Respublika.-2017.-31 mart.-65.-S.5-6.

 

Azərbaycana qarşı törədilmiş soyqırımı və insanlıq əleyhinə cinayətlər:
beynəlxalq hüquqi təhlil

 

Zaur Əliyev,

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin insan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının dosenti,

hüquq üzrə fəlsəfə doktoru.

 

Tarixin müxtəlif dönəmlərində Azərbaycana qarşı kütləvi insan qırğını ilə nəticələnmiş bir sıra beynəlxalq cinayətlər törədilmişdir. Bunlardan 1990-cı ilin 20 Yanvarında baş vermiş cinayət və 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı soyqırımı xüsusi amansızlığı ilə seçilir.

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda və respublikamızın digər şəhərlərində törətdiyi əməllər beynəlxalq hüquqa müvafiq olaraq məhz insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Bu cinayət hadisəsi ilə bağlı o dövrdə ən ciddi bəyanatı həmin vaxt Moskvada yaşayan ümummili lider Heydər Əliyev vermişdi. Məhz SSRİ paytaxtında, dünyanın aparıcı media təmsilçiləri qarşısında insanlığa qarşı törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb edən bu bəyanat beynəlxalq miqyasda ciddi rezonans doğurmuşdu. Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi onun qarşıya qoyduğu vacib tələb idi. 1994-cü il mart ayının 29-da ölkə parlamenti 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. Beləliklə, 20 Yanvar faciəsi məhz xalqımızın, ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və təşkilatçılığı ilə prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 20 Yanvar faciəsi ilə bağlı bir sıra normativ aktların imzalanması dövlət başçısının daim bu məsələni diqqətdə saxladığının göstəricisidir.

Azərbaycan həqiqətlərinin, o cümlədən 20 Yanvar faciəsi ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması mühüm vəzifələrdəndir. Bu mənada Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti olduqca təqdirəlayiqdir. Məhz Heydər Əliyev Fondunun səyləri nəticəsində 20 Yanvar faciəsi ilə bağlı faktlar dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq qurumlara çatdırılır.

Beynəlxalq hüquq nöqteyi-nəzərindən 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir. İlk dəfə olaraq, insanlıq əleyhinə cinayətlərin anlayışı Nürnberq tribunalının nizamnaməsində verilmişdir. Nizamnaməyə əsasən, istənilən mülki əhaliyə qarşı müharibədən qabaq və ya müharibə dövründə, Tribunalın yurisdiksiyasında olan hər hansı bir cinayətlə bağlı törədilən adamöldürmə, kütləvi qırğın, kölə vəziyyətinə salma, deportasiya və digər qeyri-insani aktlar və yaxud siyasi, irqi və ya dini əsasda təqiblər insanlıq əleyhinə cinayətləri təşkil edir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir. Qeyd olunan əməllərin insanlıq əleyhinə cinayət kimi tövsif olunması üçün iki şərt tələb olunur: əməl sistematik və ya geniş miqyasda törədilməlidir; əməl hökumət və ya istənilən təşkilat, yaxud qrup tərəfindən həvəsləndirilməli və ya istiqamətləndirilməlidir. İnsanlıq əleyhinə cinayətlərin müasir definisiyası belə bir şərti nəzərdə tutmur ki, əməl müharibə zamanı və ya sülh əleyhinə cinayətlərlə, yaxud müharibə cinayətləri ilə bağlı törədilməlidir. Müasir beynəlxalq hüquq insanlıq əleyhinə cinayətlərin müstəqil statusunu müəyyən edir. Belə ki, Ruanda beynəlxalq tribunalının nizamnaməsində insanlıq əleyhinə cinayətlərin müharibə zamanı və ya dinc vaxtı törədilə bilməsi qeyd olunur. Beləliklə, müasir beynəlxalq hüquqa əsasən, insanlıq əleyhinə cinayətlər beynəlxalq silahlı münaqişə ilə əlaqə tələb etmir.

