Xalq qəzeti.-2017.-1 aprel.-66.-S.4.

 

İrəvan quberniyasında azərbaycanlıların soyqırımı
(1918-1920-ci illər)

 

İlqar NİFTƏLİYEV,

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru

 

 

Qarşımızda duran əsas vəzifələrdən biri son əsrdə xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik nümayiş etdirməliyik.

Heydər Əliyev
Ümummilli lider

 

XX yüzilliyin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı müxtəlif dövrlərdə ermənilər tərəfindən həyata keçirilmiş mütəmadi qırğınlar mahiyyətinə görə məhz soyqırımı aktı olmuşdur. Aralıq dənizindən Qara dənizə, oradan isə Xəzər dənizinə qədər çox geniş coğrafiyada torpaqlara birbaşa yiyələnmək və mifik Böyük Ermənistan yaratmaq iştahına düşən erməni millətçiləri niyyətlərinin tarixi və hüquqi əsası olmadığından buna yalnız fiziki müdaxilə yolu ilə nail olmağa çalışmışdılar.

Birinci dünya müharibəsi cəhbələrində, xüsusilə Qafqaz cəhbəsində baş verən dəyişikliklər prosesində ermənilər niyyətlərini müxtəlif qütblərdə dayanan dövlətlərin marağına uyğunlaşdıraraq, yaranan tarixi fürsətdən istifadə etməyə çalışmışdılar. Məsələn, təbəəsi olduqları Osmanlıya qarşı vuruşan ermənilər Rusiya dövlətinə xidmət göstərərək, Türkiyə daxilində ikinci cəbhə açmaq, əvəzində bu ərazilərdə muxtar dövlətçiliyi qurmaq məqsədi güdürdülər. Rusiya mütləqiyyəti dövründə reallaşdıra bilmədikləri bu arzunu onlar bolşevik hakimiyyətinin ilk aylarında rəsmiləşdirdilər: Sovet Rusiyası Xalq Komissarları Sovetinin Türkiyə Ermənistanı haqqında 1917-ci il 29 dekabr tarixli dekreti meydana çıxdı.

Həmin dekretlə bolşeviklər ermənilərin hamisi olduqlarını və bununla da çar Rusiyasının siyasətini təkrar etdiklərini göstərdilər. Bu sənədin arxasında ermənilərin yaşadıqları türk torpaqlarında rus himayəsində oyuncaq erməni dövləti qurmaq və gələcəkdə həmin əraziləri Rusiyaya ilhaq etmək məqsədi dururdu. Lakin Birinci dünya müharibəsinin Rusiyası üçün ağır siyasi nəticələri ermənilərin iddia etdikləri Türkiyə Ermənistanı planlarını puça çıxardı. 1917-ci il Oktyabr çevrilişindən sonra Rusiyada hakimiyyətə gələn bolşeviklər 1918-ci il martın 3-də Brest-Litovsk müqaviləsi ilə Osmanlı dövlətinin 1877-1878-ci illərə qədərki sərhədlərini tanıyaraq, əslində, Türkiyə Ermənistanı haqqında 29 dekabr 1917-ci ildə elan olunmuş dekretdən imtina etdiklərini bildirdilər. Bundan sonra erməni millətçiləri öz dövlətlərini məhz Qafqazda yaradılmasını cinayət fəaliyyətlərinin əsas məqsədi kimi seçdilər. Təbii ki, həmin dövlətin yaradılması qonşu torpaqlar (Azərbaycan və Gürcüstan əraziləri) hesabına təmin olunmalı idi. Ermənilərə bu niyyətlərinin həyata keçirilməsinə bir sıra amillər şərait yaradırdı. İlk növbədə, Birinci dünya müharibəsi dövründə rus ordusu ilə paralel olaraq, onun tərkibində Osmanlı dövlətinə qarşı vuruşan könüllü erməni silahlı dəstələrinin cəhbədən qayıdaraq Cənubi Qafqazda cəmləşməsi, gələcək hərbi qarşıdurmalar baxımından ermənilərə çox böyük üstünlüklər verdi. İkincisi, 1917-ci il fevral inqilabdan sonra erməni siyasi təşkilatları açıq fəaliyyətə keçdilər və onların nümayəndələri Cənubi Qafqazın bütün seçkili orqanlarında təmsil olundular ( azərbaycanlılarla və gürcülərlə yanaşı). Üçüncüsü, 1915-1916-cı illərdə erməni silahlı dəstələrinin Şərqi Anadoluda dinc türk-müsəlman əhalisinə qarşı törətdikləri soyqırımına cavab olaraq Osmanlı hökumətinin gördüyü tədbirlər nəticəsində böyük sayda erməni Cənubi Qafqaza köçdü. Həmin nəhəng axının harada gəldi yox, məhz İrəvan quberniyasının ərazisində yerləşdirilməsi nəticəsində bu yerlərdəki erməni əhalisi qısa müddətdə dəfələrlə artdı. Bu proses erməni qaçqınları ilə birgə Qafqaz cəhbəsindən qayıdan erməni silahlı dəstələri tərəfindən yerli müsəlman əhalisinin zorla öz torpaqlarından qovulması ilə müşayiət olunurdu (1917-ci il Qafqaz təqviminin məlumatına görə, İrəvan quberniyasında müsəlmanların sayı 423123 nəfər idi).

