Xalq qəzeti.-2017.-30 mart.-64.-S.4.

 

Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımlarının qaynaqları və qanlı izləri

 

31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür

 

Qasım HACIYEV,

AMEA Tarix İnstitutu Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru

 

1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı... Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir.

Heydər ƏLİYEV 
Ümummilli lider

 

Tarixən, satqınlığı və xəyanətkarlığı ilə müxtəlif imperiyaların çöküşünə xidmət etmiş, ona qucaq açmış xalqların faciələrinə bais olmuş ermənilər XIX əsrdən etibarən İran və Osmanlı dövlətlərinin Rusiya ilə müharibələrdə məğlub olmasında da fəal rol oynamışlar. Zaman-zaman Qafqazda özlərinə isti yuva tapan ermənilər xəyallarında yaratdıqları Böyük Ermənistanı gerçəkləşdirmək üçün qanlı mübarizəyə başlamış, Avropanın davakar dövlətlərinin əlində türk-müsəlman dövlətlərinə və xalqlarına qarşı aparılan ədalətsiz müharibələrdə alətə çevrilmişlər.

 

 Azərbaycanda XIXXX əsrlərdə xalqımızın torpaqlarının zəbti ilə müşayiət olunan bütün faciələr ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləridir. 18131828-ci illər Rusiya ilə İran arasında gedən iki müharibənin sonunda imzalanmış Gülüstan və Türkmənçay müqavilələri Azərbaycanın parçalanmasına gətirib çıxarmış, xalqımızın taleyində faciəvi rol oynamış və ölkəmizin şimalı Rusiyanın idarəçiliyinə keçmişdir.

Bundan sonra Rusiya İrandan, Türkiyədən, Yaxın Şərqdən erməniləri Azərbaycan ərazilərinə köçürmüş, demoqrafik ekspansiyaya başlamışdır. Məqsəd isə bu olmuşdur ki, əvvəlcə qədim İrəvan xanlığı erməniləşdirilsin, daha sonra Azərbaycanın və Qafqazın digər bölgələrində yerli xalqların müqaviməti zəiflədilsin. Ermənilər isə mütəşəkkil bir qüvvəyə çevrilsin, təşkilatlansın və Şərqin istilasında əlverişli alətə çevrilsinlər. Ermənilər havadarlarının maddi və hərbi-siyasi dəstəyi ilə sonrakı dövrlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar və soyqırımılar törətmiş, deportasiyalar həyata keçirmişlər.

Ermənilərin XX əsrdə törətdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 19181929-cu illərdə 29,8 min kvadratkilometr ərazisini itirmiş, 19911993-cü illərdə isə 20 faiz ərazimiz işğal edilmişdir. 2,5 milyon nəfər azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olmuşdur.

Tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Yalnız müstəqillik dövründə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə əsl hüquqi-siyasi qiymət verilmişdir. Yalnız 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı Azərbaycanlıların soyqırımı haqqında fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olmuşdur. Fərmanda ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlər dünyaya bəyan edilərək bu qanlı əməllərə düzgün siyasi qiymət verilmişdir. Bu tarixi sənəd Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da fundamental bir proqramdır.

Fərmanda bildirilmişdir ki, xalqımıza qarşı erməni təcavüzünün əsas məqsədi etnik təmizləmə siyasəti həyata keçirmək yolu ilə tarixi Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaqdan və sonradan müxtəlif yollarla onu genişləndirməkdən ibarət olmuşdur. Ermənilərin bu niyyətlərinin reallaşması istiqamətində onun Şimal və Qərb havadarları mühüm rol oynamışlar.

Həqiqət budur ki, 19051906-cı illərdə Rusiyada iğtişaşlar baş verəndə bundan fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc mülki azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişlər. Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ və Qazax-Gəncə istiqamətində yerləşən yaşayış məskənlərinin azərbaycanlı əhalisini qırmış, qovmuş və həmin ərazilərdə  gələcək Ermənistan dövlətinin əsasını qoymuşlar.

O zaman sayları on min silahlıdan artıq olan erməni birləşmələri əvvəlcə Bakıda, sonra İrəvan şəhərində və onun ətraf kəndlərində, Üçkilsə, Şərur-Dərələyəz və Naxçıvan qəzalarında, Gəncə quberniyasının Zəngəzur qəzasının Gorus, Qafan və Qarakilsə nahiyələrində, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax, Ərəş qəzalarında, Tiflis şəhərində kütləvi qırğınlar törətmişlər.

