Azərbaycan.-2017.-4 aprel.-68.-S.7.

 

Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti və Qardaş köməyi

 

Hüseyn GÜNƏŞLİ,

AMEA-nın Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı

 

XIX əsrin başlanğıcından rus işğalına məruz qalan Azərbaycanın Anadolu türkləri ilə əlaqələri XX əsrin əvvəllərinə doğru ən yüksək səviyyəyə çatmışdı. Belə ki, artıq zəifləmiş Osmanlı imperiyasına xarici dövlətlərin müdaxilələri artmış, etnik qarşıdurmalar çoxalmış, nəticədə milli özünüdərk prosesi sürətlənmişdir. Rus işğalları ilə eyni imperiyanın müstəmləkəsinə çevrilən Azərbaycan və Şərqi Anadolu türkləri arasında əlaqələr daha da möhkəmlənmiş, ümumi düşmənə qarşı birgə mübarizə genişlənmişdir. Bu dövrdə Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin fəaliyyəti xüsusi vurğulanmalıdır. Cəmiyyətin xətti ilə göstərilən qardaş köməyi işğal günlərini yaşamış şəxslərin xatirələrində zaman-zaman öz əksini tapsa da, bu mövzuya indiyə qədər bir elmi iş həsr edilməmiş, istər Türkiyə, istərsə də Azərbaycan ictimaiyyəti bu barədə məlumatsız qalmışlar. Yəni Türkiyədə yaşayan əhali onlara edilən bu yardımlar haqqında heç bir məlumata sahib olmadıqları kimi, azərbaycanlılar da Anadoludakı qardaşlarına etdikləri yardımlardan xəbərsiz olmuşlar. Xüsusilə sovet Rusiyasının Azərbaycan xalqının Türkiyəyə qarşı maraq və yaxınlığını aradan qaldırmaq üçün tətbiq etdiyi siyasətin nəticəsi olaraq 70 il boyunca Azərbaycanda bu mövzularda, demək olar ki, heç bir elmi araşdırma aparılmamış, hətta Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin adı belə unutdurulmağa çalışılmışdır. Türkiyədə bu mövzularla maraqlanmaq istəyən bəzi tədqiqatçılar isə qaynaqları əldə edə bilmədikləri üçün mövzudan uzaqlaşmaq məcburiyyətində qalmışlar.

XX əsrin əvvəllərində Osmanlı ərazisində baş verən hadisələr, xüsusilə əsarəti altında yaşadıqları Rusiyanın Balkan müharibəsi əsnasında panslavist siyasətini daha bariz şəkildə ortaya qoyması azərbaycanlıların Türkiyə ilə əlaqələrinin əhəmiyyətini daha da artırırdı. Bu tarixdən etibarən Türkiyədə meydana gələcək hər hadisə Azərbaycanda əks-səda doğururdu.

1908-ci ildən sonra, Türkiyə daxili siyasi çəkişmələrlə çalxalandığı bir dövrdə bunu fürsət bilən italyanlar Osmanlı dövlətinin Afrika qitəsində qalan son torpaqlarını - Trablisi ələ keçirmək üçün hərəkətə keçərkən digər tərəfdən başda Rusiya olmaqla böyük dövlətlərin təsiri ilə Balkan dövlətləri birləşib Osmanlı dövlətinə müharibə elan etmişdilər.

Həmin günlərdə Rusiya Balkanlardakı bu panslavist siyasətini davam etdirməklə yanaşı, yeni Balkan dövlətlərinə yardım toplanması üçün məmurlarını ölkənin hər tərəfinə göndərirdi. Serb və bolqar ordusuna minlərlə rus könüllü yazılırdı. Rusiya mətbuatı da bu dövrdə panslavist təbliğata yönəlmişdi. Rusiyada birbaşa türk dünyasını hədəf alan panslavist təbliğatlar elə dəhşətli bir səviyyəyə çatmışdı ki, rus yazıçılardan biri Balkanlara gedəcək Salib-i Ahmer heyətinə (Qızıl Xaç) xitabən qələmə aldığı məqalədə bir slavyan, bir xristian varkən türk yaralısına baxmayın deyə yazırdı. Balkan müharibələri əsnasında Rusiyanın tutduğu bu mövqe və Balkanlardan gələn faciəli xəbərlər Rusiyada yaşayan bütün türkləri kədərləndirərkən, həm də onlarda milli hisləri alovlandırmışdır. Hətta bu vəziyyət Azərbaycan liberallarının rus liberallarından tamamilə ayrılıb millətçilərə birləşməsinə təkan vermişdir.

