Səs.-2017.-29 mart-¹ 52.-S.8.

 

1918-ci il 31 Mart Soyqırımından 99 il keçir

 

Firudin Cümşüdlü,

ADPU-nun Azərbaycan tarixi kafedrasının dosenti, tarix elmləri namizədi

 

1917-ci il oktyabr çevrilişi rus müstəmləkəçilərinə yeni qüvvə verdi. Qafqaz cəbhəsindən Rusiyaya dönən rus döyüşçüləri bolşeviklərin fitnəkarlığı sayəsində öz yollarını Bakı istiqamətinə saldılar. Daxil olduqları bölgələrdən Azərbaycan kəndlərinə hücum edir, talançılıqlar törədirdilər. Rus əsgərləri aclıq və təcrid içərisində olduqlarından Bakı Sovetinin qulluğunda olmağı əsas tuturdular. Başqa bir səbəbdən isə, Qafqaz cəbhəsindən qayıdan rus qoşunları öz silah və hərbi sursatını erməni və gürcülərə, eləcə də, Bakı bolşeviklərinə verdiyindən azərbaycanlılar düşmən qarşısında əliyalın qalmışdı.

Bolşeviklər və erməni əsgərləri Bakıda özlərini hərbi cəhətdən möhkəmləndirmək üçün yeni bir addım atmağı qərara aldılar. 1917-ci ilin dekabrında Qafqaz ordusunun II diyar qurultayında Q. Korqanovun başçılığı altında yaradılmış Hərbi İnqilabi Komitə Tiflisdən çıxarılaraq, Bakıya köçürüldü. Bundan əlavə, 1918-ci il yanvarın sonunda Qırmızı Ordunun və donanmanın Balı Sovetinə tabe edilməsi haqqında qərar verildi. Ter-Stepanov, Mirzoyan, Afanasev və Trexovdan ibarət Qırmızı Ordunun qərargahı yaradıldı. 1918-ci il martın ilk günündə milis dəstələri Bakı Sovetinin nəzarətinə keçdi. Ter-Qabraelyan Şəhər İdarəsinin rəisi təyin oldu.

XIX-XX əsrlər arasında çox hissəsi Qərbi Azərbaycan (indiki Ermənistan adlanan) yalnız İrəvan quberniyasının ərazisində 407,4 min nəfər əhali yaşayırdı ki, bunun da 250 min nəfərdən çoxu azərbaycanlılardan ibarət idi. 1918-ci ildə azərbaycanlıların sayı 575 min nəfər təşkil edirdi.

Daşnak partiyası "Böyük Ermənistan"ın yaradılması məqsədilə Azərbaycan və Gürcüstana qarşı müharibə aparmağa başlamışdı. XX əsrin əvvəllərindən başlayaraq, ardıcıl olaraq tarixi Qərbi Azərbaycan ərazisinə ermənilər xarici ölkələrdən kütləvi surətdə köçürülməyə başladı. Qafqazın cənubunda indiki Ermənistan dövlətinin yaradılması üçün aborigen azərbaycanlıların Qərbi Azərbaycanın ən qədim ərazilərindən - ata-baba yurdlarından qovulmaları, onların deportasiya prosesi məqsədyönlü şəkildə həyata keçirilib.

1905-1907-ci illərdə çar Rusiyasının hakim dairələri tərəfindən müdafiə olunan və hərəkətə gətirilən erməni millətçiləri azərbaycanlılara qarşı genişmiqyaslı qətllər və vəhşiliklər törətdilər. Yüzlərlə yaşayış məntəqələri dağıdıldı, minlərlə azərbaycanlı erməni terrorunun qurbanı oldu. Tarixi Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə, Sisyan və digər torpaqlar sovet rəhbərliyinin əli ilə Ermənistana verildi. Dağlıq Qarabağa xaricdən köcürülmüş ermənilərə muxtariyyət verildi və gələcəkdə qanunsuz ərazi iddiaları üçün zəmin hazırlandı. 1948-1953-cü illərdə ermənilər yenə də SSRİ rəhbərliyinin qərarı ilə dövlət səviyyəsində azərbaycanlıların öz tarixi əraziləri olan Qərbi Azərbaycandan bütöv şəkildə deportasiyasina nail oldular. Bu gün həmin hadisələrdən 99 il keçir.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il bolşevik qüvvələri və XI Qırmızı Ordunun köməyi ilə hakimiyyətdən salınıb, ərazini işğal etdilər. Bu, 1915-ci il mart hadisələrində özünü göstərmişdir. Qanlı cinayətə V.İ. Leninin silahdaşı S. Şaumyan başçılıq edirdi. Azərbaycanda hökmranlığa can atan V.İ. Lenin daşnak qüvvələrin həyata keçirdiyi vəhşiliklərdən xəbərsiz deyildi.

