Xalq qəzeti.-2017.-31 mart.-¹65.-S.1-2.

 

Azərbaycanlı əhaliyə qarşı misli görünməmiş soyqırımı

 

Anar İSGƏNDƏROV,

BDU-nun kafedra müdiri, tarix elmləri doktoru, professor

 

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir.

Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Heydər ƏLİYEV
Ümummilli lider

 

Erməni şovinist millətçilərinin xalqımıza qarşı təcavüzü bu gün də davam edir, onun ağır nəticələri isə yüz minlərlə soydaşımızın taleyində özünü göstərməkdədir.

Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa edilməsini, işğal və soyqırımı siyasəti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

1917-ci ilin fevralında Rusiyada 300 ildən çox hakimiyyətdə olan Romanovlar sülaləsi devrildi. Rusiyada Müvəqqəti hökumət yaradıldı. Müvəqqəti hökumətin Zaqafqaziya idarəçiliyi üzrə Xüsusi Zaqafqaziya Komitəsi fəaliyyətə başladı. Müvəqqəti hökumət elan edirdi ki, I Dünya müharibəsi başa çatdıqdan sonra Rusiya ərazisində yaşayan xalqların müqəddəratı məsələsinə baxılacaqdır.

 

Lakin 1917-ci ilin oktyabrında V.İ.Lenin başda olmaqla bolşeviklər tərəfindən hakimiyyətin zorakı yolla ələ keçirilməsi Rusiyanın himayəsi altında yaşamağa məhkum edilən məzlum xalqların arzularını puça çıxardı. 1917-ci ilin noyabrında Tiflisdə Zaqafqaziya Komissarlığı yaradıldı. Burada Azərbaycan, erməni və gürcü nümayəndələri təmsil olunurdular. Bakıda Stepan Şaumyan başda olmaqla bolşeviklər bölgədəki daşnak qüvvələrini birləşdirərək, yerli əhaliyə qarşı qırğına hazırlaşırdılar. Xüsusilə Rusiyada bolşeviklər hakimiyyətə gələndən sonra Bakıda bolşeviklərin fəallığı artdı.

Martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Belə ki, 1918-ci il martın 17-də silahla ehtiyatsız davranışdan həlak olmuş H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə saldı. Mərhumu dəfn edən döyüş yoldaşları “Evelina” gəmisi ilə Lənkərana geri  qayıtmalı idi. Paraxodun körpüdən aralanmasına az qalmış silahlı bolşeviklər müsəlman dəstəsinin tərksilah olunmasını tələb etdi. Müsəlman dəstəsinin rədd cavabına tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab verildi. Gəmidəki silahlar bolşeviklər tərəfindən müsadirə olundu.

Ertəsi gün şəhərin cənub hissəsində erməni əsgərləri göründülər. Onlar bütün küçə boyu səngərlər qazmağa, torpaq və daşlardan bəndlər ucaltmağa başladılar. Həmin gün müsəlman xeyriyyə cəmiyyətinin binasında keçirilən yığıncağa gələn Bakı şəhərinin keçmiş rəisi Ter-Mikaelyants Erməni Milli Şurası və “Daşnaksütyun” partiyası adından bəyan etdi ki, əgər müsəlmanlar bolşeviklərə qarşı çıxış etsələr, ermənilər də onlara qoşulacaq və bolşeviklərin Bakıdan qovulmasına kömək edəcəklər. Martın 18-də (təzə stillə 31 mart - A.İ.) səhər tezdən şəhərin müsəlmanlar yaşayan hissəsinə hücum başlandı. Ermənilərin yalançı vədlərinə inanmış müsəlmanlar əvvəlcə şəhərdə nə baş verdiyini müəyyən edə bilmirdilər. Hücum ərəfəsində bütün ermənilər şəhərin müsəlmanlar yaşayan hissəsindən ermənilər yaşayan hissəsinə keçdilər. Müsəlmanlar yaşayan hissədə xristian əhalidən yalnız ruslar və gürcülər qalmışdı.  

Bakıda soyqırımı planı hələ 1917-ci ildən “Daşnaksütyun” partiyası və Erməni Milli Komitəsi tərəfindən hazırlanırdı. Onlar dəfələrlə müsəlmanları bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə cəhd göstərmişdilər. Ermənilərin məqsədi bolşeviklərin əli ilə müsəlman əhalisini cismən məhv etmək idi. Adamların qətlə yetirilməsi və müsəlman məhəllələrinin darmadağın edilməsi planlı surətdə mütəşəkkil erməni hərbi hissələri tərəfindən şəhərin hər yerində qabaqcadan müəyyənləşdirilmiş sistem üzrə həyata keçirilirdi.

Fövqəladə Təhqiqat Komissiyası (FTK) tərəfindən şahid kimi dindirilmiş Bakı şəhərinin sakini A.N.Kvasnikin ifadəsində deyilir: “Müsəlman əhalisinin əvvəlcə Bakı şəhərində, sonra isə onun ətraflarında cismən məhv edilməsi, onların əmlakının və bütün var-dövlətlərinin qarət olunması və siyasi üstünlüyün ermənilərin əlinə keçməsi ermənilərin müsəlmanlara qarşı təşkil etdikləri qanlı qəsd idi.”.

Azğınlaşmış və vəhşiləşmiş erməni quldurlar dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. FTK-nın üzvü A.Y.Kluge komissiyanın sədrinə yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər… Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər”.