1990-cı ilin yanvarında dinc əhaliyə qarşı törədilmiş cinayətləri insanlıq əleyhinə cinayət kimi tövsif etsək, nəinki, bilavasitə bu cinayəti törətmiş hərbçilərin və onların törədilməsinə əmr vermiş hərbi komandanlıq üzvlərinin, həmçinin də bu cinayətkar planı işləyib hazırlamış və onun həyata keçirilməsinə göstəriş vermiş ovaxtkı SSRİ rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması məsələsi qoyulmalıdır. Fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti prinsipi müasir beynəlxalq hüquqda öz əksini tapmışdır. Bu prinsipə müvafiq olaraq, hər hansı beynəlxalq cinayəti törətmiş və yaxud törədilməsində bu və ya digər şəkildə iştirak etmiş şəxs cəmiyyətdə və dövlət aparatında tutduğu mövqedən asılı olmayaraq həmin cinayət əməlinə görə məsuliyyət daşıyır. Törədilmə vaxtından asılı olmayaraq, belə cinayətləri törətmiş şəxslər məsuliyyətə cəlb edilə bilərlər. Beynəlxalq hüquqa görə, beynəlxalq cinayətlərə onların törədildiyi vaxtdan asılı olmayaraq, heç bir iddia müddəti tətbiq olunmur. Bu mühüm prinsipin müqavilə əsası da vardır. Hərbi cinayətlərə və insanlıq əleyhinə cinayətlərə iddia müddətinin tətbiq olunmaması haqqında 1968-ci il Konvensiyasına əsasən, insanlıq əleyhinə cinayətlərə hər hansı bir iddia müddəti tətbiq olunmur.

Beləliklə, göründüyü kimi, 20 Yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi əsas vardır. Eyni zamanda bu vəhşilikləri törətmiş hərbi qulluqçuların və onların icrasına əmr verənlərin, ən əvvəl isə o vaxtkı sovet dövləti rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə hüquqi əsaslar mövcuddur.

Azərbaycan xalqına qarşı törədilmiş növbəti ağır beynəlxalq cinayətlərdən biri Xocalı soyqırımıdır. Etnik əlamətlərinə görə, məhz azərbaycanlı olduqlarına görə əvvəlcədən düşünülmüş niyyətlə azərbaycanlılara qarşı hələ ötən əsrin əvvəllərindən başlayaraq kütləvi qırğınlar həyata keçirilməyə başlanmışdır. Çoxsaylı tarixi sənədlər sübut edir ki, erməni millətçiləri tərəfindən hələ 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından deportasiya olunmuş və kütləvi qırğına məruz qalmışdır. Bunun davamı olaraq 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi qüvvələri sovet silahlı birləşmələrinin 366-cı motoatıcı alayı ilə birgə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq (məsələn, dinc əhali üçün keçid koridorunu verməməklə) dinc əhalini xüsusi amansızlıq və vəhşiliklə məhv etmişlər. Bir gecənin içərisində bir Azərbaycan şəhəri yerlə-yeksan edilmiş, milli əlamətinə görə minlərlə dinc insan müxtəlif vəhşi metodlarla qətlə yetirilmişdir.

Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və geniş vüsət almış Xocalıya ədalət! beynəlxalq maarifləndirmə kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır, bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımı aktı ilə bağlı müvafiq qərarlar qəbul edilir. Artıq bir sıra ölkələrin parlamentlərində, habelə ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanlarında Xocalı soyqırımının tanınması ilə bağlı müvafiq qərarlar qəbul olunmuşdur. Leyla Əliyevanın təşəbbüsü ilə çəkilmiş Sonsuz dəhliz sənədli filmi isə Xocalı soyqırımı haqqında dünya ictimaiyyətinin daha dolğun məlumat almasına xidmət edir. Premyerası Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında keçirilmiş sənədli filmdə Xocalı soyqırımının şahidləri olan jurnalistlər Riçardas Lapaitis (Litva) və Viktoriya İvlevanın (Rusiya) faciədən 20 il sonra Azərbaycana gələrək, qətliamdan xilas olmuş şəxslər ilə görüşlərində lentə aldıqları xatirələrdən bəhs edilir, yeni sənədlər, faktlar və xronikalar ilə hadisələrin obyektiv mənzərəsi canlandırılır.