Bununla kifayətlənməyən daşnak Şaumyan və onun işğalçı dəstəsi rus dəniz qüvvələrinin Xəzər donanmasındakı dənizçilərini də qırğına cəlb edə bilmişdi. 1918-ci ildə Azərbaycan Milli Ordusunun yaranması çətinliklə başa gəlirdi. Əvvəla azərbaycanlılardan ibarət milli hərbi hissələr yox idi. Çünki I Dünya müharibəsində türk-müsəlman xalqları, o cümlədən, azərbaycanlılar səfərbərliyə alınmırdı. Bu dövrdə müsəlmanlardan ibarət yeganə silahlı dəstə Lənkəranda yerləşən  "Dikaya diviziya" nın (vəhşi diviziya) süvari polku idi ki, onlar az olmaqla bərabər, həm də pis silahlanmışdılar.

Daşnak qüvvələrindən ibarət xüsusi dəstələr 1918-ci ilin yanvarında etibarən Salyana və Lənkərana basqınlar edərək, yolda müsəlman kəndlərini yandırır və talayırdılar. Astara topa tutularaq darmadağın edilib və kəndlər xarabaya çevrilirdi.

Bakıda azərbaycanlılara qarşı soyqırımına başlamaq üçün bəhanə tapıldı.

H.Z. Tağıyevin faciəli şəkildə həlak olmuş oğlu Məhəmmədin dəfn mərasimində iştirak edən “Dikaya diviziya”nın bir qrup əsgər və zabiti “Evelina” gəmisindən Lənkərana qayıtmaq istədikdə, bolşeviklər tərəfindən tərksilah edilməsi əhalinin mübarizliyini son həddə çatdırdı. Əhali tələb edirdi ki, silahlar geri qaytarılsın. Bolşeviklər bu tələbin yerinə yetiriləcəyini vəd etdilər. Lakin bunun əksinə olaraq, martın 30-da başlanacaq döyüşlərə başçılıq etmək üçün Bakı Sovetinin İnqilabi Müdafiə Komitəsini yaratdılar. Komitəyə S. Şaumyan, A. Çaparidze, Q. Korqanov, İ. Suxartsev, S. Sarksyan və M. Yolçiyan daxil oldular.

Lakin gəmidəki müsəlman  əsgər və zabitlər ultimatumu rədd etdilər. Bu hadisələrin törədilməsi üçün ermənilər şantaj və təxribat metoduna əl atdılar. Bakıda 1918-ci il mart qırğınına başlamaq üçün erməni daşnakları şayiə yaydılar ki, H.Z. Tağıyevin Lənkəranda xidmət edərkən, təsadüfən aldığı güllə yarası nəticəsində həlak olan oğlunun dəfnində iştirak edən müsəlman əsgərləri guya Lənkəran ruslarına (malakanlara) hücum edib, onları qıracaq. 1918-ci il martın 30-u sübh çağı erməni-rus birləşmələri gəmi və təyyarələrdən şəhərin müsəlmanlar yaşayan hissələrini (İçərişəhər, Kubinka, Güllüdərə) bombardman etdilər. Silahlı erməni əsgərləri, eləcə də, Bakıda yaşayan erməni ziyalıları da Sovet dəstələri tərəfindən döyüşlərə daxil oldular.

