Xalq qəzeti.-2017.-29 mart.-63.-S.9.

 

Bəşəriyyət erməni vəhşiliyinə göz yummamalıdır

 

Əvəz Mahmud LƏLƏDAĞ,

Sumqayıt Dövlət Universitetinin müəllimi

 

Azərbaycanlılara qarşı zaman-zaman törədilən ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir.

Heydər ƏLİYEV
Ümummilli lider

 

Hər il mart ayının 31-i Azərbaycanda dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar.

 

1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırıma imza atmışlar. Bu soyqırımının əsl hüquqi-siyasi qiyməti isə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verilmişdir. Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı Azərbaycanlıların soyqırımı haqqında fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir. Fərmanda deyilir ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.

Təəssüflər olsun ki, bu insan qatillərinin bənzəri olmayan vəhşilikləri obyektiv və ya subyektiv səbəblərdən zaman-zaman unutdurulmuş, tarixi məqamlar təhrif olunmuşdur. Bu məsələyə böyük ürək ağrısı, vətəndaş yanğısı ilə yanaşan ümummilli lider Heydər Əliyev deyirdi: Bu hadisələri, onların dərslərini unutmağa bizim haqqımız yoxdur. Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir.

Artıq dünya ictimaiyyətinə bəlli olan erməni terrorizmi Daşnaksütyun partiyasının 1907- ci ildə qəbul edilmiş nizamnaməsinə uyğun şəkildə aparılmışdır. Bu cinayət faktı ictimai-siyasi, iqtisadi, mədəni dəyişikliklər əsas götürülərək müxtəlif metod və istiqamətlərlə həyata keçirilmişdir. Erməni terrorçularına bütün erməni xalqı, xüsusilə də erməni diasporu tərəfindən maliyyə yardımı göstərilməsi də sirr deyildir. 

Onu da xatırladım ki, erməni terrorçuları indiyədək yalnız türklərə qarşı deyil, eyni zamanda, erməni xalqının ədalətsiz mövqeyini müdafiə etməyən ermənilərə, ruslara, ləzgilərə qarşı da terror aktı tətbiq etmişlər. Rus tədqiqatçı-jurnalisti V. Veliçko Qafqaz əsərində yazmışdır: ... Yelizavetpol quberniyasının Tərtər qəsəbəsinə ruslar tərəfindən gətirilib yerləşdirilən ermənilər sonradan iblis qəddarlığı ilə elə ruslara qarşı da müsibətlər törədirlər... Erməni quldurları qəsəbədə yaşayan rus ailələrini qorxu altında saxlayır, nümayəndə göndərib onların bu yaşayış məntəqəsini tərk etmələrini tələb edirlər. Rusların qəsəbədən çıxmadıqlarını görən əli xəncərli ermənilər onların içməli su gətirdikləri yolu kəsir, dinc sakinləri bulağa buraxmırlar. Rusların məcbur qalıb içməli su kimi istifadə etdikləri çaya peyin, heyvan cəmdəkləri tökərək, suyu zəhərləyir, qəsəbədə dəhşətli xəstəliyin yayılmasına nail olurlar. Bunun qarşısının alınması məqsədilə göndərilən erməni həkimi öz vəzifəsini yerinə yetirmək əvəzinə, rus köpəkləri, buradan rədd olun, yoxsa, hamınız qırılacaqsınız! deyir. Öz havadarlarına qarşı nankorluq edən millətdən bundan artıq nə gözləmək olar?!..