FTK-nın sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür. Onların çoxunun meyiti tapılmamışdır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Sənədlərdən məlum olur ki, Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdur. Xalqın bir çox  ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmişdir. Uzaqvuran toplarla Təzəpir məscidi zədələnmişdir. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” binasına od vurub yandırmışdılar.

Təhqiqat Komissiyasının materiallarında bu vəhşiliklər barəsində deyilir: “1918-ci il martın 18-də (köhnə stillə) bir erməni zabiti, yanındakı üç erməni əsgəri ilə “Kaspi” qəzeti redaksiyasının və “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binaları arasındakı dalana gəldi və “İsmailiyyə” binasına daxil oldu. Bir azdan binanın pəncərəsində tüstü və alov göründü. Nəinki Bakı müsəlmanlarının iftixarı sayılan, həm də bütün şəhərin yaraşığı olan bu əzəmətli bina yanğından məhv oldu. Yanğını söndürməyə adam yox idi, çünki müsəlmanlar küçəyə çıxa bilmirdilər, onları pulemyotlarla və top-tüfənglə atəşə tuturdular”. Həmin zabit “Daşnaksütyun” partiyasının rəhbərlərindən olan Tatevos Əmirov idi. Bu, həmin Tatevosdur ki, uzun illər ərzində tariximiz, mətbuatımız onu “yenilməz inqilabçı”, “xalqlar dostluğu uğrunda mətin mübariz” kimi təbliğ etmişdi.

Talançılar “Kaspi” qəzeti redaksiyasının və “Dağıstan” mehmanxanasının binalarını, “İsgəndəriyyə”ni, “İsmailiyyə”ni də yandırmışlar. “Kaspi” qəzeti redaksiyasında Azərbaycan dilində kitablar nəşr edilirdi. Bina yandırılan vaxtadək burada “Quran”ın yenicə çap edilmiş 5 min nüsxəsi saxlanılırdı. Onların hamısı yanıb külə dönmüşdü. Ermənilərin təhriki ilə rus matrosları Təzəpir məscidini dənizdən artilleriya atəşinə tutaraq onun minarəsini bir neçə yerdən zədələdilər. Məscidin qazisi, axund Ağa Əlizadənin işə qarışmasından sonra matroslar bombardımanı dayandırdılar.

Mart qətliamında yaxşı təşkil olunmuş hərbi hissələrlə yanaşı, erməni ziyalıları, gəncləri də iştirak edirdilər. Təhqiqat Komissiyasının materiallarında göstərilirdi ki, “erməni əhalisinin bütün siniflərini təmsil edən nümayəndələr bu “müharibə”də iştirak etməyi özlərinə borc bilirdilər. Burada neftxudalar, mühəndislər, həkimlər, kontor işçiləri var idi, bir sözlə, erməni əhalisinin bütün təbəqələri öz “vətəndaş borcu”nu yerinə yetirirdi”.

“Nikolay Buniatov” paraxodu komandirinin köməkçisi Kazım Axundov yazır: Martın 25-dən Nikolayev küçəsindəki meyitlərin yığışdırılmasına başladıq. Onların arasında süngülərlə didik-didik edilmiş və qılıncla tikə-tikə doğranmış 3 müsəlman gimnaziyaçısının, 11 gimnaziyaçı qızın, 1 rus qadının, 3-5 yaşlarında 3 müsəlman oğlan uşağının, 8 rus kişinin, 19 İran təbəəli müsəlman qadınının və müxtəlif peşə sahibləri olan 67 azərbaycanlının meyitləri var idi. Bundan başqa, “Vulkan” Cəmiyyətinin köhnə yanalma körpüsünə müsəlman kişilərin, qadın və uşaqların 6748 meyiti gətirilmişdi. Axundov öz tanışı, texnik Vladimir Sokolovu “Kərpicxana” deyilən yerə aparmışdı. Burada, o, 3 fotoşəkil çəkmişdi. Birinci şəkildə başında güllə yarası, bədənində beş süngü yarası olan və sağ körpücük sümüyünə qılınc zərbəsi endirilmiş qadın meyiti təsvir olunmuşdur. Onun sağ döşü üstündə hələ sağ olan körpə uzanmışdır. Anasının döşünü əmən bu körpənin ayağında süngü yarası vardı.

İkinci şəkildə iri mismarla divara vurulmuş 2 yaşlı uşaq təsvir edilmişdir. Mismarın başından aydın görünür ki, onu divara daşla vurmuşlar. Daş elə oradaca idi.

Üçüncü şəkildə 13-14 yaşlı qızın meyitidir. Biçarənin bədənindən görünür ki, onu bir dəstə kişi (əgər bu alçaqlara “kişi” demək mümkündürsə) zorlamışdır.

Axundovla Sokolov 4-cü evə daxil olduqda onlar dəhşətli bir mənzərə görmüşdülər: geniş bir otağın döşəməsi üstündə 22-23 yaşlı bir qadının, iki qarının, 9 yaşlı qızın, 8 yaşlı oğlanın və südəmər körpənin meyitləri var idi. Körpənin əl-ayağını itlər gəmirib yemişdi. Təsvir olunan mənzərə Sokolova elə ağır təsir göstərmişdi ki, o daha fotoşəkil çəkə bilməmişdi.