M.S.Ordubadi 1911-ci ildə çap etdirdiyi Qanlı sənələr kitabında öncə 1905-ci ildə Naxçıvan qəzasında, sonra İrəvan şəhərində, daha sonra isə Qırxbulaq və Üçkilsə mahallarında erməni silahlı dəstələrinin törətdikləri qırğınların miqyasını oxuculara təqdim etmişdir. Müəllif 1906-cı ildə Zəngəzur qəzasındakı kütləvi qırğınlar barəsində ətraflı məlumat vermişdir. Yazıçı ermənilərin Gəncə  quberniyasının digər qəzalarında, habelə Bakıda və Tiflisdə törətdikləri qırğınlar və faciələr haqqında ətraflı bilgi verməklə yanaşı, erməni-müsəlman davasının baş verməsinin səbəblərini də göstərmişdir. M.S.Ordubadi Daşnaksütyun partiyasının qanlı əməllərindən söhbət açmış və Qafqazda oynadığı qanlı teatrolara dair 400-dən artıq yazılı məlumatın onun masası üzərində olduğunu qeyd etmişdir.

Rusiyada 1917-ci il fevral və oktyabr inqilabılarından sonra yaranan qarışıqlıqdan da istifadə edən çeşidli erməni millətçiləri    xalqımıza qarşı birləşərək 1918-ci ilin martaprel aylarında irimiqyaslı qırğınlar törətmişlər. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilmişdir. Ermənilər evləri yandırmış, insanları diri-diri oda atmış, milli memarlıq abidələrini, məktəbləri, xəstəxanaları, məscidləri və digər tikililəri dağıtmışlar. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilmişdir.

 1918-ci ilin martaprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Şamaxıda 58 kənd dağıdılmış, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars  əyalətində 92 kənd yerlə-yeksan olunmuşdur. Təkcə 19051920-ci illərdə indiki Ermənistan ərazisində 500-dən artıq azərbaycanlı kəndi dağıdılmış, yarım milyon əhali soyqırımına məruz qalmışdır.

Ermənilərin xəyanət və müxtəlif basqıları sovet hakimiyyəti illərində də davam etdirilmişdir. 19481953-cü illər onlar adət etdikləri metodlarla azərbaycanlıları daimi yaşadıqları Ermənistan SSR-dən çıxarmağa başlamış, eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütmüşlər. Bununla soydaşlarımızın tarixi torpaqlarından davamlı şəkildə deportasiya olunmasının əsası qoyulmuş və bu proses sovet hakimiyyətini mövcudluğu dövründə 1988-ci ilin dekabrında başa çatdırılmışdır.

1988-1994-cü illərdə ermənilər xalqımıza qarşı yenə də havadarlarının təəssübkeşliyi, siyasi-hərbi və maddi yardımları ilə ərazimizin 20 faizini işğal etmiş, bir milyondan çox insan öz dədə-baba yurdundan didərgin düşmüşdür. On minlərlə adam öldürülmüş, şikəst olmuşdur.  Buna görə də azərbaycanlılara qarşı ermənilərin törətdiyi etnik təmizləmə və soyqırımı, tarixi ərazilərimizə köçürülmə olmaları, bütün yalanları, saxta tarixləri dəlil, sübut və sənədlərlə bütün dünya ictimaiyyətinə açılmalı, çatdırılmalı və bir sözlə, bütün səviyyələrdə geniş informasiya  mübarizəsi aparılmalıdır.

Belə bir həqiqət dünya ictimaiyyətinə, mötəbər beynəlxalq qurumlara qətiyyətlə və təfsilatı ilə çatdırılmalıdır ki, Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq məqsədilə əsassız ərazi iddiaları irəli sürən ermənilər azərbaycanlılara qarşı bir əsrdə bir neçə dəfə soyqırımı törətmişlər. Bunların ən dəhşətlisi XX əsrin sonlarında baş vermiş Xocalı soyqırımıdır. Ermənistanın planlaşdırdığı Xocalı soyqırımı illərlə hazırlanmış və  Dağlıq Qarabağda soydaşlarımızın yaşadığı digər məntəqələrdə həyata keçirilmiş soyqırımı prosesinin ən dəhşətli nöqtəsi olmuşdur.

Bütün dünya təkrar-təkrar bilməlidir ki, dövlət səviyyəsində terror və separatçılıq mövqeyində dayanan Ermənistanın, nə yolla olur olsun, Dağlıq Qarabağı Ermənistana birləşdirmək məqsədi münaqişənin kəskinləşməsinə səbəb olmuşdur. Ermənistan Azərbaycan ərazisinə hərbi qüvvə yeridərək açıq təcavüzə başlamışdır. SSRİ buraxılandan sonra Xankəndidə nəzarətsiz qalmış 366-cı alayın hərbi texnika və hərbçiləri Ermənistan hərbi qüvvələrinin tabeliyinə keçmişdir. Separatçılar azər-baycanlılar yaşayan kəndləri, şəhərləri zəbt etməklə, soydaşlarımızı sıxışdırıb qovmaqla, yaxud məhv etməklə Dağlıq Qarabağı Ermənistana birləşdirmək yolunu tutmuşdur.

