Xalq qəzeti.-2017.-2 aprel.-67.-S.5.

 

İnsanlığa qarşı törədilmiş cinayət

 

Rüstəm XƏLİLOV,

Milli Məclisin deputatı

 

1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın, demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Tarixdə elə qanlı hadisələr törədilib ki, təkcə bir xalqa deyil, bütün bəşəriyyətə qarşı ağır cinayət hesab edilir. Belə hadisələr heç vaxt unudulmur. Ona görə də insan qırğınına bais olanların cəzasını da humanizmi özünün həyat norması seçmiş mütərəqqi bəşəriyyət verməlidir. Düz 99 il əvvəl 1918-ci il martın 31-də erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər heç zaman unudulmamalıdır. Tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən, mütəmadi olaraq terror aktları törətməkdən və böyük Ermənistan yaratmaq xülyasından əl çəkməyən erməni şovinist-millətçi qatillərinin zaman-zaman azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı faktları məhz insanlığa qarşı törədilmiş amansız cinayətlərdəndir.

 

Ötən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı 1918-ci ilin mart ayında daha geniş miqyas almış, həm də amansız olmuşdur. Həmin dövrdə erməni şovinistləri Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və başqa yerlərdə dəhşətli qırğınlar törətmişlər. Bu hadisələr zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağda azərbaycanlıların yaşadığı 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada misli görülməyən qırğınlar törədilmişdir. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində 700 minədək azərbaycanlı, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın soydaşımız öldürülmüş, məscidlər, məktəb binaları yandırılmış, yerləyeksan edilmişdir.

Təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıblar. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Göyçay, Kürdəmir və Lənkəran ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınmışdır.

Hər il soyqırımı qurbanlarının anım mərasimlərinin keçirilməsi tarixin ibrət dərsi olaraq, insanlığın faciəsi kimi yaddaşları təzələyir. Bu hadisələr necə unudula bilər? Axı, soydaşlarımıza qarşı törədilən amansız qətliamda körpə, qoca, cavan, qadın, kişilər işgəncələrə məruz qalmış, etnik xalqlar, ləzgilər, tatlar, dağ yəhudiləri, xınalıqlılar, avarlar vəhşiçəsinə öldürülmüşlər.

Erməni millətçilərinin xalqımıza qarşı apardıqları soyqırımı və təcavüzkar siyasəti nəticəsində əzəli torpaqlarımız olan İrəvan, Göyçə və Zəngəzuru itirdik. Tarixi faktlar da təsdiqləyir ki, azərbaycanlılara qarşı iki əsr davam edən soyqırımı siyasəti düşünülmüş şəkildə həyata keçirilmişdir. Erməni silahlıları bolşeviklərin köməyi ilə soydaşlarımızın yaşadıqları ərazilərə qəflətən basqınlar etmiş və qəddarlığına görə tarixin yaddaşından bu gün də silinməyən soyqırımı törətmişlər. Həmin gün martın 31-i xalqımızın yaddaşına soyqırımı günü kimi əbədi həkk olunmuşdur.

31 Mart Azərbaycanlıların Soyqırımı Günü ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildən bəri ölkəmizdə hər il dövlət səviyyəsində qeyd edilir, şəhidlərin xatirəsi anılır, onların ruhuna dualar oxunur. Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmiş və ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan olunmuşdur. Ermənilər tərəfindən törədilmiş soyqırımı hadisələrinin əsl mahiyyəti ulu öndərimizin imzaladığı fərmanda açılmış, xalqımıza qarşı törədilmiş soyqırımı siyasəti dərindən təhlil edilmiş və buna ilk dəfə siyasi qiymət verilmişdir.

Bu faciəli gün, bilavasitə, 1918-ci il martın sonunda erməni silahlı birləşmələrinin soydaşlarımıza qarşı törətdikləri qırğın və talanlarla bağlı olsa da, onun xronologiyası çox genişdir. Zaman-zaman erməni millətçilərinin xalqımıza qarşı hərbi, siyasi, ideoloji və digər zorakı hallarla yürütdüyü siyasətin yalnız bir məqsədi olub: azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etmək, yeni ərazilər ələ keçirmək, mifik böyük Ermənistan dövləti yaratmaq.

 XIX əsrin əvvəllərində Qarabağa və Zəngəzura İrandan və Osmanlı imperiyasından çoxlu sayda erməni ailəsinin köçürülməsi, 1905-ci və 1918-ci illərdə erməni hərbi birləşmələrinin Qafqazın müxtəlif bölgələrində həyata keçirdiyi kütləvi qətllər və talanlar, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından vəhşicəsinə deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan ayırmaq məqsədi güdən genişmiqyaslı müharibə və onun bu gün də davam edən acı nəticələri, 1992-ci ildə dünyada analoqu olmayan Xocalı faciəsibunlar təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı şəkildə həyata keçirdikləri soyqırımı siyasətinin qanlı səhifələridir. Bu məkrli siyasət nəticəsində tarixi Azərbaycan torpaqları zaman-zaman ermənilər tərəfindən işğal edilmiş, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, on minlərlə insan həlak olmuşdur.