Beləliklə, ermənilər Cənubi Qafqazda gələcək dövlətləri üçün ərazilərin təmizlənməsinə başladılar. 1918-ci ilin mart ayına qədər İrəvan quberniyasının qarət olunmuş və tərk edilmiş müsəlman kəndlərinin siyahısı adlı sənəddə göstərilir ki, İrəvan, Sürməli, Üçmüədzin, Yeni Bəyazid qəzalarında ermənilər tərəfindən dağıdılan və məhv edilən müsəlman kəndlərinin ümumi sayı 199 təşkil edir. Zaqafqaziya Seyminin müsəlman fraksiyasının 1918-ci il aprelin 10-da keçirilən iclasında Seymin üzvü Mir Hidayət Seyidov məruzəsində geyd edirdi ki, İrəvan quberniyasında iki ay bundan əvvəl müsəlmanlara qarşı ermənilərin və erməni hərbi hissələrinin həyata keçirdiyi əməliyyatların məqsədi həmin əraziləri qaçqın ermənilər üçün təmizləmək və yeni Ermənistan dövləti yaratmaqdır. Ümumilikdə, 1918-ci ilin yanvarından may ayına kimi, yəni türk qoşunları İrəvan quberniyasına daxil olana qədər, burada ermənilər tərəfindən 300-dən çox müsəlman kəndi dağıdılmış, onların əhalisi isə qətllərə və zorakılıqlara məruz qalmışdı.

1918-ci ilin mayında keçmiş İrəvan quberniyasının ərazisində Ararat Respublikasının yaradılması hadisəsini onun ilk baş naziri Hovanes Kaçaznuni belə qiymətləndirirdi: Biz Ermənistanın sahibləri olmalı idik. Əks-halda, onu birdəfəlik itirə bilərdik. Müstəqilliyi elan olunan Ararat Respublikasının nə ərazisi, nə də paytaxtı vardı. 29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərini Ararat Respublikasına güzəştə getdi. Şuranın üzvü Fətəli xan Xoyski Ermənistanla Azərbaycan arasında sərhəd məsələləri barədə şuranın üzvləri ilə Ermənistan Milli Şurasının üzvləri arasında aparılan danışıqlar haqqında məlumat verdi. Fətəli xan öz məruzəsində ermənilərin özlərinin siyasi mərkəzlərini yaratmaq üçün Aleksandropol türk ordusu tərəfindən tutulduqdan sonra İrəvanın Ermənistana güzəştə getməsinin qaçılmaz olduğunu bəyan etdi. Bu məsələ ilə bağlı Milli Şuranın üzvləri Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Ələkbər Ağa Şeyxülislamov və Məhəmməd Məhərrəmov çıxış edərək İrəvanın Ermənistana güzəştə gedilməsinin tarixi zərurət, lakin qaçılmaz acı bir həqiqət olduğunu qeyd etdilər. Şuranın iclasında iştirak edən 28 nəfər üzvündən 16 nəfəri bu təklifin lehinə səs verdi.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı F. X. Xoyski İrəvan və ətrafındakı torpaqların ermənilərə verilməsi barədə Milli Şuranın 29 may 1918-ci il tarixli qərarından dərhal sonra xarici işlər naziri Məhəmməd Həsən Hacınskiyə verdiyi rəsmi göstərişdə yazırdı: Biz ermənilərlə bütün mübahisələri bitirdik, onlar ultimatumumuzu qəbul edəcəklər və müharibəni dayandıracaqlar. Biz İrəvanı onlara güzəştə getdik.

