq konfransı, "Mədəniyyətlərarası dialoqda qadınların rolu" Forumu, İslam Ölkələri Elm və Təhsil Nazirlərinin VI Konfransı, İslam Ölkələri Mədəniyyət Nazirlərinin VI Konfransı, Dünya Dini Liderlərinin Bakı Sammiti, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və digər bu kimi tədbirlər elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin yaradılması və xalqlar arasında dialoqun qurulmasında böyük əhəmiyyətə malikdir. Keçirilən tədbirlər islam dünyasının inkişafı naminə öz töhfələrini vermiş olur.

 

"Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir".

 

Bu gün ölkəmiz "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarına hazırlaşır. Bu oyunlar ölkəmizin tolerantlıq və multikulturalizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Oyunların yayımı ölkəmizin dünyaya tanıtdırılması, Bakının gözəlliyinin nümayişi, tarixi və mədəni irsimizin təbliği üçün geniş imkanlar yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, İslam Oyunları ilk növbədə islam həmrəyliyini gücləndirəcək, həm islam aləminə, həm dünyaya bir daha göstərəcək ki, islam dini sülh, mərhəmət və qardaşlıq dinidir: "Eyni zamanda, dünyaya göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir".

Paytaxtımızda keçirilən ilk Avropa Oyunları Azərbaycanın potensialını ortaya qoymağa geniş imkanlar açdı. Avropaya və bütün dünyaya bir daha müstəqil, müasir Azərbaycanın güclü dövlət olduğunu göstərə bildi. Bütün bunlarla yanaşı, Azərbaycan dostluq, əməkdaşlıq məkanı olaraq da təqdim olundu. "...Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri rahat bir ailə kimi yaşayır", - deyən dövlət başçısı Azərbaycan xalqının qonaqpərvərliyini, öz tolerantlığını, qonaqlara olan hörmətini bir daha bu oyunlarda ifadə etdiyini bildirib: "Azərbaycan bir nümunədir, bir örnəkdir. Bu, normal həyat tərzidir. Mən bir daha demək istəyirəm ki, biz həyata keçirdiyimiz işlərdə hər hansı bir fövqəladə nailiyyət görmürük. Bu, normal həyat tərzidir. Sadəcə olaraq, bəzi ölkələrdə bu normal həyat tərzi pozulub və irqçilik, ksenofobiya, islamofobiya hökm sürür".

 

Əsas şüarı "həmrəylik bizim gücümüzdür" olan oyunlar müxtəlif xalqlar arasında körpü rolunu oynayacaq

 

IV İslam Həmrəyliyi Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri artıq müəyyən edilib və yarışlar ölkəmizdə mövcud olan idman obyektlərində Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzində keçiriləcək. İlk Avropa Oyunlarına hazırlıq mərhələsində yenidən qurulan və əsaslı bərpa edilən bütün idman obyektlərindən istifadə olunacaq. Media Kəndində kütləvi informasiya vasitələrinin nümayəndələri yerləşdiriləcək.

Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları Azərbaycan üçün təkcə idman tədbiri olmadığını, eyni zamanda, xalqlar arasında əlaqələrin, dialoqun təşviqi platforması da olacaq. Əsas şüarı "Həmrəylik bizim gücümüzdür" olan oyunlar idman yarışması olsa da, müasir dünyada müxtəlif xalqları bir araya gətirərək, onlar arasında körpü rolunu oynayacaqdır.

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının ən yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün çox ciddi şəkildə hazırlıq işlərini davam etdirir ki, oyunlar ən yüksək səviyyədə keçirilsin. Heç şübhəsiz ki, IV İslam Həmrəyliyi Oyunları da ilk Avropa Oyunları səviyyəsində hazırlanıb keçiriləcək və növbəti qələbə tarixə yazılacaqdır.