M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Balkan müharibəsi əsnasında bəyannamə hazırlanaraq milləti oyatmaq və Türkiyəyə köməyə dəvət etmək məqsədilə paylanmışdır.

Bu bəyannamənin və Balkanlardan gələn ağrılı xəbərlərin Azərbaycan türklərinə böyük təsiri oldu. Bunun nəticəsində Azərbaycan türkləri Balkanlarda döyüşən qardaşlarına və çətin vəziyyətdə qalan bölgə əhalisinə kömək etmək üçün fəaliyyətə başladılar. Bakılı türk zənginlər Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti binasında yığıncaq təşkil etdilər. Həmin yığıncaqda başda Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin idarəçiləri olmaqla hər kəsin öz maddi vəziyyətinə uyğun yardımlar etməsi qərara alındı. Eyni zamanda toplantıda bəzi qərarlar da verildi. Bununla bağlı sonralar TBMM Qars millət vəkili olacaq Fəxrəddin Ərdoğan Türk ellərindən xatirələrim adlı kitabında yazırdı: Bakıda Xeyriyyə Cəmiyyətinin toplandığı yer olan İsmailiyyə binasına toplaşan Bakı milyonerlərindən Hacı Zeynalabdin Tağıyev yarım milyon qızıl pul yardımı etmişdi. Digər zənginlər 100 mindən az olmamaq şərti ilə hər kəs öz gücünə uyğun ianə yarışına qatılmışdı. Pul işi tamamlandıqdan sonra bu cəmiyyət binasında bir qərar daha verildi. Belə ki, türklər bu hərbdən azad oluncaya qədər qızlar və gənclər evlənməyəcəklər, kinoya və teatrlara getməyəcək, evlərdə musiqi səslənməyəcək, kişilərin heç biri taraş olmayacaq. Milli həyəcanın ifadəsi olan qərarın tam olaraq tətbiq edildiyini görən Türkiyənin Bakı Baş konsulu Əli Kamal bəy də bu qərara uyğun olaraq saqqal saxlamışdı.

O günlərdə Azərbaycan türklərinin Türkiyədəki qardaşlarına kömək üçün keçirdikləri hislərin bariz nümunəsi olan bir hadisəni Fəxrəddin Ərdoğan öz xatirələrində belə qələmə alırdı: Türk Konsulluğu yeddimərtəbəli və üstündə ay-ulduzlu şanlı bayrağı dalğalanan bir bina idi. Bir cümə günü axşam vaxtı konsul Əli Kamal bəy çölə çıxdı, qarşısında gözlərini dünyaya bağlamış, kor, saqqallı, qoca bir adam gördü. Nə istəyirsiniz? - deyə soruşdu. Qoca Siz kimsiniz? - deyə soruşdu. Özünün türk konsulu olduğunu söyləyən Əli Kamal bəy qocanın bu sözü ilə qarşılaşdı. Uzat əlini mənə. Əli Kamal bəy əlini qocanın əlinə verdi. Qoca bir bismillah çəkərək Əli Kamal bəyin ovcuna bir miqdar pul qoydu və dedi: Mən yeddi nəfərlik bir ailənin rəisiyəm, bu qoca halımla bir iş görə bilmədiyim üçün dilənçilik edirəm. Həftədə qazancımın ən məhsuldar günü cümə günləri came qapısında keçən gündür. Türk qardaşlarımın başından bu fəlakət sovuşana qədər ianə olaraq hər cümə günü yığdığım pulları sizə gətirib təslim edəcəyəm. Qüdrətim buna çatır deyib Əli Kamal bəyin əlini öpmək istəyən bu zadəgan ruhlu qocanın qarşısında gözləri doldu.

Bakıdakı Türk Konsulluğu binasının qarşısında Qızıl Aya kömək üçün Azərbaycan xalqı birlik nümayiş etdirərək toplanırdı. Bu həyəcandan qorxan çar hökuməti Türk Konsulluğunu bağladı.

1915-ci ildə Novruz bayramı münasibətilə Nicat və Maarif Cəmiyyətində yığıncaq təşkil olunmuş, gəlirinin fəlakətə uğrayan müsəlmanlar üçün sərf edilməsi nəzərdə tutulan Qardaş köməyi adlı qəzet çıxarmağa qərar verilmişdi. Bununla da ilk dəfə Azərbaycan türk mətbuatının nümayəndələri tərəfindən Qardaş köməyi şüarı irəli sürüldü. Qardaş köməyi nə demək idi? Bu suala Bakıda dərc olunan Doğru söz qəzetinin yazarlarından İslam bəy Kabulov belə cavab verirdi: Qardaş köməyi Qafqaz hərb səhnəsində fəlakətə düçar olan zavallı müsəlmanların ağrısını yüngülləşdirmək üçün uzadılan yardım əllərinin yaratdığı şəfqət və mərhəmət hissinə verilən ən münasib ad idi.