Erməni daşnak təxribatı və fitnələri ilə dənizdən rus hərbi gəmiləri əhalinin yaşadığı müsəlman məhəllələrini toplardan atəşə tutdular. Ermənilər rus dənizçilərini inandıra bilmişdilər ki, guya müsəlmanlar rusları qırıblar. Dənizçilər gördülər ki, bu ermənilərin təxribatıdır. Onlar atəşi dayandırdılar. Bakıda erməni və bolşevik dəstələri əhalini atəşə tutmaları nəticəsində, azərbaycanlılar müqavimət göstərə bilmədilər. Silahlı hərbi daşnak birləşmələri evlərə soxularaq qadınları, körpələri və qocaları misli görünməmiş vəhşiliklə qətlə yetirirdilər. Erməni quldur dəstələri məhəllələrə soxularaq əhalini öldürür, onları xəncər və süngülərlə doğrayır, yandırılmış evlərə uşaqları atır, südəmər uşaqları süngülərin ucuna keçirirdilər. Hadisələrin ilk vaxtlarında torpağa 57 müsəlman meyiti basdırıldı. Onların qulaqları, burunları qoparılmış, qarınları yırtılmış, əzaları kəsilmişdi. Kimsəyə rəhm edilmirdi. Uşaqlara rəhm edilmədiyi kimi, qocalara da aman yox idi. Məsələn Əlizadə Hacı Əmirin evində 80 yaşlı anası və 60-70 yaşlı qadınları öldürülmüş, 25 yaşındakı gəlini isə diri-diri divara mismarlanmışdı. Erməni vəhşilikləri yalnız bir yerdə dəhşətli şəkildə qətlə yetirilmiş- qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 37 müsəlman qadınının meyiti tapılmışdı.

Erməni dəstələrindən biri müsəlman evlərinə soxularaq, 8 qadın və uşağı güllələmişdi. Başqa bir erməni quldur dəstəsi Fars küçəsində Bala Əhməd Muxtarovun evinə soxularaq, 9 azərbaycanlı ziyalını küçəyə çıxararaq, kilsə meydanında güllələmişdir. Bakıda xalqımıza aid binalar, milli rəmzlər, mədəniyyət ocaqları dağıdıldı və yandırıldı. Qadınların saçlarını bir-birinə bağlayaraq, üryan (çılpaq) halda küçəyə qaçmağa sövq edir, digərlərini tüfəng qundaqları ilə vururdular. Üç gün ərzində Bakıda 17 minə qədər azərbaycanlı qətlə yetirildi. “Kaspi”, “Açıq söz” qəzetlərinin redaksiyası, eləcə də, Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binası yandırıldı. Bakıda bolşevik və erməni daşnakları tərəfindən qırğın 3 gün davam etdi.

Mart hadisələrinin hansı səbəblərlə və məqsədlərlə baş verməsi bolşevik mətbuatında , siyasi liderlərin çıxışında, eləcə də, Şaumyanın 13 aprel BXKS-nin çağırılmış tarixi məruzəsində daha ətraflı şərh edilir. O yazırdı ki, “biz döyüşlərdə parlaq nəticələr əldə etmişik. Düşmən tamamilə məhv edilmişdir”. O, "Daşnaksütyun" Partiyasının köməkliyi ilə  müsəlman “əksinqilabının” ləğv edilməsindən, Bakını “Azərbaycan xalqının paytaxtına çevirmək, xülyasına düşən” müsavatçıların və digər müsəlman milli cəmiyyətlərinin dağılmasından sonra bolşeviklərin Bakıya tam sahib olduğunu bilirdi.

Ermənilərin törətdikləri mart hadisələri yalnız Bakı ilə qurtarmadı. Erməni bandaları 1918-ci ilin aprelindən hərəkətə gələrək Şamaxıda, Quba-Xaçmazda, Lənkəranda, Hacıqabul və Salyanda cinayətlər və qırğınlar törətdilər.