Qədim Azərbaycan şəhəri Şamaxı dəhşətli talan və vəhşiliklərə məruz qalmışdır. Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdı. Burada bədnam S.Lalayevin başçılıq etdiyi əsgərlər və T.Əmirovun dəstəsi azğınlaşaraq, müsəlmanları soyub-talayır və qırırdılar. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdu. 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq – Cümə məscidi yandırılmışdı. Bu məscid müsəlmanlara həm bir qibləgah,  həm də qədim abidə kimi əziz idi. Erməni quldurlar minlərlə dinc adamı qətlə yetirmişdi.

Şamaxıda böyük hörmət sahibi olan Cəfərqulu axunda olmazın işgəncələr verilmişdi. Ermənilər ona axund olduğu məsciddə dəhşətli əzab-əziyyət verərək, bu Allah bəndəsinin saqqalının tüklərini bir-bir yolmuş, dişlərini, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmişdilər. Ermənilər axunda pənah gətirmiş saysız-hesabsız qadın və uşağı da öldürmüşdülər. Hacı axundun tamamilə yandırılmış evinin həyətində sonralar Təhqiqat Komissiyasının üzvləri tərəfindən çoxlu miqdarda insan sümükləri aşkar edilmişdi. Qafqaz-İslam Ordusu 1918-ci ilin iyulunda Şamaxını ermənilərdən azad edərkən meyitlərin iri sümüklərini yığıb basdırmışdılar. Komissiya üzvləri 1918-ci ilin oktyabr və noyabrında bu barədə hazırladıqları məruzədə qeyd edirdilər ki, həyətdə hələ də çürümüş meyitlərin qalıqları qalmaqdadır. Şamaxı qəzasının müsəlmanlar yaşayan təxminən 80 kəndinin taleyi də bu cür olmuşdur. Daşnakların törətdiyi vəhşiliklərin həddi-hüdudu yox idi.

1919-cu il martın 30-da “Azərbaycan” qəzetində Fövqəladə Təhqiqat Komissiyasının “Çağırış”ı dərc edilmişdir. Komissiyanın sədri Ə.Xasməmmədovun imzaladığı bu sənəddə deyilirdi: “Şamaxının yalnız xarabalıqları qalmışdır. Şəhərin müsəlman hissəsindəki bu xarabalıqlarda məscidlərin ən qədimi 800 ildən çox tarixi olan Cümə məscidinin ancaq yanıb qaralmış minarələri görünür, şəhərin on beş minlik müsəlman əhalisindən sağ qalanlar isə bütün Zaqafqaziyaya dağılmış, əllərində qoltuq ağacı və bellərində torba qapı-qapı düşüb dilənirlər ki, acından ölməsinlər. Adlarını “bolşevik” qoyan qaçaq-quldur dəstələrinin əlindən qaçıb can qurtaran əhalinin qalan hissəsi türk qoşunları Azərbaycana gəldikdən sonra öz el-obalarına qayıtmışdır. Onlar qayıdıb gəldikdə əsrlərdən bəri yaşadıqları ocaqlarını yandırılmış və yerlə-yeksan edilmiş halda görmüşlər”.

Fövqəladə Təhqiqat Komissiyasının Şamaxı qəzasının ayrı-ayrı kəndləri üzrə apardığı təhqiqatların şahid ifadələri, zərərçəkənlərin dindirmə protokolları, rəsmi idarələrin əhalinin sayı və əmlaklarının dəyəri haqqında məlumatları, ölən və yaralananların siyahısı və s. əsasında 53 kənd üzrə tərtib olunmuş yekun aktlarında ayrı-ayrı kəndlər üzrə öldürülənlərin sayı və hər bir kəndə dəymiş ümumi zərərin miqdarı göstərilmişdir. Bu aktlarda olan rəqəmlərə əsasən Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,5 milyon manat, Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla bir milyard manatdan çox olmuşdur.

“Çağırış” bu sözlərlə bitirdi: “Şamaxı qəzasının zərər çəkmiş əhalisinə yardım göstərmək hər bir vətəndaşın, xüsusən müsəlmanın vətəndaş vəzifəsi və mənəvi borcudur. Vətəndaş müsəlmanlar, Şirvanı xilas edin!”

Fövqəladə Təhqiqat Komissiyasının üzvləri – Gəncə quberniyasının Nuxa və Ərəş qəzalarında yoxlama keçirmiş  N.Mixaylovun və N.Klassovskinin məruzəsində dəqiqləşdirilmişdir ki, təkcə bu qəzaların erməni dəstələri deyil, həm də başlıca olaraq, gəlmə hərbi hissələr və İrəvan quberniyasının erməniləri müsəlman əhalisini ucdantutma qırmaq, kəndləri dağıtmaq və dövlət hakimiyyət orqanlarını və müsəlman ərazilərini tutmaq üçün bütöv bir plan hazırlamışdılar.

Əvvəlcədən qurulmuş plana görə, daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. Xaçmazda yaşayan ermənilər bu barədə xəbərdar edilmiş, onlara xeyli əlavə silah və sursat göndərilmişdi. Quba qəzasında qırğınlar əvvəlcədən düşünülmüş və buna geniş hazırlıq işləri görülmüşdü. Çünki qırğına başlamaq üçün bəhanə milli münaqişə ola bilərdi. Erməni daşnak qüvvələri dünyanın hər yerinə ermənilərin, guya müsəlmanlar tərəfindən sıxışdırıldığı barədə teleqramlar göndərirdilər. Qubada yaşayan M.Kasparov, H. Hayrapetov, A.Mukanyans və A.Boqdanov tərəfindən  göndərilmiş teleqramda iddia olunurdu ki, Qubada müsəlmanlar milli ədavət, milli qırğın törədir, erməni və rus kəndlərini dağıdır, kilsələrə od vurub yandırırlar.