Bundan sonra Azərbaycan türkləri döyüşdə zərər çəkən, haqsızlığa və qırğınlara düçar olan, ac, susuz, sahibsiz qalan, yurdları dağıdılaraq qaçqın düşən, döyüşlərdə Rusiya tərəfindən əsir götürülən irqi və dini bağlılığı olduqları qardaşlarına etdikləri maddi və mənəvi yardımda həmişə Qardaş köməyi şüarından istifadə etmişdilər. Azərbaycan türk mətbuatının ortaya atdığı Qardaş köməyi ifadəsi göstərilən bütün yardımların nişanəsi olaraq yaddaşlarda qalmışdır. Azərbaycan türklərinin Türkiyədəki qardaşlarına göstərdiyi köməkdə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti qabaqcıl və təşkilatlandırıcı rol oynayırdı.

Qeyd etdiyimiz kimi, Azərbaycan türk qəzet sahibləri və yazıçıları tərəfindən Novruz bayramı münasibətilə bayramın ikinci günü, yəni martın 20-də Qardaş köməyi adı ilə bir qəzet çıxarılması qərarlaşdırılmış və işlərə başlanılmışdı. Qərara görə, Novruz bayramının ikinci günü həmin qəzetdən başqa heç bir müsəlman qəzeti dərc olunmayacaq, gəlirin hamısı zərərçəkmiş müsəlmanların xeyrinə istifadə ediləcəkdi.

Görülən işlər öz səmərəsini verdi, Qardaş köməyi qəzeti bir günlük gecikmə ilə bayramın üçüncü günü - 21 mart 1915-ci il tarixində yalnız bir nüsxə ilə çapdan çıxmışdı. Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinə başçılıq edən Mirzə Əsədullayev qəzetin məsul müdiri oldu, qəzetin çıxarılması üçün lazımlı olan kağızı da Haşim bəy Vəzirov, Orucov qardaşları və İkdam qəzetinin sahibi Əli Muxtar Əli Əkbərov təmin etmişdilər. Qardaş köməyi qəzetinin dərc olunması işində zəhmət çəkənlərin heç biri əməkhaqqı almadı, bu işdə könüllü olaraq pulsuz fəaliyyət göstərdilər.

Qardaş köməyinin birinci səhifəsində Milli fəlakət qarşısında, milli mətbuatımızın ittihadını göstərən bu qəzetin gəliri hərbzədə müsəlmanların xeyrinə olmaq üzrə bir günlük nəşr olunur yazılmışdı. Qəzetdə Qafqaz cəbhəsi döyüşlərində Qars və ətrafında yaşayan müsəlmanların məruz qaldıqları fəlakətlərdən bəhs olunur və onlara Azərbaycan xalqının qardaş köməyi təklif edilirdi. Azərbaycan türk qadınlarının qardaş köməyi istiqamətində göstərdikləri həssaslıq və yardımlar da qəzetin sütunlarında öz əksini tapırdı.

Qardaş köməyi qəzeti 10 qəpik qiymətlə satışa çıxarıldı və qəzetin satışından 1300 manat gəlir əldə edildi. Bu pulun hamısı Qars, Ərdəhan və digər yerlərdə fəlakətə uğramış müsəlmanlara xərcləndi. Bundan sonra Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti şəhər idarəsindən Qars, Ərdəhan və başqa yerlərdə fəlakətə uğramış müsəlmanlar üçün Bakıda birgünlük yardım toplamağa icazə aldı. Bu izindən sonra 7 may tarixini Qardaş köməyi günü elan edərək Bakı əhalisini köməyə çağırdılar və dərhal hazırlıqlara başlanıldı. Yüzlərlə azərbaycanlı Xeyriyyə Cəmiyyətinin binasına gələrək kömək göstərdi.

Xeyriyyə Cəmiyyəti həmin günün xatirəsi olaraq kömək edənlər üçün xüsusi nişanlar hazırlatmışdı. Yardımtoplama işlərinin nizamlı və məhsuldar olması üçün şəhər 19-20 hissəyə bölündü və hər hissəyə məsul bir başçı təyin edildi. Bu başçılara kömək məqsədilə əksəriyyətini qadın və gənclərin təşkil etdiyi könüllülərdən ibarət 20 və ya daha çox şəxs seçildi.

7 may səhər saat 7-də Bakı şəhərinin hər yerində 400-dən çox könüllü tərəfindən xüsusi nişanlar satılaraq fəaliyyətə başlanıldı və bu, gecə saat 10-11-dək davam etdi.