Yuxarıda adı çəkilən erməni terror təşkilatı tərəfindən Qafqazın baş rəisi, general-adyutant, knyaz Qriqori Sergeyeviç Qolitsin 1903-cü il oktyabr ayının 14-də, həmin il avqustun 13-də isə Aleksandropol (Gümrü) şəhərində rus provaslav kilsəsinin baş keşişi Vasiliyev işgəncə ilə öldürülmüşdür. 1904-cü il sentyabrın 11-də Gəncə quberniyasının vitse-qubernatoru Andrey Andreyevi, dekabrın 15-də Şuşa şəhər polisinin rəisi, polkovnik Saxarovu da erməni terrorçuları qətlə yetirmişlər. 1905-ci ildə Qafqaz canisini İllarion Vorontsov-Daşkovu, həmin ilin 19 fevralında İrəvan şəhərində quberniya həkimi, mülki müşavir Urazovu, 1907-ci ildə terrorçu erməni silahlı dəstələrinə qarşı çıxdığına görə general Maqsud Əlixanov Avarskini ailə üzvləri ilə birlikdə Dro (Drastamsat) Kanayan, Kamo (Simon Ter-Petrosyan) tərəfindən vəhşicəsinə öldürülmüşlər.

Ermənilərin terror əməliyyatını planlı şəkildə həyata keçirmələri ilə bağlı bir məqama da toxunmaq istərdim. Erməni nümayəndələrinin 1919-cu ildə İrəvanda keçirilmiş 9-cu ümumdünya qurultayında terror aktlarının aparılması barədə xüsusi qərar qəbul edilmişdir. Onun icrası isə əslən Türkiyə ermənisi olan Haqolder Hakopyan adlı şəxsə tapşırılmışdır. Şahan Natoli ləqəbli bu caninin göstərişi ilə 1921-ci ilin mart ayının 19-da Berlin şəhərində Türkiyənin siyasi və ictimai xadimi, daxili işlər, sonralar isə müdafiə naziri olmuş Tələt Paşa Soqolan Terilyan adlı bir erməni terrorçusu tərəfindən qətlə yetirilmişdir. Berlin məhkəməsinə çıxarılmış qatil S. Terilyan ermənilərin hakimlərə verdikləri külli miqdarda rüşvət nəticəsində bəraət qazanmışdır.

Yeri gəlmişkən, Tələt Paşanın qətli ilə əlaqədar 1989-cu ildə ABŞ-da nəşr edilən National Geographic jurnalında bir yazı nəşr olunmuşdur. Məqalədə göstərilir ki, jurnalist Belqrad şəhərində bir erməni ilə təsadüfən tanış olur. Söhbət zamanı aydın olur ki, həmin şəxs Tələt Paşanı qətlə yetirən qatil erməninin oğludur. Jurnalist ona belə bir sualla müraciət edir: Bu hərəkəti necə qiymətləndirmək olar?. Erməni isə cavabında deyir ki, mən atamın bu hərəkəti ilə fəxr edirəm...

Erməni terrorçuları Azərbaycan Demokratik Cümhuriyyətinin simalarına da düşmən kəsilmiş, 1921-ci ilin yay aylarında Fətəli xan Xoyskini, Həsən bəy Ağayevi, Firudin bəy Köçərlini qətlə yetirmişlər. Yaxud, başqa bir fakt. 1921-ci ilin yanvar ayında Nəriman Nərimanovun göstərişi ilə Almaniyaya neft avadanlığı almaq üçün göndərilən Behbudağa Cavanşir yolüstü İstanbulda olarkən Malta adasında sürgündə olan dostu Əhməd bəy Ağayevə baş çəkib evdən çıxarkən daşnak partiyasının üzvü Tolpakyan onu öldürmüşdür...

SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmişdir. Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı, o cümlədən nəqliyyat vasitələrində törədilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilərək, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmişdir. Ötən əsrin 90-cı illərinin əvvələrində Ermənistanın rəsmi dairələri Daşnaksütyun, ASALA, MAQ, Erməni birliyi, Erməni Azadlıq Cəbhəsi və digər məşhur erməni terror təşkilatları fəallarının reabilitasiyası məqsədi ilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sığınacaq verməklə yaşayış və fəaliyyətləri üçün şərait yaratmış, müvafiq maliyyə dəstəyi göstərmişlər. 1983-cü ilin iyul ayında Parisdə Orli aeroportunda 8 nəfərin ölümü və 60 nəfərin yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş terrorçu Varocyan Qarabedyanın azad olunması üçün Ermənistanda dövlət səviyyəsində imzatoplama kampaniyası keçirilmişdir. 2001-ci ilin aprelində Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənistanda rəsmi sığınacaq tapmışdır. Məşhur terrorçu, Qərbi Avropada ASALA-nın inqilabi hərəkatı adlı qruplaşmasının rəhbəri, 1985-ci il noyabrın 28-də 6 il müddətinə həbs olunmuş Monte Melkonyan 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq, Ermənistana gəlmiş və terror fəaliyyətini davam etdirmək üçün buradan Dağlıq Qarabağa göndərilmişdir.