1918-ci il iyunun 1-də Tiflisdə keçmiş canişin sarayında Həsən bəy Ağayevin sədrliyi ilə Müsəlman Milli Şurasının üçüncü iclası keçirildi. Həmin iclasda şura üzvləri İrəvanın Ermənistana güzəştə gedilməsi məsələsi və qaçqınlara köməyin təşkili ilə əlaqədar İrəvana xüsusi nümayəndə heyətinin göndərilməsinin vacibliyi məsələsini qaldırdılar. Təklif qəbul edildi və M.H.Seyidov, B.Rzayev və M.Y.Cəfərovdan ibarət nümayəndə heyətinin İrəvana göndərilməsi qərara alındı. Çox maraqlıdır ki, Milli Şuranın iyunun 7-də keçirilən növbəti iclasında İrəvana göndəriləcək nümayəndə heyəti barədə çox qızğın mübahisə getdi. Bu mübahisələr zamanı İrəvan quberniyasından olan nümayəndə Bağır Rzayev bəyan etdi: Mən əminəm ki, İrəvan quberniyasına sizlərdən heç kim getməyəcək. Oraya biz irəvanlılar mən və Seyidov gedəcəyik. Sizdən bir şeyi xahiş edirik: Öz Azərbaycanınızın müstəqilliyini təmin edib, bizi Ermənistan Respublikasının ərazisində qalanları yaddan çıxarmayın.

İrəvandan olan nümayəndənin narahatlığı təsadüfi deyildi. Sonrakı hadisələr bunun əsaslı olduğunu sübut etdi. Belə ki, 1918-ci ilin iyunun 4-də Batumda Osmanlı dövləti ilə Ararat Respublikası arasında bağlanan müqaviləyə əsasən, sonuncunun ərazisi 9 min kvadratkilometr müəyyən edildi. Bu, İrəvan quberniyası ərazisinin təxminən üçdə bir hissəsini təşkil edirdi (1917-ci il Qafqaz təqviminin məlumatına görə, İrəvan quberniyasının ümumi sahəsi 23194,79 kvadratverst idi).

Ermənistanın sərhədlərinə Yeni Bəyazid qəzası (Basarkeçər adlanan cənub-şərq qismi istisna olmaqla), İrəvan qəzası (Qəmərli-Gərnibasar, Uluxanlı-Zəngibasar və Vedibasar istisna olmaqla), Üçmüədzin qəzası (Sərdarabad istisna olmaqla) və Aleksandropol qəzası (qəza mərkəzi Aleksandropol istisna olmaqla) daxil oldu. Beləliklə, yeni yaradılan Ermənistan Respublikası Göyçə gölü ilə Osmanlı dövlətinin yeni sərhədləri arasındakı dar dağlıq ərazini əhatə edirdi. Ermənilərə verilən Azərbaycan ərazisinin əhalisi cəmi 321 min nəfər idi ki, onun da 230 minini erməni, 80 minini türk-müsəlman, 11 minini isə digər xalqların nümayəndələri təşkil edirdi.

Müvafiq müqaviləyə əsasən, Ermənistan höküməti öz ərazisində yaşayan müsəlman əhalisinin təhlükəsizliyini, inkişafını, ana dilində təhsil almaq, dini ayinlərin sərbəst icrasına şərait yaratmaq haqqında öhdəliklər götürürdü. Bəhs olunan müqaviləni tamamlayan III əlavədə bütün yuxarıda göstərilən öhdəliklər təfərrüatı ilə təsbit edilir və qeyd olunurdu ki, Ermənistan hökuməti öz hesabına ibtidai və orta təhsil verən müsəlman məktəbləri açacaqdır. Lakin sonrakı hadisələr göstərdi ki, müstəqil erməni dövlətində hakimiyyətə gələn Daşnaksütyun partiyası keçmiş İrəvan quberniyasının ərazisində yaşayan müsəlman əhalisinə qarşı soyqırımı siyasətini dövlət səviyyəsində həyata keçirməyə başladı. Bu cinayətlərin sarsıdıcı mənzərəsini yaradan onlarca teleqram, məktub və digər sənədlər bu gün Azərbaycan Respublikasının arxivlərində saxlanılır. Həmin sənədlərin toplanmasında və dünya ictimayyətinə çatdırılmasında ilk tədbirlər hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə görülmüşdü.

