Bakı xəbər.-2017.-30 mart.-№53.-S.11.

 

Azərbaycanlıların dəhşətli 31 mart soyqırımının yüz illiyinə cəmi bir il qaldı

 

I yazı

İradə SARIYEVA

 

Tarixi unutmaq yox, yaşatmaq, yadda saxlamaq lazımdır. Təəssüf ki, uzun illər tariximizdən xəbərsiz olmuşuq. Məqsədli şəkildə tariximizi unutdurublar. Xalqımızın tarixi taleyində elə qanlı-qadalı səhifələr olub ki, indi onlarla tanış olduqca dəhşətə gəlirsən. XX əsrin əvvəllərində xalqımızın başına gətirilən faciələr insanların qanını dondurur.

 

Erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar minlərlə azərbaycanlının həyatına son qoyub. Tariximizin həmişə qanayan yarası olan soyqırım hadisələri bir xalqın digər xalqa qarşı törətdiyi qanlı cinayətdir. Ancaq hələ bu cinayəti törədənlər və onların davamçıları layiqli cəzasını almayıb.

1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım aktı sovet illərində xalqımızdan  gizlədilib, bu hadisədən az-çox xəbəri olan tarixçilər isə  susmağa üstünlük verib. Çünki bu məsələnin o dövrdə gündəmə gətirilməsi mümkün deyildi.

Başqa məmləkətlərdən "Qafqaz evi"nə köçürülən ermənilər bura gəldikləri vaxtdan "qoy özümə yer edim, gör sənə nə edəcəyəm" prinsipi ilə yaşayıb. Tarixdən məlumdur ki, ermənilər hansı dövlətə sığınıbsa, ayaqları bir az yer alan kimi, öz məkrli planlarını həyata keçirib, həmin dövlətə böyük xəyanətlər edib.

Erməni xisləti hər zaman hər yerdə özünü göstərir. Bu mənada onlar Azərbaycan xalqına da böyük xəyanətlər edib. Daşnakların 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırım aktı nəticəsində xalqımız faciə qurbanı oldu.

Qeyd etdiyimiz kimi, uzun illər ermənilərin törətdiyi soyqırım aktına nə siyasi, nə tarixi, nə də hüquqi qiymət verildi.

Müstəqilliyimizin ilk illərində də bu məsələyə təəssüf ki, soyuq yanaşıldı. Heç tarixçilər də 31 mart soyqırımı haqqında elə də geniş araşdırma və tədqiqat aparmamışdı. Bu susqunluğa Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra son qoyuldu. Azərbaycan Respublikasının sabiq prezidenti mərhum Heydər Əliyev xalqımızın tarixi taleyinə öz münasibətini bildirdi və 31 mart hadisələrinə hüquqi-siyasi qiymət verdi.  31 mart azərbaycanlıların soyqırımı aktına yalnız hadisənin üstündən 80 il keçdikdən sonra münasibət bildirildi. 

Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" verdiyi 26 mart 1998-ci tarixli Fərman soyqırım hadisəsinə yanaşmada böyük səhifə açdı.

Heydər Əliyevin imzaladığı fərmanda qeyd edilirdi: "Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "Erməni vilayəti" adlandırılan inzibati bölünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər".

Sənəddə vurğulanır ki, Birinci Dünya Müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. Sənəddə bildirilir ki, 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə bayrağı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub: "Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Azərbaycan Xalq Cumhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cumhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular".

Fərmanda qeyd edilir ki, Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün, tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. Sənəddə bildirilirdi ki, ermənilərin sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-ci illərin ortalarında daha da güclənən anti-Azərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi. "Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir" - fərmanda qeyd edilir.

Tarixçi alimlər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanını böyük tarixi hadisə kimi xarakterizə edir.

Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyev bizimlə söhbətində qeyd etdi ki, Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu məsələ bəlkə də belə yüksək səviyyədə tədqiq olunmazdı: "Xalqımızın tarixində çoxlu münaqişə və müharibə baş verib. Ancaq tariximizdə ən acınacaqlı hadisələr xalqımıza qarşı törədilən soyqırımlardır. Bu da ermənilərin Qafqaza köçürülməsindən sonra başlanan prosesdir ki, bu günə qədər də Azərbaycan xalqı bundan ziyan çəkir. Bu isə köçürülmədən xeyli sonra Azərbaycan torpaqlarını boşaltmaq üçün ermənilərə yaradılan şəraitdir ki, ərazilərimizdə ermənilərin sayını artırmaqla azərbaycanlısız, türksüz bir respublika yaratsınlar. Tarixdən məlumdur ki, havadarları onlara Ermənistan dövlətini yaratdılar. Dağlıq Qarabağ muxtar vilayətinin yaradılması da bu siyasətin tərkib hissəsidir. Bu proses dayanmadı, sovet hakimiyyəti illərində  ermənilərin bizə qarşı ərazi iddiaları davam etdi.