M.Melkonyan Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı erməni terror dəstəsinin komandiri olmuşdur. 1993-cü ildə Dağlıq Qarabağda öldürülən terrorçunun Yerevanda dəfn mərasimində rəsmi şəxslər, o cümlədən Ermənistan prezidenti də iştirak etmişdir. Ermənistanın milli qəhrəmanı elan olunmuş bu beynəlxalq terrorçunun adı Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilmişdir.

Məşhur terrorçu, Daşnaksütyun partiyasının Dro terror qrupunun üzvü Qrant Markaryan Dağlıq Qarabağda terrorçu dəstələri yaradanlardan və Ermənistandan gətirilən silahlar vasitəsilə buradakı terrorçu qrupların silahlandırılmasında fəal iştirak edənlərdən biri olmuşdur.

1981-ci ildə Parisdə Türkiyə səfirliyinə basqının təşkilatçısı Vazqen Sislyan 1992-ci ildə Yerevandan Xankəndinə göndərilmişdir. V. Sislyan azərbaycanlılara qarşı terror aktlarının keçirilməsində fəal iştiraklarına görə sabiq prezident Robert Koçaryan tərəfindən Qarabağ müharibəsinin qəhrəmanı adına layiq görülmüşdür.

Qarabağın dinc azərbaycanlı əhalisinin öldürülməsində Ermənistan xüsusi xidmət orqanlarının himayə etdiyi Əbu Əli və Hilbert Minasyan kimi Yaxın Şərq mənşəli terrorçular da fəal iştirak etmişlər.

Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terror təşkilatlarının Azərbaycana qarşı apardıqları müharibə 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.

Həmin terror aktlarından bir neçəsini xatırlatmaq istərdim. 1989-cu il sentyabrın 16-da Tbilisi-Bakı, 1990-cı il fevralın 18-də Şuşa-Bakı, 1990-cı il iyulun 11-də Tərtər-Kəlbəcər sərnişin avtobusları partladılmışdır. 1993-cü il iyunun 2-də  Bakı dəmir yolu vağzalında sərnişin qatarı vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəymişdir. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik Caan Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, cəsusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığını etiraf etmişdir. İstintaq zamanı sübuta yetirilmişdir ki, həmin qrup 1992-1994-cü illərdə Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törətmişdir.

Son iki yüz ildə erməni millətçilərinin və nlrın hvdrlrının azərbaycanlılara qarşı apardıqları soyqırımı və deportasiya siyasəti xalqımızın qan yaddaşından heç zaman silinməyəcəkdir.

Erməni millətçilərinin xalqımıza qarşı təcavüzü hələ də davam etməkdədir. Siyasi-ideoloji təxribat və dezinformasiya sahəsində zəngin təcrübəyə malik erməni millətçiləri və xaricdəki erməni lobbisi ölkəmizə qarşı əsl niyyətlərini gizlədərək, hiyləgər üsullarla dünya xalqlarını çaşdırmağa və XX əsrdə törətdikləri qırğın və işğalları unutdurmağa çalışırlar.

Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Azərbaycanlıların soyqırımı haqqında fərman ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bu fərman Azərbaycan xalqına qarşı yönəlmiş soyqırımı cinayətinin bugünkü və gələcək nəsillərə çatdırılması, bütün dünyada ermənilər tərəfindən törədilən qırğınlara siyasi qiymət verilməsi baxımından olduqca mühüm bir sənəddir.