Yardımları toplayanların 150-dən çoxunu azərbaycanlı xanımlar təşkil edirdi. Onların arasında Bakının ən nüfuzlu şəxslərinin xanımları da var idi. Hacı Zeynalabdin Tağıyevin qızı da əlində gül dolu səbətlə Bakı bulvarında zənginlərin mağazalarına girərək onlara gül təqdim etmiş və əhəmiyyətli miqdarda pul toplamışdı.

Qardaş köməyi günü müvəffəqiyyətlə keçdi, xüsusilə azərbaycanlı qadınlar və gənclərin gördükləri işlər çox təsirli oldu. Toplanan yardımlar Xeyriyyə Cəmiyyətinin binasına gətirilərək gecə saat 11-də cəmiyyətin başçısı Mirzə Əsədullayevin də iştirakı ilə sayılıb hesablandı. Qardaş köməyi günündə 25 min manat pul toplanmışdı.

Yığıncaqda iştirak edənlərdən bəziləri Qardaş köməyi gününün təkrar keçirilməsi ilə daha çox yardım toplaya biləcəkləri fikrini irəli sürdü, qurumun səlahiyyətli şəxsləri yenidən icazə alaraq belə günlər təşkil edəcəklərini və bunu Bakı ilə yanaşı, Qafqazın digər bölgələrində də həyata keçirəcəklərini bildirmişdilər.

Bundan sonra başqa şəhərlərdə də Qardaş köməyi günlərinin keçirilməsi müşahidə edildi. Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin qərarı ilə 16 may 1915-ci ildə Tiflisdə təşkil edilən Qardaş köməyi günü Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti və Qafqaz Müsəlman Unas Xeyriyyə Cəmiyyəti tərəfindən Tiflisdə yaşayan türklərdən 7665 manat 80 qəpik toplandı. Sonralar Gəncədə təşkil olunan Qardaş köməyi günündə 3500 manat, İrəvanda isə 2400 manat pul yığıldı.

Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin hərbzədə müsəlman qaçqınlarına kömək şöbəsinin 26 noyabr 1915-ci il tarixində təşkil etdiyi yığıncaqda bütün Qafqazda müharibədən zərər çəkmiş müsəlmanlar üçün yardımlara başlanması qərarı qəbul edildi. Bundan sonra Qafqazın hər tərəfindən zərərçəkmiş müsəlmanlar üçün Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinə yardımlar göndərilməyə başlanıldı.

Şübhəsiz, müharibələrdən ən çox zərər görənlər uşaqlar idi. Qafqaz cəbhəsində gedən Osmanlı-rus müharibələrində xeyli sayda müsəlman uşaq ana və atalarını itirdi, yuvaları dağıldı və sahibsiz qaldı. Bu uşaqlardan mühüm bir qismi aclıq, soyuq və xəstəliklərdən həyatını itirdi, bir qismi də rus işğalı altındakı ərazilərdə sahibsiz və müdafiəsiz qalmışdı.

Qafqaz cəbhəsi döyüşlərində ağır vəziyyətə düşən müsəlmanlara yardım etmək üçün rus hökumətindən lazımi icazəni alaraq fəaliyyətə başlayan Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti əsasən fəlakətlərə məruz qalmış müsəlman uşaqlarına qol-qanad gərmək və onları düşdükləri ağır vəziyyətdən xilas etmək üçün böyük fədakarlıqla, təqdirlə anılacaq işlər görmüşdür.

Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti yaranan bütün problemlərə və çətin şəraitə baxmayaraq, Qafqaz cəbhəsi döyüşlərində Anadoluda fəlakətə uğrayan sahibsiz, küçələrdə qalan minlərlə müsəlman-türk uşağı yerləşdirmək üçün Bakıda 4, Gəncədə 4, Tiflisdə 2, Şuşa, Şamaxı, Axalsıx, Şəki, Batum, Çakvidə 1 sığınacaq, həmçinin müharibə zonasında yerləşən Kağızman, Ərdəhan, Oltu, İqdır, Xınıs və Vartoda 1 sığınacaq açmışdı. Bu sığınacaqlar Xeyriyyə Cəmiyyətinin Qars, Batum, Tiflis, Gəncə, Şuşa və digər bölgələrdə müharibədən zərər görən müsəlmanlara yardım etmək məqsədilə təşkil etdiyi komitə və şöbələr tərəfindən yaradılmışdı.