Bakıdan böyük bir silahlı dəstə ilə Qubaya gələn Hamazasp və onun əlaltıları küçədə qarşılarına çıxan bütün adamları ucdantutma gülləyə tutur, yerə yıxılmış yaralıların bədənlərini tüfənglərin süngüləri ilə dəlmə-deşik edir, gözlərini ovurdular. Yaxınlıqdakı meşəyə qaça bilməyənlər evlərinə girib qapıları bağlamışdılar. Onları evlərindən zorla çıxarır, yerindəcə güllələyir və yaxud qabaqlarına qatıb meydana aparırdılar. Bir neçə saatın ərzində yüzlərlə insan qətlə yetirildi.

 Hamazasp Quba camaatını meydana yığıb bildirdi: “Mən minlərlə türkün başını kəsən Ərzurum ermənisiyəm. 200-dən çox türk kəndini yandırıb xaraba qoymuşam. Uzun müddət türklərlə vuruşmuşam, erməni xalqının mənafeyini müdafiə etmişəm. Buraya da ona görə gəlmişəm. Əgər müqavimət göstərsəniz, hamınızı bir nəfər kimi qıracağam”.

Şahidlərdən biri yazır: “Amazasp daşnak dəstəsinə bələdçilik edən qubalı erməni Harun Hayrapetovu yanına çağırdı və ona nəsə dedi. Harun cibindən bir siyahı çıxarıb oxumağa başladı. Həmin siyahıda Qubanın varlılarından 26 nəfərin adı var idi. Hamazasp həmin adamların dalınca silahlı əsgərlərindən bir neçə nəfərini göndərdi. Silahlı əsgərlər həmin ailələrdən altı nəfərlə geri qayıdanda daşnak komandiri daha da qızışdı. Gətirilənlərin 4-ü qadın, 2-si yeniyetmə idi. Hamazaspın tapşırığı ilə yeniyetmələrin başlarını kəsdilər. Qadınları uşaqlarının qanını içməyə məcbur etdilər. Onlar şivən qoparıb daşnakların üstünə atılanda qarınlarını süngülərlə deşdilər. Sonra qılıncla bədənlərini tən ortadan ikiyə böldülər. Meydanda ah-nalə yüksələndə Hamazasp əsgərləri cərgə ilə düzdürüb əliyalın, günahsız əhaliyə atəş açmağı onlara əmr etdi. Yüzlərlə adam qırıldı. İnanmaq olmurdu ki, insan-insana qarşı bu qədər vəhşilik törətsin”. “Mən sizin qanınızı içəcəyəm”, -- deyən Hamazasp siyahıda adları çəkilən adamların mülklərini odlayıb külə döndərmək üçün əmr verdi.

Hamazasp Bakıdan mənfur Şaumyan rejimindən belə bir tapşırıq almışdı: Quba qəzasında bütün müsəlmanları qırıb məhv etmək, onların yaşayış məntəqələrini dağıtmaq, sonra isə bu qırğını sünni və şiə məzhəbləri arasında toqquşma kimi qələmə vermək.

Təhqiqat materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də Qubaya girən   daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən artıq olmuşdur. Ona görə də onlar silahsız dinc əhaliyə azğınlıqla divan tuta bilmişdilər. Həmin azğınlığın miqyasını təsəvvür etmək üçün iki gün ərzində yalnız Quba şəhərində 4 minədək müsəlmanın öldürüldüyünü xatırlamaq kifayətdir. Bu rəqəm Quba şəhər əhalisinin beşdə biri demək idi.

Qırğının canlı şahidlərindən olan Şahbalı oğlu xatırlayır: “Ermənilər o qədər adam qırmışdılar ki, Qubanın küçələri al-qana boyanmışdı. Əllərinə keçən 2 mindən çox adamı meydana yığıb ucdantutma güllələmək istəyəndə, bir nəfər onların başçısına yaxınlaşdı. Deyilənə görə komissar idi. Bir qədər söhbət etdikdən sonra əsgərlərə təzədən əmr verildi ki, silahları aşağı salsınlar. Qadınlar və uşaqlar ağlayırdılar. Yekəpər bir erməni beş nəfərlə camaata yaxınlaşıb, cavan, gözəgəlimli qadınları seçməyə başladı. Əllidən çox qadını hara isə apardılar. Onlardan birinin qardaşı etirazını bildirəndə yerindəcə güllələdilər. Onun meyitini yerə sərib bıçaqla gözlərini çıxardılar. Əli qana batmış erməni ovcunda tutduğu gözləri camaatın üstünə tulladı. Kütlədən uğultu qopdu. Daşnaklar ermənicə söyə-söyə qabaqdakıları qundaqla döyməyə başladılar. Sonra irəli çıxmış bir yaşlı kişinin qarnını süngü ilə deşdilər. Bu, göz ilə baxılası müsibət deyildi”.