Ermənistan Respublikası Azərbaycan Respublikasına qarşı hərtərəfli ideoloji, siyasi və hərbi əməliyyatları 29 ildir ki, davam etdirməkdədir. Dağlıq Qarabağın azərbaycanlılar yaşayan bütün məntəqələri işğala məruz qalmışdır. İşğal planlı surətdə aparılırdı. Əvvəlcə kəndlər terrorçular tərəfindən mühasirəyə alınır, atəşə tutulur, sonra isə məhv edilirdi. Təkcə ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişənin başlandığı vaxtdan 1991-ci ilin noyabr ayına qədər ermənilərin azərbaycanlılara qarşı hücumu ilə 2559 toqquşma, 318 silahlı basqın, 1388 atəşə tutma halları baş vermiş, bu zaman 1318 nəfər yaralanmışdır.

Ermənistan hərbi qüvvələri Dağlıq Qarabağ ərazisində 1991-ci ilin oktyabrından 1992-ci ilin yanvarınadək Cəmilli, Meşəli kəndlərini, Kərkicahan qəsəbəsini, Ağdərə rayonunun İmarət Qərvənd kəndini, Xocavənd rayonunun Axullu və Salakətin kəndlərini işğal etdi. Meşəli kəndinin könüllü döyüşçülərinin müqavimət göstərməsinə baxmayaraq, ermənilər kəndi yerlə-yeksan etmiş, dinc sakinlərdən 27 nəfəri öldürmüş, 15 nəfərdən çox adamı isə ağır yaralamışdılar. Öldürülənlər arasında azyaşlı, məktəbli və 75 yaşlı qoca da var idi. Onların 11 nəfərinin meyiti yandırılmışdı.

1992-ci il yanvarın 21-də Ermənistan hərbçiləri  Qaybalı kəndini zəbt edib yandırdılar. Ermənilər fevralın 12-də beş aya yaxın mühasirədə saxladıqları Quşçular və Malıbəyli kəndlərini işğal etdilər. Bu zaman 28 nəfər azərbaycanlı öldürülmüş, 39 nəfəri ağır yaralanmışdı. Fevralın 17-də isə erməni hərbçiləri strateji əhəmiyyətli ərazidə yerləşən Xocavənd rayonunun Qaradağlı kəndini işğal etdilər. İşğalçılar Qaradağlı kəndinin 92 nəfər müdafiəçisini, 54 nəfər dinc sakinini öldürdülər, 117 nəfərini girov götürdülər və onlardan 77 nəfərini qətlə yetirdilər, 6 nəfəri diri-diri yandırdılar.

Ermənilər azərbaycanlıların yaşayış məntəqələrini daim nəzarətdə saxlamaqla onların mövqeyini zəiflədib, zəbt etməklə işğal planlarını reallaşdırmağa çalışırdılar. Aran və Dağlıq Qarabağ arasında strateji əhəmiyyətə malik, Azərbaycanın qədim insan məskəni, tarixi abidələrlə zəngin Xocalı şəhərinə ermənilərin ilk irimiqyaslı hücumu 1988-ci il sentyabrın 18-də olmuşdu. Həmin gün Xankəndidəki nümayişdən çıxan 5 minə qədər erməni Xocalıya hücum etmişdilər. Xocalılar bu hücumun qarşısını mərdliklə almışdılar.

Xocalıların silahsız olduğunu bilən ermənilər Sovet ordusundan götürdükləri müxtəlif növ silahlarla tez-tez Xocalını atəşə tutur, evləri yandırır, dinc əhalini, qoca, qadın və uşaqları qətlə yetirirdilər. 1991-ci il sentyabrın 10-da erməni hərbçiləri Daşbulaq kəndi istiqamətindən Xocalını avtomat və pulemyotlardan, Alazan tipli raketlərdən atəşə tutmuşdular. Bir saata yaxın çəkən aramsız atəş nəticəsində şəhər sakinlərindən biri ölmüş, altısı ağır yaralanmışdı. Xeyli sayda ictimai binalar, yaşayış evləri dağıdılmışdı. Bu hücumdan şirniklənən ermənilər sentyabr ayının əvvəllərində 10 nəfər azərbaycanlını öldürmüş, 21 nəfəri isə ağır yaralamışdılar.

Azərbaycanın Dağlıq Qarabağ regionu ilə bütün nəqliyyat yollarını separatçılar iflic vəziyyətə salmışdılar. Erməni hərbçiləri yanvarfevral aylarında Xocalı və Şuşaya uçan 7 sərnişin vertolyotunu gülləyə tutması nəticəsində regionda hava əlaqələri də çətinləşmişdi. 1992-ci il yanvarın 28-də Şuşa şəhəri səmasında içərisində 44 nəfər dinc azərbaycanlı əhalinin olduğu mülki vertolyotun vurulmasından sonra Xocalı ilə hava əlaqəsi də, demək olar ki, tamamilə kəsildi. Bununla da, Xocalı şəhəri  blokada şəraitinə düşdü.