Uzun illər Sovet imperiyasının hegemonluğu dövründə həyata keçirilmiş milli ayrı-seçkilik siyasətində tarixi faktlar təhrif edilmiş, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları barəsində əsl həqiqətlər gizlədilmişdir. Prezident İlham Əliyev bu məsələyə münasibət bildirərkən demişdir: Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, onların da mənfur adları orada göstərilir, Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır. Erməni faşizminə o vaxt düzgün qiymət verilmədiyi üçün sonra tarixin müxtəlif dövrlərində erməni faşizmi öz yırtıcı sifətini nümayiş etdirmişdir.

Dövlətimizin başçısı xatırlatmışdır ki, İkinci dünya müharibəsi zamanı Hitlerin sərəncamında olan, ona qulluq edən erməni quldurları Ermənistanda qəhrəman kimi qəbul edilir, onların şərəfinə abidələr ucaldılır. Bu, onu göstərir ki, müasir Ermənistan dövlətinin ideologiyası da faşizm üzərində qurulmuşdur.

Erməni faşizmi, qəddarlığı və amansızlığı özünü 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində bir daha göstərmişdir. Həmin dövrdə azərbaycanlılara qarşı növbəti soyqırımı prosesi başlanmışdır. Dinc əhali doğma dədə-baba yurdlarından didərgin salınmış, tarixi abidələr qəddarcasına məhv edilmiş, günahsız insanlar amansızlıqla qətlə yetirilmiş, ağlasığmaz işgəncələrə məruz qalmışdır. 1992-ci ildə törədilmiş Xocalı soyqırımı isə yaddaşlara əbədi həkk olunmuşdur. Dünya birliyinin gözü qarşısında törədilən qanlı faciəyə hələ də beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməməsi təəssüf doğurur. Bu, beynəlxalq aləmin ikili siyasətinin bariz nümunəsidir. Təbii ki, bu siyasi riyakarlığın əsas səbəblərindən biri dünyada fəaliyyət göstərən erməni lobbisi və onun nəzarəti altında olan bir sıra rüşvətxor siyasətçilər, çirkli pullar hesabına fəaliyyət göstərən bəzi beynəlxalq təşkilatlardır. Belə oyuncaq qurumlar tarixi tamamilə təhrif edərək bütün günahı Azərbaycanın üzərinə qoymağa çalışırlar. Təəssüf ki, bu ədalətsizlik və qeyri-obyektiv münasibət və beynəlxalq hüququn normalarına hörmətsizlik bu gün də davam edir. Artıq dünya birliyinə də bəllidir ki, Xocalıda törədilən vəhşiliklər əvvəlcədən planlaşdırılmış soyqırımı siyasətinin tərkib hissəsi olub. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.

Miqyasına və dəhşətlərinə görə dünya tarixində bənzəri çox az olan Xocalı soyqırımını törətməkdə erməni cəlladlarının əsas məqsədi Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi düşünülmüş xarici siyasət nəticəsində mənfur düşmən niyyətinə çata bilmədi. Bu faciənin soyqırımı olduğunu BMT-nin Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasının, Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq Sazişin, Fövqəladə Vəziyyətlərdə və Hərbi Münaqişələr Zamanı Qadınların və Uşaqların Müdafiəsi Bəyannaməsinin, Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin, Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Azərbaycan Respublikası Prezidentinin Azərbaycanlıların soyqırımı haqqında 1998-ci il 26 mart tarixli fərmanının müddəaları da təsdiq edir.

Bu gün Azərbaycan dövləti və ölkəmizdə fəaliyyət göstərən ictimai qurumlar, ilk növbədə Heydər Əliyev Fondu ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının, xüsusilə Xocalı faciəsinin dünyada soyqırımı kimi tanıdılması istiqamətində çox böyük iş görürlər.

Hazırda hər bir Azərbaycan vətəndaşının, həmçinin xaricdə yaşayan soydaşlarımızın qarşısında duran əsas vəzifələrdən biri ərazilərimizin işğaldan azad olunmasına, məcburi köçkünlərin öz doğma yerlərinə qaytarılmasına nail olmaq və azərbaycanlıların soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, hiyləgər erməni təbliğatının saxta tezislərini ifşa etməkdir. Bu vəzifələrin həlli üçün biz işğalçı Ermənistana qarşı siyasi, hüquqi, iqtisadi, ideoloji təzyiq vasitələrindən istifadə etməli, bütün daxili və xarici imkanlardan bəhrələnməliyik. Təbii ki, Ermənistan iqtisadi və hərbi potensial baxımından bizimlə rəqabət aparmaq gücündə deyil. Son illər həyata keçirilən uğurlu xarici siyasət nəticəsində beynəlxalq təşkilatlarda, dünya parlamentlərində Azərbaycan həqiqətləri getdikcə daha çox təsdiqini tapır, Ermənistanın işğalçılıq siyasəti ifşa edilir, ondan qəsb etdiyi Azərbaycan ərazilərini azad etmək tələb olunur.

Azərbaycanın dünya birliyində mövqeyinin daha da möhkəmlənməsi, reytinqinin getdikcə yüksəlməsi, ölkəmizdə vətənpərvərlik hisslərinin güclənməsi, soydaşlarımızın mütəşəkkilliyi və ən əsası dövlətimizin başçısının məqsədyönlü fəaliyyəti, siyasi iradəsi sayəsində biz qarşımızda duran bütün problemlərin həllinə, o cümlədən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirənlərin, başqa xalqlara düşmənçilik və nifrət ideologiyasının daşıyıcılarının ifşa edilməsinə nail olacağıq.