Başqa bir şahid yazır: Ermənilər dindarları Qubanın mərkəzinə gətirdilər. Bu, döyülən insanlar qəzanın ən hörmətli ağsaqqalları sayılırdılar. Hamazasp hamının tanıdığı Quba ermənisi Harunu çağırdı. Harun azərbaycanca dedi ki, sünnilər və şiələr hərəsi bir tərəfə çəkilib üz-üzə dursunlar. Elə o cür də durdular. Aralarında 20-30 metr olardı. Sonra iki tüfəng gətirib dedilər ki, onsuz da sizin hamınızı qıracağıq. Kim sağ qalmaq istəyirsə, dediyimizə əməl etsin. Sünnilər və şiələr növbə ilə bir-birilərinə güllə atsın. Sağ qalanlarla işimiz olmayacaq. Birinci iki nəfəri irəli çıxarıb tüfəngləri onlara verdilər. Biri ləzgi Məhəmməd, o birisi isə şiələrin ağsaqqalı Məşədi Mirsadıq idi. Onların heç biri erməni silahını əlinə almaq istəmirdi. Qundaqla başlarını yarıb onları tüfəng götürməyə məcbur etdilər. İkisi də tüfənglərini qaldırıb bir-birlərini nişan aldı. Hamı məəttəl qalmışdı. Nisbətən cavan olan Məhəmməd heç kimin gözləmədiyi halda geri döndü və bir daşnakı yerə sərdi. Qarışıqlıqdan istifadə edən Məşədi Mirsadıq da bir ermənini öldürdü. Qaçmaq istəyən yüzlərlə adamı pulemyotlarla qırdılar. Ölənlərin çoxu qadınlar və uşaqlar idi. Əvvəlcə Məhəmmədin qollarını kəsdilər, sonra ayaqlarını. Başını kəsib süngüyə keçirdilər və hamı görsün deyə, yuxarı qaldırdılar. Məşədi Mirsadığın gözlərini çıxarıb, qollarını sındırdılar və boynunu qırdılar. Həmin gün daşnaklar məscidi dağıdıb, həm sünnilərdən, həm də şiələrdən 20-dən çox din xadimini qətlə yetirdilər”. A.Novatski məsələni dəqiqləşdirmək üçün qeyd edir ki, müsəlmanların dini heysiyyətınə toxunaraq, məscidlərə od vurub yandıran daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi darmadağın etmişdilər.

Müsəlmanların müqəddəs dini ocaqlarını yerlə-yeksan edən daşnaklar dinə, Şərq tarixinə və ədəbiyyatına aid minlərlə qiymətli kitabları da məhv etmişdilər. Qubanın mərkəzində Əbdürrəhim əfəndinin mədrəsəsini yandıran ermənilər buradakı 1300-ə yaxın kitabı tonqala atmışdılar. Hadisələrin canlı şahidlərindən olan nüfuzlu din xadimi İbrahim Aydəmirov xatırlayır ki, “Digah məscidində təxminən 600-700 il əvvələ aid alban və ərəb əlifbası ilə yazılmış kitablar var idi. Ermənilər həmin kitabları məhv etməklə yanaşı, kənd məscidinin təxminən bir kilometrliyində yerləşən müqəddəs pirin daşını da partlatmışdılar. Bu, üstündə alban yazıları olan nəhəng bir daş idi”.

Qubada törətdiyi qırğınlardan quduzlaşan Hamazasp əliyalın dinc əhaliyə meydan oxuyaraq deyirdi: “Mən erməni xalqının və onun mənafeyinin müdafiəçisiyəm. Mən cəza dəstəsi ilə göndərilmişəm ki, iki həftə əvvəl burada öldürülmüş ermənilərə görə sizdən qisas alım. Mən bura qayda-qanun yaratmaq, sovet hakimiyyətini qurmaq üçün deyil, öldürülmüş ermənilərin qisasını almağa göndərilmişəm. Mənə əmr edilmişdir ki, Xəzər dənizindən Şahdağına qədər bütün müsəlmanları məhv edim…” O, daha irəli gedərək deyirdi: “Hazırda mənim Digah və Alpan kəndlərində döyüşlərim gedir. Sonra Üçkün və Kilid kəndlərinə keçərək, Şahdağa çatacağam”. Doğrudur, müsəlman qanına susayan Hamazaspın arzusu ürəyində qaldı. Üç gün davam edən döyüşlər müsəlmanların qələbəsi ilə başa çatdı. Hər iki tərəf böyük itki verdi. Döyüş yeri tarixə “Qanlı dərə” kimi daxil oldu.

Hamazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü və tat əhalisi öldürülmüşdü. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir.

Lənkəranda olan “Dikaya diviziya”nı tərksilah etmək üçün dəniz vasitəsilə bolşevik dəstələri göndərilmişdi. Bunların hamısı Erməni Milli Şurasının göstərişi ilə edilirdi. Bolşevik əsgərləri yolda qabaqlarına çıxan müsəlman kəndlərini dağıdıb talayırdılar.Astara bolşevik əsgərləri tərəfindən topa tutularaq darmadağın edildi, əhalinin əksəriyyəti yaşayış yerlərini tərk etməyə məcbur oldu. Xəzər dənizi sahilində Qızılağac ilə Lənkəran arasındakı müsəlman kəndləri “Aleksandr Candar” paroxodu tərəfindən top atəşinə tutuldu. Yanvarda başlanan bu qırğınlar martda daha da şiddətləndi”.