Erməni daşnakları Azərbaycan xalqını sıxışdırıb öz doğma ərazilərindən çıxarmaq fikri ilə Azərbaycanda soyqırımlar, kütləvi qırğınlar törətdilər. 1905-1907-ci illərdə azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar, 1918-ci il mart soyqırımı, sonrakı Xocalı soyqırımı ermənilərin həyata keçirdiyi cinayətlərdir. Bir əsrdə iki soyqırım baş verdi. 1920-ci ildə mart hadisələri ilə bağlı yaranan komissiya bununla əlaqədar qərar qəbul etsə də, Türkiyədən başqa heç bir dünya dövləti Azərbaycan xalqının dərdinə şərik olmadı. Ermənilərin bu hərəkətinə rəvac verən bəzi dövlətlərin içində olan mənfur qüvvələr bu siyasəti davam etdirmək üçün onlara şərait yaratdı.

1918-ci ildə yalnız Bakıda deyil, Azərbaycanın bir sıra yerlərində azərbaycanlılara qarşı kütləvi qırğın həyata keçirildi. Uşaqdan tutmuş qocaya qədər heç kəsə aman verilmədi. Təəssüflər olsun ki, bu hadisə tariximizdə öz əksini tapmadı. Hadisələr saxtalaşdırıldı, unuduldu.  Tarixini də unudanda xalq öz gələcəyini qura bilmir.

Azərbaycan xalqının xoşbəxtliyi onda idi ki, onun Heydər Əliyev kimi dünya siyasətində öz yerini tutan şəxsiyyəti, dövlət başçısı olub. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu məsələyə ciddi yanaşdı və azərbaycanlılara qarşı törədilmiş soyqırımların nəhayət ki, tarixi adını müəyyənləşdirdi. O, 1998-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırım törətdiyi ilə bağlı fərman imzaladı. Burada diqqətçəkən məqamlardan biri nədir? Ermənilər 1905-1907-ci illərdə də azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişdi. Soyqırım ona görə 1918-ci ildən götürüldü ki, artıq 1918-ci ildə Ermənistan dövləti yaradılmışdı və bu hadisəni bir dövlətin digər dövlətə qarşı törətdiyi ortada idi. Bu da həmin səbəbdən azərbaycanlılara qarşı soyqırım adlandırılıb. Əgər deyilsəydi ki, ermənilər  azərbaycanlılara qarşı 1905-1907-ci illərdə kütləvi qırğınlar törədib, onda bildirilərdi ki, həmin dövrdə ermənilərin dövləti yox idi və bu hadisə qarşılıqlı mübahisələr, münaqişələr fonunda baş verib. Amma 1918-ci ildə Ermənistan dövləti yaranmışdı və bu erməni-daşnak hökuməti azərbaycanlıları hər bölgədə qırğına məruz qoyub. Ulu öndərimiz tarixi tarixçilərdən yaxşı bildiyinə görə, Azərbaycanın tarixi taleyini düşündüyü üçün, qeyd edirdi ki, ermənilər onlara yaradılan dövlətə görə cinayətlərindən əl çəkməli idi. İrəvan ona görə onlara verildi ki, onlar azərbaycanlılara qarşı kindən, ədavətdən, separatçılıqdan əl çəksin. Amma təəssüflər olsun ki, o ərazilər onlara verildikdən sonra da iddialarından əl çəkmədilər. 1918-ci ilin mart və aprel aylarında güclü qırğınlar törətdilər. Heydər Əliyevin verdiyi fərman Azərbaycan xalqının tarixində çox mühüm bir yer tutur. Bir xalq məsəli var: "Ölünün də yiyəsi lazımdır, dirinin də". Yəni həm ölünü urvatlı etmək, həm də diriyə sahib çıxmaq üçün, xalqının yaşamasına şərait yaradan bir sərkərdə, bir dövlət başçısı lazımdır. Ulu öndərimiz bu missiyanı çox yüksək səviyyədə daşıdı. Azərbaycan dövlətini möhkəmləndirməklə bərabər, eyni zamanda, soyqırım hadisəsinə siyasi qiymət verdi və belə bir fərman imzaladı. Bu fərman Azərbaycan tarixinə 1918-ci il 31 mart tarixində azərbaycanlılara qarşı soyqırım törədilməsini təsdiqləyən, ona hüquqi-siyasi qiymət verən bir sənəd kimi daxil oldu".

Q.Hacıyev bildirdi ki, Heydər Əliyevin fərmanından sonra Azərbaycan tarixçiləri bu məsələyə qayıtdı və bu, tarixşünaslığımızda yeni bir mərhələ yaratdı. "Heydər Əliyevin fərmanına qədər bizim tariximizdə soyqırım adlı bir fikir yox idi. Bu barədə az-az danışılırdı. Pərakəndə şəkildə təhlillər aparılırdı. Ancaq bu hadisəyə siyasi-tarixi şəkildə qiymət verilməmişdi. Bu barədə sovet dövründə danışmaq mümkün deyildi. Sonrakı dövrdə də bununla bağlı heç bir qərar, fərman yox idi. Azərbaycanlılara qarşı törədilən soyqırım aktına tarixi adını Heydər Əliyev verdi. Bu gün həmin hadisə öz tarixi adı ilə dünyaya təqdim edilir" - deyə Qasım Hacıyev bildirdi...