Milli Şuranın 1918-ci il iyunun 13-də keçirildiyi iclası ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlar barədə İrəvandan gələn həyəcanlı xəbərlərə həsr olunmuşdu. Şura üzvü İbrahim ağa Vəkilov oradakı müsəlman qaçqınların acınacaqlı vəziyyətləri ilə əlaqədar olaraq onlara kömək məqsədilə 150 min manat vəsait buraxmağı təklif edir. İ. Vəkilovun təsirli nitqindən sonra məlum olur ki, İrəvan quberniyası ərazisində dolaşan ac-yalavac müsəlman qaçqınların sayı 150 min nəfərə çatmışdır. Ona görə də təcili olaraq qaçqınlara ərzaq, geyim və təsərrüfat malları ilə köməklik göstərilməsi təklif olunur. Natiq öz sözlərini zərər çəkmişlərin sayı və dağıdılmış 206 kəndin adlarını sadalamaqla bitirmişdi. Milli Şuranın müvafiq qərarında İrəvan dairəsində qaçqınlara paylamaq üçün tezliklə nümayəndələr vasitəsi ilə pul vəsaiti göndərilməsi, Erməni Milli Şurasının imkan daxilində aclıq çəkən müsəlmanlara ərzaq yardımı olunması qeyd edilmişdi. Türk ordusu komandanlığından isə xahiş edilirdi ki, İrəvan qaçqınlarına ərzaqla yardım göstərsin və müsəlmanların öz doğma kəndlərinə qayıtmalarına kömək üçün tutarlı göstərişlər versin. Beləliklə, yeni yaradılan erməni dövləti götürdüyü öhdəliyin əksinə olaraq, həm Azərbaycan Xalq Cümhuriyyətinə olan iddialarından əl çəkmədi, həm də Batum müqaviləsinin imzalanmasından dərhal sonra Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini pozaraq yeni-yeni Azərbaycan torpaqlarının işğalına başladı. Məhz buna görə də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı F. X. Xoyski 1918-ci il iyulun 31-də o zaman İstanbulda danışıqlar aparan Azərbaycan nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadəyə belə bir göstəriş vermişdi: Əgər ermənilər əldə olunmuş razılığı pozaraq Qarabağla bağlı iddia qaldırsalar, İrəvanın onlara güzəştə gedilməsindən imtina et.

1919-cu il yanvar ayının 7-də Azərbaycan xarici işlər nazirinin müavini Adil xan Ziyadxanovun imzası ilə Ermənistanın xarici işlər nazirinə göndərilən notada qeyd edilirdi ki, İrəvan quberniyasında çoxsaylı erməni silahlı qüvvələri tərəfindən müsəlmanlar zorakılığa məruz qalır, şəhər və kəndlərdə onlar tərksilah edilir, öldürülür və qarət edilir, ermənilərin təqibindən yaxa qurtarmaq üçün Araz çayını keçmək istəyərkən boğulanların sayı 300 nəfərə çatır.