Osmanlı qoşunlarının Bakını azad etməsindən bir az əvvəl Lənkərana iki min nəfərlik erməni dəstəsi gələrək yerli əhaliyə divan tutmağa başladı. Onlar  müsəlman yeməkxanalarına girib oradakıları təhqir edir, pul verməkdən imtina edir, onları Osmanlı türklərindən qorumaq üçün səngər qazmağa məcbur edirdilər. İş o yerə çatmışdı ki, erməni əsgərləri məhərrəmlik mərasimi verilən məscidlərə girib, müsəlmanlara öz təziyələrini keçirtməyə mane olurdular. Müsəlman əhalisi dini ayinlərini icra etmək üçün məscidlərə yığışdıqları zaman ermənilər ora soxularaq müsəlmanları qarət edir, məscidi isə yandırmaq istəyirdilər. Ermənilər bu bölgədə yüzlərlə evi dağıtdılar və minlərlə günahsız insanın həyatına son qoydular. 1918-ci ilin yanvarından 1919-cu ilin avqustunda “Molokan qiyamı” yatırılana qədər bu bölgədə erməni və rus birləşmələri tərəfindən 2 min insanın həyatına son qoyulmuşdu.

1918-1920-ci illərdə erməni vəhşiliklərindən ən çox ziyan çəkən Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olmuşdur. Daşnak qüvvələrinin təcavüzü nəticəsində bu qəzanın Şuşa ilə əlaqələri tamamilə, Cəbrayıl qəzası ilə qismən kəsilmişdi. Qəzanın müsəlman əhalisinin vəziyyəti bir də ona görə ağırlaşmışdı ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı, burada general Andranikin erməni əsgərlərindən ibarət nizami qoşunları da var idi. Andranik Azərbaycan ərazisinə soxularaq müsəlman əhalisindən tələb edirdi ki, ya Ermənistan hökumətinə tabe olsunlar, ya da qəzanın ərazisini tərk etsinlər. Guya bu ərazi Ermənistan Respublikasına daxildir. Qəzanın zəif silahlanmış müsəlman  əhalisi Andranikin bu tələblərini rədd etdiyinə görə ermənilər həmin əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdilər.

Fövqəladə Təhqiqat  Komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq, yer üzərindən silindiyi qeyd olunur. Dağıdılmış bütün kəndlərin adları bu sənədlərdə sadalanır.

Dağıdılan bu 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Nəticədə təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 nəfər azərbaycanlı öldürülüb və ya şikəsi edilmişdir. Məruzədə deyilirdi ki, bu dəhşətli rəqəmlər hələ erməni vəhşiliklər haqqında tam məlumat vermir. Belə ki, daha çox müsəlman erməni vəhşiliklərinin qurbanı olmuşdur. Ancaq o zamankı dəhşətli qarışıqlıq şəraitində onları tam şəkildə müəyyənləşdirmək mümkün olmamışdır.

Qəzanın Vaqudu kəndində 400-dən yuxarı azərbaycanlı əhali məsciddə sığınacaq tapır və güman edir ki, ermənilər müqəddəs yerə toxunmazlar. Ancaq ərazini mühasirəyə alan erməni vandalları əvvəlcə  məscidə əl bombaları atır, sonra isə ona od vuraraq adamlarla birlikdə yandırırlar. Şəki kəndinin küçələrində  iki yerə şaqqalanmış uşaq meyitləri atılıb qalmışdı. İrmişli kəndini talan edərkən ermənilər südəmər uşaqları süngülərə taxaraq göyə qaldırır, öldürülən meyitləri tikə-tikə doğrayırdılar. Aqudi kəndində ermənilər müsəlmanlardan xristianlığı qəbul etməyi tələb edir, bundan imtina edən qadınlara qarşı ən amansız cəza tədbirlərini həyata keçirirdilər.

Çullu kəndində ermənilər yorğan – döşəkdə xəstə yatan 9 nəfər müsəlmanı qılıncla doğramış, Bağıbəyli kəndində isə 7 nəfər azərbaycanlını bir evə yığıb diri-diri yandırmışlar. Müsəlman  meyitlərin əli, ayağı, başı kəsilmiş və o qədər eybəcər hala salınmışdılar ki, həmin əzaların hansı meyitə məxsus olduğunu bilmək olmurdu. Zəngəzur qəzasında 1918-ci il yayın axırları və payızında baş verən bu hadisələr bilavasitə cəllad Andranikin rəhbərliyi altında keçirilmişdir.

Zəngəzur qəzasının 100-dən çox müsəlman kəndi dağıdılmış, on minlərlə baş qaramal və yüz minlərlə baş davar ermənilər tərəfindən sürülüb aparılmış, bağlar, taxıl zəmiləri və otlaq sahələri yandırılmış, dağıdılmış, bir sözlə qəzanın müsəlman əhalisinin iqtisadi vəziyyəti fəlakətli hala salınmışdı. Ermənilər tərəfindən qəzanın Azərbaycanın müxtəlif  kəndələrinə qaçıb dağılmış əhalisinə 1 milyard manata yaxın maddi ziyan vurulmuşdur.

Erməni millətçilərinin azərbaycanlılara qarşı Zəngəzurdakı vəhşiliklləri 1920-ci ilin əvvələrində daha amansız bir şəkil aldı. 1920-ci ilin yanvarından Zəngəzurda baş verən bütün hadisələrin bilavasitə təşkilaçısı məhz Ararat Respublikasının özü idi. Burada da əsas məqsəd Zəngəzur qəzasını tamamilə müsəlmanlardan təmizələyərək, Paris Sülh Konfransı dövlətlərinin əli ilə buranı Ermənistanın tərkibinə daxil etmək idi. Bu təmizləmə əməliyyatlarında erməni quldur dəstələri ilə yanaşı, Ararat Respublikasının on minlik nizami qoşun hissələri iştirak edirdi.