Xocalıda törədilmiş əməllərin əvvəlcədən düşünülmüş qaydada, milli əlamətinə görə konkret bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi, onun beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir. Beynəlxalq hüquqa görə, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla təcavüz, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri kimi cinayətlərlə yanaşı, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn cinayətlər qrupuna aid edilir. Beynəlxalq cinayət hüququnda soyqırımı xüsusilə təhlükəli beynəlxalq cinayət kimi dəyərləndirilir. Bu cinayətin tərkibi bir sıra beynəlxalq hüquqi aktlarda müəyyənləşdirilmişdir. İkinci Dünya Müharibəsi illərində beynəlxalq cinayətlər törətmiş şəxsləri mühakimə etmək üçün yaradılmış ilk beynəlxalq məhkəmə orqanı olan Nürnberq hərbi tribunalının Nizamnaməsində birbaşa soyqırımı termini işlədilməsə də, bu cinayəti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulmuşdur. Soyqırımı cinayətinin əsas tərkib elementini zəruri niyyətin təşkil etməsi və onun dinc dövrdə törədilə bilməsi də, bu əməli digər oxşar beynəlxalq cinayətlərdən, xüsusilə də, müharibə cinayətlərindən fərqləndirir. Məhz buna görə də, soyqırımı, Yuqoslaviya və Ruanda tribunallarının nizamnamələrində, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda və bir sıra digər sənədlərdə ayrıca beynəlxalq cinayət kimi fərqləndirilmişdir. BMT-nin bir sıra sənədlərində də, soyqırımı ümumi beynəlxalq hüquq normalarını pozan, bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayət kimi dəyərləndirilir. BMT Baş Assambleyasının 11 dekabr 1946-cı il tarixli qətnaməsində soyqırımının beynəlxalq hüquq normalarını pozan, BMT-nin ruhuna və məqsədlərinə zidd cinayət olduğu elan edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya ilə müəyyən olunmuşdur. Konvensiyanın preambulasında qeyd olunduğu kimi, soyqırımının bütün tarix boyu bəşəriyyətə böyük itkilər gətirdiyini etiraf edərək, bəşəriyyəti bu mənfur bəladan xilas etmək üçün beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq bu Konvensiya qəbul olunmuşdur. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə edilən aşağıdakı hərəkətlərdir: bu cür qrup üzvlərinin öldürülməsi; belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; hər hansı qrup üçün qəsdən onun tam, yaxud bir qisminin fiziki məhvini nəzərdə tutan tədbirlərin görülməsi; uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi. Analoji müddəa Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində (müvafiq olaraq 4-cü və 3-cü maddələr), Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda (6-cı maddə) və bəzi dövlətlərin cinayət qanunvericiliyində əks olunmuşdur.

Belə bir müddəa Azərbaycan qanunvericiliyində də təsbit olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsinə əsasən, hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə soyqırımı sayılır.

Ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş əməllərdə niyyət, əvvəlcədən düşünülmüş qaydada (yaxınlıqdakı kəndlərdə, qaçmaq istəyən əhalini məhv etmək məqsədilə əvvəlcədən pusquların qurulması da bunu sübut edir) məhz azərbaycanlı olduqlarına görə milli qrupu tam və ya qismən məhv etmək məqsədilə bu qrup üzvlərinin öldürülməsi olmuşdur. Həmçinin, Xocalıda uşaqların zorla valideynlərindən alınması faktları da məlumdur. Belə ki, faciə zamanı yüzlərlə azərbaycanlı ermənilər tərəfindən girov götürülmüşdür. Uşağı olan girov götürülmüş azərbaycanlılardan isə uşaqları zorla alınmışdır. Uşaqların zorla bir qrupdan alınıb başqa bir qrupa verilməsi də, soyqırımı cinayətinin obyektiv cəhətini təşkil edən əlamətlərdəndir. Bütün bunlar isə ermənilərin Xocalıda soyqırımı cinayəti törətdiklərini bir daha sübut edir.

