Xalq qəzeti.-2017.-18 yanvar.-11.-S.5.

 

Müstəqillik uğrunda mübarizənin şanlı səhifəsi və... Naxçıvanın 20 Yanvar həqiqətləri

 

Namiq ƏHMƏDOV

 

Elə günlər var ki, təkcə adamların yox, həm də xalqların  həyatında böyük  faciələrlə möhürlənmiş tarix kimi yaşanır. 20 Yanvar belə günlərdən biridir. 1989-cu ildə həmin gün silahlı ermənilər Naxçıvanın Sədərək qəsəbəsinə basqın etmiş, 10 nəfəri, o cümlədən 3 uşağı vəhşicəsinə öldürmüşdülər. Bir il sonra, yenə də yanvarın 20-də Sədərək qəsəbəsinin 10 nəfər dinc sakinin vəhşicəsinə qətlə yetirildi.

 

1988-ci ilin noyabrdekabr aylarında keçirilən mitinqlər, 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycanİran sərhədinin sökülməsi SSRİ imperiyasının əfsanəvi dayaqlarına vurulan zərbələr idi. Məhz buna görə də SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) Azərbaycanda xalq hərəkatının yatırılmasının ən əlverişli yolunu  Bakıda, Lənkəranda, Cəlilabadda, Neftçalada və digər bölgələrdə təxribatlar törətməkdə görürdü. Azərbaycanda yaşayan qeyri millətlərinermənilərin, rusların talanını təşkil etməklə məqsədlərinə nail oldular və kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi ilə, nəhayət, 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeridildi.

Amma hələ böyük faciədən iki gün əvvəl televiziya ilə çıxış edən SSRİ və Azərbaycan rəhbərliyinin nümayəndələri respublika əhalisini əmin edirdilər ki, Bakıda fövqəladə vəziyyətin tətbiq edilməsi ilə bağlı heç bir  tədbir nəzərdə tutulmayıb. Sonralar məlum oldu ki, bu yalançı vədlərin verildiyi vaxtlarda, artıq  DTK-nın diviziyasının və desant hissələrinin Bakıya atılması başa çatmışdı. Bir gün sonra yanvarın 19-da axşam AzTV-nin enerji blokunun partladılması da DTK-nın əməli fəaliyyətinin uğuru idi.

Bakı şəhərində yanvarın 20-dən fövqəladə vəziyyət tətbiq olunması haqqında SSRİ Ali Sovetinin 19 yanvar tarixli fərmanı isə ancaq yanvarın 20-də səhər saat 6-da xalqa elan edilmişdi.

 

Xalq liderini o ağır günlərdə yenidən tapdı...

 

20 Yanvar faciəsini araşdıran dövlət komissiyasının təqdim etdiyi faktlar bir daha göstərir ki, yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı. Sonrakı günlər də daxil olmaqla 132 nəfər həlak oldu.  20 Yanvar faciəsində azərbaycanlılarla yanaşı, Bakıda yaşayan 6 rus, 3 tatar, 3 yəhudi həlak olmuşdur. Həlak olanların arasında 4 milis işçisi, 1 həkim, 1 aspirant, 3 elmlər doktoru olub. Qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq idi.

 Ağır matəm və çaşqınlıq içərisində olan xalq daha böyük bir həqiqəti tapmaqla özünü dərk etdi. Haralardasa qaçıb gizlənən, xalqı qan içində boğmaq istəyən rəhbərlər isə ən yaxşı halda özlərinin və ailələrinin, eyni zamanda kreslolarının hayında idilər. Belə bir məqamda tarix ümummilli liderimiz Heydər Əliyevi bir xilaskar kimi səhnəyə gətirdi. 20 Yanvar günündə uzaq Moskvada xalqının harayına ilk səs verən Heydər Əliyev oldu.

Yanvarın 21-də o zaman Moskvada yaşayan ümummilli liderimiz Heydər Əliyev heç bir təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. O, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və başda Qorbaçov olmaqla Bakıdakı terror aktının təşkilatçısı olan  hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı və bu vəhşiliyə etiraz əlaməti olaraq az sonra Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi.

İndi tariximizin şanlı bir səhifəsi olan o kadrlar hər bir azərbaycanlının yaxşı yadındadır. Böyük siyasətçi təcavüzə  etirazını bildirməklə, qoşunların Bakıdan çıxarılmasını tələb etmişdi. Bu addım o dövr üçün SSRİ-nin hələ dünya üçün böyük bir təhlükə imperiyası olduğu bir vaxtda böyük qəhrəmanlıq nümunəsi idi, olduqca böyük hünər və yenilməz cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev üçünsə hər şeydən əvvəl Vətən, xalq idi və onların qarşısındakı vətəndaşlıq mövqeyi, heç vaxt sarsılmayan milli qürur onu belə bir bəyanatla çıxış etməyə çağırmışdı. Ümummilli liderin 1990-cı il 21 yanvar tarixli bəyanatı  qanlı faciəyə verilən ilk siyasi qiymət olmuşdu.

Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da 20 Yanvar hadisələrinə tarixi qiymətin verilməsi yenidən gündəmə gəldi və çox ciddi işlər görüldü.  Hələ 1990-cı il noyabrın 21-də məhz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. Daha sonra Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu və Milli Məclis 1994-cü il martın 29-da 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verdi.

20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də bir sıra mühüm tədbirlərin həyata keçirilməsi də Heydər Əliyevin adı ilə bağlıdır.  Çox qısa müddətdə bütün şəhid məzarlarının üstünün götürülməsi və Şəhidlər Xiyabanı memorial kompleksinin yaradılması  da onun ideya və tapşırıqları sayəsində həyata vəsiqə aldı. Ulu öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu, şəhid ailələri dövlət qayğısı ilə əhatə olundu. 

Prezident Heydər Əliyevin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına 20 Yanvar şəhidi fəxri adı verilmişdir.

20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq tarixində şərəfli bir səhifədir.  Bakıda Vətən şəhidlərinə böyük ehtiramla xatirə kompleksi ucaldılmış, Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə və ziyarətgahına çevrilmişdir.

 

20 Yanvarın Naxçıvan həqiqətləri...

 

1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdikləri qanlı cinayətlər, eyni zamanda,  Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə erməni silahlı dəstələrinin hücumları ilə müşayiət olundu. Onların Sədərəyə və digər sərhəd kəndlərinə hücumu Qanlı Yanvar aksiyasının tərkib hissəsi idi. Ancaq naxçıvanlılar düşmənin önündə mərdliklə dayandılar, şəhidlər verərək qədim Azərbaycan torpağını - Naxçıvanı qoruyub saxladılar.

1990-cı ildə AzərTacın Naxçıvan müxbiri işlədiyim vaxtlarda  Qanlı yanvar günlərində baş verənlər indiki kimi yadımdadır.  Əslində, 20 Yanvarın əks-sədası  Azərbaycanın hər yerində öz təsirini göstərib, qanlı izlərini qoysa da  Naxçıvanda hadisələrin gedişi  tamam başqa bir ampluada cərəyan etməkdə idi.  Burada xalq hərəkatının olduqca güclü və səfərbər olması hadisələrin gedişini tam başqa bir məcraya yönəltmişdi. Əməllərində və ürəklərində Atabəylərin, Eldəgizlərin və bu tarixi yerlərin yenilməz oğullarının ruhunu gəzdirən  insanlar azadlıqları və vətənləri uğrunda hər şeyə hazır idilər. Naxçıvanlılar, sanki, bu günün gələcəyini gözləyirlərmiş kimi çox böyük təmkin və qürurla əsl mübarizə və müharibə əhval-ruhiyyəsini tale yolu kimi qəbul etmişdilər.   Şərur rayonunun Kərki kəndi ermənilərin əhatəsində olsa da  sovet ordusu və erməni silahlı qüvvələrinin kəndə girə bilməməsi, Naxçıvandan bir qarış belə torpaq işğal edilməməsi məhz əhalinin əzmkar mübarizəsinin tarixi nümunəsi idi. 

O illərdə AzTV-nin müxbiri və az sonra Naxçıvan  Ali Məclisinin deputatı olmuş Sadiq Gözəlov söyləyir ki, əhali və hakimiyyət dairələri arasında da yekdillik, Vətən, xalq  naminə ortaya qoyulan birlik hər kəsi səfərbər etmişdi. Adamları düşündürən və səfərbər edən böyük bir yurd və vətən sevgisi var idi, inamla deyə bilərəm ki, təkcə tale və qismət yox, həm də bu birlik ulu öndəri Naxçıvana gətirdi, Naxçıvanı xilas etdi...

Məhz bunun nəticəsi idi ki, 1990-cı ilin yanvarında Naxçıvan MSSR Ali Soveti özünün  tarixi qərarı ilə bütün dünyanı riqqətə gətirdi: Naxçıvan MSSR sovet tarixində ilk dəfə olaraq SSRİ-nin tərkibindən çıxdı! Üçrəngli bayrağımız ilk dəfə 1990-cı il yanvarın 19-dan 28-dək  Naxçıvan MSSR-in Ali Sovetinin binası üzərində dalğalandı. On  ay sonra isə Naxçıvanda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə rəsmən qəbul edilən bu bayrağı  Azərbaycan rəhbərliyi o vaxt heç cür qəbul etmək istəmirdi...