Ermənilərin irimiqyaslı hücumları ilə əlaqədar 1920-ci ilin yanvarından Azərbaycan Respublikasının parlamentinə, hökumətinə müxtəlif partiya fraksiyalarının rəhbərlərinə Zəngəzurdan çoxlu həyəcanlı xəbərlər daxil olurdu.

1920-ci il yanvarın 21-də Azərbaycan Respublikasının parlamentinin üzvü Cəlil Sultanov tərəfindən parlamentə göndərilimiş teleqramda deyilirdi: “Dörd gündür ki, erməni quldur dəstələrinin nizami ordu ilə birlikdə top və pulemyotların atəşi  altında Zəngəzura hücumları davam edir… İtkilər olduqca çoxdur. Əhali vahimə içərisində qaçır və kömək umur… Qəzanın bədbəxt əhalisi adından yalvarıram, kağız üzərindəki etirazlardan fəal hərəkətə keçin. Azərbaycanın ən gözəl guşələrindən birini tamamilə məhv olmaqdan xilas edin. Zəngəzurun ardınca növbə Qarabağındır. Bütün bunların itirilməsi üçün siz Azərbaycan  xalqı və Azərbaycan qarşısında cavab verəcəksiniz”.

Yanvarın 22-də isə Cəbrayıl məktəbinin nəzarətçisi H.Axundzadə Azərbaycan parlamentinə göndərdiyi teleqramda yazırdı: “Yanvarın 19-da səhərdən erməni silahlı qüvvələri Zəngəzurda Xocahandan  Qaladərəsinə kimi ərazidə bütün cəbhə boyu toplardan və pulemyotlardan müsəlman kəndlərini atəşə tuturlar. Altı kənd tamam dağılmış, doqquz kənd isə od içərisində yanır. Ermənilər qadınlara və uşaqlara belə rəhm etmədən qəddarlıqla müsəlmanları qırır, kəndləri dağıdırlar. Müqavimət göstərməyə heç bir qüvvələri olmayan müsəlmanlar bütün əmlaklarını ermənilərə qoyaraq yalnız qaçmaqla canlarını qurtarırlar”.

Erməni millətçilərinin Zəngəzurdakı dəhşətli cinayətləri və onlara layiqli cavab verilməməsi azərbaycanlı əhali arasında ümidsizlik doğururdu. 1920-ci il yanvar ayının 23-də Cəbrayıldan müəllim Hüseyn Axundzadənin vurduğu təkrar teleqramda deyilirdi: “Zəngəzur müsəlmanları tərəfindən başınız sağ olsun. Nə qədər zəngəzurlular ağladılarsa da, nalələri Zəngəzur dağları, dərələri və obalarından kənara çıxmadı. Qarı arvadların namusu təhqir olunmuş, məsum balaların başsız bədənləri qırmızı qanlarına bulaşmış çöllərdə qalıblar. Qızlar və gəlinlər ermənilərin əlinə keçmiş, onların namuslarına təcavüz edilmişdir. Zəngəzurda düşmənə müqavimət göstərən çox az kişi qalıb. Lakin onlar da tam ümidsiz vəziyyətdədirlər. Üzümüzü Azərbaycan dindarlarına çevirir, onları Zəngəzurdakı qardaşlarımızın, bacılarımızın, məsum balaların məlumanə şəkildə şəhid olmalarına qarşı “kömək... kömək!” deyə yalvarışlarına cavab verməyə çağırırıq”.

Cəlil Sultanov yanvarın 23-də hərbi əməliyyat yerindən parlamentə göndərdiyi üçüncü teleqramında yazırdı: “Zəngəzur qəzası İrəvandan on top və pulemyotlarla gəlmiş nizami ordu tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən nizami erməni ordusu əsgərlərinin sayı on minə çatır. Hökumətin köməyinə ümidini itirən əhali bütün Azərbaycan türk xalqına müraciət edir. Aldığımız məlumata görə, sabah Zəngəzur tərəfdən Cəbrayıl qəzasına hücum başlanır. Məqsəd Qarabağ erməniləri ilə birləşməkdir. Nəticədə Naxçıvanla əlaqəni tamam kəsmək, beləliklə də həm Qarabağ və həm də Naxçıvan məsələsini birdəfəlik həll etməkdir. Artıq kağız üzərindəki etirazlara son qoymaq, iki yüz mindən yuxarı Zəngəzur müsəlman əhalisinin məhvinə gətirib çıxarmış xain ermənilərin iç üzünü açıb dünyaya çatdırmaq vaxtı gəlib çatmışdır. Xahiş edirəm təcili tədbir görün ki, heç olmasa, Şuşa və Cəbrayıl qəzaları xilas edilsin. Hər dəqiqə qiymətlidir. Yubanmaq xalq və Vətən qarşısında cinayət və satqınlığa bərabərdir”.

  1918-ci ilin avqustunda İğdır və Eçmiədzin qəzalarında azərbaycanlıların qırğını Dronun rəhbərliyi altında həyata keçirilirdi. Onun göstərişi ilə bu regionda azərbaycanlıların 60-dan çox kəndi dağıdılmış, yandırılmış, əhalisinə qarşı ən sərt tədbirlər götürülmüşdü.