Konvensiyanın iştirakçı dövlətləri sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq soyqırımının beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edir və onun qarşısını almaq və onun törədilməsinə görə cəzalandırmaq üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Konvensiyaya əsasən soyqırımı, soyqırımı törətmək məqsədilə sui-qəsd, soyqırımına birbaşa və açıq təhrikçilik, soyqırımına cəhd, soyqırımında iştirak etmək əməlləri cəzalandırılır. Soyqırımı cinayətinə görə məsuliyyət universal olduğundan bununla bağlı digər dövlətlər də müvafiq tədbirlər görə bilərlər. Belə ki, Konvensiyanın əsasında duran prinsiplər, BMT Beynəlxalq Məhkəməsi tərəfindən bütün dövlətlər üçün məcburi xarakter daşıyan normalar kimi tanınmışdır. Konvensiyada qeyd edilir ki, soyqırımı həyata keçirmiş şəxslər konstitusiyaya görə, məsul şəxs olmasından asılı olmayaraq cəzalandırılmalıdırlar. Soyqırımı törətmiş şəxslərin cəzalandırılması mütləqdir. Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı dövlətlər soyqırımı cinayəti törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbirlər görməlidirlər. Həmin şəxslər ya dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə, yaxud da beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidirlər. Soyqırımı cinayəti törətməkdə təqsirli bilinən şəxslərin ekstradisiyasına gəlincə isə Konvensiyaya əsasən, belə şəxslərin təhvil verilməsinə münasibətdə soyqırımı siyasi cinayət sayılmır. Deməli, soyqırımı cinayəti törətmiş şəxslərə sığınacaq hüququ şamil edilmir. Onu da qeyd etmək lazımdır ki, 26 noyabr 1968-ci il tarixli, Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında Konvensiya imkan verir ki, törədilmə vaxtından asılı olmayaraq soyqırımı cinayəti törətmiş məsul şəxslər istənilən vaxt cinayət məsuliyyətinə cəlb edilsinlər.

Belə bir müddəa Azərbaycan qanunvericiliyində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan 75-ci maddəsinin 5-ci bəndinə əsasən, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və bəşəriyyət əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur.

BMT Baş Assambleyasının 3 dekabr 1973-cü il tarixli qətnaməsi ilə qəbul edilmiş Hərbi cinayətlərin, bəşəriyyətə qarşı cinayətlərin törədilməsində təqsiri olan şəxslərin aşkara çıxarılması, həbs edilməsi, təhvil verilməsi və cəzalandırılmasına dair beynəlxalq əməkdaşlığın prinsiplərinə müvafiq olaraq, hərbi cinayətlərin, bəşəriyyətə qarşı cinayətlərin törədilməsində təqsiri olan şəxslərin məhkəmə təqibinin və cəzalandırılmasının təmin edilməsinə yönəldilmiş beynəlxalq tədbirlərin görülməsinə xüsusi zərurət vardır. Hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər nə vaxt və harada törədilməsindən asılı olmayaraq tədqiq edilməli, belə cinayətləri törətdikləri barəsində dəlillər olan şəxslər isə axtarılmalı, həbs edilməli, məsuliyyətə cəlb olunmalı və cəzalandırılmalıdırlar. Bir məqamı da vurğulamaq lazımdır ki, soyqırımı cinayətinə görə məsuliyyətin meydana çıxması üçün bütövlükdə müəyyən qrupun məhv edilməsindən ibarət son nəticə tələb olunmur. Soyqırımı cinayətinin tərkibini təşkil edən əməllərdən birinin və ya bir neçəsinin müəyyən qrupu tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi soyqırımı kimi qiymətləndirilir.