1919-cu il yanvarın 8-də Azərbaycan parlamentinin iclasında İrəvan quberniyasının müsəlman əhalisinin ərz-halları dinlənilmişdi. Sənəddə deyilirdi: 1917-ci ilin dekabr ayından 1918ci ilin iyuna ayına qədər İrəvan quberniyası dairəsində erməni qoşunları tərəfindən iki yüzdən çox müsəlman kəndləri atəşə tutularaq, tarmar olub, əhalisinin isə bir qismi qətl edilmiş, bir qismi də dağlara qaçıb soyuqdan və aclıqdan tələf olmuşlar. İrəvan quberniyasının əsasən, müsəlmanlardan ibarət olan Sürməli, İrəvan, Üçmüədzin, Şərur və Naxçıvan qəzalarının bəzi hissələrinın Osmanlı ordusu tərəfindən işğal edildikdən sonra burada yaşayan ermənilər yeni təşkil olunan erməni cümhuriyyətinin dairəsinə köç etmişlər. Digər tərəfdən, osmanlılar işğal etdikləri mahallarda 100 minə qədər müsəlman İrəvan quberniyasının başqa yerlərindən köçmüşlər. Bunları köçməyə 80-ə yaxın müsəlman kəndini atəşə tutub talayan ermənilər məcbur etmişlər. Hazırda erməni qoşunları Sürməli qəzasını tamamən, İrəvan, Şərur və Üçmüədzin qəzalarının müsəlmanlar ilə məskun mahalını işğal edib Naxçıvan tərəfə yürüş etməkdədirlər. Yürüşlərdə bərabər yerli müsəlmanları qismən kəsib, qismən köylərindən çıxarıb İrana köç etmək məcburiyyətinə salırlar. Məcburiyyət ilə müsəlmanlardan təmizlənmiş mahallara Osmanlı dövlətindən Ermənistanına köç etmiş ermənilər yerləşdirilir. İrəvan quberniyasının bəzi mahallarının tamamilə müsəlmanlar ilə məskun olduğu bu mahalların tarixən və başqa şərait üzrə Azərbaycanın ayrılmaz hissəsi olunmasını nəzərə alıb və məcburən bu mahalları müsəlmanlardan təmizləyib onların yerinə erməni mühacirlərinin oturmağı xilaf və ziddi-qanun hesab edərək bu mahallar məsələsini qəti surətdə həllini sülh konfransına buraxaraq İrəvan müsəlmanları nümayəndələri İrəvan müsəlmanlarının mövcudluğunun mühafizəsi üçün lazım gələn tədabir etmənizi rica ediriz.

Azərbaycan Xarici İşlər Nazirliyinin müttəfiq dövlətlərin Cənubi Qafqazdakı ali komissarına göndərdiyi məktubdan görünür ki, 1919-cu ilin avqust-sentyabrında erməni qoşunları tərəfindən Üçmüədzin, Sürməli, İrəvan, Yeni Bəyazid qəzalarındakı azərbaycanlı kəndləri yenidən dağıdılmışdı. Üçmüədzin qəzasında bir kənd belə salamat qalmamışdı.

Dağıntıda qoşun hissələri ilə birlikdə yerli erməni əhalisi də iştirak edirdi. Qarabağ erməniləri isə xüsusi amansızlıq nümayiş etdirirdilər. Həmişəki kimi, qaçanlar istisna olmaqla, kişilər, əsasən, küt alətlərlə öldürülmüş, qadınlar isə zorlanmış və əsir götürülmüşdür. Erməni qoşunlarının komandanı general Dro öz qoşunlarının bu hərəkətlərini arxa cəbhənin təmizlənməsinin zəruriliyi və strateji şəraitlə izah edirdi. AXC Daxili İşlər Nazirliyinin fondunda saxlanılan xüsusi siyahı-sənəddə təkcə 1919-cu ilin son iki ayı ərzində ermənilər tərəfindən Üçmüədzin qəzasında 62, Sürməli qəzasında isə 34 müsəlman kəndinin məhv edildiyi göstərilir. İrəvan qəzası haqqında sənəddə bircə sətir yazılıb: Zəngibasar kəndlərindən başqa qalan bütün yaşayış məntəqələri məhv edilmişdir. 1919-cu il sentyabrın 2-də AXC-nin himayədarlıq nazirinin səlahiyyətli nümayəndəsi Teymur xan Makinskinin təmsil etdiyi nazirliyə göndərdiyi teleqramda deyilirdi: Son günlərin hadisələri müsəlmanların vəziyyətini faciəli hala saldı. İrəvan, Yeni Bəyazid, Üçmüədzin qəzalarından 150 minədək müsəlman mühacirət etdi. Hazırda Ermənistan sərhədlərində müsəlmanların sayı nisbətən az qalıb, lakin bu az say da talanların nəticəsində və qorxu təzyiqi altında gündən-günə azalır. Artıq Yeni Bəyazid qəzasında müsəlman qalmayıb. Ermənistan hökumətinin nəzarətində olan İrəvan qəzasının bölgələrində müsəlmanların sayı 25 min nəfərdən cox deyil, eyni ilə Üçmüədzin qəzasında (25 min nəfərdən cox deyil), Sürməli qəzasında isə 15 mindir. Aleksandropol qəzasında isə müsəlmanların sayı həmişə az olub. Beləliklə, İrəvan quberniyasında müsəlmanların ümumi sayı azı 70 min - ən çoxu 80 min təşkil edir.