Onda SSRİ-dən çıxmaq barədə tarixi qərarı dünyaya çatdırmaq üçün Türkiyə Respublikasına və İran İslam Respublikasına nümayəndə heyəti göndərildi,  müxtəlif  xarici dillərdə hazırlanan verilişlər efirə çıxarıldı. Azərbaycan haqqında həqiqətlərin, məmləkətdə baş verən qırğınların dünyaya çatdırılması üçün o günlərdə Naxçıvanda böyük işlər görüldü. Əslində, bu işlər o dövrdə məhz Bakıda  həyata keçirilməli idi. Amma hakimiyyət və xalq arasındakı uçurum, hadisələrə passiv siyasi münasibət Bakıda tarixi reallıqları dəyərləndirməyə imkan vermədi.

İmperiya Naxçıvan ərazisində  fövqəladə vəziyyət elan edərək hadisələri ələ almağa çalışsa da, bu cəhdlər də daşa dirəndi.  Nə fövqəladə vəziyyət yarada bildilər, nə də hərbi komendantlıq reallaşdı. Əksinə, azadlığın dadını dadan insanları yolundan döndərmək mümkün olmadığı kimi, onların səfərbərlik ruhunu qırmaq da çətin idi.

İndi naxçıvanlılar da hər il 20 Yanvar faciəsinin ildönümündə şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən ümummilli liderimiz Heydər Əliyevin bu fikirlərini bir daha yada salırlar: 20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda, onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir.

 

Müstəqilliyimizin yolu 20 Yanvardan  keçdi

 

20 Yanvarda sovet imperiyasının bizə yaşatdığı faciələrdən istər tarixçilər, tədqiqatçılar, jurnalistlər, istərsə də əli qələm tutan hər kəs dönə-dönə yazıblar. İllər keçdikcə də bu barədə  yeni tarixi faktlardan danışılacaq və hər yanvar ərəfəsində  yaralar nə qədər təzələnsə də, o qəhrəmanlıq hamıya öyünc gətirəcək. Sabiq SSRİ prezidenti M.Qorbaçov 1995-ci ilin aprelində Türkiyədə səfərdə olarkən Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımda ən böyük səhvim idi etirafı heç nəyi geri qaytarmasa da Azərbaycan xalqı Vətən və azadlıq uğrunda səfərbər olmağın təntənəsini bütün dünyaya, ən önəmlisi də dağılmaz Sovetlər imperiyasına göstərməsi tarixi uğurumuz sayılmalıdır. Hətta Sovetlər imperiyasını 20 Yanvar Bakı faciəsi dağıtdı deyimi də tarixi gerçəkliyi ifadə edir.

Azərbaycan xalqı 20 Yanvar faciəsini canı-qanı ilə yaşadı, ancaq bu faciənin tarixi dərsləri xalqın böyüklüyünü və nələrə qadir olduğunu da ortaya qoydu. Hərdən bir-iki il əvvəl uzaq Yaponiyada baş verən zəlzələ zamanı yaponların özlərini necə təmkinli və qürurlu aparması, adamların fəlakət içərisində belə bir-birlərini səmimi bir təbəssümlə qarşılaması haqqında çox eşitmişik. Sadəcə, burada bir məsələ var ki, yaponlar bu dəyanəti bütün dünyaya göstərə bildilər, bütün KİV-lər və televiziyalar bunları beynəlxalq aləmə bəyan etməklə ağıllı və təmkinli  yaponları aləmə tanıda bildilər.  Məncə, o vaxtlar biz dünyaya kimliyimizi tam göstərə bilməsək də, amma insanlar Azərbaycanın vətənpərvər oğulları və qızları böyük vətəndaşlıq nümunəsi göstərməklə nələrə qadir olduğunu tarixə yazdılar.

Azərbaycan xalqı 20 Yanvar faciəsini bu qanlı qırğını bir gecədə  yaşadı, bu faciənin tarixi dərsləri isə uzun illərdən bəri gözlədiyimiz müstəqilliyimizi xalqımıza ərmağan etdi. Bir də hamımızın bildiyi şərəfli bir həqiqət də var: həmişə azadlıqlar qan bahasına alınıb! Prezident İlham Əliyevin dediyi bir həqiqəti də unutmamalıyıq: 20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq, eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir!

20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifə olsa da, bu gün  təkcə faciə kimi anılmır.  Bu tarix uzun illər sovet imperiyasının əsarətində yaşayan mübariz bir xalqın azadlıq səsini ucaltdığı, suverenliyi və azadlığı uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix kimi də yad edilməkdədir.