Beləliklə, ermənilər tərəfindən Xocalı əhalisi olan etnik azərbaycanlılara qarşı törədilmiş əməllər beynəlxalq hüquqa müvafiq olaraq beynəlxalq cinayət - soyqırımı kimi qiymətləndirilməlidir və beynəlxalq hüquqa əsasən soyqırımı törədənlərin cəzalandırılması onun törədilməsi vaxtından asılı olmayaraq zəruridir. Müvafiq olaraq, azərbaycanlılara qarşı soyqırımı törətmiş (istər cinayətin bilavasitə icraçıları, istərsə də təşkilatçıları) şəxslər, vəzifə mövqeyindən asılı olmayaraq (cinayətkarın dövlət başçısı və ya vəzifəli şəxs qismində çıxış etməsi ona immunitetdən istifadə etmək imkanı vermir) cinayət məsuliyyətinə cəlb edilməli, ya səlahiyyətli dövlətdaxili məhkəmədə, yaxud da Ruanda tribunalına uyğun olaraq yaradılması zəruri olan ad hoc beynəlxalq tribunal qarşısında cavab verməlidirlər. Həmçinin, soyqırımı cinayəti törətmiş şəxsləri dəstəkləyən və soyqırımının dövlət siyasətinin tərkib hissəsi təşkil etdiyi Ermənistan dövlətinə qarşı da beynəlxalq birlik tərəfindən müxtəlif sanksiyalar tətbiq olunması zərurəti yaranır, bu dövlətin beynəlxalq hüquqi məsuliyyətini doğurur. Xocalı soyqırımına hüquqi qiymət verilməsi məqsədilə BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə beynəlxalq tribunal yaradılmalıdır. Bir məqamı da vurğulamaq lazımdır ki, Azərbaycan Respublikası Milli Məclisində Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında qanun layihəsi hazırlanmışdır. 3 fəsil, 19 maddədən ibarət olan qanun layihəsi beynəlxalq cinayətlərin dairəsini müəyyən edir. Layihə beynəlxalq cinayət kateqoriyasına təcavüz, soyqırımı, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətləri aid edir. Layihədə bu cinayətlərin mahiyyəti ətraflı izah olunur. Burada, habelə universal yurisdiksiya, etnik təmizləmə, müharibə cinayətləri, beynəlxalq cinayətlərin qarşısının alınması və digər zəruri məsələlər ehtiva olunur. Sənəddə mühüm əhəmiyyət kəsb edən beynəlxalq cinayətlərin təqibetmə mexanizmi və digər vacib məqamlar da öz əksini tapmışdır.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Azərbaycana qarşı törədilmiş cinayətlərlə bağlı 297 nəfərin həbsi üçün qərarlar çıxarılmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və İnterpol vasitəsilə axtarış aparılır. Lakin indiyədək onlardan heç biri saxlanılaraq Azərbaycana verilməyib.

Göründüyü kimi, Xocalıda törədilmiş cinayət əməllərinin soyqırımı kimi tanınması və qiymətləndirilməsi, həmçinin cinayətkarların cəzalandırılması üçün kifayət qədər hüquqi əsas vardır.