Himayədarlıq Nazirliyinin məlumatına görə, təkcə Yeni Bəyazid, Üçmüədzin və İrəvan qəzaları üzrə 1919-cu ilin sonunda qaçqınların sayı 200 min nəfərə çatmışdı. Azərbaycanın xarici işlər naziri M.Y.Cəfərovun Ermənistandakı həmkarına 1919-cu il sentyabrın 22-də göndərdiyi notada 1918-ci ilin yanvarından etibarən ermənilərin İrəvan quberniyası ərazisində törətdikləri vəhşiliklər xronoloji ardıcıllıqla öz əksini tapmışdır. Notada qeyd edilirdi ki, 1918-ci ilin dekabrında İrəvan quberniyasından türklərin çəkilməsindən sonra Sasun polku İrəvan qəzasının Qaraxaç (Qaraarxac) və Vediçay kənd icmalarının müsəlmanlarını tərksilah etmiş, Qədili, Şahablı, Qraxaç, Dəhnəz, Qarabağlar, Ağasıbəyli və s. kəndlərini darmadağın etmiş, demək olar ki, adları çəkilən kəndlərin sakinlərinin hamısını öldürmüşlər. Eyni qayda ilə Milli Dərəsi rayonunun bəzi kəndləri də üzləşmişlər. Daha sonra notada qeyd edilirdi ki, təqribən həmin vaxt erməni ordusu Yeni Bəyazid qəzasının Basarkeçər rayonunun kəndlərini mühasirəyə almış, Qızılvəng, Subatan, Zağalı kəndlərinin əhalisini qırmışdır. Şahab kəndində uşaqları təndirə atıb yandırmışlar. Azərbaycan tərəfinin dəfələrlə Ermənistanda müsəlmanların ağır vəziyyətinə və onlara qarşı törədilən zorakılıqlara etiraz etməsinə baxmayaraq, Ermənistan hökuməti heç bir tədbir görmürdü. Əksinə, 6 avqust 1919-cu il tarixli notasında erməni tərəfi yenə də bəyan edirdi ki, Ermənistan hökuməti üçün ağ və qara vətəndaş yoxdur.

Azərbaycan parlamentinin 1920-ci il yanvarın 5-də keçirilən iclasında qaçqınlar məsələsi müzakirə edilmişdi. Həmin iclasda cıxış edən Mustafa Vəkilov Ermənistandan 300 min qaçqının gəldiyini qeyd edərək, onların çox ağır vəziyyətdə sərhədyanı qəzalarda yerləşdikləri haqqında məlumat vermişdi.

Vəziyyət o dərəcədə böhranlı idi ki, İrəvan quberniyası ərazisində dinc müsəlman əhalisinin məhv edilməsi və erməni silahlı qüvvələri tərəfindən törədilən vəhşiliklərlə əlaqədar, hətta İranın Qacar hökuməti adından Britaniya komandanlığına şahzadə Əla-üssəltənə etiraz təqdim edilmişdi. Memorandumda göstərilirdi ki, çıxılmaz vəziyyətə düşən Naxçıvan əhalisi İrana yardım üçün müraciət etmiş və onun himayədarlığını xahiş etmişdi. Sənəddə daha sonra qeyd edilir ki, əhalinin əksər hissəsinin müsəlmanların təşkil etdiyi bu vilayətlərə ermənilərin təcavüzü mümkün məhvedici nəticələri üzündən böyük əndişə doğurur. Lord Kerzona məlumatında P. Koks qeyd edirdi: Mən İran hökumətindən aldığım və erməniləri İrəvanda, Naxçıvanda və Qarsda müsəlmanlara qarşı vəhşiliklər törətməkdə ittiham edən memorandumun tərcüməsini əlavə etməyi və bu iğtişaşlara son verilməsi üçün müttəfiq hökumətlərin üzərinə məsuliyyət qoymağı özümə şərəf bilirəm.