Xeyriyyə Cəmiyyətinin sahibsiz uşaqlar üçün təşkil etdiyi sığınacaqlarda hər şey qaydalara görə, müəyyən nizam içərisində icra edilirdi. Hətta Xeyriyyə Cəmiyyəti bu sığınacaqlar üçün bir təlimatnamə də hazırlamışdı. Bu təlimatnamədə cəmiyyət tərəfindən kimsəsiz və qaçqın uşaqlar üçün sığınacaqların ancaq müsəlmanların yaşadığı bölgələrdə, cəmiyyət tərəfindən təyin olunmuş şəxslər vasitəsilə və icazə ilə açıla biləcəyi ilk hökm olaraq ifadə edilmişdi. Təlimatnamədə olan digər hökmlər də qısa olaraq bunları əhatə edirdi: sığınacaqlarda çalışanların və saxlanılan yetim uşaqların sayı, sığınacaqların ərzaq ehtiyacları və problemləri 2-3 həftədə bir dəfə baş məsul nümayəndə olan Xosrov bəy Sultanova bildiriləcək. Hər sığınacağın bir məsul müdir və ya müdirəsi olacaq. 50 uşaqdan az olan kiçik sığınacaqlarda müdir həm də hesab işləri ilə maraqlanmalıdır. 60 uşaqdan çox olan sığınacaqlarda isə hesab işləri ilə daha bir adam məşğul ola bilər. Sığınacaqlardakı böyük yaşlı qızlar sığınacağın mətbəx işlərində köməkçi ola bilərlər. Sığınacaqlarda işləyən müəllimlər türk dilini yaxşı bilməli, türkcə oxuyub-yazmağı bacarmalıdırlar. Həmçinin sığınacaqlarda uşaqlara müəyyən sənətləri öyrətmək üçün əl işi müəllimi, musiqi müəllimi və s. saxlanıla bilər. Sığınacaqlarda uşaqların sayına görə hamam və camaşırxana açılmalıdır. Sığınacaqlarda ilk günlərdən uşaqlara öz yataqlarını yığmaq, otaqlarını təmizləmək, sadə əşyalarını tikmək kimi işləri öyrətmək qaydası qoyulmalıdır ki, bir müddət sonra onlar kimsənin köməyi olmadan bu işləri görə bilsinlər. Məktəb yaşına çatan uşaqlar məktəblərə göndərilməli və bunların xərcləri üçün ayrı hesab tərtib edilməlidir. Hər rübün sonunda sığınacağın müdiri baş nümayəndə Dr. Sultanova sığınacağın vəziyyəti haqqında hesabat verməli, bütün xərclər, əgər 3 manatdan çox olarsa, onu təsdiq edən qəbzlərlə birlikdə təqdim olunmalıdır.

Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Tiflisdəki sığınacağında gördüyü mənzərədən olduqca təsirlənən Əhməd Cavad Açıq söz qəzetində işləyən cəmiyyət nümayəndələri haqqında bunları qeyd edirdi: Cəmiyyəti-Xeyriyyə Heyəti vaxtlarını burada iş görərək keçirirlər. Buna görə də burada bütün millətdaşlarını özlərinə minnətdar edirlər. Müdirə Fatma xanım isə bütün həyatını bura bağlamışdır. Gecə-gündüz uşaqlarla bərabər, özünə aid bir vaxtı yox. Hər şeyi burada. Bütün analıq şəfqəti, qadınlıq məhəbbətini bu yazıq balalara sərf edir və bura yenə yetimlər evi deyil, söhbət evi dedirtməyə məcbur edir. Özünü də bu yetim uşaqlara qurban etməklə Yetimlər anası və həqiqətən Millət qızı deməyə məcbur edir.

Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin müharibədən zərər çəkən kimsəsiz müsəlman uşaqları üçün açdığı bu sığınacaqlarda təkcə uşaqlar saxlanılmır, zaman-zaman döyüş bölgəsindən qaçaraq buralara pənah gətirmiş qaçqın müsəlman qadın və yaşlı kişilər də qalırdılar. Məsələn, Şuşadakı sığınacaqda uşaqlardan başqa 3 nəfər yaşlı kişi və 14 qadın da var idi.

Beləcə, XIX əsrin sonlarından etibarən Azərbaycanda inkişaf etməkdə olan Türkçülük hərəkatı, Balkan müharibələri əsnasında Türkiyəyə edilən bu qardaş yardımları ilə ilk addımlarını atdı və daha sonra Birinci Dünya müharibəsi əsnasında meydana gələcək Qardaş köməyi fikrinin və ediləcək yardımların da təməlini qoydu. Bu yardımlarda qabaqcıl və təşkilatlandırıcı rol oynayan Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Anadolu türklərinin qəlbində taxt qurmuşdur.