Müxtəlif vaxtlarda Azərbaycana qarşı törədilmiş cinayətlərdən biri də terror aktları olmuşdur. Bəşəriyyət yarandığı vaxtdan bugünədək insanın ən mühüm ehtiyaclarından biri təhlükəsizlik olmuşdur. Müasir dövrdə insanların təhlükəsizliyinə ən real və irimiqyaslı təhlükə terrorizmdir. Siyasi mübarizənin üsullarından biri kimi, terrorizm bu və ya digər şəkildə, demək olar ki, hər zaman mövcud olmuşdur. XXI əsrdə isə o, beynəlxalq hüquq qaydasını, beynəlxalq nizamasalmanı pozan faktora çevrilmişdir. Hazırda terrorizm yalnız ayrı-ayrı dövlətlərin daxili siyasi sabitliyinə deyil, bütövlükdə ümumdünya sabitliyinə böyük təhlükə kimi çıxış edir. Son dövrlər ayrı-ayrı dövlətlərdə baş verən silsilə terror aktları göstərdi ki, terrorizm müstəqil və qlobal siyasi və hərbi gücə çevrilib. Terrorla mübarizə birbaşa olaraq bütün dövlətlərin vəzifəsidir. Beynəlxalq terror aktları bir çox dövlətlərin maraqlarına toxunduğundan, bəzən milli yurisdiksiyaların kolliziyası meydana çıxır. Məhz bu baxımdan terrorla mübarizədə qarşılıqlı hüquqi yardım göstərilməsi, təqsirkar şəxslərin verilməsi və digər üsullarla dövlətlərarası əməkdaşlığın həyata keçirilməsi zəruridir. Terrorizmlə mübarizədə dövlətlərarası əməkdaşlığın əsasını aut dedere aut judicare (ya təhvil ver, ya da mühakimə et) prinsipi təşkil etməlidir. Lakin dövlətlərarası münasibətlərdə, təəssüf ki, bu mühüm prinsipə bəzi dövlətlər tərəfindən əməl edilmir. Bu isə terrorizmin dünya miqyasında daha geniş vüsət almasına səbəb olur.

Beynəlxalq terror aktları, bir qayda olaraq, dövlətlə rəsmi münasibətdə olmayan şəxslər, yaxud qruplaşmalar tərəfindən törədilir. Lakin elə hallar da olur ki, bəzən müvafiq dövlət orqanları gizli şəkildə terror aktlarına dəstək verirlər. Ayrı-ayrı dövlətlərin terror aktlarına dəstək verməsi ilə terrorizm olduqca təhlükəli xarakter alır. Beynəlxalq hüquq bunu birmənalı olaraq qadağan edir. 1994-cü ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş qətnamədə vurğulanır ki, dövlətlər terror fəaliyyəti təşkil etməkdən, terrora təhrikdən, terrorun həyata keçirilməsinə yardımdan, terroru maliyyələşdirməkdən çəkinməli, terror aktı törətmiş şəxsləri məsuliyyətə cəlb etməli və ya ekstradisiya etməlidirlər.

Hazırda terrorizmin qloballaşması müşahidə edilməkdədir. Terrorizmin ən təhlükəli cəhəti ondan ibarətdir ki, o, yeni dünya müharibəsinə zəmin yaradır. Bu gün bəzi böyük dövlətlər özgə əllərlə müharibəyə üstünlük verirlər, bu isə terrorizmin daha geniş miqyas almasına və inkişafına səbəb olur.