İranın Xarici İşlər Nazirliyinin 1919-cu il 21 oktyabr tarixində Böyük Britaniyanın diplomatik missiyasına göndərdiyi depeşada göstərilirdi: Şübhə yoxdur ki, Britaniyanın diplomatik missiyasının İrəvanda, Naxçıvanda, Qarsda və Ermənistanın bütün sərhədi boyunca bu yaxınlarda baş verən olaylar, ermənilərin bu bölgələrin müsəlman əhalisinə qarşı törətdiyi vəhşiliklər, qətliamlar və qarətlər haqqında xəbəri var. Xarici İşlər Nazirliyi, həmçinin belə bir məlumat almışdır ki, ermənilər bu bölgələrdə milliyyətindən asılı olmayaraq, bütün müsəlmanlara qarşı zorakılıq aktı törətmək fürsətinin birini belə əldən qaçırmamışlar. Müsəlman ailələri məhv edilir, heç bir günahı olmadan kişilər və uşaqlar öldürülür, qadınlar cinsi təcavüzə məruz qalır, onların bütün əmlakı qarət edilir. Erməniləri əsla təhrik etməyən bir çox kəndin əhalisi məhv edilmişdir... Millətlərin və dünyanın azadlığına dair böyük dövlətlərin niyyətlərindən xəbəri olan Xarici İşlər Nazirliyi rəsmən bu informasiyanı diqqətinizə çatdırır və xahiş edir ki, Britaniya hökumətinin məmurlarına ermənilərin bu cinayətkar əməllərinin qarşısını almaq və Ermənistanla sərhəddə yaşayan dinc əhalinin həyatını müdafiə etmək tapşırılsın. Onlar həm böyük dövlətlərin təmsilçiləri kimi, həm də erməni barbarlığının şahidləri kimi bu cinayətkar əməllərin qarşısının alınması və müqəssirlərin cəzalandırılması üçün tədbirlər almalıdırlar.

Böyük Britaniya hökuməti tərəfindən xüsusi olaraq Cənubi Qafqaza ezam edilmiş Britaniya ali komissarı ser Oliver Uordrop da Ermənistan hökumətinin yerli müsəlmanlara qarşı törətdiyi cinayətlər haqqında hökumətə göndərdiyi çoxsaylı raportlarda xəbər verirdi. Onun 1919-cu il oktyabrın 2-də Londona göndərdiyi raportda deyilirdi: Bu yaxınlarda ermənilər Yeni Bəyazid, Aleksandropol və İrəvan bölgələrində 60 müsəlman kəndini dağıtmışlar.

Bu cinayətlər o qədər kütləvi hal almışdı ki, hətta ermənilərin içərisində müəyyən dairələr bu faciəli hadisələrə etiraz etməli olmuşdular. Ermənistan parlamentinin eser fraksiyasının Daxili İşlər Nazirliyinə ünvanladığı sorğuda bildirilirdi ki, son üç həftə ərzində İrəvan, Üçmüədzin və Sürməli qəzalarının bir sıra tatar (azərbaycanlı-İ. N.) kəndləri qarət və qətllərə məruz qalaraq, tatar (azərbaycanlı-İ. N.) əhalisindən təmizlənir. Yerli hakimiyyət, nəinki buna maneçilik törətmir, hətta özü baş verən qarət və talanlarda iştirak edir.

Sovet İttifaqının həm siyasi, həm fiziki mənada ən uzunömürlü kommunist liderlərindən olan Anastas Mikoyanın bu məsələdə mövqeyi xüsusi maraq doğururdu. O, yazırdı: Erməni şovinistləri Qara dənizdən Aralıq dənizinə qədər tarixi hüdüdlarda Böyük Ermənistan yaratmaq kimi cinayətkar ideyanın şirin xülyasına ümid bəsləyirlər. Müstəsna qaydada müsəlmanlardan ibarət olan bu ərazidə ermənilərin olmaması onları narahat etmirdi. Böyük Ermənistan ideyasının əhalinin çoxluğuna deyil, onun iradəsinə deyil, imperialist silahına arxalanması Ermənistanı yadellilərdən, cinayətkar ünsürlərdən, müsəlmanlardan təmizləmək yolu ilə qurulması təlqin edilir.