Çəmbərəkənd (Krasnaselo) rayonunun Ağbulaq, Ardanış, Bəriyabad, Qaraqaya, Əmirxeyir, Yanıqtəpə, Gölkənd (Qaraqoyunlu), Toğluca, Çaykənd, Cıvıxlı, Cil, Şorca və başqa kəndlərə hücum etmiş Andranikin quldur dəstəsi əhalini qırmış, kəndi dağıtmış, xalqın var-dövlətini talan edib aparmış, əhalinin bir qisminə ağır işgəncələr vermiş, qaça bilməyənləri, qocaları, qadın və uşaqları vəhşicəsinə qılıncdan keçirmişdir. Eçmiədzin rayonunda 1918-ci ildə azərbaycanlılar sayca üstünlük təşkil etsələr də, bu rayonun əksər kəndləri ermənilərin vəhşiliyinə, işgəncələrinə məruz qalmışdı. Rayonun Ayarlı kəndi 1918-ci ildə bütünlüklə soyqırıma məruz qalmışdır. Bu kənddə həmin vaxt 700-dən çox azərbaycanlı yaşayırdı. Onların əksəriyyəti işgəncələrlə qırılmış, salamat qalanlar isə didərgin düşmüş, dağlarda-daşlarda tələf olmuşdur.

İri azərbaycanlı kəndi olan Qarğabazarın 800 nəfərdən çox əhalisi erməni quldur dəstələri tərəfindən işgəncələrlə öldürülmüşdür. Bu kənd talan edilmiş, dağıdılmış, binaları yandırılmışdır. Qəmərli kəndinin də başına eyni müsibətlər gətirilmişdir. Kənddə yaşayan 500 nəfərə yaxın azərbaycanlı əhali erməni  silahlı dəstələri tərəfindən qırılmış, bir qismi isə doğma yurd-yuvasını tərk etməyə məcbur olmuşdur.

Eçmiədzin rayonunun Yuxarı Qarxun, Yuxarı  Türkmənli, Kiçik Zeyvə, Kürəkənli, Məmmədabad, Molla Dursun, Hacı Qara, Hacılar, Haramlı və başqa kəndlərində yaşayan azərbaycanlıların böyük əksəriyyəti 1918-ci il qırğınlarında soyqırımına məruz qalaraq, doğma yurdlarından başlarını götürərək qaçmışdır.

1918-ci ilin martına qədər İrəvan qəzasının 199 azərbaycanlı kəndi, 1919-cu ilin sentyabr ayına qədər isə Eçmiədzin qəzasına məxsus 62 azərbaycanlı kəndi bütünlüklə yerlə–yeksan edilmişdir. 1919-cu ilin axırında isə Zəngibasarın bir neçə kəndi istisna olmaqla, İrəvan qəzasının, o cümlədən Vedibasarın bütün kəndləri məhv edilmiş, əhalisi vəhşicəsinə öldürülmüş, sağ qalanlar canlarını xilas edərək başqa yerlərə qaçmışlar. Əhali İrana, Türkiyəyə və Azərbaycana pənah gətirmişdir.

İrəvanın şimal – şərqində yerləşən Kotayk rayonu ərazisində də 1918-ci ildə erməni quldur dəstələri azərbaycanlılara qarşı geniş soyqırımı həyata keçirdilər. 1918-ci ilin məlum hadisələrinə qədər bu rayonda yaşayan əhali arasında azərbaycanlılar üstunluk təşkil edirdilər. 1920-ci ilin aprelində “Azərbaycan” qəzeti yazırdı: “Artıq Göyçə mahalında müsəlman qalmayıb. Hazırda Yeni Bəyazid qəzasında 84 müsəlman kəndi dağıdılmışdır, onlardan 22 kənd apreldə dağıdılmışdır. Bütün var-dövlət hazırda ermənilərə qalıb, qarət edilmiş əmlak bir neçə milyon və hətta milyardlar qədərdir”.

Andranikin quldur qoşununun və daşnakların 1918-1920-ci illərdə azərbaycanlılara qarşı apardıqları soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 365 min nəfəri vəhşicəsinə qırılmış, yaxud öz dədə–baba torpaqlarından qovulmuş, didərgin salınmışdır. Erməni müəllifləri özləri bu faktı təsdiq edirlər. Tarixçi Z. Korkodyan “Sovet Ermənistanının əhalisi 1831-1931-ci illər” kitabında göstərir ki, 1920-ci ildə Ermənistanda Sovet hökuməti qurularkən bu ərazidə 10 min nəfərdən bir qədər çox türk--azərbaycanlı qalmışdı.

1918-ci ildə “İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış, yandırılmış və talan edilmişdi. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində (İrəvan) və onun çevrəsində 88 kənd dağılmış, 1920 ev yandırılmış, 132 min azərbyacanlı məhv edilmişdir. Erməni cəza dəstələrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə yürüdülən “türksüz Ermənistan” siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə enmişdir. 1920-ci il aprelin 27-də XI qırmızı ordunun Bakını, sonra isə Azərbaycanın bütün bölgələrini işğal etməsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü tədbirləri başa çatdırmağa imkan vermədi. Ermənistan sovetləşən kimi Zəngəzur qəzası daxil olmaqla, həmin ərazilər Sovet Ermənistanına bağışlandı. Beləliklə, 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən qətllər və kütləvi insan qırğını təsadüfi hadisə deyil, “Daşnaksütyun” partiyasının “Böyük Ermənistan” yaratmaq planını reallaşdırmaq yolunda atılan addım və soyqırımı siyasəti olmuşdur.