Müasir dövrdə terrorizmlə bağlı beynəlxalq hüquqda mövcud problemlərdən biri də bu cinayətin beynəlxalq cinayət kimi tövsif edilməməsidir. Beynəlxalq terrorizmə münasibətdə hostes humani generis (bəşəriyyətin düşməni) prinsipinin tətbiq edildiyini və terrorizmin beynəlxalq hüququn erga omnes xarakterinə malik olan ümumtanınmış prinsip və normalarını kobud şəkildə pozduğunu nəzərə alaraq terrorizm beynəlxalq cinayət kimi tövsif edilməlidir. Bəzi tədqiqatçılar tərəfindən belə bir fikir irəli sürülür ki, terrorizm cinayəti dövlətlər tərəfindən deyil, fiziki şəxslər tərəfindən törədildiyindən beynəlxalq cinayət kimi tövsif edilə bilməz. Lakin belə yanaşmanın hüquqi əsası yoxdur. Məsələn, soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiyada dövlətlərin məsuliyyəti ilə yanaşı, fiziki şəxslərin də məsuliyyəti nəzərdə tutulmuşdur. Beynəlxalq cinayətlər yalnız dövlətlər tərəfindən deyil, fiziki şəxslər tərəfindən də törədilir. BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının qətnamələrində də terrorizm cinayətinin subyektləri qismində həm dövlətlər, həm də fiziki şəxslər göstərilir. Terrorizm, istər beynəlxalq hüquq ədəbiyyatında, istərsə də beynəlxalq cinayət hüququnun əsas mənbəyini təşkil edən sənədlərdə beynəlxalq cinayət kimi vurğulanmır. Beynəlxalq cinayət hüququ sahəsində tanınmış mütəxəssis, Humboldt adına Berlin Universitetinin professoru Gerhard Verle Beynəlxalq cinayət hüququnun prinsipləri adlı məşhur əsərində terrorizmi beynəlxalq cinayətlər sırasına aid etmir. Müəllif beynəlxalq cinayətlər sırasında soyqırımını, insanlıq əleyhinə cinayətləri, müharibə cinayətlərini və təcavüz cinayətini qeyd edir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun Məhkəmənin yurisdiksiyasına aid olan cinayətlər adlanan 5-ci maddəsinə əsasən, Məhkəmənin yurisdiksiyası bütün beynəlxalq ictimaiyyəti narahat edən ən ciddi cinayətlərlə məhdudlaşır. Məhkəmə aşağıdakı cinayətlərə münasibətdə yurisdiksiyaya malikdir: soyqırımı cinayəti, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, təcavüz cinayəti. Göründüyü kimi, terrorizmin, demək olar ki, bütün dünya dövlətlərini və xalqlarını narahat etdiyinə baxmayaraq, bu cinayət növü Beynəlxalq Cinayət Məhkəməsi kimi ixtisaslaşmış universal beynəlxalq məhkəmə orqanının əsas aktı olan Statutda öz əksini tapmamışdır. Eyni zamanda terrorizmin definisiyasını, onun mahiyyətini və əsas əlamətlərini müəyyənləşdirən universal beynəlxalq müqavilə mövcud deyildir. Bütün bunlar terrorizmin beynəlxalq cinayət kimi tövsif edilməsində əsas maneələrdir. Hazırkı dövrdə beynəlxalq terrorizm cinayətinin Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna avtonom beynəlxalq cinayət kimi daxil edilməsi və bu cinayətin statusunun müəyyən edilməsi zəruridir. Lakin onu da qeyd etmək lazımdır ki, beynəlxalq terrorizm cinayətinin ümumqəbuledilmiş anlayışının olmaması bu cinayət növünün Statuta daxil edilməsində əsas maneədir. Bunun üçün, ilk növbədə, BMT tərəfindən beynəlxalq terrorizmlə mübarizə haqqında konvensiya qəbul edilməli və bu sənəddə beynəlxalq terrorizm cinayətinin dəqiq anlayışı müəyyən edilməlidir. BMT Baş Assambleyasının 17 dekabr 1996-cı il tarixli 51/210 saylı qətnaməsi ilə yaradılmış terrorizmlə mübarizə üzrə xüsusi komitənin vəzifələrindən birini beynəlxalq terrorizmlə mübarizəyə dair konvensiya layihəsinin hazırlanması təşkil etsə də, Komitə, hələ ki, bu vəzifəsini yerinə yetirə bilməmişdir. Eyni zamanda BMT tərəfindən 1972-ci ildə yaradılmış komitə də terrorizmin vahid anlayışını işləyib hazırlaya bilməmişdir. Terrorçuluğa qarşı mübarizə sahəsində bir sıra beynəlxalq hüquqi aktlar mövcud olsa da, məsələn, Bomba terrorçuluğu ilə mübarizəyə dair 15 dekabr 1997-ci il tarixli BMT Konvensiyası, Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizəyə dair 10 aprel 2002-ci il tarixli BMT Konvensiyası, Nüvə terrorçuluğu aktları ilə mübarizəyə dair 13 aprel 2005-ci il tarixli BMT Konvensiyası, Terrorizmin qarşısının alınması haqqında 27 yanvar 1977-ci il tarixli Avropa Konvensiyası, Avropa Şurasının Terrorçuluğun qarşısının alınması haqqında 16 may 2005-ci il tarixli Konvensiyası və s., onların heç birində terrorçuluq cinayətinin dəqiq anlayışı verilməmişdir. Lakin ayrı-ayrı milli qanunvericilik aktlarında terrorizmin anlayışı bu və ya digər şəkildə verilir. Terrorçuluğa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının 18 iyun 1999-cu il tarixli Qanununa əsasən, terrorçuluq - ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmədir. Terrorçuluq cinayətinin analoji tərifi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də verilmişdir.