Lakin dinc əhaliyə qarşı törədilən vəhşiliklərlə və görünməmiş zorakılıq aktlarına Ararat Respublikasının baş naziri H.Kaçaznuni belə bəraət qazandırırdı: Yerli müsəlman əhalisi ilə ölkənin daxilində -- Ağbabada, Zodda, Zəngibasarda, Vedibasarda, Şərur-Naxçıvanda, Zəngəzurda və digər ərazilərdə bir sıra qanlı döyüşlər olmuşdur. Müsəlman rayonlarında inzibati tədbirlərlə qayda-qanun yarada bilməməyimizdən, silaha əl atmalı, qoşun çıxarmalı, dağıntılar və qırğınlar törətməli olduq.

1918-1920-ci illərdə Ararat Respublikasında hakimiyyətə olmuş daşnakların azərbaycanlılara münasibətdə həyata keçirdikləri soyqırımı siyasəti əyani şəkildə göstərdi ki, özlərinin mədəniyyəti ilə öyünən ermənilər, əslində, müstəqil dövləti və başqa xalqları idarə etmək baxımından yetişməmişdilər. Bu barədə ABŞ-ın Osmanlı dövlətində ilk səfiri Mark L. Bristol birmənalı demişdir: Son iki il ərzində (1919 - 1920-ci illər - İ.N.) ermənilər Rusiya Qafqazında özlərini idarə etməyə, hakimiyyətləri altında olan milli azlıqlarla davranmağa tamamilə qadir olmadıqlarını nümayiş etdirdilər. Ermənilərin qiymətləndirilməsində Bristolun fikirləri ABŞ-ın ictimai xadimi Ceyms A.Bartonun fikri ilə üst-üstə düşür: Mən onun tərəfdarı deyiləm ki, tabeliyində olan millətlərə münasibətdə erməni amansızlığının qarşısını ala biləcək məhdudlaşdırıcı amil olmadan ermənilərə hakimiyyət verilsin. Daşnaksütyun partiyasının iki illik hakimiyyətini qiymətləndirən erməni müəllifi B.Boryan qeyd edirdi ki, erməni siyasi xadimləri dövlət hakimiyyətini ölkəni idarə etmək üçün deyil, müsəlman əhalini qırmaq və onun əmlakını talamaq üçün qurmuşdular. Beləliklə, daşnak hökumətinin təxminən 30 aylıq hakimiyyəti dövründə İrəvan quberniyasının yerli müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımı siyasəti nəticəsində quberniyanın Ermənistanın nəzarətində olan sərhədlərində cəmi 10 min nəfər müsəlman qalmışdı. Erməni müəllifi A.Lalayanın qeyd etdiyi kimi, Ermənistanda müsəlmanların sayı 77 faiz azalmışdı.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart tarixdə imzaladığı fərmanda deyilir: Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli-memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

Həmin sənəd 1918-1920-ci illər qanlı hadisələrinə siyasi-hüquqi qiymət verərək, ermənilərin xalqımıza qarşı apardıqları soyqırımı və deportasiya siyasətini heç vaxt yaddan çıxarmamağa, tarixçilərimizi təkrar-təkrar bu məsələlərin üzərinə yenidən qayıtmağa cağırırdı. Bununla bağlı Prezident Heydər Əliyevin 1999-cu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə dövlət komissiyasının iclasında dediyi sözlər xüsusi əhəmiyyət kəsb edir: İndi Ermənistan yerləşən ərazi də Azərbaycan torpağıdır. Siz tarixçilər bunları ardıcıl sürətdə subut etməlisiniz. Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər indiki Ermənistan yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daimi ardıcıl sürətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün bir yol açmalıyıq.

2013-cü il sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1918-1920-ci illərdə Azərbaycan xalqının başına gətirilən faciələrə toxunaraq qeyd etmişdir: Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir. Sovet dövründə, təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Ermənistan adlanan dövlətin məhz tarixi Azərbaycan torpaqlarında, keçmiş İrəvan xanlığının ərazilərində yarandığını xüsusi vurğulayaraq, tezliklə azərbaycanlıların bu torpaqlara qayıdacağını bildirmişdir.