Daşnak Amiryan və Lalayanın başçılığı ilə Şamaxının bütün müsəlman əhalisi qılıncdan keçirildi və 7 min nəfərədək adam, o cümlədən, 1653 qadın və 965 uşağı qırdılar. Erməni quldurları bu ərazinin 40-a yaxın kəndini darmadağın etdilər. Ərazidə yaşayanların ucdantutma qırılması, hamilə qadınların qarınlarının yırtılması, qızların vəhşicəsinə təhqir olunması, diri-diri yandırılması və bütün bunlar daşnaklar arasında “bəzi haqsızlıqlar” adlandırıldı. Fövqəladə İstintaq Komissiyasının sənədlərində qeyd edilir ki, təkcə yanvarda Bakıdan Mədrəsəyə 16 araba silah gətirilmişdir. Bakı Soveti və onun daşnak üzvləri matın ortalarında Şamaxıya 2 min erməni əsgəri, 60 araba silah gondərmişdilər.

Sənəddə göstərilir: "çoxlu uşaq və qadınları məsciddə gizlətmiş Axund Molla Cəfər öldürüldü. Erməni azğın əsgərləri məscidə soxularaq, axundu tapıb onun gözlərini çıxartdılar, dilini, burnunu və qulaqlarını kəsdilər, üzünün və başının dərisini soydular və güllələdilər. Axundun evində və məsciddə olan bütün qadınları öldürdülər”.

Erməni quldur dəstələrinin başçısı S. Şaumyan tərəfindən xüsusi səlahiyyət alan Amazasp Quba qəzasına 1918-ci ilin aprelində hücuma keçərək, 122 müsəlman kəndini dağıtdırmış, yüzlərlə və ləzgi əhalisi qılıncdan keçirilmişdir.

Lənkəranda 2 minlik erməni ordusunun həyasızlığı o dərəcəyə çatmışdır ki, burada olan gürcülər silaha sarılaraq, soyğunçuluğun qarşısını almışdı. Bakıda və qəzalarda xalqımıza qarşı düşünülmüş soyqırımı siyasətində erməni kilsəsi yaxından iştirak etmişdir. Ermənilər Bakı qırğınından doymayaraq Lənkəranda, Quba-Xaçmazda ən əsası isə, Ağsu və Şamaxıda dəhşətli qətllər törətdilər. Yalnız Gəncədə Nəsib bəy Yusifbəylinin fitnəkarlığı nəticəsində, 118 və 119 rus alayları tərk-silah olunaraq qovulduğu üçün, eləcə də, Şəmkirdə yerləşən rus ordusundan ələ keçirilən silahlar Gəncə əhalisinə paylandığına görə, ermənilərin azərbaycanlılara silahlı basqın etməyə gücü çatmadı. Bakı əhalisi də təcavüzə məruz qalmaqda idi. Erməni daşnak dəstələri 1918-ci ilin mart-aprel aylarında Bakıda, Muğanda, Qubada 50 mindən çox adamı qətlə yetirib, on minlərlə adamı torpağından didərgin salıblar.

Azərbaycanın tərkib hissəsi olan Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə 1988-ci ildən başlanan separatçılıq hərəkatı, işğalçılıq müharibəsi, etnik təmizləmə Azərbaycana qarşı cinayətkar siyasətin növbəti mərhələsidir. Hazırda Azərbaycan ərazisinin 20%-i erməni işğalı altındadır. Bir milyondan çox insan öz yurdundan didərgin salınıb, 50 mindən çox adam əlil olub, 877 şəhər və kənd qarət edilərək, dağıdılıb. Xocalı soyqırımının XX ildönümü haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamında qeyd edilir ki, Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək, azərbaycanlılara qarşı soyqırımı aktını törətmişlər. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən, 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətə yol verilmişdir. Həmin kütləvi qırğın vaxtı 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən,130 uşaq valideynlərinin birindən məhrum olmuş, 487 dinc Xocalı əhalisi ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

Əgər bizə 1918-ci ilin mart qırğını barədə danışılsaydı, çox güman ki, Xocalıda və digər bölgələrdə yeni faciələrlə üzləşməzdik. Bu tarixi yaddaşın zaman-zaman unutdurulmasının nəticəsidir. Bakı qırğınından sonra ermənilər dünyaya həyasızcasına bildirdilər ki, Bakıda “çevriliş” olub. Uzun illər bolşeviklər və sovet tarixçiləri bu hadisələri “Vətəndaş müharibəsi” kimi qələmə verməyə başladılar. Əslində, bu, azərbaycanlılara qarşı vəhşi daşnak soyqırımı idi.