Yeri gəlmişkən, ABŞ Dövlət Departamenti terrorizmlə bağlı illik məruzələrin hazırlanmasında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən 1980-ci illərdə işlənib hazırlanmış tərifdən istifadə edir. Həmin tərifə görə, terrorizm - bu və ya digər dövlətdə mövcud hakimiyyətin lehinə yaxud əleyhinə çıxış edən ayrı-ayrı şəxslər və ya qruplaşmalar tərəfindən siyasi məqsədlərlə güc tətbiqi və ya güc tətbiq etməklə hədələmədir, hansı ki, bu hərəkətlər, barəsində zorakılıq tətbiq edilən bilavasitə qurbandan daha çox qrup insanlara xəsarət yetirmək və ya qorxutmaq məqsədi güdür. ABŞ-ın Federal Təhqiqatlar Bürosunun terrorizmə verdiyi tərifə görə, terror aktı dövlətin cinayət qanunvericiliyinin pozulmasına və siyasi və ya sosial məqsədlər naminə hökumətə, mülki əhaliyə təzyiq göstərilməsi və ya onların qorxudulmasına yönələn zorakılıq aktıdır. BMT-nin keçmiş Baş katibi Kofi Annanın fikrincə, terrorizm - qlobal effektlərə malik qlobal təhlükədir və bu təhlükənin nəticələri inkişafdan tutmuş sülhə qədər, insan hüquqlarından tutmuş qanunun aliliyinə qədər BMT-nin fəaliyyətinin bütün aspektlərini əhatə edir.

Beləliklə, terrorizmə bu cür anlayış vermək olar: terrorizm - ictimai təhlükəsizliyin pozulması, siyasi sabitliyin, demokratik əsasların, insan hüquqlarının, hüquq qaydasının, sosial nizamın sarsıdılması, dövlət və hakimiyyət orqanlarına təsir göstərilməsi, əhalinin qorxudulması məqsədilə ayrı-ayrı şəxslər, şəxslər qrupları, əvvəlcədən əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş, fiziki və hüquqi şəxslərə, dövlət xadiminə və ya ictimai xadimə, xarici dövlətin nümayəndəsinə və ya beynəlxalq müdafiədən istifadə edən şəxslərə qarşı zorakılıq, onların həyatına qəsd edilməsi, zorakılıq tətbiq etməklə və ya qəsd etməklə hədələmə, insan tələfatı ilə nəticələnən və ya insan tələfatına təhlükə yaradan partlayışların törədilməsi və ya belə partlayışları törətməklə hədələmə, həmçinin əhəmiyyətli əmlak ziyanının vurulmasında təzahür edən hüquqazidd əməldir (beynəlxalq cinayətdir).

Bütün bu deyilənlərə yekun olaraq qeyd etmək olar ki, müxtəlif vaxtlarda Azərbaycana qarşı törədilmiş hüquqazidd əməllərin beynəlxalq cinayət kimi qiymətləndirilməsi və təqsirli şəxslərin cəzalandırılması üçün kifayət qədər hüquqi əsas vardır.