Beləliklə, işğalçı qüvvələrin hazırladığı planın həyata keçirilmə məqamı yetişdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan qoşunları 366-cı alayın köməyi ilə Azərbaycan Respublikasının Xocalı şəhərini yerlə-yeksan etdi. Həmin dəhşətli gecə ermənilər nə uşaqlara, nə qocalara, nə də qadınlara aman verdi. Ermənilərin güllə yağışında yüzlərlə insan məhv oldu.

Rəsmi məlumata görə, 613 nəfərdən artıq Xocalı sakini məhv edilmiş, 1275-dən artıq dinc sakin girov götürülmüşdür. Faciə zamanı 1000 nəfər dinc sakin müxtəlif dərəcəli yara aldı, 106 qadın, 63 uşaq, 70 qoca öldürüldü. Həddi-buluğa çatmamış 76 gənc oğlan və qız əlil oldu. Əsir düşənlər və meyitlər qeyri-insani hərəkətlərlə təhqir edildi. Onların başı və digər bədən üzvləri kəsildi, başlarının dərisi soyuldu, uşaqların gözləri çıxarıldı, hamilə qadınların qarınları yarıldı.

Bütün beynəlxalq normalara zidd olaraq erməni silahlı qüvvələri əsirlərə qarşı qeyri-insani rəftar etdilər. Onlar Cenevrə konvensiyasının bütün maddələrinə, protokollara zidd olaraq dinc sakinlərin yollarını kəsərək işgəncələr verdilər. Bu hərbi-siyasi cinayət zamanı 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi, 56 nəfər xüsusi amansızlıq və qəddarlıqla diri-diri yandırıldı.

Xocalı soyqırımı zamanı 366-cı motoatıcı alayın xüsusi şöbəsinin ( 02270) rəisi olmuş Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsinin polkovniki Vladimir Romanoviç Savelyevin məlumatları daha dəhşətlidir. Xocalıda baş verən hadisələrin ən qaynar yerlərində proseslərin canlı şahidi olmuş polkovnik Xocalı soyqırımı ərəfəsində 366-cı alayda baş verənlər, erməni və rus əsgərlərinin hərəkətləri, Azərbaycandakı ictimai-siyasi vəziyyət barədə Kremlə, Müdafiə Nazirliyinə, Baş Kəşfiyyat İdarəsinin (BKİ) generallarına 19 səhifəlik məxfi məlumat arayış göndərməklə bildirmişdir.

Xocalı soyqırımından sonra ingilis Tomas De Vala verdiyi müsahibəsində Serj Sarkisyan bildirmişdi ki, Azərbaycanlılar erməniləri yaxşı tanımırdılar. Onlar elə bilirdilər ki, biz dinc əhaliyə əl qaldırmarıq, ancaq onlar yanılırdılar. Biz bu streotipi aradan qaldırdıq... Məhz bu baş verdi.

Ümummilli lider Heydər Əliyev bu dəhşətli soyqırımı haqqında demişdir: Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Ulu öndərin Bu amansız və qəddar soyqırım aktı, insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu fikri bu dəhşətli soyqırımının tarixi qiymətini müəyyənləşdirdi.

Ermənilərin bu soyqırımı siyasəti yuxarıda şərh etdiklərimizlə bitmədi. 1992-ci il aprelin 7-də Kəlbəcər rayonunun Ağdaban kəndi Ermənistan hərbi qüvvələri tərəfindən dağıdıldı. Kəndin 67 nəfər dinc sakini vəhşicəsinə qətlə yetirildi, o cümlədən 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırıldı.

Xocalı soyqırımının törədilməsində əsas məqsəd xalqımızın müstəqillik əzmini qırmaq idi. Lakin xalqımız mübarizə əzmini daha da artıraraq düşmənin çirkin niyyətinin həyata keçməsinə imkan vermir. Azərbaycan xalqı, xüsusilə mərd xocalılılar bu gün imperiya cəlladlarına, işğalçı Ermənistana, onları məhv edərək susdurmaq istəyən mənfurlara meydan oxuyur, onların iç üzünü açıb ifşa edir. Həm də onlar erməni siyasətbazları kimi məzlum donu geymədən, hayqıraraq insan qəssablarını ittiham edirlər.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə Milli Ordumuzun ötən ilin aprel döyüşlərindəki böyük qələbəsi bir daha göstərdi ki, Azərbaycan dövləti bu münaqişəni hərbi yolla həll etmək iqtidarındadır. Aprel döyüşləri bir daha təkrar olunarsa, Ermənistanın tam məğlubiyyəti şübhəsizdir.